Şeirlər

Etibar Vəliyev. Nəvəmi Şuşada gəzdirərsiniz

Nəvəmi götürüb bağa gedirəm.
Ona göstərirəm, deyirəm ki, bax,
Bu nar ağacıdı,
Bu da ki nardı.
Bu alma, bu armud,
Bu da xurmadı.
Nəvəmin kitabı əlimdə qalıb,
Kitabda şəkillər rənglidi, aldı,
Canlı da cansızdı, heykəldi, laldı.
Neynirəm daş kimi
Heykəl quşları.
Cücə bağımızda,
Qaz bağımızda.
Qapını açanda
Qonşuya hürən
Pişiklə dost olan it qapımızda.
Sonra da nəvəmlə şəhərə çıxıb,
Gəzirik Bakının küçələrini.
Deyirəm, Bakıdan Şuşaya qədər
Vətəndi, Vətəndi, Vətəndi canım.
Gəzdik bu şəhəri, gedək dincələk,
Sabah da Şuşaya gedərik, canım.
Nəvəm Balacadı, təzə dil açır.

Bir gün “Şuşa” deyər,
“Qarabağ” deyər.
Deyər ki, ay baba,
Gedək Şuşaya.
Yox deyə bilmərəm,
Ar gələr mənə.
“Can” desə, canımı verərəm ona.
Siz Allah, yaşıma baxmayın daha,
Mənim də adımı orduya yazın.
Qələmi qılınca çevirəcəyəm,
Sözü silah edib od püskürərəm.
Cəbhəyə gedərəm,
Sabah gedərəm!
Alaram kəndləri, şəhərləri mən.
Amma bir arzum var,
Bir diləyim var:
Mən gedib Şuşada Şəhid olsam,
Siz
Nəvəmi Şuşada gəzdirərsiniz.