Qarabağ

Şuşanın müqəddəs ocaqları

Şuşa şəhərində 17-yə yaxın müqəddəs dini ocaq vardı. Adətən dini ocaqlar məscidlərin yanında yerləşirdi. Bu ocaqlardan Seyid Xəlil ocağı Cıdır düzünə gedən yolun üzərində yerləşirdi. Ocaq bütün Qarabağ camaatının, o cümlədən də şuşalılardan müqəddəs seyid kimi tanıdıqları Seyid Xəlilin adı ilə bağlı idi. Bütün bayram və yas mərasimləri və toy zamanı bişirilən təamların ilki Seyid Xəlilə gətirilərdi.

 

Saqqaxana ocağı Çuxur məhəllədə idi. Ocağın lap yaxınlığında böyük gəvriş ağacı əkilmişdi. Ziyarətə gələnlər gəvriş ağacının dibindən torpaq götürər və həmin torpağı suya salıb, sonra xəstələrə içirərdilər. Suyu içənlər tezliklə xəstəlikdən xilas olardı.

 

Şahlıq ocağı Köçəri məhəlləsində yerləşirdi. Müqəddəs ocağa gələnlərin sayı-hesabı yox idi. Ziyarətə gələnlər arasında Cənubi Azərbaycandan gələn zəvvarlar da olardı.

 

Mir Fəseh ocağı Cıdır düzündə yerləşirdi. Bura ziyarətə gələnlər qadın zəvvarları idi.

 

Şami Qəriban ocağı. Bu ocaq İmam Hüseynin şəhidliyi gününə xatirə olaraq adlandırılmışdı. Burada dualar oxunur, mərsiyələr deyilirdi.

 

Qurdlar ocağı Şuşa şəhərinin aşağı ərazisində Qurdlar məhəlləsində yerləşirdi. XX əsrin 30-cu illərinə qədər fəaliyyət göstərmişdir.

 

Sərqa ocağı Çuxur məhəllədə yerləşirdi. Ocağın torpağı yaralara məlhəm hesab olunurdu.

 

Seyid Ocağı, Əli Ocağı da məşhur ocaqlardan idi. Bu ocaqlar da XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərib.