Əliağa Kürçaylı. Qaranquş
Görürəm, yaz yağışı
Yağır hiddətlə yenə.
İldırımlar şaxıyır
Göydə dəhşətlə yenə.
Söykənib pəncərəyə
Baxıram hər yana mən.
Yenə yollar kəsilib,
Nə gələn var, nə gedən.
Göydə karvan çəkərək
Sıx buludlar dolanır.
Hərə bir yer taparaq
Sığınıb daldalanır.
Belə neysanda fəqət
Bir qaranquş görürəm.
Yağış altında onu
Qanad açmış görürəm.
Bədənindən su damır,
İslanıbdır o, tamam,
Düzü, heyran kəsilir
Ona baxdıqca adam.
Nə əsən güclü külək,
Nə yağan güclü yağış
O zərif quşcuğazı
Bircə an saxlamamış.
Elə bil lap bu saat
Gəlsə qış, yağsa da qar,
O dayanmaz yenə də,
Daha sürətlə uçar.
Alaraq dimdiyinə
Quşcuğaz yem aparır.
Bax bununçün havanı
İldırımtək o yarır.
İndi, yəqin, yolunu
Gözləyir ağ balalar.
Dözməyir qəlbi onun,
Körpələr ac qalalar.
Baxıram, yaz yağışı
Yağır hiddətlə yenə.
O qaranquşsa uçur
Göydə sürətlə yenə...