Nağıllar, hekayələr

Mirzə Fətəli Axundov. “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) II məclis

İKİNCİ MƏCLİS 

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur. 

Hacı Qara: Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurquşun imiş! Üç aydır Qaladan almışam, gətirib beş top satmamışam heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də bunları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görünübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm ki, heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (əlin dizinə çırpır.) Zalım oğlu zalım, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox ravac maldır. Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün, indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. 

Bu halda Xudaverdi müəzzin yetişib qəflətən 

Xudaverdi: Səlaməleyk! Hacı, atanızın ismi-şərifi nədir? 
Hacı Qara: Əleykəssəlam! Naşurun topu neçiyədir? 
Xudaverdi: Xeyir, mən soruşuram ki, mərhum atanızın adı nədir? 
Hacı Qara: Nəyinə lazımdır, əzizim? 
Xudaverdi: Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına tapşıram. 
Hacı Qara: Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardan sizin xəyali-şərifinizə düşdü? 
Xudaverdi: Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün bir cümə surəsi mənim atama oxusun, gəlsin bir abbası verim? 
Hacı Qara: Mən? Necə, nə danışırsan, dəli olubsan? 
Xudaverdi: Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam. 
Hacı Qara: Kişi, özbaşına sənə nə lazım olmuşdu mənim atama Quran oxuyursan? 
Xudaverdi: Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam. 
Hacı Qara: Mən heç vaxt belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama Quran oxuram. Pul ilə mən ömrümdə Quran oxutduğum yoxdur! 
Xudaverdi: Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş olsan da, bir abbası şəfəqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi. 
Hacı Qara: Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola; get, axtar, tap, abbasını al. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir. 
Xudaverdi gedir.Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər. 
Əsgər bəy: Səlam-əleyk, Hacı! 
Hacı Qara: (başın yuxarı götürüb) Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın! Buyurun içəri, əyləşin! (Bəylər dükana girib otururlar.) Xoş gəldiniz, ağrınızı alım, səfa gətirdiniz! Bu dükan sizə peşkəşdir! Çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz? 
Əsgər bəy: Qəlyan çəkirik. Hacı Qara: Bu saatda, qadanız mənə gəlsin! (Tez qəlyanı doldurur.) 
Əsgər bəy: Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdırmı? 
Hacı Qara: Allah bərəkət versin! Ağrın alım, mal ki, yaxşı oldu, bazar heç vaxt kasad olmaz. Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. (Qəlyanı verib əlin uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına.) Hacı qadanızı alsın, hər nə qədər istəyirsiniz, seçin. Getdiyim kəbəyi-beytüllah haqqı, Qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, bunların birin də dükanda görməzsiniz. Alın, aparın! 
Əsgər bəy: Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma! 
Hacı Qara: (Təəccüb və məlal ilə) Necə nəyinizə gərəkdir? Bəs sövda eləməyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi? 
Əsgər bəy: Xeyir, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var. 
Hacı Qara: Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövda edərəm. Bəşərti ki, xalis inək yağı ola. 
Heydər bəy: A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı var və nə qoyun yağı. Qulaq as, görək Əsgər bəy nə deyir. 
Hacı Qara: (qaşqabaq ilə) Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz! 
Əsgər bəy: Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı, biz səni deyib gəlmişik! 
Hacı Qara: Vallah, indi macalım yoxdur. Sonra danışarıq. Hələ zəhmət çəkin, gedin! 
Heydər bəy: A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan! 
Hacı Qara: A başına dönüm, mən ki qovmuram. Təvəqqə edirəm. Axı kasıb adamam, siz mənim zərərimə razı gərək olmayasınız! İndiyədək siz gəlməsəydiniz, beş-on top çit, qədək satmışdım. 
Heydər bəy: Əsgər bəy əcəb adam yanına gətirdi bizi! Durun gedək, bundan fayda yoxdur! 
Əsgər bəy: Heydər bəy, sən allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver çəkək, bu saatda gedərik. 
Hacı Qara: Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. Elə axırı idi ki, silkələdim, doldurdum. Xoş gəldiniz! 
