Qarabağ

Leylatəpə yaşayış yeri: Ağdam rayonu

Leylatəpə yaşayış məskəni Qarabağ düzənliyində ətraflı şəkildə öyrənilmiş eneolit dövrü abidələrindən biridir. Abidə Ağdam rayonunun Eyvazlı kəndindən 300 metr şimal-qərbdə, Xındırıstan-Quzanlı şossesinin sol tərəfində yerləşir. Bu abidənin tikililəri dördbucaqlı formadadır. Onlar çiy kərpicdən tikilərək hər iki tərəfdən suvanıb. Abidədən 12 dulus sobası aşkarlanıb. Bu formada sobalara Qafqazın heç bir analoji dövr abidələrində rast gəlinmir.

Aşkar edilən məmulatlar əsasən təmiz və ya bitki qatışıqlı olub kobud şəkildə istehsal olunmuşdur. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, abidə həm Azərbaycan, həm də Cənubi Qafqazda mövcud olan eneolit yaşayış məskənlərindən mədəni-xronoloji və istehsal ənənələri baxımından fərqlənir.

Burada 1984-1990-cı illərdə arxeoloq İdeal Nərimanov tərəfindən aparılmış arxeoloji qazıntılar nəticəsində eneolit dövrünün son mərhələsinə aid çoxlu sayda maddi-mədəniyyət nümunələri ilə birlikdə 20 ədəd boyanmış qab parçalarına da rast gəlinmişdir. İdeal Nərimanov bütün bunları nəzərə alaraq Leylatəpə sakinlərinin İkiçayarasından (Mesapotamiyadan) gəlmiş Ubeyd tayfaları olduğu fikrini irəli sürmüş və Cənubi Qafqaz arxeologiyası üçün yeni olan tədqiqatlarını Leylatəpə mədəniyyəti kimi təqdim etmişdir.


Leylatəpə mədəniyyəti — Eneolitin son mərhələsinə aid olub, e.ə. IV minilliyin ortalarına qədər davam edib.