Bu maraqlıdır!

Kanada bir çox xalqların ölkəsidir

“Kanada” sözü Müqəddəs Lavrenti çayının sahilində yaşamış irokes hindilərinin dilindən tərcümədə “kənd” deməkdir. Ölkəyə ad vermiş bu tayfa başqa hindi tayfaları ilə müharibələr nəticəsində artıq çoxdan yer üzündən silinib. Kanada isə kənd sərhədlərini aşaraq, öz sahəsinə görə Rusiyadan sonra dünyanın ikinci böyük ölkəsinə çevrilib. 
 
 
Köhnə və yeni kanadalılar
 
 
Kanada Şimali Amerikada yerləşir və qitənin çox böyük ərazisini tutur. Hindilərin əcdadları olan ilk sakinlər Kanada ərazisində təqribən 22 min il əvvəl məskunlaşıblar. Təxminən 6 min il əvvəl isə ölkənin Arktika hissəsində eskimoslar (inuitlər) məskən salıblar. Min il əvvəl ilk avropalılar – Norveç vikinqləri Nyufaundlend adasının sahilinə çıxıblar. Beş yüz il sonra portuqalların, fransızların və ingilislərin gəmiləri Şimali Amerika sahillərinə yan alıb. 1600-cü ildə fransızlar Kanadada ilk koloniyaların əsasını qoyublar və yerli sakinlərlə ünsiyyət qurublar.
 

Amma avropalılarla birlikdə materikə yeni xəstəliklər yol açıb və bunun nəticəsində yerli əhalinin böyük bir hissəsi tələf olub. Hazırda Kanadada bir milyondan bir qədər çox yerli əhali – hindilər, eskimoslar və metislər yaşayır. Kanadalıların böyük hissəsi başqa ölkələrin sakinlərinin nəsilləridir. Kanada 40-dan çox xalqın nümayəndələrinin vətəninə çevrilib. Kanadalıların beşdəbir hissəsi özünü ingilis, bundan bir qədər az hissəsi fransız, şotland və irland adlandırır, habelə almanlar, italyanlar, çinlilər, ukraynalılar yaşayır.

 
Amma fransız və ingilis əsilli kanadalılar İngiltərə və Fransa sakinlərindən çox fərqlənirlər. Kanada dünyanın ən varlı ölkələrindən biridir. Həmişə olduğu kimi, indi də bir çox ölkələrin sakinləri Kanadaya köçməyə çalışırlar.  
 
 
Ucsuz-bucaqsız Kanada
 
Dediyimiz kimi, Kanada çox böyük ərazidə yerləşən ölkədir. Əgər bu ölkə sakinləri arasında bölüşdürülsə, hər bir kanadalının payına çöl, meşə və dağları olan böyük bir ərazi düşər və o da bu ərazini perimetr boyu 3 saata qət edə bilər. Hər bir ailə üçün bir çay, yaxud böyük bulaq ayırmaq olar, hər 7 kanadalıdan birinin payına bir göl düşər. 
 
Şübhəsiz ki, kanadalılar ölkə ərazisində bir bərabərdə məskunlaşmayıblar. Axı Kanada ərazisinin 75 faizi şimal zonasında yerləşir. Kanadanın təbii şəraiti Rusiyanınkına çox oxşayır. Hətta bir dəfə Yukonda temperatur mənfi 60 dərəcəyə düşüb. Arktika səhralar zonasını və tundranı cənubda tayqa əvəzləyir. Cənubda sıxyarpaqlı meşələr və preriyalar yerləşir. Kanadalıların böyük hissəsi cənubda, ABŞ-la sərhəd boyunca yaşayır. Kanadalılar ölkənin sərvətindən tam miqyasda istifadə edirlər. Burada neft hasil edilir, taxta-şalban tədarük olunur, taxıl yetişdirilir. 
 
                                                                                                                                                      Hər tərəf sudur
 
Kanadanın sahillərini şərqdən Atlantik okeanın, qərbdən Sakit okeanın, şimaldan Şimal Buzlu okeanın suları yuyur. Şimal Buzlu okeanın akvatoriyasında Hudzon körfəzi yerləşir. Körfəz elə böyükdür ki, onu “Kanadanın daxili dənizi” adlandırırlar. Kanadada göllərin sayı dünyanın hər hansı digər ölkəsindəkindən çoxdur. ABŞ-la sərhəddə yerləşən Böyük göllər ən çox tanınan və ən böyük göllərdir. Kanada içməli su ehtiyatına görə Rusiyadan və Braziliyadan sonra üçüncü yeri tutur. Amma kanadalılar Müqəddəs Lavrenti çayına xüsusi hisslər bəsləyirlər. Axı ilk mühacirlər Şimali Amerikanın ən böyük çaylarından biri olan bu çay boyunca məskunlaşıblar, ilk qalanı isə çayın daraldığı yerdə - Kvebekdə ucaldıblar. 
 
Kanada şəhərləri
 
 
Kanada dövlətinin başçısı... İngiltərə Kraliçasıdır. Kraliça öz nümayəndəsini – general-qubernator təyin edir. General-qubernatorun iqamətgahı Ottavadadır. Kvebek qalası da onun sərəncamındadır. Amma bu, daha çox ənənələrə ehtiramın əlamətidir. Ölkəni faktiki olaraq Baş nazir idarə edir. Seçkilərdə hamıdan çox səs toplayan partiyanın lideri Baş nazir olur. Kanadanın siyasi paytaxtı Ottavadadır. Burada çoxlu muzey və park var.
 
