Xəbərlər

Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq

Paytaxt məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində vətənpərvərlik mövzusunda çoxlu tədbirlər təşkil edilir. 


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində vətənpərvərliyə dair konfrans, “dəyirmi masa”, seminar, müsabiqə və əl işlərindən ibarət sərgilər keçirilir. Həmçinin, şagirdlərin milli qəhrəmanlarla, şəhid ailələri və keçmiş döyüşçülərlə görüşləri, gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimlərində iştirakı, tarixi və hərbi eksponatların saxlandığı muzeylərə ekskursiyaları təşkil olunur, məktəblilər Şəhidlər xiyabanını ziyarət edirlər. 


Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdir. 


Tədbirlər çərçivəsində məktəblilərə Azərbaycanın tarixi, eləcə də, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi və xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verilir. Eyni zamanda, dövlətimizin getdikcə gücləndiyi və işğal altındakı ərazilərimizin geri qaytarılacağı diqqətə çatdırılır.


Tədbirlərdə vətənpərvərlik mövzusunda lentə alınmış filmlər nümayiş olunur, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilir. Yanvarın 19-da məktəblərdə ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq.