Mədəni irsimiz

Ordubad qeysəriyyəsi

Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən biri də XVII əsrə aid Ordubad Qeysəriyyəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən Qeysəriyyə orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən üstüörtülü bazarlar qrupuna aiddir. Adətən bahalı mallar, xüsusilə daş-qaş, cəvahirat satılan bu bazarlara xalq arasında “Şah bazarı” da deyilirdi.

 

XVII əsrdə bişmiş kərpicdən tikilmiş abidənin ümumi sahəsi 540 kvadrat metrdir. Memarlıq quruluşuna görə Qeysəriyyə binası mərkəzi səkkizbucaqlı zaldan və onun tavanını qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan, dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Mərkəzi günbəz də daxil olmaqla abidənin hündürlüyü 8,5 metrdir. Şərq memarlığında nadir abidələrdən olan Qeysəriyyədə Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Qeysəriyyə binasında 2010-cu ildə əsaslı bərpa və təmir işləri aparılmışdır.