Bu maraqlıdır!

Modifikasiya dəyişkənliyi

Çarlz Darvin hələ çox gənc yaşlarından canlılarda çoxlu fərqli xüsusiyyətlərin olmasını müşahidə etmişdir. İstər mədəni bitki və ev heyvanlarının, istərsə də təbiətdəki vəhşi heyvan və yabanı bitki növlərinin bu qədər müxtəlif olması onu maraqlandırmışdır. O apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlmişdir ki, canlılar, əsasən, ətraf mühitin təsiri nəticəsində dəyişir. Alim öz fikirlərini çox səylə sübut etməyə çalışmışdır.

 

Darvin apardığı müşahidə və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, orqanizmlər irsən malik olduqları fərdi xüsusiyyətlərlə və yaşadıqları şəraitdəki mühit amillərinin təsiri ilə əlaqədar inkişaf edir. Bu isə onlarda müxtəlif dəyişikliklərin baş verməsinə səbəb olur.

 

Orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi və ya növ daxilindəki fərdlər arasındakı fərqlər dəyişkənlik adlanır.

 

Darvin dəyişkənliyin səbəblərini araşdırıb formalarını da göstərmişdir.

İki növ dəyişkənlik var: Qeyri-irsi və ya modifikasiya dəyişkənliyi və irsi dəyişkənlik.

 

Qeyri-irsi və ya modifikasiya dəyişkənliyi. Növün müxtəlif şəraitdə yaşayan fərdlərində bəzi fərqli cəhətlərin meydana çıxması məlumdur. Məsələn, meşədə bitən adi şam ağacının çətiri yuxarıda yerləşir, açıqlıqda, meşə kənarında bitən şam ağacı isə daha qollu-budaqlı olur. Mühit şəraiti əlverişli olan yerlərdə bitən bitkilərlə əlverişsiz mühitdə yaşayan bitkilər eyni növdən olsalar da, fərqlənir. Ağbaş kələm isti ölkələrdə əkiləndə baş əmələ gətirmir. Ağ rəngli adadovşanlarının tükünü qırxıb yerinə buz bağlayanda onun yerindən qara tüklər çıxır.

 

Mühit şəraitinin təsiri altında eyni genotipli fərdlərdə müxtəlif fenotiplərin yaranması modifikasiya dəyişkənliyi adlanır. İnsanın əkib-becərdiyi bitkilərdə də modifikasiya dəyişkənliyini asanlıqla müşahidə etmək mümkündür. Bir bitkinin qələmləri ilə çoxalan nəsillərdə tam eynilik müşahidə olunmur. Bunun səbəbi bitkilərin işıqlanma səviyyəsi, torpağın strukturu, su və qida maddələri ilə təminatı, alaq otlarının olması və s. ola bilir. Belə dəyişmələr genotipə təsir etmir və nəsildən-nəslə ötürülmür. Modifikasiya dəyişkənliyinin hüdudları reaksiya norması adlanır.

 

Canlılarda müxtəlif əlamətlərin kəmiyyət və keyfiyyət dəyişmələri eyni cür müşahidə olunmur. Qaramalda südün miqdarı yemin miqdarından asılı olaraq, çox dəyişir. Südün yağlılığını yemin miqdarını artırmaqla çoxaltmaq olmur. Yağlılığı yemin tərkibini dəyişməklə artırmaq mümkündür. Müşahidələr göstərir ki, heyvanın rəngini nə qidanın miqdarı, nə də müxtəlifliyi dəyişə bilməz. Ancaq yuxarıda deyildiyi kimi, tükü qırxılıb belinə buz bağlanmış adadovşanlarının belində ağ tük əvəzinə qara tükün çıxması rəngin də mühit amillərinin təsiri ilə dəyişə biləcəyini göstərir. Beləliklə, qaramalda südün miqdarı geniş reaksiya normasına, rəng isə ən dar reaksiya normasına malikdir.

 

Modifikasiya dəyişkənliyi norması daxilində əlamətin dəyişkənliyi variasiya sırasını əmələ gətirir. Variasiya sırasındakılann hər biri variant adlanır. Hər variantın sayını hesablayıb görərik ki, orta ölçülülərə daha tez-tez, sıranın əvvəlində və sonunda olanlara isə daha az rast gəlinir. Əgər bunu qrafikdə göstərsək, variasiya əyrisi alınar. Variasiya sırasının genişliyi genotipdən də asılıdır.

 

 

Modifikasiya dəyişkənliyinin xüsusiyyətləri:

 

genotip dəyişmir;
irsən ötürülmür;
növlərin uyğunlaşmasını təmin edir;
tədricən baş verir;
növləri qoruyub saxlayır;
qrup xarakterlidir.

 

Mutasiya irsi dəyişkənlikdir. 

 

 

İrsi dəyişkənlik. İrsi dəyişkənlik Çarlz Darvinə yaxşı məlum olsa da, dəyişkənliyin səbəbləri və mexanizmi ona aydın deyildi. Ancaq o, irsi dəyişkənliyin təkamüldə çox böyük rol oynadığını müəyyənləşdirmiş və dəfələrlə qeyd etmişdir ki, dəyişkənlik təkcə xarici şəraitdən asılı deyil.

