Atalar sözləri

Vaxt qızıldır

Bəzən də “Vaxt – qızıl deməkdir” şəklində işlənir.


İfadə amerikan alimi və siyasi xadimi Bencamin Franklinin (1706-1790) “Gənc tacirə məsləhət” (1748) əsərindən sonra dillərə düşüb. Buna bənzər bir fikri qədim yunan filosofu Teofrast da (e.ə. 372-287) söyləyib: “Vaxt baha məsarifdir”.

 

Həsən bəy Zərdabi 1877-ci ildə “Əkinçi” qəzetindəyazırdı: “Bizim zəmanə zəhmət zamanı olduğuna çox zəhmət çəkən artıq nəf tapır. Ona binaən hükəma vaxta – dövlət deyir. Yəni, hər kəsin zəhmət çəkməyə vaxtı çox isə o kəs artıq dövlətli hesab olunur”. Bəzi yazılarda bu ifadə atalar sözü kimi təkrar olunur.

 

L.N.Tolstoyun “Anna Karenina” əsərində polkovnik deyir: “Lakin vaxt – qızıl deməkdir. Siz bunu unudursunuz”.


S.Rəhmanın “Hüseyn Ərəblinski” pyesində hökumət adamı deyir: “Əgər ortada quru söz varsa, mən əlimi bulaşdırmaq istəmirəm. Vaxt qızıldır. İtirmək olmaz”.

 

İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanında Camal müəllim deyir: “Ancaq uşaqlar, elə eləyin ki, tikintinin işi ləngiməsin. Bilirsiniz ki, bu saat bizim hər dəqiqəmiz qızıldır”.