Mədəni irsimiz

Azərbaycanda heykəltəraşlıq sənətinin yaranması

Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb.  


Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan əvvəl də Azərbaycanda plastika sənətinin biliciləri olub. 


Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanıb. 


Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları  məlum olmayan heykəltəraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib.


Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub. 


Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr ucaldılıb, milli heykəltəraşlıq kadrları yetişdirilib. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və başqaları heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başlanıb. 


Əvvəllər Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində olan heykəltəraşlıq bölməsi adıçəkilən təhsil ocağından ayrılıb və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılıb.          


Hazırda akademik Ömər Eldarovun rektorluq etdiyi həmin ali məktəbdə istedadlı heykəltaraşlar yetişdirilir. 


Rəssamlar İttifaqının 100-120 nəfər heykəltəraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltəraşlar da var. Sonuncular qranit, mərmər və digər materiallar üzərində təsvirlər yaradırlar. Rəssamlar İttifaqına üzv olmaq istəyən heykəltəraşın azı 5-6 fərdi sərgisi keçirilməlidir.