Dastanlar

"Koroğlunun Ərzurum səfəri" qolu

Ərzurumlu Cəfər paşanın Cünun adlı bir aşığı vardı. Cünun çox məclislər görmüş ustad aşıq idi. O, çoxdan idi ki, Çənlibelə gedib Koroğlunu görmək istəyirdi. Amma Cəfər paşadan qorxurdu.


Cəfər paşanın Koroğlu ilə düşmənçiliyi vardı. Koroğlu bir neçə dəfə onun karvanlarını dağıdıb adamlarını öldürmüşdü. Bir tərəfdən də Koroğlunun Nigar xanımı Çənlibelə aparması Cəfər paşanı qorxuya salmışdı. Onun qorxusundan gecələr gözünə yuxu getmirdi. Axırda oturub xotkara bir məktub yazdı ki, gərək bütün paşalar birlikdə qoşun çəkib onun üstünə getsinlər.


Cəfər paşa məktubu qasidlə xotkara göndərdi ki, özü də hazırlıq görməyə başladı. O arxayın idi ki, xotkar məktubu alan kimi paşalara hökm verəcək, Cəfər paşanı da onların üstünə sərkərdə qoyacaq.


Cəfər paşa bir məclis düzəldib pəhləvanları, qoşun böyüklərini çağırdı. Aşıq Cünun da məclisdə idi. O, paşanın niyyətindən xəbər tutan kimi, qərara gəldi ki, gedib Koroğlu ilə görüşsün. Az getdi, çox getdi axır gəlib Çənlibelə çıxdı.


Dəlilər Koroğluya xəbər verdilər.Koroğlu Aşıq Cünunun qarşılayıb gəlmə səbəbini soruşdu. Aşıq Koroğlunu Cəfər paşanın niyyətindən xəbərdar etdi. On beş gün burada qaldıqdan sonar qayıtmaq istədi. Koroğlu dedi ki, getmək istəyirsən get, amma pa.alara bel bağlama. Əgər bura gəldiyinə görə Cəfər paşa səni incitsə qayıdıb gələrsən.


Aşıq Cünunun Çənlibelə getməyi bütün Ərzuruma yayılmışdı. Cəfər paşa qəzəblənib əmr elədi ki, aşığı tapıb onun hüzuruna gətirsinlər. Şəhəri ələk-vələk elədilər, axırda öyrədnilər ki, aşıq Telli xanımın yanındadır.


Cəfər paşanın Telli xanım adlı gözəl bir bacısı var idi. O, aşıq Cünunun Çənlibeldən gəldiyini eşidən kimi tez yanına çağırtdırıb soruşdu: Ay aşıq Cünun, Çənlibel nə cür yerdi ki, onun atı dəli, igidi dəlidi? Haqqında deyilənlər düzdür ya yox?


Aşıq Cünun Koroğlunu o ki var təriflədi.


Bu vaxt Cəfər paşa otağa girib soruşdu. At aşıq iki həftədir ortada görünmürdün, hara getmişdin?


Aşıq Cünun ehtiramla dilləndi: Paşa sağ olsun, çənlibelə getmişdim. Paşa soruşdu: Danış görək, nə gördün, nə eşitdin? Koroğlunun özünü görə bildin?
-Gördüm, paşa sağ olsun. Çox qoçaq və mərd adamdır.


Cəfər paşa qəzəblənib ayağa durdu:bir neçə gündən sonar o mərd adam dar ağacından asılacaq. Sonra üçünü yanındakılara tutub dedi: bunu salın zindana. Sabah dar ağacından asarıq.


Aşıq Cünunu tutub qollarını bağladılar. Aparıb zindana saldılar. Telli xanım gecə ikən əyninə pəhləvan paltarı geyinib silahlandı, zindana gəldi.Baxdı ki, qapıda iki keşikçi var. Keşikçilərdən biri onu görüb səslədi:
-Adam, kimsən, dayan!


Telli xanım səsini yoğunlayıb dedi:
-Gəl bura, deyim kiməm.


Keşikçi yanına gəlcək Telli xanım onu təpəsindən bir əmud ilişdirib sərdi yerə. O biri keşikçi isə belə görəndə səs-küy salmaq istədi. Telli xanım macal verməyib onun başının üstünü alıb dedi:
-Mən qoş Koroğluyam, aşıq Cünunu özümlə Çənlibelə aparmağa gəlmişəm.


