Dastanlar

"Koroğlunun Qars səfəri" qolu

Koroğlunun Ərzincandan sağ-salamat qayıdıb gəlməyi Çənlibeldə toy-bayram oldu. Elə bil ki, dəlilərin ürəkləri yerinə gəldi. Əhvalatı, necə ki, Aşıq Cünun gəlib xəbər gətirmişdi, Koroğluya danışdılar.
Koroğlu soruşdu:
– Bəs Aşıq Cünun hanı? Heç gözümə dəymir.
Nigar dedi:
– Aşıq Cünunu yenə də Toqata göndərmişik ki, Hasan paşanın işlərindən bizi xəbərdar eləsin.
Koroğlu getdi fikrə. Dedi:
– Gərək onu Qarsa göndərəydiniz. Mən Hasan paşanın qeyrətinə bələdəm. O da zərbi-dəstimi görüb. O bizim üstümüzə gələ bilməz. Amma Reyhan igid adamdı. Özünün də məndə hayfı var. Koroğlu Ərzincandan gəlib Çənlibelə çatanda qaranlıq qovuşurdu. İndi də oturub o qədər söhbət elədilər ki, lap gecə gecədən keçdi.
Axırda Dəli Həsən məclisi dağıtdı ki:
– Day bəsdi. Durun hərə öz yerinə! Koroğlu yorğundu, dincini alsın.
Dəlilər durub dağıldılar. Koroğlu da başının altını dik eləyib yatdı. Elə ki, səhər açıldı, hələ heç gün çırtlamamışdan Koroğlu yerindən durdu. Uşaqları yanına alıb Çənlibelin bütün bəndərgahlarını gözdən keçirtdi. Baxdı ki, vallah, dəlilər bəndərgahları elə tutublar, elə pusqular düzəldiblər, elə səngərlər basıblar ki, Hasan paşa nədi, lap xotkar özü də bütün dünyanı yığıb Çənlibelə töksə, yenə də bir adam bu yerlərdən keçə bilməz. Elə ki, Koroğlu bəndərgahların hamısını gəzib qurtardı, deməlisini dedi, tapşırılmasını tapşırdı, ondan Dəli Mehtəri çağırıb dedi:
– Mənim aşıq paltarımı gətir!
Dəlilər soruşdular:
– Neynirsən aşıq paltarını?
Koroğlu dedi:
– Qarsa gedəcəyəm. Gərək gedib Ərəb Reyhandan xəbər biləm.
Dəlilər nə qədər elədilər ki, sən getmə, həm səfərdən təzə gəlibsən, həm də bu saat Çənlibeli başsız qoymaq olmaz. Olmadı ki, olmadı. Aşıq paltarını geyindi, bir də bir at minib Qarsa tərəf yola düşdü. Az getmişdi bilmirəm, çox getmişdi bimirəm, elə təzəcə Alacalar dağının ətəklərinə çatırdı ki, bir də gördü, budu, Qars tərəfdən bir atlı gəlir. Diqqət eləyib baxdı ki, bu bir cavan oğlandı, necə deyərlər, hələ bığ yeri təzəcə tərləyir. Ürəyində öz-özünə fikirləşib dedi: “Lap yaxşı oldu.
Bunu dayandırım, bir əhval-pürsən olum, görüm Qarsda nə var, nə yox”. Çağırdı ki:
– Ayə, bir dayan görüm, hardan gəlirsən?
Oğlan atın başını çəkdi ki:
– Qarsdan gəlirəm.
Koroğlu soruşdu:
– Səfərin haradı?
Oğlan dedi:
– Çənlibelə gedirəm.
Koroğlu dedi:
– Çənlibeldə nə işin var?
Oğlan duruxdu. Bir az fikirləşib sonra dedi:
– Elə-belə gedirəm. Koroğlu ilə bir az işim var.
Koroğlu gördü ki, oğlan sözlü adama oxşayır. Dedi:
– Yaxşı, sənin Koroğlu ilə nə salam-sabahın? Bəyəm tanıyırsan?
Oğlan lovğalana-lovğalana dedi:
– Tanıyırsan nədi? Kişi ilə haqq-salamımız var. Mən elə həftədə, on beş də bir gedərəm onun yanına.
Koroğlu baxdı ki, gədə bir az özündən deyəndi, amma ki, deyəsən pis oğlan deyil. Özü də hökmən sözlü adamdı. “Hərçi bada-bad” deyib, birdən qayıtdı ki:
– Koroğlu mənəm. De görüm nə sözün var?
Koroğlu baxdı ki, oğlan onun sözünə inanmır. Aşıq paltarının yaxasını balaca açdı. Elə ki, altdan yaraq-yasaq göründü, oğlan dedi:
– Can Koroğlu, məni bağışla! Yalandan dedim ki, səninlə dostam. Ancaq qəsdən elə deyirdim.
Koroğlu dedi:
– Eybi yoxdu. De görüm, mənə nə sözün var idi?
