Nağıllar, hekayələr

Pyotr Yerşov. Qozbel at

Tərcümə edəni Mirmehdi Seyidzadə
 
"Başlanır nağılımız"
Meşələrin, düzlərin,
Dağların, dənizlərin
Arxasında bir kənddə,
Yerdə bir məmləkətdə
Qoca kəndli yaşardı,
Onun üç oğlu vardı.
Böyüyü dərrakəli,
Ortancıl yarım dəli,
Kiçiyisə axmaqdı,
Onun işi lap ağdı.
Qardaşlar əkin əkir,
Paytaxta tərəf çəkir,
Satırdı məhsulunu,
Nəqd alırdı pulunu.
Heybə dolu, üç qardaş
Dönürdü evə birbaş.
Paytaxt yaxındı, hər gün
Getmək olurdu mümkün.
Günlər keçdi, bir səhər
Kəndlilər hiss etdilər
Kimsə gəlib gizlicə
Taxılı əzir gecə.
Ömründə belə kədər
Görməmişdi kəndlilər.
Oğrunu tapsın deyə
Durdular düşünməyə.
Çox düşünüb qardaşlar
Verdi belə bir qərar:
Gecə güdüb oğrunu
Xəlvət tutsunlar onu.
Elə ki, qaraldı qaş,
Geyindi böyük qardaş.
Baltanı alıb ələ
Yollandı birbaş çölə.
Qaranlıqlaşdı hər yan,
Bizim kəndli qorxudan
Döndü əsən yarpağa,
Qaçdı girdi çardağa.
Səhər açılan zaman,
Çardaqdan çıxıb oğlan
Özünü bərk islatdı.
Qapını taqqıldatdı,
Dedi: "Ey yuxucullar!
Qalxın böyük əngəl var.
Yağışın altında mən
İslanmışam sübhəcən".
Qapını açıb dərhal
Ona verdilər sual:
"Gözətçilik edərkən
Nə gördün bu gecə sən?"
Gözətçi tənbəl-tənbəl
Dua oxuyub əvvəl
Sağa, sola əydi baş,
Öskürdü, yavaş-yavaş
Dedi: "Bütün gecəni
Yuxu tutmayıb məni.
Ay qardaşlar, baxtımdan
Qopdu qorxunc bir tufan.
Yağışın şiddətindən
Əldən-dildən düşdüm mən.
Ancaq yoxdur bir zərər,
Yaxşıdır bütün işlər".
Ata tərif eylədi
Daniloya söylədi:
"Oğlum, mətinsən, mətin!
Çox böyükdür xidmətin.
Sən yaman qoçaq oldun,
Eldə üzü ağ oldun".
Üfüq qaralan zaman
Qalxdı ortancıl oğlan.
Baltanı alıb ələ,
Üz qoydu birbaş çölə.
Gecə soyuq düşdü bərk.
Gördü qalsa sübhədək
Donacaq. Kəndli çaşdı,
Çöldə durmayıb qaçdı.
Çəpəri edib dalda, -
Olduqca ağır halda
Orda açdı səhəri...
Lap erkən pillələri
Qalxıb tez-tez yuxarı
О döydü qapıları.
Dedi: "Ey yuxucullar!
Qalxın böyük əngəl var.
Qapını açın tezcə
Donmuşam mən bu gecə"
Açıb qapını dərhal
Verdi qardaşlar sual:
"Qarovulda gecə sən
söylə bir nə görmüsən?"
Dua oxuyub əvvəl,
Növbətçi tənbəl-tənbəl
Sağa, sola baş əyib
Sonra da yavaş-yavaş
Dedi: "Bütün gecəni
Soyuq çaşdırıb məni.
Bir baxın məndə baxta –
Gecə düşdü bərk şaxta.
Ancaq yoxdur bir zərər,
Yaxşıdır bütün işlər".
Atası dedi: "Paho!
Qoçaqsanmış Qavrilo!.."
Növbə çatdı bu gecə
Kiçik oğlana - gicə,
İvan bunu qanmadı,
Sobadan qımıldanmadı.
Nəğmə oxuyub tez-tez
Deyirdi: "Ay qaragöz..."
Qardaşlar ha üz vurdu,
Oğlan dirənib durdu.
Çox bağırdılar ancaq
Sözə baxmadı sarsaq.
Axır atası gəldi,
Ona tərəf yönəldi,
Dedi: "Başa düş, başa,
Növbən çatıb, Vanyuşa!
Qoru, taxılı saxla,
Verərəm sənə paxla, *
Noxud, rəngbərəng şəkil,
Bəzəkli, qəşəng şəkil".
Vanya sobadan endi,
Paltarını geyindi.
Çörək götürüb yola,
Üz qoydu qarovula.
Gecə ay çıxan zaman
Gəzdi tarlanı İvan.
Baxdı bir sağa, sola,
Daldalandı bir kola
Sonra ulduz sayaraq,
Çeynəyib yedi qazmaq.
Bir at kişnədi birdən...
Növbətçi qalxdı yerdən,
Əlcəyinin altından
Baxıb gördü bir madyan.
Madyan qar kimi ağdı,
Qızıl yalı parlaqdı.
İvan dedi: "Budur, bu,
Bizim yaramaz oğru!...
Çox mənim zarafatdan
Xoşum gəlməz, bir dayan.
Ay çəyirtkə, əlimdən
Çıxıb qaça bilməzsən!"
Madyana çatıb İvan
Yapışdı quyruğundan,
Mindi belinə qoçaq,
Yönü arxaya ancaq.
