Mədəni irsimiz

Müdrik insan - Bəhlul Danəndə

Yaxın Şərq xalqlarının folklorunda Bəhlul Danəndə adı tez-tez çəkilir.  Onun ibrətamiz hekayətləri, duzlu-məzəli lətifələri Azərbaycan folklorunda da xüsusi yer tutur.  Bəhlul Danəndə tarixi şəxsiyyətdir. IX əsrdə Bağdadda yaşayan Bəhlul Danəndə böyük hökmüdar və xəlifə Harun-ər-Rəşidin doğma qardaşı idi. 
Bəhlul olduqca gözütox, həmişə sözün düzünü danışan, haqpərəst, məzlumlara dayaq duran  bir adam olduğundan, taxt-tacdan könüllü imtina etmişdir. Qardaşı xəlifə Harun-ər-Rəşid ona necə dəfə vəzifə təklif etsə də, o, hakimiyyətdən uzaq qaçıdı. Bəzən sözün düzünü demək lazım gəldikdə özünü bilərəkdən dəliliyə vurduğuna görə ona bəzən Divanə Bəhlul da deyirdilər. Bəhlul, hətta xəlifə qardaşının da nöqsanlarını deməkdən çəkinmirdi. 
Azərbaycan şifahi xalq ədəbiyyatında Bəhlul Danəndə ilə bağlı çoxlu lətifələr var. Bu lətifələrdən birini sizə təqdim edirik:
 
Dəmir al, kömür al
 
Günlərin birində bir kişi Bəhlulun yanına gəlib soruşur:
-Bəhlul Danəndə, mən nə alım, nə satım ki, varlanım?
Bəhlul deyir:
-Get dəmir al, kömür al, vur anbara, üstünə də su səp.
Kişi Bəhlulun dediyi kimi edir. Üstünə su səpilmiş dəmirlə kömür qaldıqca ağırlaşır. Bir müddət keçir, kişi narahat olmağa başlayır. İstəyir ki, Bəhlulun yanına getsin, bu zaman qapısı döyülür. Məlum olur ki, qonşu padşahla müharibəyə hazırlaşan ölkə padşahına çoxlu dəmir və dəmiri əridib silah düzəltmək üçün kömür lazımdır. Kişinin dəmir və kömürünü padşahın  adamları qızıl qiymətinə ondan alırlar. Kişi birdən-birə gözləmədiyi dərəcədə varlanır. 
Aradan xeyli keçir. Bir gün kişi imarətinin eyvanında oturub qəlyanaltı edən zaman görür ki, Bəhlul küçədən keçir. Tez adamlarına tapşırır ki, onu yanına gətirsinlər. Bəhlul gəlib çatanda soruşur:
-A, Divanə Bəhlul, indi nə alım-satım ki, bir az da varlanım?
Bəhlul deyir:
-Get soğan al, sarımsaq al, üstünə də su səp.
Kişi obaları, kəndləri gəzib nə qədər soğan, sarımsaq var, bütün var-yoxunu verib hamısını alır, doldurur anbarlara, üstünə də su səpdirir. Bir-iki həftə keçməmiş soğanın, sarımsağın hamısı çürüyür. Kişi müflis olur, ağlaya-ağlaya gəlir Bəhlulun yanına və deyir:
-Bəhlul, belə namərdlik olmaz! Sən birinci dəfə mənə ağıllı məsləhət verdin. Mən də varlandım. Bəs, nədən ikinci dəfə mənə ağıllı məsləhət vermədin, müflis oldum?
Bəhlul deyir:
-Sən birinci dəfə yanıma gəlib, mənə Bəhlul Danəndə dedin, mən də sənə danəndə kimi məsləhət verdim! İkinci dəfə məni yanına çağırtdırıb, Divanə Bəhlul dedin, mən də divanə kimi məsləhət verdim.