Oğlan dedi:
– Can Koroğlu, məni Qars paşasının qızı Hürü xanım sənin yanına göndərib. Bil və agah ol! Budu, neçə müddətdi türkmanlı Ərəb Reyhan gəlib əyləşib Qarsda. Qoşun irahlayıb ki, Çənlibelin üstünə gələ. Qars paşası da ona söz verib ki, əgər Çənlibeli ala bilsə, qızı Hürü xanımı ona verəcək. İndi Hürü xanım məni göndərib sənin yanına ki, əhvalatdan səni xəbərdar eləyəm. Koroğlu başladı əhval tutmağa. Ordan soruşdu, burdan soruşdu, baxdı ki, oğlan heç bir şey bilmir. Eşitdiyi o imiş ki, onu da deyib. Koroğlu getdi fikrə ki, nə eləsin. Geri qayıtsın, ya irəli getsin. Fikrində çox götür-qoy eləyəndən sonra oğlandan soruşdu:
– Yaxşı, bir mənə de görüm, Qarsda sənin evin-zadın varmı?
Oğlan dedi:
– Var, neynirsən?
Koroğlu dedi:
– İşdi, indi birdən mən Qarsa getməli olsam, məni bir-iki gecə evində saxlaya bilərsənmi?
Oğlan dedi:
– Koroğlu, o nə sözdü deyirsən? Niyə, mən qaraçı deyiləm ki, evim olmasın. Dövlətindən evim də var, qabağında qulluq eləməyə bir qoca, günü keçmiş anam da var. Hamısı, elə mən özüm də üstəlik qurbandı sənə. Koroğlu dedi:
– Onda sür atını, gedək!
Oğlan sevindiyindən bilmədi ki, nə eləsin. Bayaq ha atı vurub düşdü qabağa. Oğlan qabaqda, Koroğlu dalda at sürüb axşama bir az qalmış özlərini yetirdilər Qarsa. Oğlan məscidin yanında atını saxladı ki:
– Düş! Evim burdadı.
Koroğlu dedi:
– Yox, sən hələ qabaqca məni apar Hürü xanımın yanına. Gərək əvvəl-əvvəl öyrənəm görəm nə var, nə yox. Bəlkə iş elə oldu ki, heç qala bilmədim.
Oğlan dedi:
– Yaxşı, nə deyirəm. İxtiyar sahibisən. Onda sən, bax, elə bu küçə ilə yeri, mən atları bağlayım tövləyə gəlim. Koroğlu atdan düşdü. Atı oğlana verib küçə ilə getməyə başladı. İndi Koroğlu getməkdə olsun, oğlan atları çəkdi tövləyə, bağladı, yemlədi, ondan çıxdı anasının yanına ki:
– Tez ol, tədarük gör, qonağım var. Mən də gedirəm bazara şey-mey almağa.
Anası soruşdu:
– Bala, qonağın kimdi?
Oğlan dedi:
– Day heç kimə deyib eləməyəsən hə, Koroğludu, tez ol. Bunu deyib oğlan düzəldi Koroğlunun dalıncan. İndi o getməkdə olsun, biz görək Koroğlu nə elədi. Koroğlu küçə ilə gələ-gələ gəlib çıxdı bir imarətin qabağına. Baxdı ki, pəncərədə bir qız durub, bir qız durub ki, o necə deyərlər, yemə, içmə xətti-xalına, gül cəmalına tamaşa elə. Özün öldürsə olar on dörd, on beş yaşı. Amma elə boylu-buxunlu, şəstli-bəstli bir qızdı ki, elə bil sərv ağacıdı, qalxıb. Qaşlar qara, gözlər qara, tellər qara, xallar qara, o necə deyərlər, aya deyir sən çıxma, mən çıxacağam, günə deyir sən çıxma, mən çıxacağam. Bu qız kim ola, Qars paşasının qızı Hürü xanım.
Hürü xanım Koroğlunu aşıq bildi. Elə bu dəmdə oğlan gəlib yetişdi. Baxdı ki, bəli, Koroğlu ilə Hürü xanım tapışıblar. Ürəyində çox sevindi ki, elə yaxşı oldu. Day mən dayanmayıb gedərəm bazara. Yoxsa axşamdı. Bazar bağlanar. Bir şey tapa bilmərəm, Koroğlunun yanında xəcalət olaram. Day nə bilsin ki, bunlar heç bir-birisini tanımırlar. Nə Hürü xanım Koroğlunu tanıyır, nə də Koroğlu Hürünü. Elə ki, oğlan gəlib çatdı, əvvəl-əvvəl əlin döşünə qoyub kamal-ədəblə Hürü xanıma salam verdi. Ondan gülə-gülə Koroğluya işarə elədi. Yanı ki, necə gördün bu qoç oğlanı? Gedib lap özünü gətirdim. Koroğlu soruşdu:
– Ayə, bu qız kim ola?
Oğlan dedi:
– Hürü xanımdı da... Paşanın qızı. Bəs siz hələ bir-birinizi tanımırsız?