Əsgər bəy: Hacı, doğru deyirmişlər ki, bir adamdan allah alsa, bəndə vermək ilə dövlət olmaz. Mən ki, bilirəm sən Ağcabədidə üç aydır, üç top çit, qədək satmıyıbsan, dərya zərərin vardır. Biz gəlmişik ki, on beş günün içində sənə yüz manat xeyir yetirək; çifayda bəxtin işləmədi, xudahafiz! Ayağa durub çevrilirlər getməyə. 
Hacı Qara: Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz manat? 
Əsgər bəy: Dəxi nə deyək? Sən ki, qulaq asmadın, bizi aşkara qovdun. 
Hacı Qara: A kişi, nə vaxt mən sizi qovdum? Oturun, oturun aşağı, allahı sevirsiniz, cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcəksiniz, yoxsa yüz tümən zərərə düşsəydim də, sizə heç deməzdim. Məndən bir kimsənə güldən ağır söz eşitdiyi yoxdur! 
Əsgər bəy: İndi ki belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir. Hamısı təzədən otururlar. 
Hacı Qara: Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan yetişəcək? Bu xeyiri yetirən kimdir? 
Əsgər bəy: Bu xeyri yetirən Heydər bəydir. (İşarə edir Heydər bəyə.) 
Hacı Qara: Hardan yetirəcək? Vay sənin qadan alım, Heydər bəy! Qəlyan doldurummu? Ağrın mənə gəlsin! 
Heydər bəy: Tənbəki yoxdur, nədən dolduracaqsan? 
Hacı Qara: Torbada var. Sən təki qəlyan çək! (Tez əlin uzadıb torbadan tənbəki çıxarıb, qəlyanı doldurub Heydər bəyə təvazö edir, üzün çevirir Əsgər bəyə.) Di söylə görüm, necə yetirəcək? 
Əsgər bəy: Hacı bu qədər mal ki, bura tökübsən, heç bir qazanc bundan varmı? 
Hacı Qara: Nə bilim, varmı, yoxmu, sözünü de! Əsgər bəy: Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi? 
Hacı Qara: Bəli, deyirlər ki, qoçaq adamdır! 
Əsgər bəy: Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxusundan qanad salar! 
Hacı Qara: Bu zəmanədə çox qoçaqlıqdan isə, ağrın alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır. 
Əsgər bəy: Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi firəng malı görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit burda altı şahıya satılır. Girvənkəsi bir manata alınan çay burda manat yarıma göydə gedir, heç bilirsənmi bunun səbəbi nədir? 
Hacı Qara: Xeyir, bilmirəm! 
Əsgər bəy: Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrükxana qaravullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir. 
Hacı Qara: Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? 
Əsgər bəy: Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər bəy ki, bizim yanımızda ola, qaravul bizə nə eyliyə bilər! 
Hacı Qara: Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar olmasa, vallah, ayda iki yol Təbrizə gedib qayıdaram! Qaravul, yasavul mənə nə eliyəcək? Mən allahın lütfü ilə yalqız oların iyirmisinin öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrım yarılır. Oların qılınctüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. Doğrusu, kazaklardan çox xəta var! 
Əsgər bəy: Eh, biz əlli yolun bilirik, kazakları alladıb elə yerdən keçərik ki, izimizi-tozumuzu görməzlər. 
Hacı Qara: Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? 
Əsgər bəy: Qərəzimiz odur ki, milçək gözünə qona-qona sən burda nə qazanacaqsan? Dur, çoxlu pul götür, bizə də ver, özün də saxla, gedək. Bizim alış-verişdən başımız çıxmaz. Təbrizdə sən bizə də, özünə də xirid ələ. Biz də səni sağ-salamat malın ilə gətirək bura çıxardaq. On beş günə yüz qızıla əlli qızıl qazanc olur. Bizə verdiyin pulun qazancın bizə ver, öz pulunun qazancın özün götür. 
Hacı Qara: Yaxşı, sizə verdiyim pulun faydası necə olsun? 
Əsgər bəy: Axı, faydasının əvəzinə biz də sənə yaxşılıq edirik; səni quldurdan ötürürük, qazanc yetiririk, dəxi artıq nə istəyirsən? On beş günə bizdən puluna fadla istəmək sənə ayıb deyilmi? Bizsiz ki, sən nə gedə bilərsən, nə mal gətirə bilərsən! 
Hacı Qara: Niyə gedə bilmirəm? İstəsəm bu gün gedərəm. Heç kəs də məndən bir çöp ala bilməz! Mən özüm neçə yol quldura rast gəlmişəm, dava eləmişəm. 
Əsgər bəy: A canım, yüz əjdaha olasan, bu yola yalqız gedib gələ bilməzsən! Biz ki, sənin rəşidliyini danmırıq. 
Hacı Qara: Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm. Əgər pulumun faydasın çıxarsanız, sözünüzə qulaq asaram. 
Əsgər bəy: Adama yüz qızıl versən, on beş günə nə qədər fayda istəyəçəksən? 
Hacı Qara: Beş qızıl yüz qızıla fayda götürrəm. Artıq hər nə qazansanız sizin olsun. 
Əsgər bəy: (Heydər bəyə, Səfər bəyə üzün çevirib) Yoldaşlar, nə deyirsiniz, razısınızmı? 
Heydər bəy və Səfər bəy: Dəxi nə eyliyək, razıyıq! 

