Qarabağ

Şuşanın təbiəti

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi davam edir.

 

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşanın təbiətinə həsr olunub.

 

Təqdimatda şəhərin təbiəti haqqında ətraflı məlumat verilir.

 

Şuşanın təbiəti, əsrarəngiz mənzərəsi, möhtəşəmliyi ilə insanları heyran edir. Şuşanın dağları, bu yerlərin gözəlliyinə rəng qatan flora və faunası həyat mənbəyidir.

 

Təbiətin yaşıl “ciyəri” adlandırılan bu meşələr, yaşıllıqlar quşların sığınacaq yeri, insanların mənalı istirahət guşəsi, qələm və fırça ustalarının ilham mənbəyidir.

 

Ərazisinin 20 faizə qədəri meşə zolaqları ilə örtülən Şuşanın flora və faunası olduqca zəngindir. Sanki ana təbiət bu torpaqlardan heç nəyini əsirgəməyib, yeraltı sərvətləri tükənməz xəzinə olduğu kimi, yerüstü sərvətləri də canlı və zəngin təbiət muzeyidir.

 

Bu ərazidə ən yüksək zirvə 2725 metr hündürlüyündə olan Qarabağ dağ silsiləsinə aid Böyük Kirs dağıdır. Keçəldağ aşırımı da Şuşa rayonunun inzibati ərazisinə daxildir. Burada müxtəlif növ bitki və ağaclar, Turşsu və Şırlan kimi keyfiyyətli mineral su mənbələri var. Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir.

 

Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16-19 dərəcə, illik yağıntı isə 700-800 mm olur. Rayon ərazisindən məşhur Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.

 

Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi də bu diyarın nadir sərvətlərindəndir. Kirs, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri, Zarıslı və Xəlifəli çayları boyu uzanıb gedən, dağların ətəklərinə qədər geniş bir sahəni əhatə edən meşələr bu yerlərin əvəzsiz bəzəyi kimi göz oxşayır.