Uşaq yaradıcılığı

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI Nəzrin İmanova

AZƏRTAC beynəlxalq müsabiqələrin laureatı olmuş Azərbaycanın gənc istedadları haqqında məqalələr silsiləsini davam etdirir.

 

Bizim növbəti həmsöhbətimiz Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbinin 11-ci sinif şagirdi, fleyta ifaçısı, bir çox respublika və beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Nəzrin İmanovadır.

 

Nəzrin yaradıcı ailədə dünyaya göz açıb. O, azərbaycanlı musiqiçi, bəstəkar, tarzən, Azərbaycan tarını təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıq və şair, ədəbiyyatşünas, rəssam, xəttat, musiqişünas və şuşalı alim Mir Möhsün Nəvvabın nəslindəndir. Fleyta ifaçısının anası Tərlan Musayeva 23 nömrəli musiqi məktəbində xor rəhbəridir.

 

“Hələ üç yaşımda olarkən anam mənim çox gözəl musiqi duyumuna malik olduğumu hiss edib. Dinlədiyim bütün mahnıları ifa edirdim, - deyə Nəzrin bəhs edir. – Dörd yaşımdan oxuyurdum, anam isə məni pianoda müşayiət edirdi. Fleytanı da mənim üçün anam seçib. O hesab edirdi ki, bu ən zərif alətdir və mən onu bəyənəcəyəm”.

 

Peşəkar fleytanı Nəzrinə babası hədiyyə edib və o, birinci sinifdən bu günədək həmin alətdə ifa edir.

 

İlk dəfə iştirak etdiyi “World Harmony” beynəlxalq müsabiqəsində Nəzrin diplomant oldu. Buna baxmayaraq, çalışqan qızcığaz üzərində çox işləyirdi: “Mən bilirdim ki, nə vaxtsa laureat olacağam, birinci yeri tutacam”, - deyə Nəzrin qeyd edir. Belə də oldu.

 

İstedadlı fleyta ifaçısı “Ruhun bulaqları” müsabiqəsində iştirak edib və birinci yer tutub. Sonra, 2020-ci ildə “Karabakh International Culture & Art Content” beynəlxalq müsabiqəsində də birinci yerə layiq görülüb. O, 2023-cü ilin noyabr ayında II Respublika “Akademik, xalq və jaz musiqisi” müsabiqəsində iştirak edib və laureat olub. Bu yaxınlarda, 2024-cü ilin may ayında Fikrət Əmirova həsr olunmuş I Beynəlxalq müsabiqədə trio ilə birgə birinci yer tutub.

 

“Bu günə qədər qazandığım bütün uğurlarıma görə müəlliməm Rövşanə xanım və anama borcluyam, - deyə Nəzrin vurğulayır. – Rövşanə xanım mənə fleytanın bütün incəliklərini öyrədib. Həmçinin bütün bu illər ərzində məni ən seçilən müsabiqələrə layiq bilib göndərdiyinə və təşkil etdiyi konsertlərdə iştirakımı təmin etdiyinə görə məktəbimizin direktoru Afət xanım Qəmbərovaya sonsuz təşəkkürlərimi bildirirəm”.

 

Nəzrin qeyd edir ki, konsertlərdə və müsabiqələrdə iştirak etməyi çox sevir. Fleyta ifaçısının sözlərinə görə, çıxış öncəsi, əlbəttə, digərləri kimi həyəcan keçirir. Lakin fleytada ifa etməyə başlayanda həyəcan arxada qalıq.

 

Gənc musiqiçi deyir: “Müsabiqələrdə iştirak etdikcə, laureat adını qazandıqca, mən daha böyük əzmlə öz üzərimdə işləməyə başlayıram. Çünki uğur əldə etdikcə, daha da həvəslənirəm. Yaxın gələcəkdə solo konsert verməyi arzulayıram və bunun üçün də dayanmadan çalışmalıyam”.

 

Nəzrin bildirir ki, musiqi təhsilini davam etdirmək üçün Bakı Musiqi Akademiyasına qəbul olmağı planlaşdırır. Bu il o, musiqi məktəbini bitirir. Lakin ümumtəhsil məktəbində 10-cu sinifdə oxuduğu üçün, Akademiyaya bir ildən sonra qəbul oluna bilər. Akademiyadan sonra fleyta ifaçısı simfonik orkestrdə ifa etmək, həmçinin müəllim kimi də fəaliyyətini davam etdirmək xəyalı ilə yaşayır.

Söhbətimizdə Nəzrinin anası da iştirak edir.

 

“Nəzrin hələ bir - il yarım yaşı olanda fərqinə varmadan daim oxuyurdu, - deyə Tərlan xanım xatırlayır. – Görürdüm ki, oxumaq istəyir. Üç yaşından isə uşaq mahnılarını sərbəst ifa edirdi. Anladım ki, o, musiqiçi olacaq. Mən özüm skripka ifaçısıyam, xor rəhbəriyəm. Lakin onun üçün nə skripka, nə də fortepiano istədim - qeyri-adi zərif alət axtarırdım. Çünki o, uşaqlıqdan çox incə və zərifdir. Fleytanı sınaqdan keçirmək qərarına gəldim. Əvvəlcə xoşuna gəlmədi. Deyirdi, bu nə trubadır belə? (Gülür) Mən isə ona deyirdim – xoşuna gələcək! Artıq iki dərsdən sonra öyrəşdi. İndi isə bizim bütün yaxınlarımız və qohumlarımız Nəzrinin ifasını dinləyəndə deyirlər ki, onu digər alətlə təsəvvür edə bilmirlər. Sanki fleyta onun üçün yaranıb”.

 

Tərlan xanımın sözlərinə görə, Nəzrin həm xalq, həm klassik, həm də estrada musiqisini ifa edir, lakin ən çox lirik musiqini sevir.

O əlavə edir: “Nəzrin sürətli parçaları çox da xoşlamır. Əlbəttə, müəllim onun xasiyyətinə bələddir, nəyin öhdəsindən gəlib-gəlməyəcəyini bilir. İyun ayında simfonik orkestr ilə konsert verəcək. Müəllimin məsləhəti ilə o, konsertdə “Konsertino” ifa edəcək”.

 

Nəzrinin müəllimi Rövşanə Quliyeva da söhbətdə iştirak edir. Şagirdi haqqında danışan Rövşanə xanım gənc qızın çalışqanlığını qeyd edir: “Onun hər zaman ruh yüksəkliyi, istəyi, istedadı olub və indi də vardır – onunla çalışmaq çox böyük zövqdür”.

Müəllimin fikrincə, müsabiqələr şagirdin həyatında çox böyük rol oynayır.

 

“Bu, bir daha auditoriya qarşısına, səhnəyə çıxmaq, özünü göstərmək imkanıdır. Müsabiqələrə hazırlaşan uşaqlar daha çox çalışırlar, bunun sayəsində bir pillə yüksəlirlər”, - deyə həmsöhbətimiz vurğulayır.

 

Rövşanə xanım deyir ki, Nəzrini gələcəkdə orkestr solisti kimi görür. “Mənim şagirdlərin artıq orkestrlə işləməyi bacarırlar. Onların oxuma qabiliyyəti mükəmməldir, ifa texnikası əladır və faktiki olaraq, artıq filarmoniya proqramını ifa edirlər. Düşünürəm ki, Nəzrini gözəl gələcək gözləyir!”