Madyan çıxdı özündən,
Od parladı gözündən.
Qıvrıldı ilan kimi,
Açıldı kaman kimi,
O, bir ox sürətilə
Qaçdı var qüvvətilə.
Keçdi çöldən, çəməndən,
Sıx meşədən, düzəndən.
Yüksək dağlardan aşdı,
İldırım kimi qaçdı.
Vurnuxdu dörd bir yana,
Qalib gəlsin İvana.
İvan sadə deyildi,
Duyub kələyi bildi, -
Bərk tutdu quyruğundan.
Axır yoruldu madyan.
Dedi: "Ivan, məni sən
Minmisən, sahibimsən.
Yer ver, bir az dincəlim,
Yemlənim, cana gəlim.
Sonra burax, üç səhər
Oylağım olsun düzlər.
Üç gün tamam olunca,
Səninçün bir cüt dayça
Doğaram, indiyədək
Yer üzündə olar tək.
Sonra doğaram bir at.
Onu görən qalar mat.
Boyca kiçik olar çox,
Yerişdə sürətli ox.
Özü qozbel, sarışın,
Qulaqları bir arşın.
О bir cüt dayçanı sən
Bax, sata da bilərsən.
Ancaq bu ata əgər
Versələr papaq, kəmər,
Aldanıb başdan getmə
Heç şeylə əvəz etmə.
Çünki yerin altında,
Göylərin üst qatında
Olar bu at yoldaşın,
Əziz dostun, sirdaşın.
İsidər səni qışda,
Qarda, güclü yağışda.
Yay vaxtı sərinlədi.
Acımış olsan əgər,
Çörəyə edər qonaq,
Susasan, verər qaymaq.
Mənsə gedirəm yenə,
Güc yığmaqçın çəmənə".
Bu xoş gəldi İvana.
О söylədi madyana:
"Get qal tövlədə rahat,
аrpа-saman yeyib уat".
Madyanı yemləyərək,
Qapını bağladı bərk,
Nəğmə oxudu şən-şən.
"İgid gəlir döyüşdən".
Komaya çatıb İvan
Tutdu dəmir halqadan:
Döydü qapını sarsaq.
Saldı bir taraq-taraq.
Çaxnaşdı bütün bazar,
Elə bil ki, yanğın var.
Qardaşlar taxt üstündən
Enib soruşdu: "Kimsən,
Belə qapı döyürsən?"
Gic dedi: "İvanam mən!"
Açıb dərhal qapını
Söydü qardaşlar onu.
Söylədi: "Nə cürətlə
Qorxutdun bizi belə?!"
Əynindən arxalığı,
Ayağından çarığı
Soyunub çıxartmadan
Dırmaşdı sobaya İvan.
Nəfəs aldı dərindən,
Gecəki işlərindən
Danışıb dedi ki:
"Mən göz yummayıb sübhəcən
Baxdım ay işığına,
Göyün yaraşığına.
Saydım şən ulduzları
Olunca gecə yarı.
Bir də gördüm qarşıdan
Çıxdı yöndəmsiz şeytan.
Onun məşəl tək gözü,
Pişiyə bənzər üzü,
Bığı, saqqalı vardı,
Ağzından od yağardı...
Qalxıb göyə hoppandı,
Tarlamıza uzandı,
Zəmidə əzib dəni,
Şeytan görmədi məni.
Zarafatla yox aram,
Yeriyib aram-aram,
Birdən yanaşdım ona,
Tez atıldım boynuna.
Çapdı о sağa, sola,
Başım sındı az qala...
Ancaq mən qoçaq çıxdım,
Şeytanı bərk-bərk sıxdım,
Əldən düşdü hiyləgər.
Dedi: "Bir xahişim var:
Öldürmə məni burax.
Qəlbdən and içirəm bax,
Verrəm hiyləyə ara,
Bir il xristianlara
Yaxın düşmərəm inan".
Bu sözləri şeytandan
Eşidib doğru sandım,
Kor şeytana inandım".
Bitirdi sözlərini,
Əsnədi, gözlərini
Yumaraq yatdı sarsaq
Hirsləndisə də ancaq
Qardaşlar elə güldü,
Üçqat olub büküldü.
Az yox imiş canında,
Gülməkdən qocanın da
Lap gözləri yaşardı.
Hərçənd günahı vardı
Qocalarçün gülüşün,
Belə bir yüngül işin.
Nə isə о gecədən
Çoxmu, azmı keçdi, mən
Bunu bilmirəm düzü,
Qoy uzatmayaq sözü.
Keçib bir ya iki il
Bu çox da vacib deyil.
Qulaq asın, ay uşaq,
Biz nağılı danışaq.
Deyirlər ki, bir dəfə
Bayramda baxıb kefə
Bərk sərxoşdu Danilo.
Balağana girdi o,
Gördü bir cüt gözəl at
Ağlı çaşıb, qaldı mat.
Lap misilsiz atlardı,
Qızıl yalları vardı.
Onların yanındaca
Dayanmışdı bir dayça,
Gülməli bir oyuncaq.
Boyu bir qarış ancaq,
Qulaqları bir arşın,
Özü qozbel, sarışın.
Bunu görüb Danilo
Düşünüb dedi: "Paho!
Bax indi bildim ki, mən
Gic burda yatır nədən.
Gör nə gizlədib bizdən!..
Danilo bu möcüzdən
Ayılıb evə qaçdı,
Gicin sirrini açdı.
Qavriloya dedi: "Bax,
Bir cüt at tapıb sarsaq,
Qızıldan yalları var...
Olmaz heç belə atlar".