Bu sözdə Hürü xanım da tələsik pəncərədən çəkilib çıxdı eyvana. Elə ağzını açıb danışmaq isətyirdi ki, bir də gördülər, budu, Ərəb Reyhanla paşa atlı bu tərəfə gəlirlər. Qız elə bircə bunu deyə bildi ki:
– Atamgil gəlirlər, tez çəkilin!
Hürü xanım sözünü deyib evə girdi, oğlan da Koroğlunu götürüb tez aradan çıxdı. Elə ki, gəlib yetişdilər məscidin qabağına, oğlan dedi:
– Can Koroğlu, indi paşagil şəhərdədirlər. Day sənə çöldə qalmaq olmaz. Sən zəhmət çək gir evdə otur. Mən də bazara dəyib qayıdaram, gecəni yatarıq, səhər görək nə eləyirik. Koroğlu razı oldu. Oğlan Koroğlunu gətirdi evə. Oğlanın anası qabağa çıxdı. Xoşgəldin elədi. Yer düzəltdi. Elə ki, Koroğlu əyləşdi, oğlan dedi:
– İndi mənə rüsxət ver, bir bazara dəyim, gəlim.
Bunu, deyib, oğlan evdən çıxdı. İndi Koroğlu evdə rahatlanmaqda olsun, sənə kimdən deyim, oğlandan. Oğlan bazara çatanda dükanlar bağlanmaq üzrə idi. O, qabaqcan özünü verdi bir baqqal dükanına ki:
– Əmi, başına dönüm, tez ol, mənə iki batman düyü ver! Qonağım var.
Düyünü baqqaldan alıb, tökdü torbaya. Dalına alıb özünü yetirdi qəssaba. Gördü yaxşı ət var, amma yaman da basabasdı. Başladı adamları o yan-bu yana itələyib özünə yol açmağa. Ona bir yumruq, buna bir dürtmə, axırda adamlardan biri hirsləndi ki:
– Nə olub. Qaçaqaç deyil ki? Dayan da!..
Oğlan dedi:
– Dayana bilmirəm. Alınası şeylərim var. Dükan-bazar bağlanır. Qonağım var.
Dedilər:
– Nə olsun? Sənin qonağın göydən-zaddan gəlməyib ki...
Adamlar çox dedilər, oğlan az eşitdi, elə deyişə-deyişə özünü saldı dükana. Camaat gördü yox, bu, həyasızlığa salıb almaq istəyir. Qəssaba dedilər ki, ona ət verməsin. Qəssabın da tərs damarı tutdu. Oğlan nə qədər elədisə, dedi:
– Olmaz ki, olmaz. Gərək bu adamın hamısı qurtara, sonra sənə ət verəm.
Oğlanın əlacı kəsilib axırda qəssabın qulağına dedi:
– Evin yıxılsın, bilsən ki, mənim qonağım kimdi, heç belə eləməzsən.
Qəssab da bir dübbənin, adam ələ salanın biri idi. Soruşdu ki:
– Kimdi qonağın? De bu saat səni yola salım. Yoxsa Ərəb Reyhandı? Ya paşadı?
Oğlan dedi:
– Yox, onlar deyil. Day heç kəs bilməsin, qonağım qoç Koroğludu.
Qəssab şaqqıldadı. Dedi:
– Camaat, bunun qonağı Koroğlu imiş.
Hamı gülüşdü. Qəssab gülə-gülə dedi:
– Bu saat səni yola salacağam. De görüm, nə qədər istəyirsən? Bir girvənkə, ya altı misqal?
Oğlan dedi:
– Bir girvənkə nədi? Sənə ağzımda söz deyirəm. Bir batman ət çək! Gördülər yox, oğlan deyəsən zarafat eləmir. Dalında da düyü-zad var. Qərəz, qəssab oğlanın ətini verib, yola saldı. Camaat arasına söz düşdü ki, bəs Koroğlu gəlib Qarsa. Özü də filankəsin evində qonaqdı. De inanan, inanmayan başladı danışmağa. Atalar
deyiblər, bir sirr ki, otuz iki dişin arasından çıxdı, day onu saxlamaq olmaz. Bir anda bütün ətrafa səs yayıldı. Xəbərdən-xəbərə, xəbərdən xəbərə, söz axırda gəlib çatdı Ərəb Reyhanla paşanın qulağına. Paşa xəbəri eşitcək durdu ayağa ki:
– Qoşun götürüb, gedək Koroğlunu tutaq!
Ərəb Reyhan dedi:
– Yox. Buna Koroğlu deyərlər. Elə belə onu tutmaq çətin işdi. Bütün qoşunu qırıb tələf eləyər, özü də aradan çıxar.
Paşa dedi:
– Bəs nə eləyək?
