Nağıllar, hekayələr

Tülkü ilə qurd

Qış düşmüşdü. Hər yeri qar örtmüşdü. Qurd payızdan hər tədarükü görüb, azuqəni evinə toplamışdı. Amma tülkü tədarük-zad görməmişdi.
Acından qarnı curuldayırdı. Tülkü qurdun mağarasının qapısına getdi, qapıdan baxdı, gördü qurdun kefi kökdü, ocağın qırağında oturub dəm alır. Tülkü qurda dedi:
— Ay qurd lələ, soyuqdan ölürəm, məni evinə burax, isinim.
Qurd dedi:
— Səninlə mənimki tutmaz. Acığım tutar, səni yeyərəm.
Tülkü yalvar-yapış elədi. Qurdun ona rəhmi gəldi, evinə buraxdı. Tülkü ocağın qırağında oturdu. Bir az söhbət elədilər. Qurd yıxılıb yatdı. Tülkü bərk acmışdı. Yerdən durub evi axtarmağa başladı. Gördü evdə bir küpə yağ, bir boşqab da halva var. İstədi yesin. Öz-özünə dedi: «Birdən qurd ayıq olar, məni tikə-tikə elər». Tülkü gedib qapını taqqıldatdı. Qurd yuxudan oyanıb dedi:
— Qapını taqqıldadan kimdi?
Tülkü ona cavab verdi:
— Qonşun çolaq dovşandı, səni qonaq çağırır.
Qurd dedi:
— Mənim bərk yuxum gəlir, getmirəm.
Qurd başını yerə qoyub yatdı. Tülkü baxdı, gördü qurd lap bərk yatıb. Gedib yağnan halvanı yedi, gəlib yatdı. Qurd tezdən yerindən durdu, istədi halvanı gətirib yesin. Gördü halva yoxdu, yağı yemək istədi, gördü o da yoxdu. Tülkünün üstünə qışqırıb dedi:
— Yağı, halvanı sən yemisən? Səni tikə-tikə eləyəcəyəm.
Tülkü and-aman eləyib dedi:
— Mən yeməmişəm.
Qurd onun sözünə inanmadı. Tülkü ona dedi:
— Ocağın qırağında yataq. Hansımız yağı, halvanı yeyibsə, oda tərəf olan yerinin yağı əriyəcək.
Qurd razı oldu. Hər ikisi böyrü oda tərəf uzandı. Tülkü gözlədi, qurd yuxuya getdi. Tez ayağa qalxdı, küpədə qalan yağı gətirdi, qurdun böyrünə sürtdü, yıxılıb yatdı.
Bir şər yatandan sonra yuxudan ayıldılar. Böyürlərinə baxdılar, gördülər qurdun böyrü yağlıdı.
Tülkü dedi:
— Yağı, halvanı özün yemisən, mənim üstümə atırsan.
Qurd bir söz demədi. Çox hirsləndi. Hirsindən evdən çıxıb getdi. Ev tülküyə qaldı. Tülkü isti evdə keflə qışı keçirtdi.