Daban alıb var güclə
Qaçdı qardaşlar çölə.
Başaçıq, ayaqyalın
Üzərində kolların
Büdrəyib şıllaq atdı,
Gəlib tövləyə çatdı.
Maraqla iki qardaş
Tövləyə girdi birbaş.
Gördü atlar yem yeyir,
Xoruldayır, kişnəyir.
Yaqut gözləri yanır,
Quyruğu dalğalanır.
Hörülüb qızıl yalı,
Parlayır almaz nalı.
İnci dırnağı vardır,
Şaha layiq atlardır.
Qardaşlar baxdı, baxdı,
Ağzının suyu axdı.
Böyüyü dedi: "Hardan
Tapıb bunları İvan?"
Ortancıl dedi ki, "Sən
Hələ eşitməmisən –
El içində məsəl var:
Xəzinəni gic tapar.
Kəsilsən də yeddi qat
Sən tapmazsan bir manat.
Bilirsən nə var, qardaş,
Atları çəkək birbaş
Gəl paytaxta, bazara
Satıb biz boyarlara,
Pulları gələn həftə
Bölüşüb olaq kefdə.
Yeyək, içək orda biz
Qoy xoş keçsin günümüz.
Ay canım, sən kefə bax!
Xeyir görməsin axmaq.
Onun nə xəbəri var,
Harda qonaqdır atlar.
Duyub işi bilməz o,
Ver əlini, Qavrilo!"
Qardaşlar razılaşdı,
Sevinci aşdı-daşdı.
Bitən kimi sözləri,
Döndülər evə geri.
Yol uzunu gedərkən
Danışırdılar kefdən,
Qəribə bir heyvandan,
Atdan, о yan-bu yandan.
Günlər bir-bir ötüşdü,
Həftə başa yetişdi.
Yığışdı iki qardaş
Paytaxta getsin birbaş.
Atları satsın deyə.
Həm də dəyib körpüyə,
Öyrənsinlər bir nə var:
Gəmilərlə almanlar
Gəlibmi alsın katan?
Ya gəlibmi çar Saltan
Hökm eyləsin hər yana,
Döndərsin müsəlmana
Bütün xristianları.
Incitsin insanları...
Baş əyib ikonlara,
Atadan xeyir-dua
Alıb qardaşlar səssiz
Atları götürüb düz
Yollandılar şəhərə.
Gecə çökdü hər yerə.
Getdi yatmağa İvan
О çöldən ötən zaman
Çörək gəvələyirdi.
Həm də mahnı deyirdi.
Şirin nəğmə dilində.
Budur əli belində
Bənzəyir İvan pana,
О girdi balağana.
Gördü durur hər nə var,
Yox olub amma atlar.
Qozbel, kiçik oyuncaq
Dayça qalıbdır ancaq...
Sahibini at görcək
Oldu yaman sevincək.
Şəklədi qulağını,
Oynatdı ayağını.
Qaraldı gicin qanı.
Dolandı balağanı,
Yaşla doldu gözləri,
Söylədi bu sözləri:
"Qızıl yallı atlarım,
Qonur xallı atlarım,
Mən ki, sizi oxşadım!
Sevginizlə yaşadım!
Sizi hansı kor şeytan
Oğurlamışdır burdan?
О iti ilan vursun,
Görüm əli qurusun.
Onun qiyamət günü
Alov tutsun üstünü.
Aman, xallı atlarım!
Qızıl yallı atlarım!"
Kişnəyib dedi dayça:
"İvan, qəm yemə bunca!
Dərdin böyüksə də, mən
Qurtarram səni qəmdən.
Şeytana atma böhtan.
Gözəl atları burdan
Aparıbdır о harın,
Yaramaz qardaşların.
Burax dərdi, qüssəni,
Qəmli görməyim səni.
Durma, belimə tullan!
Yəhərdə möhkəm dayan.
Baxma! Kiçiyəm bir az,
Mənə heç quş da çatmaz".
Mindi dayçaya oğlan,
Tutdu qulaqlarından.
At dörd tərəfə baxdı.
Pəncəsi üstə qalxdı.
Sıçradı dərhal yerdən,
Ox kimi uçdu birdən.
Qaçanda ayağından
Qalxdı göyə toz-duman.
Qozbel bir an içində,
Toz və duman içində
Uzun yolları keçdi.
Oğrulara yetişdi.
Görüb qardaşlar onu,
Qaşıdı öz boynunu.
Onlar qorxudan çaşdı.
Oğrulara yanaşdı,
İvan dedi: "Qardaşlar!
Sizdə əyrilik də var?
Utanın! Ağlım sizdən
Az olsa da, düzəm mən".
Böyük qardaş qorxudan
Dedi ona: "Qardaşcan!
Bunu nəzərə al sən,
Yavan çörək yeməkdən
Qarnımız şişib bizim.
Bilirsən ki, əzizim,
На buğda əksək, acıq,
Bir çörəyə möhtacıq.
Tövcüdən gəlib cana
Düşmüşük həyəcana.
Axır Qavriloyla mən
Düşündük ki, bu dərddən
Qurtara bilək necə.
Qərara aldıq, gecə
Bazara çəkib birbaş
Atları sataq, qardaş,
Mincə manat pul alaq.
Qəşəng qırmızı papaq,
Bir dəst təzəcə paltar,
Bir çəkmə, bir də şalvar
Alıb sənə gətirək,
Özün bilirsən gərək
Atan da xoş gün görsün,
Rahatca ömür sürsün.
Yazıq işdən qalıbdır,
Yamanca qocalıbdır.