Koroğlunun adını eşidən keşikçi qorxudan dedi:
-Sənə qurban olum, ağa Koroğlu, mənə yazığın gəlsin. Nə buyurursan edim.


Telli xanım dedi-Dur qapını aç, onu yanıma gətir!


Keşikçi dərhal zindanın qapısını açdı, aşıq Cünunu çağırdı. Elə ki Cünun çıxdı, telli xanım keşikçiyə dedi:
-Mən indi aşıq Cünunu Çənlibelə aparıram. Paşaya deyərsən ki, eşidəm biləm, Telli xanıma güldən ağır söz deyib, torpağını torba ilə daşıtdıraram. Sən də səhər açılana kimi hay-küy salsan, özünü ölmüş bil.


Bunu deyib Telli xanım aşıq Cünunu xəlvəti yolla öz mənzilinə apardı. Aşıq Cünun baxdı ki, bu Telli xanım imiş. Onun bu igidliyinə mat-məəttəl qaldı. Telli xanım aşığı Çənlibelə yola saldı.


Səhər açılan kimi keşikçi əhvalatı Cəfər paşaya danışdı. Cəfər paşa qorxusundan bilmədi neynəsin.


Çənlibelə yetişən aşıq başına gələnləri Koroğluya danışdı. Nigar xanım əhvalatı eşidib dedi:-madam ki, belədir, biz Telli xanım kimi bir gözəli Cəfər paşanın cəngində qoya bilmərik. Gərək kimsə gedib onu Çənlibelə gətirsin.


Koroğlu bunu eşidib dəlilərinə sordu.
– Kim Koroğlunun xatirini istəyir, getsin Ərzurumdan Telli xanımı gətirsin. 


Dəmirçioğlu irəliyə gəlib dedi:
-İzn versəydin, mən gedərdim.


Dəmirçioğlu nə qədər ki, Koroğlunun yanında idi, hələ bir dəfə də olsun uzaq səfərə çıxmamışdı. Bərkə-boşa düşməmişdi. 


Dəlilər dedilər: 
– Ay Koroğlu, Dəmirçioğlu dava görməyib, bərkə-boşa düşməyib, xamdı. Onu uzaq səfərə, Telli xanımı gətirməyə göndərirsən? 


Koroğlu başındakı dəlilərə Dəmirçioğlunun hünərli, güclü bir igid olduğunu bildirmək istədi. Koroğlu bir alma götürdü. Almanın üst tərəfinə bir üzük taxdı. Dəmirçioğlunun papağını götürdü, almanı onun başına qoydu. Almanı Dəmirçioğlunun başına elə qoymuşdu ki, orda üzüyün halqası görünürdü. Koroğlu Qıratı yəhərləyib mindi, əlinə yay-ox aldı. Qıratı qızılquş kimi cövlana gətirdi. Yay-oxu çilləyə mindirdi. Bir-birinin dalınca qırx ox atdı. Yaydan çıxan oxların hamısı üzüyün halqasından keçdi. Heç biri xata eləmədi. Yayınmadı. Koroğlu oxları atanda Dəmirçioğlu nə yerindən qımıldanmadı, nə rəngi qaçdı, nə gözləri qırpındı. Canından qorxmayan qoç igit kimi yerində mərdanə durdu. Bir yana tərpənmədi. Koroğlu bundan çox şad olub dedi:
– Oğul, izindir, get yaraqlan.


Dəmirçioğlu Koroğlu ilə, dəlilər ilə salamatlaşıb yola düşdü. Dəmirçioğlu Koroğludan ayrılıb Ərəbatı sürüb Ərzuruma tərəf yol başladı. Hər yerdən keçib gəldi Ərzurumun dağlarına çatdı. 