 

Eyni şəraitdə yaşayan, eyni valideynlərdən törəyən nəsillərdə bəzən çox kiçik fərqlər, bəzən də kəskin nəzərəçarpacaq dəyişkənliyə malik fərdlər yaranır.


Genotipin dəyişməsi ilə baş verən dəyişkənlik irsi dəyişkənlik adlanır.

 

Mutasiyalar irsi dəyişkənliyin bir növüdür. Orqanizmin xromosomlarında və genlərində baş verən hər hansı bir dəyişkənlik mutasiyaya səbəb olur. Mutasiyalar bəzən elə çox kiçik fərqlərə səbəb olur ki, onlar nəzərə belə çarpmır.

 

Bəzən isə mutasiya çox qabarıq dəyişkənliyə səbəb olur ki, bunlardan da insanlar istifadə edib, yeni sort və cins yaradırlar. Məsələn, qısaayaqlı ankon qoyun cinsi, qısaayaqlı taksa it cinsi, yumurtavarı yarpaqlı çiyələk, sallaq və piramidaşəkilli çətiri olan ağaclar və s. belə yaranmışdır.

 

Mutasiya anlayışını elmə ilk dəfə gətirən holland botaniki Hüqo de Friz olmuşdur. O müşahidə etmişdir ki, enotera (eşşəkqulağı) bitkisinin yarpaqları arasında normal formadan kəskin fərqlənənlər vardır. Onların əlamətləri nəsildən-nəslə irsən ötürülür. Belə dəyişkənliyə botanik mutasiya adı vermişdir.

 

Mutasiya genotiplərdə xarici və daxili mühit amillərinin təsiri ilə yaranan dəyişkənlikdir. Onların əksəriyyəti orqanizm üçün zərərli olur. Orqanizmin məhvinə səbəb olan mutasiyalar da vardır. Belə mutasiyaları daşıyan genlər, adətən, resessivdir. Genotipi dəyişdirmə xüsusiyyətinə görə mutasiyaların bir neçə növü məlumdur.

 

Xromosom mutasiyaları. Belə mutasiyalar zamanı xromosomların quruluşunda dəyişikliklər baş verir. Onların formaları çoxdur və mikroskop vasitəsilə asanlıqla müşahidə olunur.

 

Xromosomlarda baş verən dəyişmələr:

1. Sahənin ikiləşməsi: ABCCÇDE
2. Sahənin çatışmazlığı: ABCÇE
3. Sahənin 180° çevrilməsi: ABÇCDE
4. Sahənin qeyri-homoloji xromosomlarda yerdəyişməsi: ABCÇMK
Genom mutasiyaları. Bu mutasiyalar xromosom sayının dəyişməsi nəticəsində baş verir. Onun iki formasına təsadüf olunur: aneuploidiya və poliploidiya.

 

Aneuploidiya xromosom sayının bir neçə vahid artması və ya azalmasıdır. Xromosomların normal paylanmaması meyoz prosesi zamanı olur: daun sindromu 2n = 47, Şerşevski-Terner sindromu 2n = 45. Göründüyü kimi, bu zaman xromosom sayının azalıb və ya artması ciddi dəyişikliklərə səbəb olur.

 

Poliploidiya xromosom yığımının bir neçə dəfə artmasıdır. Poliploidiya bitkilərdə geniş yayılmışdır. Heyvanlar aləmində nadir hallarda rast gəlinir. Orqanizmdə xromosom yığımı 3n olarsa, triploid, 4n olarsa, tetraploid adlanır.

 

Gen mutasiyaları. Bu mutasiyalar nöqtəvi mutasiyalar da adlanır. Onları işıq mikroskopu ilə müşahidə etmək çətindir. Bu mutasiyalar DNT nukleotidlərində baş verən dəyişmələrlə əlaqədardır. DNT-də nukleotidlər yer dəyişdikdə amin turşularının yeni ardıcıllığı müəyyən olunur ki, bu da yeni bir zülal sintezinə səbəb olur.

 

Çox vaxt mutasiyaya uğrayan gen fəaliyyətdən qalır. Bu zaman RNT və zülal əmələ gəlmir. Gen mutasiyaları zamanı yeni allellər əmələ gəlir ki, bunun da təkamüldə çox böyük əhəmiyyəti vardır.


Somatik mutasiyalar. Somatik mutasiyalar orqanizmin bəzi somatik hüceyrələrində baş verir. Onlar bitki və heyvanlarda cinsi çoxalma zamanı irsən nəslə ötürülmür, ancaq bitkilər vegetativ yolla çoxaldılarsa, bu mutasiyalar irsən nəslə ötürülə bilir.

 

Müasir dövrdə mutasiyaların tezliyini artıran və yeni mutasiyalar yaradan metodlar vardır. Rentgen şüaları, ionlaşdıncı şüalar, temperatur dəyişmələri, qaz rejiminin, rütubətin dəyişməsi və s. mutasiyaları artırır. Hazırda rentgen şüalarının təsiri ilə mutasiyaların tezliyini 150 dəfə artırmaq mümkün olur.