Sən ağıllı oğlansan,
Hər bir şeyi qanansan".
Razılaşıb əlbəəl
Ivan dedi: "Çox gözəl,
Yalı qızıl atları
Satın, məni də barı
Şəhərə aparın siz".
Qardaşları çarəsiz
Bu işdən keçmədi vaz.
Çünki başqa cür olmaz...
Qaranlıq atdı pəncə,
Gəldi soyuq bir gecə.
Yolda azmasın deyə
Onlar gecələməyə
Bir yer seçib dayandı.
Budur atlar bağlandı...
Sonra məclis qurdular,
Yeyib bir az vurdular.
Düşündülər: gün gələr,
Görək kim üstün gələr.
Danilo düzənlərdə,
Xeyli uzaq bir yerdə
Parlayan işıq gördü,
О, göz vurub öskürdü.
Boynunu qaşıyaraq
Qavriloya dedi: "Bax,
Çöküb gecə qaranlıq.
Ay da çıxmır bir anlıq
Açılsın ürəyimiz.
Yaman darıxırıq biz...
Sonra dedi: bir dayan
İşıqdır, о parlayan?
Hə, hə özüdür ki, var.
Ocaq qursaq, qardaşlar,
Gözəl olar!... Mənə bax,
Vanyuşa, dur qaç, qoçaq!
Özünü ora yetir.
Ocaqdan bir od gətir.
Bilirsən ki, qardaşım,
Yoxumdur çaxmaq daşım".
Qəlbindəsə dedi: "Sən
Görüm sağ dönməyəsən".
Qavrilo dedi: "Orda
Rast gələsən bir qurda!
Səni tutsun qaçaqlar,
Qəlbinə çəksin dağlar".
Qorxu bilmədi sarsaq,
At belinə qalxaraq,
Dayçanı məhmizlədi,
Yanan odu izlədi.
Bir dəfə bağırınca,
Yel kimi uçdu dayça,
Qalmadı izi, tozu...
Qavrilo dedi: "Bizi
Xaç saxlasın bəladan!
Bu, cindir minib İvan".
At getdikcə yüyürdü,
Gic odu aydın gördü,
Gəldi çatdı bir düzə.
Gecə dönüb gündüzə,
İşıqlanmışdı hər yan,
Vanyuşa heyran-heyran
Dedi: "Nə istisi var,
Nə odun tüstüsü var,
Bəs işıq gəlir hardan?
Möcüz yaradıb şeytan.
İşıq verir beş papaq,
Odda isti yox ancaq".
At dedi: "Əlbəttə, sən
Bunu möcüz bilərsən.
Simurqun lələyindən
İşıqlanıb çöl, çəmən.
Bax edirəm xəbərdar:
Lələyin xatası var.
Onu götürsən əgər,
Çəkərsən böyük zərər".
Gic düşündü: "Nə desən
Vaz keçmərəm lələkdən".
Alıb lələyi sarsaq
Əsgiyə sarıyaraq
Papağında gizlədi.
Dayçanı məhmizlədi,
O, burdan geri döndü.
Qavriloyla, Danilo
Soruşdu: "Nə gördün sən?"
İvan dedi: "Çatıb mən
Gördüm bir kötük yanır,
Çəmənlər işıqlanır.
At oda tərəf döndü,
Odlanan kötük söndü.
На püflədim yanmadı,
Od dil-ağız qanmadı".
Bir an yatmadı gecə,
Güldü qardaşlar gicə.
Ayağını uzatdı,
İvan sübhəcən yatdı.
Atları sürüb səhər
Paytaxta yetişdilər.
At satılan meydanda
Dayandılar bir yanda.
Paytaxtda vardı adət.
Darğa verməsə rüsxət
Alış-veriş olmazdı,
Heç bir kəs mal almazdı.
Az qalmışdı nahara,
Darğa gəldi bazara,
Başında xəzdən papaq,
Çəkməsi vardı parlaq.
Yanında yüz nökəri.
Səs bürüdü hər yeri...
Uzun bığlı, saçı gur
Bir carçı qızıl şeypur
Çalıb bağırdı bar-bar:
"Vaxtdır, açılsın bazar!
Sövdəgərlər, mal satın!
İpək satın, şal satın.
Baxıb nəzarətçilər,
Yetirsin işə nəzər.
Olmasın bir dalaşma,
Bir basırıq, çaxnaşma,
Xalqı aldatmasınlar,
Çürük mal satmasınlar!"
Açılınca dükanlar
Tacir xristianlar
Bağırdılar: "Müştəri!
Hər cür mal var, gəl bəri".
Budur qızışıb bazar
Hər tacir, hər sövdəgar
Satdı ipək, satdı bez.
Pulları sayıb tez-tez
Aldı müştərilərdən.
Nəzarətçiyə hərdən
Göz vurar alverçilər,
Sövdəgarlar, çərçilər.
Bu zaman birdən-birə
At, mal satılan yerə
Bir dəstə nökər gəlib,
Gördü səs-küy yüksəlib.
Gülən kim, bağıran kim.
Dostunu çağıran kim.
Burda var bir basabas,
Yol açıb keçmək olmaz.
Darğa düşdü heyrətə,
Dedi: "Bu cəmaətə
Nə olub şəndir belə?"
Əmr elədi: "Tezliklə
Yol açın, görüm nə var".
Nökərlər bağırdılar:
"Ayaqyalın şeytanlar!
Gönü qalın şeytanlar!
Durmayın burda çin-çin,
Dağılın, yoldan keçin?"
