Nağıllar, hekayələr

Tənha qu quşu

Biri vardı, biri yoxdu, üç qaz var idi. Onlar çox mehriban dost idilər. Heç vaxt bir-birini incitməzdilər. Həmişə bir yerdə olardılar.

 

Bu qazlar böyük bir gölün qırağındakı qamışlıqda yaşayırdılar. Günlərinin çox hissəsini ya üzməklə, ya da uçmaqla keçirirdilər.

 

Bir gün onlar göldə üzən bir qu quşu ilə rastlaşdılar. Quşun gözəlliyinə valeh oldular. Onun bəyaz tükləri dostları heyran elədi. Onlar bu gözəl quşla tanış olmaq üçün ona yaxınlaşdılar.

– Necə də gözəldir! – deyə dostlardan biri heyranlıqla ucadan dilləndi.

 

Qu quşu özünü eşitməzliyə vurdu. Sonra saymazyana oradan uzaqlaşdı. Onun bu hərəkəti dostların qəlbinə toxunsa da, heç nə demədilər.

 

Aradan xeyli vaxt keçdi. Tənha qu quşunun davranışında heç nə dəyişmədi. O, yenə göldə tək-tənha üzür, heç kimlə bir kəlmə də olsa danışmırdı. Dostlar onu öz dəstələrinə qoşmaq üçün daha bir cəhd göstərdilər. Onlar qu quşuna yaxınlaşıb soruşdular:

 

– Bu gün gəzintiyə çıxacağıq. Bizimlə getmək istəyirsən?

 

– Yox, istəmirəm! Sizin kobud səsiniz var. Lələkləriniz də çirklidir.

 

Gözəl bir quşun belə acıdil olması qəribə idi.

 

Qış gəlmişdi. Gölün suyu çox soyuq idi. Donmamaq üçün tez-tez hərəkət etmək lazım idi. Buna görə dostlar çox vaxt səmada olurdular. Bu axşam da uzun uçuşdan sonra gölə qayıtdılar. Axşam düşəndə birbirinə sığınıb yatdılar. Səhər açılanda dəhşətli bir mənzərə ilə qarşılaşdılar.

 

Tənha qu quşu soyuqdan heykəl kimi hərəkətsiz qalmışdı. Gözlərini açabilmirdi. Dostlar tez ona kömək etdilər. Qu quşunu aralarına alaraq qaçmağa başladılar. Qaçdıqca dostların nəfəsi onu isidirdi.

 

Tənha qu quşu gözlərini açdı, sonra qanadlarını hərəkət etdirdi. O, təəccüblə:

 

– Nə oldu mənə? – dedi.

 

– Deyəsən, günlərcə hərəkət eləməmisən. Səni tapmasaydıq, dona bilərdin. Əgər sənin də dostun olsaydı, bu vəziyyətə düşməzdin.

 

Tənha qu quşu bu sözləri eşidib utandı. Dostlardan təkəbbürlü hərəkətlərinə görə üzr istədi. Bu hadisə ona yaxşı dərs oldu. Ona görə də qazlarla dost olmağı qərara aldı. O gündən qu quşu qazlarla birlikdə mehriban yaşamağa başladı.