Görkəmli şəxsiyyətlər

Dünya şöhrətli Amerika yazıçısı O.Henri

Dünya şöhrətli yazıçı O.Henri (Uilyam Sidney Porter) 1862-ci il sentyabrın 11-də Şimali Karolinada (ABŞ) anadan olub. Kəskin süjetli hekayə ustadını yazıb-yaratmağa ruhlandıran hadisələr çox olub. Məsələn, həyatındakı sərgüzəştlər, Amerikadakı vəziyyət, hətta həbs cəzası və s. 
 
Əsərlərini O.Henri təxəllüsü ilə çap etdirən və bu adla tanınan yazıçının əsl adı Uilyam Sidney Porter idi. Müasirləri bunu yazıçının ölümündən sonra biliblər.
 
Amerikalı yazıçı şəxsi həyatı haqqında danışmağı sevmir, müsahibə vermir, fotosunu çəkməyə qoymur və kitablarını heç vaxt imzalamırdı. İllər boyu redaktorlar, jurnalistlər O.Henri təxəllüslü yazıçının əsərlərini maraqla qarşılayıblar.
 
Kənd həkimi ailəsində dünyaya göz açan Uilyamın anası vəfat etdikdən sonra atası sərxoşluğa qurşanıb. Həmyaşıdları oğlanı atası ilə bağlı lağa qoyublar. 
 
Orta təhsilini yarımçıq qoyan O.Henri aptekdə işləyib.
 
Texasa köçən O.Henri 1894-cü ildə yumoristik jurnal nəşr etdirib, Ostin bankında kassir və mühasib işləyib. Bankda 5 min dollar məbləğində pul əskiyi aşkar edilən zaman Porter məhkəmə məsuliyyətindən yayınmaq məqsədilə Hondurasa qaçır.
 
Lakin həyat yoldaşının xəstəliyinə görə geri qayıdır və 1898-ci ildə beş il həbs cəzasına məhkum edilir. Üç il həbsxana həyatı keçirən O.Henri işgəncələrə məruz qalır, ac qalır. O, ilk hekayələrini müxtəlif imzalar altında həbsxanada qələmə alıb.
 
Həbsdən çıxdıqdan sonra Nyu-Yorka gedir və ömrünü ədəbi yaradıcılığa həsr edir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazıb.
 
O.Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri ona şöhrət gətirib. Yazıçının maraqlı süjet xətti və incə yumoru ilə seçilən əsərlərində Amerika həyat tərzinin, burjua cəmiyyətinin təzadları, sosial ziddiyyət və mənəvi eybəcərlik öz əksini tapıb. 
 
Yazıçının “Krallar və kələm” povesti, habelə hekayələrinin toplandığı “Qərbin ürəyi”, “Dörd milyon”, “Yanan çıraq”, “Şəhərin səsi”, “Seçmələr”, “Fırlananlar”, “Altılıqlar və yeddiliklər” kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. Əsərləri dəfələrlə ekranlaşdırılıb. 
 
O.Henri 1910-cu ildə Nyu-Yorkda xəstəxanada vəfat edib.