Ərəb Reyhan dedi:
– Sən heç özünü onda qoyma. Elə bil ki, biz heç bu sözü eşitməmişik. Qoy qaranlıq düşsün. Elə ki, hamı yatdı. Gecənin bir yarısı qoşun götürüb, elə yorğan-döşəyinin içində tutarıq. Ayrı heç bir əlacı yoxdu. Ondan Ərəb Reyhan əmr elədi şəhərin ətrafını citəmə qoşun tutdu. Özlərinə də tapşırdı ki, səhərə qədər nə kənardan şəhərə adam qoysunlar, nə də şəhərdən kənara. Elə ki, tədbirlərini görüb qurtardılar, ondan oturub başladılar gözləmyə. O qədər gözlədilər ki, oldu gecənin yarısı. Ondan durub qoşun götürüb töküldülər evin üstünə. Koroğlu, heç bir şeydən xəbəri yox, şirin yuxuda, bir də beş-altı adam töküldü üstünə.
Sərasimə yerindən qalxıb onu o yana, bunu bu yana, baxdı ki, ev doludu adamla. Hamısı da yaraqlı-yasaqlı. Ətrafına baxıb, gördü nə qılıncı yerində deyil, nə oxu. De güç verdi yumruğa, birini, ikisini, beşini onunu; gördü yox, olmayacaq. Dartıb birinin əlindən qılıncını alıb döşəndi otaqdakıların canına. Axırda ki bir təhər özünə yol açıb evdən çıxdı. Baxdı ki, həyət doludu. Yolu hər tərəfdən tutublar. Qaranlıq, özü də ki, nabələd. Ağzı düşdü bir tərəfə. Nə qədər getdi, necə getdi bilmədi, bir də onu gördü ki, qabağına balaca bir qapı gəldi. Qoşun da daldan gəlir. Day əlacı kəsildi, açıb qapını girdi içəriyə. Sən demə, bura minarəyə çıxmaq üçün yol imiş. Day haraya çatacaq? Qoşun da elə bil ki, bilirmiş. O saat kəsdilər qapının ağzını. Koroğlu elə onu bildi ki, qapını çəkdi. Tez əl atıb minarənin pilləkənlərindən bir-iki böyük sal qoparıb saldı qapının dalına. Ondan day orada dayanmayıb, birbaşa qalxdı minarənin təpəsinə ki, görsün nə var, nə yox? Xəbər çatdı Ərəb Reyhana ki, bəs Koroğlu çıxdı minarəyə. Ərəb Reyhan o saat əmr eylədi. Minarənin dörd ətrafını qoşun bürüdü. Koroğlu minarədə, qoşun yerdə başladılar səhəri gözləməyə. İndi bunlar gözləməkdə olsunlar, sənə kimdən xəbər verim, bizim oğlandan, yəni evin sahibindən. Elə ki, qoşun doldu həyətə, oğlan
məsələni başa düşdü. Bildi ki, paşalar xəbər tutublar. Özünü itirməyib durdu, qaranlıqda özünü adamların arasına vurub çıxdı küçəyə. De asta qaçan namərddi. Birbaş özünü saldı Hürü xanımın yanına. Hürü xanım da oyaqdı. Hürü xanım onu görcək soruşdu:
– Nə var? Bu nə qoşunkeşlikdi? Yoxsa Koroğludan xəbər tutublar?
Oğlan əhvalatı danışdı. Hürü xanım dedi:
– Yaxşı eyləyibsən ki, qaçıbsan. Yoxsa sən də ələ keçərdin.
Sonra oğlana dedi:
– Yaxşı, düzünü de görüm, Koroğlunun burada olmağını bir adamazada deməyibsən ki?
Oğlan bir getdi fikirə. İndi başa düşdü ki, bu işlər hamısı onun öz taqsırıdı. Əhvalatı, necə ki, olmuşdu, qəssaba necə demişdi, qəssab camaata necə demişdi,  amısını danışdı. Hürü xanım heç bir söz demədi. Dinməz-söyləməz başını saldı aşağıya. Oğlan baxdı ki, vallah, Hürü xanım elə hirslənib ki, o necə deyərlər, bıçaq vursan qanı çıxmaz. Durdu ayağa ki:
– Mən də gedirəm. Qoy məni də tutsunlar, ikimizi də bir yerdə assınlar. Mən bu namussuzluğu götürə bilmərəm ki, mənim ucumdan o kişi tutulsun, mən sağ qalam. Hürü xanım dedi:
– Yaxşı getdin, səni də tutdular. Bundan Koroğluya nə mənfəət olacaq?
Oğlan dedi:
– Bəs nə eləyim?