Amma Ottava ölkənin heç də ən böyük şəhəri deyildir. Torontoda əhalinin sayı 4 dəfə çoxdur. Toronto Kanadanın maliyyə paytaxtıdır. Toronto göydələnləri təkcə səmaya ucalmır, onların özülü yerin dərin qatlarında yerləşir. Yeraltı şəhərdə parklama yerləri, kafelər, mağazalar, metro və hətta küçələr yerləşir. Burada ilin hər fəslində istidir. Toronto çoxsaylı mədəniyyətlər şəhəridir. 
Monreal isə Fransa mədəniyyətinin paytaxtıdır. Hərçənd əsası fransalı mühacirlər tərəfindən qoyulan ilk şəhər Kvebek olub. Kvebekdə qədim bayramları xüsusi şadyanalıqla qeyd edirlər. Kirşəsürmə, habelə blin qonaqlığı ilə müşayiət olunan qış karnavalına dünya şöhrətli Rio-de-Janeyro karnavalından heç də az qonaq toplaşmır. 
 
Dövlətin mühafizəsində
 
Kanadada milli parklar üçün böyük sahələr ayrılıb. Onların ən böyüyü Vud-Baffoloda yerləşir. Bu milli park Amerika durnasını mühafizə etmək üçün yaradılıb. Burada çox nadir durna növləri ilə bərabər, çoxlu sayda başqa heyvanlar məskunlaşıb, Amerika bizonlarının dünyada ən böyük sürüsü otlayır. 
 
Qayalı dağlarda, Banf parkında buzlaqlar, buzlu göllər, qaynar bulaqlar, habelə ayı, sığın, maral, qoyun və çoxsaylı quşlar məskunlaşmış meşələr mühafizə olunur. Nahanni parkına yalnız hidroplanla və ya qayıqla getmək olar. Burada xeyli yeraltı mağara və çay yerləşir. 
 
Dinozavrlar parkı
 
Kanadanın Alberta əyalətinin cənubunda məşhur Dinozavrlar parkı yerləşir. Burada tarixdən əvvəlki dinozavrların külli miqdarda daşlamış qalığı tapılıb. 300-dən çox dinozavr skeleti bütöv şəkildə zəmanəmizə gəlib çıxıb. Qazıntı halında tapılan dinozavrlar 35 növə aiddir. 
 
Ölkənin rəmzləri
 
Kanadanın bayrağını yadda saxlamaq asandır. Onun üzərində ağcaqayın yarpağı təsvir olunub. Bu rəmzə ilk dəfə XVIII əsrdə qədim bayrağın üzərində təsadüf edilib. Hindilər ölkənin yeni sakinlərinə ağcaqayın yarpaqlarından faydalı sirop hazırlamağı öyrədiblər. Hazırda ağcaqayın siropundan müxtəlif şirniyyat hazırlanır. Baharda ölkədə ağcaqayın siropu festivalı keçirilir. Ontario əyalətindəki Ağcaqayın Siropu Muzeyində bu qəribə məhsul barədə məlumat əldə etmək olar. 
 
 
 Hər biri özü barəsində
 
“Ey Kanada!” himninin iki variantı var: ingilis və fransız dillərində. Onların mətni bir-birindən fərqlənir. Himnin fransız dilindəki mətnində kanadalıların “bərəkətli beşiyi”, sahilində ilk fransız mühacirlərin məskunlaşdığı Müqəddəs Lavrenti çayı tərənnüm edilir. İngilislər isə dənizdən dənizə uzanan ölkə barədə oxuyurlar. 
 
Bir xalqın xatirəsi
 
Kraliça Şarlotta adalarında öz sənətkarlığı ilə şöhrət qazanmış hayda xalqı yaşayırmış. Haydalılar böyük kanoelər düzəldir, kəndlərini və məzarlıqlarını mühafizə etmək üçün totem (1. bəzi ibtidai xalqların sitayiş etdikləri heyvan, bəzən bitki və ya başqa şey; 2. bu cür heyvanın və ya başqa şeyin surəti) sütunlar ucaldırmışlar. Tayfa avropalılar tərəfindən, demək olar ki, tamamilə məhv edilib. Antoni adasında hayda məskənlərindən biri UNESCO-nun Dünyanın Mədəni İrsi Siyahısına daxil edilib. Burada totemlərin və evlərin qalıqlarını görmək olar. 
 
   Örnək və nümunə
 
XVII əsrin sonunda tədqiqatçı səyyahlar hindi qəbilələrindən xəz almaq üçün Monrealda kanoeyə oturub çayboyu üzürlərmiş. Cəsur səyyahlar yerli sakinlərin dillərini öyrənir, çox vaxt hindi qızları ilə evlənirdilər. Fransız əsilli kanadalıların və hindi qadınların nəsilləri olan fransızdilli metislər özlərini Kanadanın yerli xalqlarından biri hesab edirlər. Kanadalı uşaqlar səyyah oyunu oynamağı sevirlər. Uşaqların digər sevimli qəhrəmanları kral atlı polisləridir. Onlar gözəl qırmızı mundirlər geyinərək ən ciddi araşdırmalarla məşğul olurlar. Kanadalıların öz tarixini unutmaması üçün kral polisinin “Karusel” adlı xüsusi dəstəsi atlıların tamaşasını təşkil edir. 
 
Mars Kanadada
 
Dünyanın ən iri məskun olmayan adası  - Devon Kanadaya məxsusdur. Bu ada Kanada Kosmik Cəmiyyəti üçün sınaq meydanıdır, çünki onun sərt landşaftı Mars landşaftına çox bənzəyir.