Uşaq yaradıcılığı

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Nəzrin Rəsulzadə

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

 

Növbəti həmsöhbətimiz Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin 5-ci sinif şagirdi, pianoçu, bir sıra respublika və beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Nəzrin Rəsulzadədir.

Nəzrin 12 yaşındadır, ümumtəhsil məktəbinin 6-cı sinfində oxuyur və beş ildir musiqi təhsili alır. Qızcığazın dediyinə görə, musiqiyə həvəsi erkən uşaqlıq yaşlarından yaranıb.

 

O deyir: “Uşaqlıqdan atam mənimlə bir az məşğul olub. O vaxtdan musiqiyə həvəsim yaranıb”.

 

Nəzrin rəsm çəkməyi də sevir və rəssamlıq kurslarına gedir. İstedadlı qızcığaz bir neçə sərgidə iştirak edib. Ancaq musiqinin onun üçün daha vacib olduğunu deyir. O, birinci sinifdən müsabiqələrdə iştirak etməyə başlayıb.

 

“İkinci sinifdə oxuyanda iştirak etdiyim müsabiqə ən çox yaddaqalandır. Çünki orada birinci yeri tutdum və ilk dəfə laureat oldum”, - deyə Nəzrin xatırlayır.

 

Gənc pianoçu deyir ki, əvvəllər səhnəyə çıxanda həyəcan keçirirdi, amma indi artıq az həyəcanlanır: “Çıxış edəndə təsəvvür edirəm ki, zalda yalnız müəllimim və anam oturur. Mən onlara baxmıram, amma onların baxışlarını hiss edirəm”.

Həmsöhbətimiz gələcək planları barədə də danışıb: “Konservatoriyada oxumaq istəyirəm. Həm də orada müəllim işləməyi arzulayıram. İngiltərəyə səfər etmək və bu ölkədə çalışmaq istərdim”.

 

Söhbətdə Nəzrinin müəllimi Səbinə Bağırova da iştirak edir.

“Nəzrinlə söhbət etdiyiniz zaman mən onun uşaqlıq şəklini tapdım, onu qəbul vaxtı gətirmişdilər, - Səbinə xanım gülümsəyir. - Budur, baxın onun necə olduğuna. O, 2019-cu ildə sinfimə gəldi. Gözümün qabağında böyüdü və gözəl qıza çevrildi. Bir şəxsiyyət kimi yetişdi. Nəzrin orta məktəbdə də yaxşı oxuyur, musiqi məktəbində də qiymətləri yaxşıdır. O, çox çalışqan uşaqdır, öz üzərində çox işləyir”.

 

Müəllim Nəzrinin Üzeyir Hacıbəylinin ev-muzeyində “Şəbi-Hicran” xorunun fraqmentini necə ifa etdiyini səmimi duyğularla xatırlayır: “Hazırda Nəzrin Frans Şubertin və Ferens Listin “Dəyirmançı və çay” pyesini çalır. Bu, çox gözəl əsərdir. Bu il o, xeyli irəliləyib. Çətin parçalar ifa edir, amma öhdəsindən gəlir. O, dünya musiqisi klassikləri Bax, Vasif Adıgözəlov, Arif Məlikov və başqa bəstəkarların əsərlərini ifa edir”.

 

Müəllim qızcığazın bədii qabiliyyətini xüsusilə qeyd edir: “Nəzrinin rəsm çəkməyi, əlbəttə ki, onun ifasına təsir göstərir. Mən ona deyirəm ki, ifa edəndə təsəvvür et ki, bura işıqlıdır, burada bir növ kədər ab-havası var. Onun təxəyyülü yaxşı inkişaf edib. Ona deyirəm ki, səhnəyə çıxanda ifa etdiyin əsərin hansısa obrazını yaratmalısan. Hər bir əsərdə bir çox xarakter var. Major obrazları açıq rəngdə, minor olanları isə kədərli fonda göstərmək lazımdır. Bundan başqa, əsərdə bəstəkarın yaşadıqları şəxsi anlar də öz əksini tapıb. Məsələn, Şubert bəstələyəndə not dəftərləri almağa belə pulu yox idi. İfaçı isə bəstəkarla dinləyici arasında vasitəçidir, bütün bunları ifa vasitəsilə göstərməlidir”.

 

Müəllim deyir ki, musiqinin uşaqların intellektinin inkişafında böyük rolu var.

“Hələ əsrin əvvəllərində dahi bəstəkar Fikrit Əmirov deyirdi ki, musiqi qabiliyyətinin olub-olmamasından asılı olmayaraq, hər bir uşaq musiqi məktəbində oxumalıdır. Bu, çox vacibdir. Üzeyir Hacıbəyli isə hələ 1920-ci illərdə musiqi məktəbləri açıb, bununla da bütün musiqiçilərə yol göstərib”, -deyə Səbinə Bağırova qeyd edir.

 

Müəllimin sözlərinə görə, gənc musiqiçilərin inkişafı üçün müsabiqələr vacibdir.

“Müsabiqə bir yarışdır. Rəqabət ifaçını həvəsləndirir. İfaçı çalışır, məşq edir, təkmilləşir. Uşaqlar möhkəmlənir, daha peşəkar olur, sonra isə həyəcan olmadan səhnəyə çıxırlar”, -deyə Səbinə xanım vurğulayır. – Lakin mən uşağın hansısa yer tutacağını düşünmürəm. Mənim üçün əsas odur ki, o, ilk növbədə, bəstəkarın öz əsəri ilə nə demək istədiyini dinləyiciyə çatdırsın”.

 

Müəllim deyir ki, gələcəkdə şagirdini milli konservatoriyada görür: “O, asanlıqla konservatoriyaya daxil ola bilər, çünki ifa etdiyi proqram çox mürəkkəbdir. Daha sonra isə Nəzrin xaricdə, estrada konsertlərində çıxış edə və ya pedaqoji fəaliyyətlə məşğul ola bilər. Əvvəllər, mənim təhsil aldığım vaxtda yollar bağlı idi, indi isə imkanlar çoxdur. Buna görə hökumətimizə təşəkkür edirəm!”

 

Söhbətə Nəzrinin anası Afət Rəsulova da qoşulur.

 

“Əslində mən Nəzrində olan bu istedada təəccüb etmirəm. Burada genetik faktorun rolunun olduğunu bilirəm. Atası tar və fortepiano, babası isə qarmon ifaçısı olub. Atası, həmçinin gözəl rəsmlər çəkib. Nəzrin də uşaqlıqdan həm ifaçılığa, həm də rəsmə maraq göstərirdi. Biz isə üzərimizə düşəni edərək ona istiqamət vermişik. Sevindirici haldır ki, Nəzrin ona olan etimadımızı doğruldub, yorulmadan hər iki incəsənət növünü təkmilləşdirməkdə davam edir. Bu yolda ona uğurlar arzulayır, gələcəkdəki daha böyük nailiyyətlərinə şahidlik edəcəyimizə ümid edirik”.