Uzun bığlı, uzunsaç
Atlılar əldə qırmac
Qovdu bu izdihamı,
Qaçdı qorxudan hamı.
Gördü bığlı atlılar
Meydanda iki at var,
Tərlan baxışlı, xoşrəng.
Qızıl yalları qəşəng
Hörülüb halqa-halqa;
Quyruğu dalğa-dalğa.
Uzun zaman boynunu –
Darğa qaşıdı, onu
Sardı böyük bir heyrət...
Dedi: "Bir görün, qüdrət
Yaradıb necə möcüz,
Ağıl lap qalır aciz".
Sonra verdi o, fərman:
Mən dönüncə saraydan
Bu atları heç bir kəs
Bazarda ala bilməz!
Gedim gördüklərimdən
Söhbət açım çara mən.
Darğa yola düzəldi.
Çarın qəsrinə gəldi.
Baş əyib çara darğa,
Üz sürtərək torpağa
Söylədi ki: "Ata çar!
Kərəm eylə, ərzim var".
Çar dedi: "Danış, ancaq
Nitqin qısa olsun, bax!"
Darğa dedi: "Hökmüdar,
Ərzim lap gödək olar!
İllərdir sədaqətlə,
Çox böyük ləyaqətlə
Darğayam bu şəhərdə,
Adım gəzir dillərdə.
Nöqsanım olmayıb heç"...
- Yaxşı, mətləb üstə keç!
"Atlılarla bu gün mən
Meydana getdim, birdən
Gördüm düşüb basabas,
İynə atsan tapılmaz.
Dərhal verdim bir fərman:
Qovulsun hamı ordan!
Xalq qovuldu, böyük çar!
Gördüm bir cüt köhlən var,
Pəh-pəh necə xoşrəngdir.
Maral kimi qəşəngdir...
Yalları halqa-halqa,
Quyruğu dalğa-dalğa.
Nalı parlaq incidir,
Hər qəlbin sevincidir".
Davam etməyib bir an
Qalxıb dedi hökmüran:
"Gedək atları görək!
Bəlkə ələ keçirək".
Taxtından yerə endi,
Tez yuyunub bəzəndi,
Əmr etdi, minik gəldi.
Dərhal yola düzəldi.
Arxasmda atlılar,
Meydançaya gəldi çar.
Çatan kimi meydana,
Baş əydi hamı ona.
Padişah yerə endi,
Atlara tərəf döndü,
Bir keçib sağ yanından,
Bir də keçdi solundan.
Atları tumarladı,
Yalını hamarladı.
Dindirdi çox şəfqətlə,
Baxdı, baxdı diqqətlə,
Soruşdu vüqarla çar:
"Kimindir bu dayçalar?"
Əlləri belində yan,
Çıxıb ortaya İvan,
Adlı-sanlı pan kimi,
Dedi: "Mənəm sahibi
Qonur xallı atların.
İpək yallı atların".
Çar söylədi: "Sat alım!"
"Satlıq deyildir malım, dəyişirəm mən ancaq".
"Nəylə?" iki beş papaq
Gümüş versən, çar, əgər,
Bu sövdəmiz düzələr".
"Demək on papaq gümüş,
İstədiyin bu imiş!"
Əmr elədi hökmüdar,
Atları apardılar.
Çar səxavət göstərdi,
Beş manat artıq verdi.
Gəldi on qoçaq mehtər,
Əynində geyimi zər,
Belində güllü qurşaq,
Əlində meşin şallaq.
Atları aparanda
Yüyənini bir anda
Qırıb köhlənlər qaçdı;
Sahibinə yanaşdı.
Çar geri döndü birbaş,
İvana dedi: "Qardaş!
Hürkür bizdən bu atlar.
Yalnız bircə əlac var:
Sarayına gedib sən,
Orda xidmət edəsən.
Bax, olsan mənə mehtər
Geyinərsən zər-zivər.
Yeyib, içib gəzərsən,
Yağda, balda üzərsən.
Olub külli-ixtiyar,
Yaşayarsan bəxtiyar.
Çarın sözü, sözdür, bil!
Razısanmı?" "Bəd deyil,
-Düşünüb dedi Ivan,
-Sarayda mən hər zaman
Üzərəm balda, yağda.
Ollam kefdə, damağda.
Xidmət eyləyib çara
Geyinərəm zər-xara.
Demək çıxıb bostandan,
Çara oldum komandan.
Çox gözəl, razıyam, çar!
Ancaq bircə şərtim var:
Nə qədər yatsam əgər
Danışmasın nökərlər.
Yuxuculam əzəldən,
Belə yaranmışam mən!"
Sürüb atları İvan,
Dərhal çıxdı meydandan.
Yolda nəğmə deyirdi,
Əlini yelləyirdi.
Atlar coşub nəğmədən
Oynayırdı gedərkən.
Qozbel at bu avazla,
Elə süzürdü nazla
-Kim baxırdı kənardan
Olurdu ona heyran.
Pullanıb iki qardaş
Kəndə döndülər birbaş.
Hərə bir qız bəyəndi,
Pulu böldü, evləndi.
Salıb İvanı yada,
Ömür sürdü obada.
Onlar qalsın, ay uşaq,
Biz nağılı danışaq:
Qoy hər bir xristian
Əylənsin, bilsin, İvan
Olanda çara nökər
Gördü nə böyük işlər,
Simurqu necə tutdu,
Gündüz, ya gecə tutdu.
Şahzadə qızı hardan
Qaçırtdı qoçaq İvan
Üzükçün necə getdi,
Necə elçilik etdi.