Bir qoca qarıya rast oldu. Dedi: – Ay qarı nənə, qəribəm, məni bir gecəliyə qəbul eləyərsənmi? Qarı dedi: – Bizlər qonağı çox sevərik, niyə eləmirəm. Dəmirçioğlu düşdü, atı töyləyə çəkdi. Özü də qarının evinə gəldi. Qarı nənə Dəmirçioğluna çörək gətirdi. Yeməkdən sonra qarı dedi: – Oğul, buraya niyə gəlibsən? Dəmirçioğlu dedi: – Ay nənə, Cəfər paşanın qızı Telli xanımı aparmağa gəlmişəm. Söylə onu necə görə billəm? Qarı dedi: – Ay oğul, o qız çox aşıqpərəst qızdı. İmarətinin qabağı da pəhlivan meydanıdı. Sabah bir saz götür, o meydana çıx, çal oxu, onda Telli xanım küləfirəngiyə çıxar, görərsən. Dəmirçioğlu gecə qarının evində yatdı. Sabah açıldı. Atını qarının töyləsində qoydu. Özü aşıq paltarı geydi, altından yaraq bağlayıb çiyninə üstdən bir saz keçirib özünü pəhlivan meydanına saldı. Pəhlivan meydanında Cəfər paşa başının adamları ilə əyləşmişdi. Cəfər paşanın bir Qara pəhlivanı var idi. Paşanın yanında qalırdı. Güclü, heyvərə bir pəhlivan idi. Qara pəhlivan Dəmirçioğlunu güləşən pəhlivan bildi. Elə düşündü ki, başqa torpaqdan onunla güləşməyə gəlib. Ortaya çıxdı. Dəmirçioğlunu meydanına çağırdı. Dəmirçioğlu Qara pəhlivanın meydanına girdi. 


Qara pəhlivan acıqlanıb ona hücum elədi. Dəmirçioğlu Qara pəhlivana aman vermədi. Götürüb yerə vurdu, basıb bir qolunu da qırdı, dedi: – Səni öldürməyirəm, buraxıram get. Cəfər paşaya söylə ki, pəhlivanını yıxdığım üçün mənə bir kisə qızıl göndərsin. Qara pəhlivan yerindən qalxdı. Cəfər paşanın yanına gəldi. Cəfər paşa dedi: – Qara pəhlivan, nə oldu? O sənə nə elədi ki, belə bikefsən? Qara pəhlivan qırılmış qolunu Cəfər paşaya göstərib dedi: – Bax belə elədi, basıb qolumu qırdı. Hələ öldürürdü, əlindən bir təhər qurtardım. Məni yıxdığı üçün üstəlik bir kisə qızıl da istəyir. O vaxtın adətinə görə bir pəhlivan bir pəhlivanı yıxanda oranın böyüyündən xərac alardı. Cəfər paşa mətləbi anladı, başındakı adamların yanında biabır olmamaq üçün üzə vurmadı, dedi: – Aparın ona bir kisə qızıl verin, özünü də mənim yanıma gətirin. Paşanın adamları apardılar Dəmirçioğluna bir kisə qızıl verdilər. Dəmirçioğlu qızılı götürüb Cəfər paşanın yanına gəldi. Cəfər paşa soruşdu:
-De görüm, kimin pəhləvanısan? Səni özümə pəhləvan götürsəm, qalarsanmı?


Dəmirçioğlu dedi:
-Paşa icazə ver, atımı minim, sonra deyərəm.


Bunu deyib qızılquş kimi tullanıb atın belinə qalxdı. Üzünü Cəfər paşaya tutub dedi:
-Paşa, bil və agah ol! Mənim adım Dəmirçioğludur. Koroğlunun dəlilərindənəm. Gəlmişəm Telli xanımı aparam.


Bunu deyib atı hərəkətə gətirdi. Əlini atıb Telli xanımı Ərəbatın tərkinə çəkdi. Bayax ha bağdan çıxdı. 


Cəfər paşa hökm elədi qoşun atlanıb Dəmirçioğlunun dalından düşdü. O tərəfdən Dəmirçioğlu Telli xanım da tərkində Ərəbatı sürüb Ərzurum şəhərindən aralanmışdı. Baxdı gördü dalınca qoşun gəlir, atın başını çəkdi, dayandı, başladı dincəlməyə. Telli xanım nə qədər yalvardı ki, bu yerdə əylənmə, sür atını gedək. İndi qoşun gəlib çatar, məni də səni də öldürürlər. Gördü yox, Dəmirçioğlu getmək istəmir. Dəmirçioğlu  dedi: Telli xanım, mən səni belə dalaşsız-davasız Çənlibelə aparsam Koroğlu deyəcək oğurlayıb gətiribsən, bu – igidlikdən deyil, gərək qayıdam qoşunla dava eləyəm, səni elə aparam. Bu tərəfdən qoşun gəlib yetişdi. Dəmirçioğlu baxdı ki, yolun qırağında bir qalaça var. Telli xanımı gətirib haman qalaçada qoydu, qalaçanın ağzını da bir daş ilə möhkəmlədib özü qılıncı çəkdi qoşuna cumdu. Deyirlər ki, Dəmirçioğlu Cəfər paşanın qoşunu ilə düz üç gün, üç gecə vuruşdu. Çox adam öldürdü. Qoşunu əldən-ayaqdan saldı. Cəfər paşa özü də qoşunun içində idi. Gördü ki, bu yolla onu öldürə bilməyəcəkdi. Əmr elədi kəmənd atanlar gəldilər. Hər tərəfdən kəmənd atıb axır ki, Dəmirçioğlunu tutdular. Telli xanımı da qalaçadan çıxardıb şəhərə gətirdilər. Cəfər paşa eləydi ki, acığından qudurmuş itə dönüb zəncir gəmirirdi. Əmr eləyib Dəmirçioğlunu Pəhlivan meydanında zəncirlətmişdi. Gündə bir cəllad bıçağı enində ayaq tərəfindən soydurub yerinə saman təpdirirdi. 


