FOTO

Yaraşıqlı, gur işıqlı Bakı

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri müvafiq hazırlıq tədbirləri həyata keçiriblər. Artıq şəhərin parkları, meydan və küçələri bəzədilib, Yeni il atributları, işıqlı çilçıraqlar və digər bəzək vasitələri quraşdırılıb. Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda Yeni il şənlikləri ilə əlaqədar hazırlıq işləri yekunlaşıb.

 

AZƏRTAC xəbər verir ki, paytaxtda hər iki bayram münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilib. Şəhərdə bayramın daha çox qeyd edildiyi məkanlarda - Fəvvarələr meydanı, Dənizkənarı Bulvar və İçərişəhərdə əvvəlki illərdən fərqli və geniş formada xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.

 

Bulvar ərazisindəki ağac və işıq dirəkləri bayram ovqatında bəzədilib, Yeni ilin rəmzlərindən ibarət rəngarəng kompozisiyalar -bəzəklər və müxtəlif oyuncaqlar qurulub.

 

Bu il Neftçilər prospekti, Yusif Səfərov və Niyazi küçələrindən İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində də də bayram tərtibatı işləri aparılıb. “Azneft” dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə olan şam ağacı kompleksi yaradılıb. Bayram tərtibatı işləri ictimai iaşə obyektlərini də əhatə edir.

 

Nağıl və cizgi film qəhrəmanlarının obrazlarında animatorlar uşaqlara bayram sevinci bəxş edəcək.

 

Bundan əlavə, dekabrın 24-dən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Dənizkənarı Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunmağa başlanılıb. Dövlət Kukla Teatrının arxasındakı ərazi bayram ab-havasında bəzədilib, Yeni illə əlaqədar kompozisiyalar, o cümlədən çilçıraqlı xizəkli maral, retro maşın, oyuncaqlar, hava ilə doldurulmuş oyuncaqlar həmin ərazinin hüsnünə yeni bir gözəllik verir.

 

Nağıl qəhrəmanları Şaxta baba və Qar qız, Santa Klaus, nağıl və cizgi filmi qəhrəmanlarının obrazlarında animatorlar - Harri Potter, Malefisenta, “Ələddindən” Cəfər, Qrinç, Çəkməli pişik, Cek Sərçə, Panda, Sonik, “Alisa möcüzələr ölkəsindən” Dəli Dovşan, “Su pərisindən” Ursula və eyni zamanda, transformer-robotlar uşaqlara bayram sevinci bəxş edəcək.

 

Bununla yanaşı, uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, tamaşalar, konsert, atəşfəşanlıq, illüminasiya (işıq) və alov şousu da təşkil olunacaq. Milli Parkı ziyarət edən uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə üzlərinin boyanması - face art da nəzərdə tutulub.

 

Yeni il ərəfəsində şəhərin əksər meydan və parklarında şam ağacları quraşdırılıb və hazırlıq işləri görülüb.

 

Ənənəvi olaraq dekabrın 31-də Bakı Şəhər İcra Hakimiyyəti Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil edəcək.

 

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi və 2023-cü il yanvarın ilk on günlüyünədək davam edəcək Yeni il şənlikləri paytaxt sakinlərinə və qonaqlara xoş ovqat bəxş edəcək.