Balinanı bəladan
Gün kəndində qəhrəman
Necə qurtara bildi,
Bu asan iş deyildi.
O, necə dönüb geri –
Qərq olmuş gəmiləri
Çıxartdı okeandan.
Necə oldu ki, İvan
Qaynar qazana düşdü.
Nə yandı, nə də bişdi,
Oldu bir göyçək oğlan,
Gül oğlan, çiçək oğlan.
Qoy bilsin oxucular
-İvan necə oldu çar.
İKİNCİ HİSSƏ
"Nağıl tez deyər insan,
İş görməksə deyil asan ".
Başlayım nağılı mən,
Danışım hər tərəfdən.
Deyim dəcəl İvandan,
Söyləyim boz madyandan.
Dəryada oğlaq gördüm,
Meşəlikdə dağ gördüm.
Budur bax açıb qanad
Uçdu günəşə bir at.
Göylərin üst qatında,
Ayağının altında
Durab böyük bir meşə,
Bulud süzür həmişə,
Çaxır orda ildırım,
Gurlayır guram-gurum.
Dostlar, sizə bəllidir.
Bu bir qərəvəllidir.
Nağıl durur qabaqda,
Okeanda var ada.
Söyləyir nağılçılar,
Adada bir meşə var.
Meşədə Şahzadə qız
Yatır məzarda yalqız.
Orda bülbül fit çalır,
Heyvan səsi ucalır,
Bitir qərəvəllimiz,
Nağılı söyləyək biz.
Bilsin bütün insanlar,
Dostlar, xristianlar
Ki, bizim qoçaq İvan
Adlı-sanlı qəhrəman
Sarayda nökər olmuş,
Tövlədə mehtər olmuş,
О hər gün baxır ata.
Qardaşlar, qoca ata
Yadına düşmür əsla.
О geyinir zər-ziba,
Tumacdan al çəkmələr,
Şirni yeyir hər səhər
Sarayda lap doyunca.
Yatır hər gün bolluca,
Olur daima kefdə.
Keçir bundan beş həftə.
Bir əngəl çıxır ancaq,
Burda İvandan qabaq
Bir boyar imiş mehtər.
And içib həmin nökər
Demişdi: "Ölsəm də mən
Gərək vəzifəsindən
Qovdurum bu gəlməni,
Nəzərdən salıb məni".
Həmən dediyim alçaq
Yataq ağasıydı bax,
Kələk qurdu hiyləgər
Gəzdi tövlədə lal-kar.
Yumdu qəsdən gözünü,
Kоr göstərdi özünü.
İvançın dedi: "Dayan,
Tutular sənə divan!
Beş həftə keçdi bundan
Güdüb gördü ki, İvan –
Nə atlara yem tökür,
Nə də ki, qaşov çəkir.
Lakin burda bir sirr var,
Tərtəmiz olur atlar.
Gözəl ipək yalları
Andırır maralları.
Hörülmüş kəkilləri
Xatırladır gülləri.
Təmizlənmiş axurda
Vardır təptəzə arpa,
Elə bil ki, xirməndən
İndicə gətirmisən.
Çanaqlarsa dolu su.
Ah çəkdi, düşündü:
"Bu, Cinlərin vərdişidir,
Yoxsa şeytan işidir?..
Gərək yatmayıb gecə,
Güdüm bunu gizlicə.
Verim dumada elan
Ki, bir azğın basurman
Çara olubdur mehtər.
Görür dumanlı işlər
О cadugər, boşboğaz,
Bir oğrudur yaramaz.
Cinlə dostluq eyləyir,
Duz-çörək kəsib yeyir.
Pəhriz etmir, xaçı var,
Kilsəyə getmir murdar".
Yataq ağası gecə,
Nökərlərdən gizlicə
Gəlib axura endi,
Ot içində gizləndi.
Gecə yarıya qədər
Qaldı orda hiyləgər.
Dərmədi nəfəsini,
Çıxarmadı səsini.
Baxıb о bir deşikdən
Göz çəkmədi eşikdən.
Gecə keçdi hənirdən...
Qapı açıldı birdən,
Gəldi köhnə atqovan.
Atlar kişnəyib о an
Ona tərəf baxdılar,
Dərhal şaxə qalxdılar.
Qapını yavaş-yavaş
Bağlayıb gəldi birbaş
Pəncərə qabağına.
Əl atdı papağına,
Ordan bir lələk aldı,
Lələk bir şəfəq saldı,
Nura boyandı hər yan...
Keçmiş mehtər qorxudan
Az qaldı çəksin nərə,
Axurdan dəysin yerə.
Cin nəğmə deyə-deyə
Girişdi işləməyə.*
Atlara qaşov çəkdi,
Su verdi, arpa tökdü,
Hördü ipək yalını,
Tumarladı dalını...
Axurdakı hiyləgər
Tökür puçur-puçur tər,
Bərəldib sağ gözünü,
Kələf kimi özünü
Büküb baxdı lələyə.
Mat qaldı bu kələyə.
Fikirləşdi, bu zaman
Cin gəlib bura hardan?
Saqqalı, buynuzu yox,
Qüvvətli görünür çox.
Saçı hamar oğlandır,
Həm də xeyli cavandır.
Geyib əyninə tafta,
Köynəyində var bafta,
Çox bənzəyir İvana.
Diqqətlə baxıb ona
Dedi: - "İvandır ki, var.
Yaxşı, dayan sabah çar
Bilər bütün hiyləni.
Güdaza verrəm səni,
Aşın asılar şəksiz.
" İvan bundan xəbərsiz
Şən nəğmə deyə-deyə
Girişdi işləməyə.