Dəmirçioğlu burda qalsın, gəlin sizə Çənlibeldə Koroğludan xəbər verim. Koroğlu bir gecə yatmışdı, yuxusunda gördü ki, bir dişi laxlayıb, ağzı qan ilə doldu. Səksənib yuxudan ayıldı. Elə bir dəli nərə çəkdi ki, bütün dəlilər yuxudan qalxdılar. Bildi ki, Dəmirçioğlunun başına nəsə iş gəlib. Koroğlu dəliləri yanına çağırdı, silahlanıb özlərini Ərzuruma yetirdilər. Koroğlu yenə də düşmanı yoxlamaq üçün aşıq paltarını geyinib, dəliləri Ərzurumun dağlarında qoyub özü tək şəhərə girdi. Gəzə-gəzə gəlib çıxdı meydana. Gördü Cəfər paşa başının adamları ilə buradadı. Cəfər paşa onu görcək yanına çağırtdırıb dedi: – Aşıq, Koroğlunun bir dəlisini tutdurub dərisini soydururam. Deyirlər o dəli çox igiddi, bir ondan oxu qulaq asaq. Koroğlu belə baxanda gördü ki, Pəhlivan meydanının bir tərəfində Dəmirçioğlunu zəncirə bağlayıblar. Cəlladlar ayaq tərəfindən soyub dərisinə saman təpirlər. Cəfər paşa onun yanına gedib soruşdu: – Hə dəli, necəsən, inciyirsən? Qorxursanmı? Dəmirçioğlu paşanın cavabında dedi: 
– Qoç Koroğlunun dəlisi heç qəm çəkib qorxarmı? 


Koroğlu Dəmirçioğlunun bu sözünü eşidib aldı görək nə dedi:

Məlul-məlul nə baxırsan,
Dəmirçioğlu, Dəmirçioğlu?!
Canım odlara yaxırsan, 
Dəmirçioğlu, Dəmirçioğlu?! 
Dost dostdan aralı gərək, 
Qovğaya varalı gərək,
İyidlər yaralı gərək,
Dəmirçioğlu, Dəmirçioğlu!.. 


Onun belə oxuması paşanı şübhəyə saldı.Elə bu dəmdə Koroğlu bir nərə çəkdi. Koroğlunun nərəsinə dəlilər dağlardan tökülüb hər yandan qoşunu qırmağa başladılar. Koroğlu Cəfər paşanı yerə vurub sinəsinə çökdü. Misri qılıncı çəkib başını kəsmək istəyəndə Telli xanım özünü atasının üstünə saldı, başından yaylığını açıb Koroğlunun ayağının altına atıb dedi: – Koroğlu, igid basdığın kəsməz. Bu dəfə qardaşımı mənə bağışla. Koroğlu Cəfər paşanın sinəsinin üstündən qalxdı. Dedi: – Get, səni Telli xanıma bağışladım. Ancaq bir də qabaqlaşsaq əlimdən can qurtara bilməyəcəksən.


Cəfər paşanın qoşunu qırılan qırıldı, qırılmayanları qaçıb dağıldı. Koroğlu davadan əl çəkib Telli xanımı, Dəmirçioğlunu götürüb Çənlibelə yola düşdı. 
Bir qədər keçdi, Dəmirçioğlu sappasağ olub ayağa qalxdı. Koroğlu Çənlibeldə gözəl bir məclis düzəltdirib bir yaxşı toy qurdurub, Telli xanımı Dəmirçioğluna verdi.