Bu maraqlıdır!

Yoluxucu xәstәliklәrdәn qorunaq

Yoluxucu xəstəliklər təhlükəli olub bir adamdan digərinə keçir. Bu xəstəliklərin çoxunu mikroorqanizmlər törədir. Törədicilər insan orqanizminə daxil olaraq orada xəstəliyə səbəb olur.


Yoluxucu xəstəliklər insanı elə ağır vəziyyətə gətirib çıxara bilər ki, bu da sonda ölümlə nəticələnə bilər. Bu xəstəlikləri törədənlər orqanizmə hava-damcı, su və qida vasitəsilə, xəstə insanların əşyalarından istifadə etməklə, qanla, həşəratlar dişlədikdə və yaxud sancdıqda daxil ola bilir.


Yoluxucu xəstəliklərin bir qismini viruslar törədir. Dünya səhiyyəsi virus xəstəliklərinə qarşı nə qədər mübarizə aparsa da, onlar azalmaq əvəzinə artır. Xəstəliklər haqqında azməlumatlı və diqqətsiz olduğumuz zaman onlar insan həyatını sona yetirəcək faciəyə çevrilə bilir. Mütəxəssislər hesab edirlər ki, virusların yoluxma yolları müxtəlifdir. Məsələn, qrip virusları hava-damcı yolu ilə yoluxur. Belə xəstələrin əşyalarından istifadə etdikdə, xəstə ilə eyni otaqda olduqda insan qrip xəstəliyinə yoluxur.

 


Qripә yoluxmusunuzsa,


• Bir neçə gün yataq rejimində qalmağa çalışın;


• Məktəbə getməyə çalışmayın, çünki ətrafdakıları yoluxdura bilərsiniz;


• Ətrafdakıları yoluxdurmamaq üçün ağzınızı örtülü saxlamağa çalışın;


• Asqırdıqda mütləq ağız və burnunuzu örtməyə çalışın.

 


Bir çox virus xəstəliklərinin ən geniş yayıldığı məkanlar isə stomatoloji kabinetlər, gözəllik salonları, üzmə hovuzları və sairədir. Ona görə də insan bədəni ilə təmasda olan hər bir alət mütləq sterilizə olunmalıdır. Bunun üçün stomatoloji kabinetlərdə, gözəllik salonlarında avtoklavın (alətləri sterilləşdirmək üçün cihaz) olması vacibdir. Siz də diş həkiminə, gözəllik salonlarına gedərkən bu barədə sual verməkdən çəkinməyin. Çünki QİÇS və hepatit xəstəliklərinin, eyni zamanda göbələk xəstəliklərinin yayılmasında gözəllik salonlarının rolu çox böyükdür. Bu işdə tədbirli olmaq təkcə bu müəssisələrdə çalışanların yox, eyni zamanda bizim də məsuliyyətimizdir.


Qurd xəstəlikləri də yoluxucu xəstəliklərə aiddir. Qurd xəstəliklərinə (helmintozlar) 3-12 yaşlarında uşaqlar daha çox yoluxurlar. Hətta orqanizmdə, eyni zamanda, bir neçə növ qurd parazitlik edə bilər. Bu isə immunitetin zəifləməsinə, allergiyalara, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur, orqan və toxumaları zədələyir, fiziki və əqli inkişafı ləngidir. Qurd xəstəliklərini askarid, exinokokk, öküz soliteri və s. törədir ki, onlar da insanlara ən çox qidalanma yolu ilə yoluxurlar.


Birhüceyrәli heyvanların törətdiyi xəstəliklər də insanların arasında geniş yayılır. Dizenteriya amöbü, malyariya paraziti, lyambliya və s. törətdiyi xəstəliklərdən qorunmağa çalışmalıyıq.


Malyariya paraziti, tripanosom və leyşmaniyalara cücülər sancdıqda, dizenteriya amöbü və lyambliyalara isə həzm yolu ilə yoluxmaq olar.


Bakteriyaların törətdiyi xəstəliklərdən vərəm ən çox yayılmış xəstəlikdir. O, damcı və toz infeksiyalıdır. Bu xəstəliyə qarşı aparılan mübarizə tədbirlərindən biri tozla mübarizədir. Siz də evdə və məktəbdə toz qaldırmamağa, belə xəstələrlə təmasda olarkən qoruyucu vasitələrdən istifadə etməyə çalışın. Xəstələrin əşyalarından qətiyyən istifadə etməyin.


Yoluxucu xəstəliklərə yoluxma eyni zamanda yaxşı yuyulmamış meyvə və tərəvəzdən, çirkli sudan, natəmiz qablardan istifadə etdikdə, çirkli əllərlə ağıza təmas etdikdə, əllə yemək, dırnaqları dişləyib-udmaq kimi pis vərdişlər və s. yollarla baş verir. Buna görə də yaşadığınız evin təmizliyinə ciddi nəzarət etməli, kiçik bacı və qardaşlarınıza isə gigiyena qaydalarına əməl etməyi öyrətməlisiniz. Gigiyena qaydalarına riayət edib, xəstələndikdə həkimə vaxtında müraciət etsəniz, yoluxucu xəstəliklərdən qoruna bilərsiniz. İnsan öz sağlamlığının qoruyucusudur və bu sağlamlıq uğrunda mübarizə aparmalıdır.