Mədəni irsimiz

Rəcəb paşa məscidi

1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi. İrəvan qalasının 1827-cil oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan “Allahsızlar” kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də yer üzündən silinmişdir.


İrəvan şəhərinin Rusiya işğalından sonra kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin verdiyi məlumata görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, yuxarıda qeyd etdiyimiz kimi, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir. Şopen qaladakı məscidlərdən birinin silah anbarına, digərinin isə mağazaya çevrildiolmaqyini yazır. Sərdar məscidinin silah anbarına çevrildiyini yuxarıda qeyd etmişdik. Mağazaya çevrilən ikinci məscid isə görünür, Sərdar məscidinin yaxınlığında yerləşən yay məscidi olmuşdur. İ.Şopen qalan 6 məscidin adlarını belə sadalayır: Zal xan, Novruzəli bəy, Sərtib xan, Hüseynəli xan, Hacı İmamverdi və Hacı Cəfər bəy məscidləri.Bunlardan əlavə, İ.Şopen şəhərdə yarıdağılmış vəziyyətdə bir neçə məscidin də olduğunu bildirir.


1906-1911-ci illərdə İrəvan şəhərinin texniki B.Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Mehrabov şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər belə adlanırdı: Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi.


Erməni tədqiqatçısı M.Qasparyan göstərir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində mövcud olmuş məscidlərdən Göy məscid, Hacı Hüseyn və Şəhər (Zal xan) məscidləri Könhə şəhər (Şəhri) massivində, Təpəbaşı məscidi eyniadlı massivdə, Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidləri isə Dəmirbulaq massivində yerləşmişdir.


1918-1920-ci illərdə tarixi Azərbaycan ərazisində qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar.


1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edilməsindən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanların və parkların salınmasına başlanıldı.