Sürətlə gecə yarı
Qaşovladı atları.
Yal birçəyini hördü,
Bütün işləri gördü,
Doldurdu axurlara
Dənəvər gözəl arpa.
O, çənlərə su tökdü,
Sonra lələyi bükdü
Gizlətdi papağında.
Uzandı yatağında.
Açılan kimi səhər
Qalxıb həmən hiyləgər,
Gördü yatıbdır İvan
Elə bil ki, Yeruslan
Xoruldayır, sevindi.
Axurdan yerə endi,
İvana yaxınlaşdı,
Papağını tez aldı,
Lələyi alıb yavaş
Saraya getdi birbaş,
Çarı etsin xəbərdar.
Təzə oyanmışdı çar.
Yataq ağası gəldi,
Hüzurunda baş əydi,
Söylədi: "Çar sağ olsun!
Hər zəfərin dağ olsun.
Mən olsam da günahkar,
Hüzurunda ərzim var".
Çar dedi: "Sirrini aç!
Ancaq yalan sözdən qaç.
Yalan danışsan əgər,
Sənə yüz şallaq dəyər".
Yığıb var qüvvəsini,
Qabardıb sinəsini,
Nökər dedi: "Çar ata,
Sözümdə yoxdur xəta!
And içirəm İsaya,
Çox müqəddəs kilsəyə,
Danosum düzdür, inan!
Çox şeylər bilir İvan,
Ancaq gizlədir səndən,
Hiyləsini bilmirsən.
Gizlətsə qızıl, gümüş,
Olmazdı böyük bir iş.
Duymursan kələyini,
Simurqun lələyini
Gizlətmişdir qudurğan".
"Aha, məlun! Bir dayan,
Başın gedər bədəndən!
Gör, nə gizlədir məndən".
"Tək bu deyil, ata çar!
Hələ başqa iş də var.
Özünü təriflədi,
Söhbətdə о gün dedi:
Əmr etsə çar, istəsəm,
Simurqu tuta billəm".
Deyə nökər dil tökdü,
Taxt önündə diz çökdü,
Lələyi qoyub yerə,
Taxtı öpdü üç kərə.
Çar baxıb heyran-heyran
Nəşəylə güldü bir an.
Saqqala verib sığal,
Lələyi qoydu dərhal,
Sandıqçada gizlətdi.
O, bağırıb əmr etdi,
Taxtı yumruqlayaraq
Söylədi: "Gəlsin sarsaq!"
Qalxdı dörd-beş dvoryan
Görsün hardadır İvan.
Lakin getmədən qabaq
Onlar aşdı mayallaq.
Çarın xoşuna gəldi,
Güldü, kefı kökəldi.
Gördülər xoşlanır çar.
Göz qıyıb dvoryanlar
Qaçıb küncdə durdular,
Yenə mayallaq vurdular.
Onları alqışladı,
Çar papaq bağışladı.
Əl çəkib bu oyundan,
Getdi dörd-beş dvoryan,
Əmri gicə yetirsin,
Onu çəkib gətirsin.
Açıb qapını lay-lay,
Tövlədə salıb haray,
Çarın beş dvoryanı
Təpiklədi İvanı.
İvan qımıldanmadı,
Yuxudan oyanmadı.
Bir saat əlləşdilər...
Axırda bir yekəpər
Süpürgəyə əl atdı,
Gic İvanı oyatdı.
İvan qalxdı yerindən,
Od yağdı gözlərindən.
Soruşdu: "Nə cürətlə
Axışıb bura belə
Oyatdınız İvanı?
Qaralıb onun qanı,
Qamçısına əl atar,
Sizləri qırıb çatar".
Dvoryanlar dedi: Sən
Saraya getməlisən,
Bu, çarın öz əmridir!"
"İndi ki, çar əmr edir
Geyinib gəlləm bu an".
Deyə qalxdı gic İvan,
Təmiz-təmiz yuyundu,
Kaftanını gey indi.
Bəzəndi səliqəylə
Kəmər bağlayıb belə,
Şallaq taxdı bəy kimi,
Süzdü bir ördək kimi,
Gəlib çara hörmətlə
Baş əyərək, cürətlə
Dedi: "Bu nə işdir, çar,
Məni kal oyadıblar!"
Çar qəzəblə dedi:
"Sus! Ey yaramaz uğursuz.
Simurq lələyini sən
Nə hədlə gizlətmisən
-Mənim xoş nəzərimdən.
Qorxmursan qəzəbimdən?!
Ölümcül olanadək
Vurdurram sənə kötək.
Söylə görək, ay tatar,
Burda mən çaram, boyar?"
Heyrətlə dedi İvan:
"Ey çar, sənə papaqdan
Söz açmamışam, hardan
Bəs bunları duymusan?
Sən peyğəmbərsən yoxsa?
Döydürüb versən cəza,
Bil, məndə yoxdur lələk,
Quran deyiləm kələk".
Çar dedi: "Etmə inkar,
İvan, səndə lələk var!"
İvan dedi: "İnan mən
Xəbərsizəm lələkdən
Çarın artıb həyəcanını
Tez açdı sandıqçanı.
Dedi: "Bax, budur lələk!
Mənə gəlirsən kələk".
İvanı bu söz kəsdi,
О yarpaq kimi əsdi.
Titrədi əl-ayağı,
Yerə düşdü papağı.
Çar bir az gülümsədi,
İvana belə dedi:
"Göstərir görünüşün
Bərkə düşübdür işin.
Səbr et, görərsən, qardaş!
