Təbiət

Zevsin çiçəyi - Qərənfil

Latınca adı Dianthos olan Qərənfil çiçəyinin adı yunanca “Di" – Zevs və "Anthos" - Çiçək mənasını verən sözlərdən ibarətdir ki, bu da "Zevsin çiçəyi" və ya "İlahi çiçək" kimi tərcümə olunur. Qərənfillərin ingiliscə adlarından biri də "gilly-flowers"-dir.

 

Qərənfil qədim zamanlardan müxtəlif ölkələrdə sevimli bitkilərdən biri olub; insanlar xəstəliklərə qarşı qərənfil çiçəkləri ilə müalicə olunub,  bədbəxtliklərdən qorunmaq üçün qırmızı qərənfil çiçəklərini evdə saxlayıblar.

 

Qədim Yunan əfsanəsinə görə, qırmızı qərənfil qədimdə insanın bir zərrəsi olub. Əfsanəyə görə, qərənfil çiçəyi öz mənşəyini ov ilahəsi Artemidanın qəzəbinə borcludur; belə ki, uğursuz ov günündən sonra evə qayıdan Artemida yolda fleyta çalan bir çobanla qarşılaşır və onu, musiqisi ilə bütün ovu qorxutmaqda ittiham edərək, qəzəblə çobanın gözlərini çıxardır. Sonralar bu gözlərin kədərli baxışlarına dözə bilməyən ilahə onları yola atır - və onlardan, rəngi ilə günahsız tökülən qanı xatırladan, iki cüt qırmızı qərənfil bitir.

 

Qədim yunan filosofu və botaniki, Aristotelin şagirdi, peripatetik məktəbin ilk təmsilçilərindən biri olan Teofrast qərənfilləri “Zevsin çiçəyi” adlandırdı - əsrlər sonra canlı orqanizmlərin təsnifatının əsasını qoyan məşhur İsveçli həkim və naturalist Karl Linney çiçəyə “Dianthus” adını verib, yəni, “İlahi çiçək".

 

Qədim Roma yazıçısı və filosofu Plini, qərənfillərin qədim Romada becərilirdiyi haqda öz əsərlərində yazıb. Müasir növlərin əcdadı olan bağ qərənfili ilk dəfə XVI əsrdə Hollandiya və Fransada yetişdirib; lakin qərənfil Fransaya daha öncə  XIII əsrin sonunda gətirilib (onu Tunisdən səlibçilər gətirib), XIV əsrin əvvəllərində isə Şərqdən gətirilərək İtaliyada Mediçi bağlarında becərilib.

 

Müxtəlif xalqlarda qərənfil yaxşılıq və ədalət, sabitlik və sədaqət simvolu hesab olunur. Fransa və İngiltərədə qərənfil yuxarı təbəqələrin çiçəyi sayılıb; Almaniyada isə sabitlik və sədaqət simvolu hesab olunub. Çiçəyə "qərənfil" adını verən ilk almanlar olub (ətrinin məhz quru mixək qönçələri ilə oxşarlığına görə).

 

Təsviri: Qərənfillər - qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid çoxillik, ikiillik və birillik çiçəkli bitkilərdir. Cinsə Avropa, Şimali Afrika, Asiyada bitən təxminən 300 növ daxildir. Qərənfillər hamar və düyünlü gövdəyə malikdir. Ot və nadir hallarda yarımkollardır. Lansetşəkilli və ya bizvari yarpağı qarşı qarşıya düzülür. Ətirli çiçəkləri tək-tək və ya çiçək qrupunda yerləşir. Rəngarəngliyi ilə seçilir — sarı, qırmızı, ağ, çəhrayı, çəhrayı və s. olur.

 

Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır.

 

Azərbaycanda 26 növü mövcuddur. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycanda matəm gülünə çevrilib (xüsusilə, qırmızı qərənfil). Bakının Binə qəsəbəsində böyük qərənfil sahələri var.