FOTO

Bakı Yeni ili qarşılamağa hazırlaşır – FOTOLAR

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhəri və paytaxtın rayonlarının icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri görülüb.

 

AZƏRTAC xəbər verir ki, paytaxtın parkları, meydan və küçələri bəzədilib, burada Yeni il atributları, işıqlı çilçıraqlar quraşdırılıb və digər bəzək işləri aparılıb.

 

İşğal altında qalan ərazilərimiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilib. Bu il Xankəndi şəhərində möhtəşəm Zəfər paradı təşkil olunub.

 

Hazırda Azərbaycan sürətlə inkişaf edir və xalqımızın bayram əhvali-ruhiyyəsi çox yüksəkdir. Buna uyğun olaraq da Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri görülüb.

 

Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri, Neftçilər və Azərbaycan prospektləri bayramla bağlı bəzədilib.

 

Azneft dairəsində isə xüsusi və fərqli tərtibatda 20 metr hündürlüyündə Yeni il şam ağacı kompleksi yaradılıb.

 

Həmçinin bəzədilmə işləri ictimai iaşə obyektlərini də əhatə edib. Mağazaların, iri ticarət mərkəzlərinin qarşısı, vitrinləri və zalları bayramsayağı bəzədilib.

 

Bundan başqa, Bakıda insanların daha çox şənləndiyi məkanlardan olan Fəvvarələr meydanında, Dənizkənarı bulvarda, İçərişəhərdə bu il əvvəlkilərdən fərqli və geniş formada xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.

 

Eyni zamanda, rayon icra hakimiyyətlərinə bayramla əlaqədar müvafiq tədbirlərin görülməsi tövsiyə edilib.

 

Şəhərin əksər meydan və parklarında Yeni il şam ağacları quraşdırılıb və hazırlıq işləri həyata keçirilib.