Atalar sözləri

Məşhur aforizmlər

Vaxtilə tarixi şəxsiyyətlərin dilindən çıxmış və ya bədii əsərlərdə işlənmiş bir sıra kəlamlar bu gün geniş yayılaraq zərbi-məsələ, aforizmə çevrilmişdir. Məsələn, müəyyən işdə, yarışda asanlıqla uğur qazanan şəxslər bəzən təkəbbürlə “Gəldim, gördüm, qələbə çaldım” deyirlər. Bu ifadəni ilk dəfə Qay Yuli Sezar işlətmişdir. Bir-birinin ardınca başqa əraziləri zəbt edən Roma imperatoru hər dəfə senata öz qələbəsini təsvir edən uzun hesabat məktubları yazırdı. Nəhayət, bu qələbələr o qədər adiləşdi ki, Sezar məktubunda cəmi üç söz yazmağa başladı: “Veni, vidi, vici” (“Gəldim, gördüm, qələbə çaldım”). Hər qələbədən sonra Romaya triumfla daxil olan Sezarın önündə əsgərlər bu sözlərin yazıldığı plakat aparırmışlar.


Qanadlı ifadəyə çevrilmiş elə kəlamlar da var ki, onların ilk dəfə kim tərəfindən deyildiyi tədqiqatçılar arasında mübahisə doğurur.
Maksim Qorkinin 1898-ci ildə yazdığı “Şahin nəğməsi” əsərin dən sonra “Sürünmək üçün doğulanlar uça bilməzlər” aforizmi dillərdə əzbər oldu. İndinin özündə də bu aforizmi işlədəndə böyük rus yazıçısına istinad edir, onun məşhur əsərini nəzərdə tuturlar. Lakin tədqiqatçılar başqa fikirdədirlər. Məsələ burasındadır ki, “Şahin nəğməsi”ndən 119 il əvvəl Rusiya Akademiyasının üzvü, şair və tərcüməçi İvan Xemnitserin “Kişi və inək” təmsili çap edilib. Təmsilin son sətirləri belədir:

 

Belindəki adamın altında sərilərək 
Yıxıldı heç çapmağı bacarmayan bu inək. 
Burda qəribə nə var: bilməliydi o nadan, 
Sürünməkçün doğulan uça bilməz heç zaman.

 

Ola bilsin ki, Maksim Qorki özündən bir əsr əvvəl yaşamış şairin bu təmsilindən xəbərsiz idi. Bəlkə də, əksinə, bilərəkdən Xemnitserin yaradıcılığından bəhrələnmişdi, çünki XIX əsrdə bu müəllif Rusiyada hələ populyarlığını saxlayırdı, əsərləri təkrar-təkrar çap edilirdi. İstənilən halda
etiraf olunmalıdır ki, aforizmi məhz Qorki məşhurlaşdırıb, amma Xemnitserin birincilik haqqı da özünə qaytarılmalıdır.
“Sürünmək üçün doğulanlar uça bilməzlər” ifadəsi o qədər populyardır ki, ondan yeni-yeni aforizmlər yaranır: “Uçmaq üçün doğulanlar sürünə bilməzlər” və ya “Sürünmək üçün doğulmuşlar heç vaxt büdrəməzlər”.

 


Sovet dövründə nəşr olunmuş bir çox kitablarda, eləcə də dərsliklərdə XVIII əsrin böyük rus sərkərdəsi Aleksandr Suvorovdan (1730-1800) sitat gətirilirdi: “General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil”. Lakin Suvorovun, həqiqətən, bu ifadəni işlətdiyinə dair heç bir elmi sübut yoxdur. Onun müasirlərindən heç kim bunu təsdiqləmir. Rus mənbələrində həmin aforizmə ilk dəfə yazıçı Aleksandr Poqosskinin 1855-ci ildə yazdığı “Əsgər qeydləri” kitabında rast gəlinir: “General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil, amma gələcək taleyi barədə çox düşünən əsgər ondan da pisdir”. Cümlənin birinci hissəsi aforizmə çevrilib, davamı isə unudulub. Belə şeylər tez-tez baş verir.


Tədqiqatçılar fransız sərkərdəsi Napoleonun bu ifadəni Poqosskidən də əvvəl işlətdiyini iddia edirlər. Napoleonun ordusu Avropada adi əsgərin marşal rütbəsinə qədər yüksələ biləcəyi yeganə ordu idi. Rusiyada isə həmin illərdə səhvə yol vermiş əsgəri bəzən ölənədək döyürdülər, zabit rütbələri yalnız zadəganlara verilirdi. Bu səbəbdən də həmin qanadlı ifadənin XVIII əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünmür.

 


Rəvayətə görə, 1773-cü ildə rus sərkərdəsi Aleksandr Suvorov baş komandanın əmri olmadan türklərin Turtukay qalasına hücum edibmiş. Hücum uğurla nəticələnib. Lakin Suvorov tabelik qaydalarını pozduğuna görə baş komandan onun cəzalandırılması tələbi ilə hərbi tribunala müraciət edib. İmperatriçə II Yekaterina bundan xəbər tutanda “Qalibləri mühakimə etmirlər” deyərək məhkəmə prosesinin başlanmasına icazə verməyib.


Lakin Suvorovun Turtukay uğrunda döyüşlərdə özbaşına hərəkət etməsi və buna görə məhkəməyə verilməsi haqda rəvayət heç bir tarixi mənbə ilə təsdiq olunmur. Əgər o, baş komandana tabe olmasa idi, bu cəbhədə qələbələrə görə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmazdı.


“Qalibləri mühakimə etmirlər” ifadəsi isə qədim latın aforizminin (“Victoria non arbitrare”) hərfi tərcüməsidir. Onun hansı şəraitdə yarandığı və ilk dəfə kim tərəfindən işlədildiyi barədə dəqiq məlumat yoxdur.


“Qalibləri mühakimə etmirlər” o deməkdir ki, əsas məqsəd, hansı yolla olursa olsun, uğur qazanmaqdır, çünki qalibi heç kim cəzalandıra bilməz. Bu mənada o, başqa bir qanadlı ifadə – “Məqsədə çatmaq üçün istənilən üsul yaxşıdır” ilə həmahəng səslənir. Bu ifadənin isə ilk dəfə XVI əsrdə yaşamış italyan dövlət xadimi Nikkolo Makiavelli tərəfindən deyildiyi iddia olunur. Doğrudan da, Makiavellinin “Hökmdar” əsərində belə bir ifadəyə rast gəlirik: “Məqsəd üsula haqq qazandırır”. Bu aforizmin izi ilə gedən tədqiqatçılar isə eramızın ilk illərinə qədər çatıblar. Bəlli olub ki, bu qanadlı ifadəni ilk dəfə o dövrdə yaşamış Roma şairi Ovidi işlədib: “Nəticə əmələ haqq qazandırır”.