Əsgər bəy: Hacı, di pul hazır elə! 
Hacı Qara: Ha vaxt gedirsiniz? 
Əsgər bəy: Bu axşam gərək yola düşək! 
Hacı Qara: Çox yaxşı, pul hazırdır. Gedin, geyinin, axşam çağı gəlin bizim evə. Mən də atımı, əsbabımı tədarük edim, yola düşək. Bəylər: (ayağa durub) Xudahafiz, Hacı! (Gedirlər.) 
Hacı Qara: (dallarınca)Xoş gəldiniz, axşam vaxtı qayıdın! 
Bəylər: Xatircəm ol. (Uzaqlaşırlar.) 
Hacı Qara: A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə oturmaqdan! Qiyamətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, sövdagərlik eliyirsən, qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküm! Bu qızılbaş, rus malı bəs niyə satılmır? Xeyir, bir elə iş olmasa, mən bu zərəri ölüncə ödəyə bilməyəcəyəm! Durum gedim evə, tədarükümü görüm. Bir belə xeyir az ələ düşər, yoxsa qüssədən dər-dəcər ollam. (Dükanı yığışdırıb bağlayıb gedir.) 
Bu vaxt məclisin vəzi dəyişilib Hacı Qaranın evi nəzərə gəlir. Hacı Qara, əlində açar, sandığın ağzın açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur, sonra gedir tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı Tükəz yetişir. 
Tükəz: A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən? 
Hacı Qara: Səfərim var, yola çıxacağam! 
Tükəz: De görüm, hara gedəcəksən? 
Hacı Qara: Sənə deməli deyil! 
Tükəz: Necə, deməli deyil? Quldurluğa ki getmirsən, məndən gizlirsən. 
Hacı Qara: Elə bir elə zaddır! 
Tükəz: Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına malını sat! (Yaraqları yığışdırır.) 
Hacı Qara: Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın çarəsin görüm? 
Tükəz: A kişi, başına nə gəlibdir, çarəsin görəsən? Nə danışırsan? 
Hacı Qara: Dəxi nə gələcəkdir. Evim yıxılıb-gedib. Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir! 
Tükəz: Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən? 
Hacı Qara: Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd, nəsihət vermə! Yaraqları yerə qoy! (Əlin uzadıb tüfəng, tapançanı dartıb alır.) 
Tükəz: Yəni, sən bu yaraqları qurşanıb onlar ilə adam qorxudacaqsan? Bu tüfəng, tapançanın iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına! (İki əlli başına qarıyır.) 
Hacı Qara: Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil buradan! 
Tükəz: Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən? 
Hacı Qara: Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istəyirsən məndən? 
Tükəz: Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram edəm. Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub gözəl cavanları qara torpaq altına yollayır! 
Hacı Qara: Yer üzündə qalan murdarların biri sən özünsən ki, tövqi-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram? 
Tükəz: Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər. 
Hacı Qara: Arvad-uşaq zəhirmar yesin! 
Tükəz: Sənin evində zəhirmar da tapılmaz; olsaydı, onu da qıyıb bizə verməzdin! (Bu halda bəylər çığırır.) 
Bəylər: Hacı! Hacı! 
Hacı Qara: Arvad, çəkil get, adamlar gəlir! (Tükəz tez uzaqlaşıb qapının dalısından qulaq asır.) 
Bəylər: (geyinmiş içəri girirlər) – Səlam-əleyk, Hacı! 
Hacı Qara: Əleyküməssəlam. Hacı qadanızı alsın, buyurun əyləşin! 
Əsgər bəy: Hacı, hazırsanmı? 
Hacı Qara: Bəli, başına dönüm, hazıram. Pulları da budur, ayırmışam; amma Hacı ağrını alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşırram, gətirərsiniz! 
Əsgər bəy: Elə niyə, Hacı? Burda tapşıranda nə olar? 
Hacı Qara: O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur. 