Hürü xanım dedi:
– Get, gözlə. Elə ki, səhər açıldı, şəhərin kənarından qoşunu götürdülər, bir dənə yüyrək at minib, özünü yetir Çənlibelə. Əhvalatı xəbər ver. Söz oğlanın beyninə batdı. Oradan özünü verdi şəhərin kənarına. Bir yerdə gizlənib, o qədər gözlədi ki, şəhər darvazaları açıldı. Bir dənə at minib özün vurdu yola. İndi oğlan getməyində olsun, sənə deyim Koroğludan. Elə ki, hava yavaş-yavaş başladı bozarmağa, Koroğlu gördü bir uca minarənin başındadı, qoşun da dörd bir tərəfi tutub. Qaldı məəttəl ki, nə eləsin. Aşağı düşsün? Nə yarağı, var, nə atı. Burada qalsın, nə vaxtacan qalsın? Ürəyi qübar elədi. Səhər də yavaş-yavaş açılırdı. Axırda hər tərəf
işıqlandı. Sis, duman çəkilib getdi. Koroğlu minarənin başından Çənlibelə tərəf baxdı. Amma hərci elədi, Çənlibeli görə bilmədi. Elə ki, səhər açıldı, gün çıxıb dağlara yayıldı, uzaqdan, dağların başının üstündən Çənlibel dağlarının qarlı başları göründü. Koroğlu qəmli-qəmli oxudu. Ərəb Reyhan Koroğlunun belə dərdli-dərdli oxumağını eşidib çox şad oldu. Paşanı da götürüb, gəldi minarənin ayağına. Çağırıb dedi:
– Koroğlu, sabahın xeyir olsun! Allah heç kəsin borcunu heç kəsdə qoymaz. Yaxşı yerdə düşübsən əlimə.
Koroğlu dedi:
– Ərəb Reyhan, sənin mənimlə xüsusi haqq-hesabın var. Day bu qoşunu-zadı niyə yığıbsan bura? Yol ver düşüm, vuruşaq. Ya sənə verən Allah, ya mənə.
Ərəb Reyhan dedi:
– Yox, Koroğlu! Bu da olmadı keçən səfərki. Mən indi səni sağsalamat oradan düşürtsəm hamı mənə axmaq deyər.
Koroğlu dedi:
– Bəs fikrin nədi?
Ərəb Reyhan dedi:
– Fikrim odu ki, gərək özün təslim olasan, çıxıb orada qollarını bağlayalar, sonra düşürdələr aşağıya.
Koroğlu dedi:
– Yaxşı, təsliməm. Çıx, bağla qollarımı.
Ərəb Reyhan dedi:
– Yox, mən yox. Mən oraya çıxmaram.
Koroğlu dedi:
– Yaxşı, buyursun, kim çıxır, çıxsın. 
Ərəb Reyhan baxdı ki, bü doğrudan da axmaq fikirdi. Heç kəs qorxudan oraya çıxmaz. Əmr elədi kamandarlar gəldilər. Koroğlu baxdı ki, Ərəb Reyhan onu oxa basmaq istəyir. Dedi:
– Ayə, mən səni bir ağıllı adam bilirdim. Amma sən lap sarsaqsanmış. Yaxşı, mən minarənin içinə girəndən sonra ox mənə nə eləyəcək? Ərəb Reyhan gördü yox, bu da axmaq fikirdi, Koroğlu doğru deyir.
Dedi:
– Yaxşı, eybi yoxdu. Ox da atmarıq. Elə sən otur orada, biz də dayanaq burada. Axırda acından, susuzundan ölərsən, leşinə sahib olarıq. Koroğlu baxdı ki, bu çox pis tədbirdi. Əgər doğrudan belə eləsələr, acından, suzundan öləcək. Getdi fikrə ki, nə eləsin. Çox götür-qoydan sonra gördü ki, qorxutmaqdan başqa çarəsi yoxdu. Dedi:
– Yaxşı, sən məni o qədər axmaq hesab eləyirsən ki, mən təktənha durub gələm buraya. Mənim adamım indi Çənlibelə çatıb. Çox çəkməz ki, yeddi min yeddi yüz yetmiş yeddi dəli alar Qarsın üstünü. Görüm onda nə eləyəcəksiz. Bu sözdən paşa da, Ərəb Reyhan da düşdülər qorxuya. Paşa elə bil yatmışdı, ayıldı. Çağırdı ki:
– Əyə, bir baxın görün o qarının oğlu haramzada haradadı? O heç mənim gözümə dəymədi. Bəlkə elə onu göndərib xəbərə. Düşdülər ora oğlan, bura oğlan, oğlan hayanda idi? Tapa bilmədilər ki, tapa bilmədilər. Məsələ lap aydın oldu. Paşa tutdu Ərəb Reyhanın yaxasından ki:
– Tez ol, nə eləyirsən, elə! Dəlilər şəhərə dolsa, daşı daş üstə qoymazlar. Ərəb Reyhan əmr elədi, külüngçülər, qazmaçılar gəldilər, hökm elədi ki, bu saat başlayın minarənin dibini qazımağa. Onda ya özü qorxudan təslim olar, ya da ki, minarəylə bir yerdə yıxılıb ölər. O, öləndən sonra dəlilərlə danışmaq asandı. Külüngçülər başladılar minarənin dibini qazımağa. Koroğlu gördü ki, yox, iş şuluxlaşdı. Fikirləşdi ki, eybi yoxdu. Qoy qazısınlar. Elə ki, gördüm minarə doğrudan da yıxılır, düşüb duraram lap aşağıda, qapının yanında. Görək ondan sonra kim peşiman olacaq. Əgər buradan salamat çıxaram, mən bilərəm neyləyərəm. Bəli, külüngçülər qazımaqda olsunlar, Koroğlu da gözləməkdə eşit, indi sənə kimdən deyim, oğlandan. Oğlan atı elə sürmüşdü ki, Çənlibelin ətəyinə çatanda, at yıxılıb çatladı. Dəlilər pusqudan çıxıb, onu tutdular, birbaş Çənlibelə gətirdilər. Dəli Həsən soruşdu:
– Kimsən? Haradan gəlirsən?
