Təbiət

Çinin "Sarı Əjdaha" qoruğu

Çin dünyanın ən heyrətamiz təbiət qoruqlarından birinə sahibdir. Söhbət Sıçuan əyalətinin yüksək dağlarında yerləşən HuanlunTəbiət Qoruğundan (Huanglong - Çin dilindən tərcümədə "Sarı Əjdaha" deməkdir) gedir. Sahəsi təxminən 21 min kv.km olan qoruq dəniz səviyyəsindən 3,5 min metr yüksəklikdə yerləşir.

 

Qoruq 1983-cü ildə açılıb. Park yarandıqdan qısa müddət sonra, 1992-ci ildə YUNESKO-nun himayəsi altına alındığı üçün dünya əhəmiyyətlidir. Quş baxışı ilə Huanlun həqiqətən də pulcuqları ilə günəşdə parıldayan nəhəng Əjdahanı xatırladır.

 

Qoruğun əsas qüruru və özəlliyi - mənzərəli göllərin yerləşdiyi unikal travertin terraslara sahib olmasıdır. Terrasların hündürlüyü kiçikdir - maksimum 60 sm və su daim bir göldən digərinə axır, mənzərəyə harmoniya və canlılıq əlavə edir. Alimlər deyirlər ki, insan tərəfindən kəsilmiş nəhəng pilləkənləri xatırladan belə terraslar - qrunt sularının uzun müddət davam edən “işinin” nəticəsidir ki, bu da əhəng daşını tədricən yerdə əridir və bunun nəticəsində təbii sürətli çaylar əmələ gəlir. Yamacdan aşağı axan su, pulcuq formalı əhəng təbəqəsi ilə örtülmüş sürətli çaylar əmələ gətirir. Dəniz səviyyəsindən 3400 metr hündürlükdə yerləşən zümrüdü göllər şəlalə ilə aşağı axın edir. Belə terrasların ən çoxu Huanlunqou adlanan dərədə yerləşir. Uzunluğu təxminən 1,3 km, eni isə 100 m-ə çatır. Bundan əlavə, göllərdəki suyun fərqli bir kölgəsi var, buna görə də birlikdə südlü, firuzəyi, boz, buğda sarısı və yaşıl su anbarlarının heyrətamiz mozaikasını təşkil edirlər. Ümumilikdə parkda 3500-ə yaxın travertin gölü var. Göllərin forması müxtəlifdir: bəziləri su zanbağına, digərləri söyüd yarpaqlarına bənzəyir. Sahə baxımından ən böyük göllər - təsir edici ölçülü bir hovuzla müqayisə edilə bilər, ən kiçikləri isə boşqab və ya nəlbəkidən böyük deyildir.

 

Traventin landşaftları minillik proses nəticəsində çoxsaylı buzlaqlardan axan suyun yerə sızması, onu aşındırması və yeraltı axınların əmələ gəlməsi nəticəsində formalaşmışdır. Bu axınlar da öz növbəsində əhəng daşını torpaqda əritmişdir. Sularını 93 metr hündürlükdən dərəyə atan Çjaqa şəlaləsi Çində ən hündür şəlalə hesab olunur. Hündürlüyü 93 m, eni isə təqribən 40 m-dir. Onun içindəki su fasiləsiz axınla deyil, kiçik axınlarla aşağı doğru axır və parkda hökm sürən harmoniya və əmin-amanlığı tamamilə qoruyub saxlayır.

 

Huanlunda yerləşən dağlar da böyük diqqətə layiqdir. Ən yüksək zirvə “Qar zirvə”si hesab olunur. Yerdən demək olar ki, 5,6 km yüksəkliyə qalxmışdır. Adından göründüyü kimi, qar örtüyü hətta isti mövsümdə də belə qalır.

 

Qoruğun ərazisində bir çox heyrətamiz heyvanlara rast gəlmək mümkündür, onların əksəriyyəti Qırmızı Kitaba daxil edilmişdir. Məsələn, burada pandalara və Sıçuan qızıl meymunlarına rast gəlinir.

 

Çin hökuməti Huanlun Təbiət Qoruğunu çox yüksək qiymətləndirir və onu diqqətlə qoruyur. Hakimiyyət orqanlarının əsas qayğısı qoruğun təbiətini ilkin formada qorumaqdır və bunu çox gözəl edirlər. Bura gələn turistlərin qoruğun kövrək ekosistemini heç bir şəkildə pozmamasını təmin edən bir çox insan burada işləyir.

 

Çin hökuməti hər il dekabrdan mart ayına kimi Huanluna girişi bağlayır. Bu cür tədbirlər böyük xərclərə səbəb olur (təxminən 5 milyon yuan), lakin onlar qoruğun təbiətini təhlükəsiz və sağlam saxlamağa imkan verir!