Əsgər bəy: Eybi yoxdur, olsun. Di dur gedək! 
Hacı Qara: Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarımı, nökərimi gətirməyə. 
Əsgər bəy: Neçə at götürürsən, Hacı! 
Hacı Qara: Üç at, ağrın alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yuklərik, nökər başın çəkər. Siz neçə at göturürsünüz? 
Əsgər bəy: Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab sənindir, Hacı? 
Hacı Qara: Bəli! 
Əsgər bəy: Çox yaxşı. Di bəs geyin! 
Heydər bəy: Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq. 
Səfər bəy: Vallah, mənim Hacıya bu gümanım yox idi. 
Hacı Qara: Adam iş vaxtında tanınar, qadan alım! Siz məni elə arşın ölçən bilib saya salmırsınız. Amma, inşallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir para qaçaqçılara ki, hər yoldan yetənlərə mallarını verib boş qayıdırlar. 
Səfər bəy: Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaravul libasında ki, adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən. Deyirsən ki, fəqir yoldan ötəndir. Elə ki, qapaqap yavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç macal olmur; soyurlar, hər nəyin var alırlar. 
Hacı Qara: Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adamın başına gəlir. Heç kəsi gərək adam özünə yavuq qoymasın. İstər hər libasda olsa da. Bircə mənə rast gələlər, görələr onların başına nə gətirrəm! Hamısına tövbələtmə verrəm ki, dəxi heç qaçaqçının qabağın kəsməsinlər! 
Səfər bəy: Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya! Bu halda Kərəməli—Hacının nökəri və oğlu Bədəl içəri girirlər. 
Kərəməli: Ağa, atlar hazırdır, hara gedəcəksən? 
Hacı Qara: Təbrizə! Kərəməli: Təbrizə məni də istəyirsən aparasan? 
Hacı Qara: Bəli! Kərəməli: Nədən ötrü gedirsən, ağa? 
Hacı Qara: Sənin nə vecinə? 
Kərəməli: Necə vecimə deyil? Axı deyirsən, səni də aparıram. Bəs bilməyim ki, mən nəyə gərəyəm? 
Hacı Qara: Gedirəm xiridə. Mal alıb ata yükləyəcəyəm, sən çəkə-çəkə gətirəcəksən. 
Kərəməli: Ay ağa, havaxt başburt aldın ki, Təbrizə gedirsən? 
Hacı Qara: Başburt lazım deyil. 
Kərəməli: Elə olsa, mən getmənəm. Mən bir yol buradan Səlyana bilitsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı yaddan çıxmayıbdır. 
Əsgər bəy: Qorxma, murov heç vaxt bizim getdiyimizi bilməz! 
Kərəməli: Doğrusu, mənim vədəm yaxınlaşıbdır, çıxıb özgəyə nökər duracağam. Hacı çox az muzd verir; bir də, qarnım doymur. Mən gedən də deyiləm. 
Əsgər bəy: Sən bu səfər get. Yolda qarnın tutduqca biz sənə çörək verərik. Hər birimiz də bir top çit bağışlarıq. 
Kərəməli: Hacı da bağışlarmı? 
Hacı Qara: Yükü sağ-salamat gətirib çıxarsan mən də çalışaram sənin xeyrin üçün sənə verilən çitləri çox baha sataram. 
Kərəməli: Olsun! 
Hacı Qara: (hamısı çölə çıxırlar, sonra) Buyurun, gedək! 
Tükəz: (məclisə gəlir, yalqız) Bay, evinizi allah yıxsın! Kişiciyi tovluyub qaçaq mala apardılar. Başına bir iş gəlsə uşaqcıqlarım yetim qalaçaq! Vay-vay! (Dizinə çırpır gedir.) 
Pərdə salınır.