Oğlan bütün əhvalatı başdan-ayağa danışdı. Özü də başladı yalvarmağa ki:
– Tez olun. Yoxsa Koroğlunu öldürərlər.
Dəlilər Nigar xanımdan soruşdular:
– Nigar xanım, söz sənindi. De görək, necə eləyək?
Nigar xanım dedi:
– Bu saat Çənlibeli başsız qoymaq olmaz. Mən deyirəm belə eləyək. Dəli Həsən min dəli ilə öz yerində qalsın. Dəmirçioğlu da min dəli ilə öz yerində. Qalan dəliləri Eyvaz götürüb Koroğlunun dalınca getsin. Ondan üzün Dəli Həsənə tutub soruşdu:
– Sən nə deyirsən?
Dəli Həsən də, Dəmirçioğlu da, Eyvaz da hamısı Nigar xanımın fikrini bəyəndi. O saat dəlilər atlandı. Bizim oğlana da bir at verdilər, mindi, düşdü qabağa. De sürhasür, sürhasür, gəlib yetişdilər Qarsın ətrafına. Eyvaz dedi:
– Biz əgər belə şəhərə girsək, Koroğluya xətər yetirərlər. Hökm elədi, dəlilərdən yeddi yüz nəfəri ayrıldı. Hər yüzü verdi bir dəstəbaşıya. Yüz nəfər də özü götürdü. Qalan dəlilərə tapşırdı ki, şəhəri mühasirəyə alıb gözləsinlər. Dava qızışanda hər tərəfdən dolsunlar. Yeddi yüz dəli, altı dəstəbaşı, bir də oğlan dördəmə, siyirməqılınc atları sürdülər şəhərə. Keşikçiləri qoymadılar ki, nəfəs alsınlar. Keçib girdilər şəhərin içinə. Hər dəstə başladı bir küçə ilə getməyə. Eyvaz özü də oğlanı götürüb, yüz nəfər dəli ilə düşdü küçələrin birinə. Bu küçə hansı küçə ola, hansı küçə ola, haman o küçə ola ki, Koroğlu gedib Hürü xanıma rast gəlmişdi. Elə bir az at sürmüşdülər ki, Hürü xanımın imarəti göründü. Oğlan baxdı ki, Hürü xanım durub pəncərədə yola baxır. Tez ata bir taziyanə çəkib özünü yetirdi onun bərabərinə ki:
– Hürü xanım, muştuluğumu ver! Xan Eyvazın özünü dəlilərlə gətirmişəm. Bu saat Ərəb Reyhana bir toy tutsunlar ki... Hürü xanım belə baxanda gördü budu, siyirməqılınc bir dəstə atlı gəlir ki, hərəsi min cana dəyər. Amma qabaqlarında bir oğlan gəlir, bir oğlan gəlir ki, elə bil on dörd gecəlik aydı. Bildi ki, bu xan Eyvazdı, Hürü xanım Eyvazın tərifini çox eşitmişdi. Amma özünü heç görməmişdi. Baxdı ki, vallah, bu bir oğlandı, bir oğlandı Yusif-zad nədi bunun yanında. Bir ürəkdən min ürəyə vuruldu Eyvaza.
İndi eşit Koroğludan. Külüngçülər minarənin dibini o qədər qazmışdırlar ki, minarə az qalırdı yıxılsın. Koroğlu işi belə görüb, düşüb lap aşağıda kəsmişdi minarənin qapısını. Elə bu dəmdə bir də qulağına bir səs gəldi. Diqqətlə qulaq verib gördü Eyvazdın səsidir. Hər şey yaddan çıxdı. Nə qorxu qaldı, nə hürkü. Dik çıxdı minarənin başına. Birdən şəhərdə vurhavur qopdu. Ərəb Reyhan belə baxanda gördü vallah, budu, bir dəstə siyirməqılınc atlı elə gəlir, elə gəlir ki, elə bil bir dəstə tərlandı ördəyə, qaza gəlir. Tez keçdi meydanın bu biri tərəfinə ki, qoşun böyüklərini çağırsın. Baxdı ki, bir belə dəstə də bu tərəfdən gəlir. Belə dönəndə gördü budu, bir dəstə atlı da bu biri küçədə, olar bir üç yüz-dörd yüz əskəri qatıb qabağına qarqa-quzğun kimi qova-qova gətirir. Ərəb Reyhan özünü itirdi. Bilmədi nə eləsin. Elə bu dəmdə Qars paşasının qoşun böyüyü özünü yetirdi ki:
– Nə durubsunuz? Dəlilər şəhərə ətdən divar çəkiblər. Başınızın çarəsini eləyin.
Ərəb Reyhan dedi:
– Görürəm. Qoy gəlsinlər. Sən qoşunu hazır saxla! Elə ki, onlar gəlib buraya doldular, sən dallarını kəs!
Qoşun böyüyü dedi:
– Nə dallarını kəs? Bunlar nədi ki? Beş-altı min dəli şəhərin ətrafını tutub. Bunlar elçilərdi belə gəlirlər. Ərəb Reyhan baxdı ki, bir su içim saatda dəlilər meydanın ətrafını aldılar. Bu dəmdə bir dəli nərə səsi gəldi. Ərəb Reyhan döndü ki, budu bir dəstə gəlir, qabaqlarında da Eyvaz. Eyvaz Ərəb Reyhanı görcək tanıdı. Dedi:
– Ya budu ki, bu saat Koroğlunu ver, ya budu ki, bir hay vurub şəhərin torpağını torba ilə daşıtdıracağam. Ərəb Reyhan da igid adam idi. Yeridi qabağa dedi:
– Eyvaz, Koroğlu bax, odu minarədə.
Eyvaz belə baxanda Koroğlunu gördü. Ərəb Reyhan dedi:
– İndi bura bax!
Bunu deyib Ərəb Reyhan minarənin dibinə işarə elədi. Eyvaz baxdı ki, minarə elə handa-handadı yıxılsın. İki yüzəcən külünglü adam da hazır dayanıb əmr gözləyir. Ərəb Reyhan dedi:
– Koroğlu mənim əlimdədi. Bircə dəfə işarə eləsəm minarə gedəcək. İndi sən gəlmisən onu qurtarmağa. Yaxşısı, budu ki, nə sənin qoşunun qırılsın, nə də mənim. Gəl bu meydanda ikimiz vuruşaq, sən məni öldürdün, Koroğlu da sənin, hər şey də sənin. Nə eləyərsən özün bilərsən, yox, mən səni öldürdüm, genə də nə  eləyərəm özüm bilərəm. Eyvaz bir Ərəb Reyhana baxdı, bir dönüb Koroğluya baxdı, bir də belə dönəndə baxdı ki, Hürü xanım gəlib meydanın bir tərəfində
dayanıb bunlara baxır. Elə bil dünya-aləm Eyvazın başına fırlandı. Bir dəli nərə çəkib meydanı dolanmağa başladı. Koroğlu da minarədən baxırdı. Gördü yox, deyəsən Eyvaz vuruşmaq istəyir. Koroğlu Ərəb Reyhanın gücünə bələd idi. Bilidi ki, Eyvaz onun öhdəsindən gələ bilməyəcək. Odu ki, qışqırıb dedi:
– Eyvaz, məbada meydana girəsən. Əgər igiddi, qoy mənnən vuruşsun. Gördü yox, Eyvaz heç eşitmir. Dedi:
– Ayə, minarənin yıxılacağından mənə ziyan yoxdu. Qorxma, qoy uçursunlar.
Eyvaz hara, söz eşitmək hara? Elə idi, elə idi ki, dönmüşdü bir aslan balasına, zəncir gəmirirdi. Bir dəfə meydanı gərdiş eləyib üzünü tutdu Ərəb Reyhana. Qərəz, Ərəb Reyhanla Eyvaz başladılar davaya. İlan kimi sarmaşdılar bir-birinə. Kotan kimi başladılar meydanın torpağını sökməyə. Eyvaz cavan, bərkə-boşa düşməmiş adam, Ərəb Reyhan min ilin pəhləvanı. Day, o necə deyərlər, pəhlivanlıq elminin bir dəlmə-deşiyi yox idi ki, Ərəb Reyhan oraya baş vurmamış ola. Neçə-neçə adlı pəhlivanlar basmışdı. O necə deyərlər, ad çıxartmışdı. Girələyib Eyvazın çiyin damarlarını saldı cənginə. Eyvazın gözləri başladı qaralmağa. Elə bil ki, dünya, aləm durdu başına hərlənməyə. Koroğlu baxdı ki, Eyvaz gedir. Ürəyi tablamadı. Bir nərə çəkdi. Koroğlunun nərəsindən Eyvaza qüvvət gəldi. Bir güc verib Ərəb Reyhanın əlindən qurtardı. Dəlilərin əhsən səsi göyə ucaldı. Elə birinci həmlədə Ərəb Reyhanı vurub sərdi yerə. Day aman verməyib düşdü üstünə. Bu dəfə də Eyvaz Ərəb Reyhanın çiyin damarlarını keçirtdi barmaqlarına. Ərəb Reyhanın ağzı başladı köpüklənməyə. Eyvaz birdən Ərəb Reyhanın çiyinlərini buraxıb yapışdı bel  əmərindən. Bir “ya mədəd!” – deyib dik qaldırdı göyə, vurub yerə, çökdü sinəsinə. Meydan qarışdı bir-birinə. “Əhsən, əhsən!” səsindən qulaq tutuldu. Eyvaz xəncəri çəkib dayadı Ərəb Reyhanın boğazına. Onda döndü Koroğluya tərəf ki, görsün onun fikri nədi. Koroğlu dedi:
– Eyvaz, mən bir dəfə onu mərdliklə basıb, mərdliklə də buraxmışdım. Amma o bunun əvəzində mənə namərdlik elədi. Namərdi də gərək bu dünyada yaşamasın.
Eyvaza elə bu söz bəs idi. Bayaq ha xəncəri çəkib, başı leşdən elədi, leşi başdan. O saat dəlilər minarənin qapısını açdılar. Koroğlu çıxdı bayıra. Ərəb Reyhanın qoşunu sərkərdələrini ölmüş görüb təslim oldular. Dəlilər hamısı doldular şəhərə. Paşanı nə qədər axtardılar, tapa bilmədilər. O necə deyərlər, oldu
bir parça yağlı əppək, çəkildi göyə. Koroğlu dedi:
– Eybi yoxdu. Bu da bir cür igidlikdi. Bu cür adamların igidliyi ondu. Doqquzu qaçmaqdı, biri heç gözə görünməmək. Day axtarmayın!
Qərəz, dəlilər atları mindilər. Hamı hazırlandı. Koroğlu hay vurdu ki, yola düşsünlər. Dəstə hərəkətə gəldi. Koroğlu baxdı ki, Eyvaz hələ heç ata minməyib, heç deyəsən minmək fikrində də deyil. Soruşdu ki:
– Eyvaz, nə gözləyirsən? Niyə minmirsən?
Eyvaz cavab vermədi. Koroğlu bir də soruşdu. Eyvaz yenə də cavab vermədi. Koroğlu dönüb Eyvazın baxdığı tərəfə baxanda nə gördü? Gördü Hürü xanım qulaş saçları töküb gərdəninə, boynunu qoyub çiyninə, elə baxır, elə baxır ki, elə bil bir dənə yaralı ceyrandı. Koroğlu məsələni başa düşdü. Ata bir qırmanc vurdu, Hürünün yanına çatanda əlini uzadıb dik götürdü, qoydu tərkinə, düzəldi yola. Eyvaz da qalxıb atı mindi, düşdü Koroğlunun dalına. Qərəz, dəstə şəhərdən çıxıb Çənlibelə tərəf yola düzəldi. Bir az getmişdilər, bir də baxdılar ki, oğlan, tərkində də bir nəfər gedir. Koroğlu çatıb soruşdu:
– Dostum, sən hara?
Oğlan dedi:
– Çənlibelə. Day bundan sonra mən Qarsda duruş gətirə bilmərəm.
Koroğlu dedi:
– Bəs o tərkindəki kimdi?
Oğlan dedi:
– Anamdı. Elə yerli-dibli birdəfəlik köçürəm.
Bəli, orda uzun-uzun yol ilə, burda müxtəsər dil ilə, dəstə gəlib Çənlibelə çatdı. Day pişvaz, nə pişvaz. Görüş, nə görüş... Koroğlu hökm elədi Hürü xanımın ayağının altında yeddi yüz yetmiş yeddi qurban kəsdilər.
Koroğlu dedi:
– Gərək Eyvaza elə bir toy eləyəm ki, ruzigarın közü belə toy görməmiş ola.
Dəlilər dedi:
– Koroğlu, indi toy vaxtı deyil.
Koroğlu dedi:
– Elə əsl toy vaxtı indidi. Hasan paşa istəyirdi ki, Bolu bəyin, bir də Ərəb Reyhanın əli ilə iş düzəltsin. Bolu bəyi darmadağın eləyib, nişanlısı Dünya xanımı gətirmişəm. Ərəb Reyhanı da cəhənnəmə vasil eləyib, Hürü xanımı gətirmişəm. İnşallah Toqatı da dağıdıb Hasan paşanın özünü Çənlibelə gətirəcəyəm.

Məclis quruldu, toy başlandı. Dəli Həsən ilə Dəmirçioğlu Eyvazı gətirdilər məclisə, Koroğlu bir Eyvaza baxdı, boy-buxununa, şəsti-bəstinə nəzər saldı. Paltar, geyim,yaraq-yasaq, durna teli də başında. Koroğlu Eyvaza yer göstərdi. Elə bu dəmdə xəbər gəldi ki, Nigar xanım izn istəyir, Hürü xanımı məclisə gətirsin. Koroğlu izn verdi. Xanımlar Hürü xanımı gətirdilər məclisə, Koroğlu baxdı ki, Hürü xanım heç Eyvazdan geri qalan deyil. Nigar xanım Hürünü bir geyindirib, kecindirmişdi, bir ziynət vermişdi ki, gəl görəsən. Hürü xanım Koroğlunu görəndə utandı, gəlinlik tellərini yığışdırdı.
Deyirlər ki, Eyvazın toyu düz qırx gün, qırx gecə çəkdi. Həsən paşa Ərəb Reyhanın qırxını verən gün, Eyvaz da Hürü xanımla murad verib, murad aldı.