İvan töküb qanlı yaş.
Dedi: "Bağışla, ey çar!
Günahkaram, günahkar.
Söz verirəm mən inan,
Bir də demərəm yalan".
Qorxudan birdən-birə
Sərildi İvan yerə.
Çar dedi: "Bu dəfə mən
Keçirəm təqsirindən.
Bir də günahın olsa
Görərsən böyük cəza.
Mən keçsəm də onu bil,
Tanrı əfv edən deyil.
Başın gedər bədəndən,
Məni yaxşı tanı sən.
Sözüm budur müxtəsər,
İvan demisən: əgər
Çar əmr etsə, istəsəm
Simurqu tuta billəm,
Danma bax, dostum, bunu.
Get tap Simurq quşunu".
Fırfıra kimi bu an
Fırlanıb dedi Ivan:
"Lələyi danmıram mən.
Ancaq quşun özündən
Xəbərsizəm, hökmüran!
Gəl mənə atma böhtan".
Çar söylədi: "Mənimlə
Bəhsə girirsən hələ?
Verdim üç həftə möhlət.
Sən gedib hələ-həlbət
Tapmasan quşu əgər,
Qollarm zəncirlənər.
Bu saqqalım haqqı bax!
-Tökülər qanın nahaq!
" İvan axıdıb qan-yaş,
Tövləyə döndü birbaş.
Qozbel İvanı görcək,
Rəqs eylədi sevincək.
Hiss edib gözündə nəm,
Üz verdi ona da qəm.
Soruşdu: "Vanyuşa, sən
Neçün belə dərdlisən?
Başını dikib yerə
Nə batmısan kədərə?
Bəlkə xəstəliyin var,
Ya bəlkə bir zülmkar
Etmişdir sənə zülüm?
Danış, dərdini bilim,
Bir əlac tapım ona".
İvan atın boynuna
Sarıldı, qucaqladı,
Ona ümid bağladı.
Dedi: "Böyük bəla var!
Mənə əmr etmişdir çar
-Tapım Simurq quşunu.
İtirmişəm huşumu.
Bununçün neyləyim mən?"
At dedi: "Həqiqətən,
Böyükdür bu dərd, kədər.
Lakin köməyim dəyər
Bu işdə sənə İvan!
Yadındamı о zaman
Lələyi alanda sən
Dedim: vaz keç bu işdən,
Çəkərsən böyük bəla.
Sözə baxmadan əsla.
Görürsənmi, əzizim,
Düz imiş mənim sözüm.
Olan olub keçmişdir,
Bu qulluq kiçik işdir,
Düzəlib gedər, ancaq
Xidmət qabaqdadır bax!
Get birbaş saraya çıx,
Çara söylə sən açıq:
Hazırlansınlar yola
İki təknə ən əla
Sarı buğda, iki qab
Xaricdən gəlmiş şərab.
Söylə, biz sabah səhər
Edirik burdan səfər".
İvan yola düzəldi,
Birbaş saraya gəldi.
Açıq söylədi: "Ey çar!
Əmr et, hazırlasınlar
Mənimçün bu gün yola
İki təknə ən əla
Sarı buğda, iki qab
Xaricdən gəlmiş şərab.
Açılan kimi səhər
Edirik burdan səfər".
Çar bir neçə dvoryan
Çağırıb dedi: "İvan
Nə istəsə tez verin!
Yolçun tədarük görün".
İvana dedi: "Sağ ol,
Get sənə uğurlu yol!"
Ertəsi günü səhər,
Qızaranda şəfəqlər
At gəlib dedi: "İvan!
Getmək vaxtıdır, oyan!'
İvan dərhal oyandı,
Səfərə hazırlandı,
O, götürdü iki qab
Xaricdən gəlmiş şərab,
İki təknə də əla
Təzə döyülmüş buğda.
Çox qalın paltar geyib,
Çörək qazmağı yeyib,
Mindi atın belinə.
Yollandı Şərq elinə...
Simurqu axtarmaqçün
Yol getdilər yeddi gün,
Düz yeddi gecə tamam.
Səkkizinci gün axşam
Çatdılar bir ormana.
At söylədi İvana:
"İvan, indi burda sən
Bir tala görəcəksən.
Talada bir gümüş dağ,
Dağ döşündə bir bulaq
Simurqlar səhər-səhər
Qızaranda şəfəqlər
Su içməkçün о dağa
Gəlir qonur bulağa.
Bax, gərək biz о zaman
Bir Simurq tutaq dağdan".
Qurtarıb sözünü at,
Quş kimi açıb qanad
Talaya gəlib çatdı.
İvan heyrətə batdı.
Gördü zümrüddür hər daş,
Meh əsir yavaş-yavaş.
Titrəyir zərif güllər,
Oxuyur şən bülbüllər.
Ortada var gümüş dağ
Dağda billur bir bulaq
Günəşdən alıb min rəng
Hər yan görünür qəşəng.
Su kimi axır qızıl,
Parlayır parıl-parıl.
Ən yüksəkdə şam yanır,
Hər tərəf işıqlanır...
Yamaclara yüksəldi,
Dağın döşünə gəldi.
İvana söylədi at:
"Buğdanı şəraba qat,
Dostum, bir az keçincə
Çökəcək dərin gecə.
Səni qorusun deyə
Gir о biri təknəyə.
Dayan pusquda xəlvət.
Əldən qaçmasın fürsət,
Açılan kimi səhər
Simurqlar bura gələr.
Quşlar qonar bulağa,
Başlayar qışqırmağa.
Dən yeyəndə təknədən,
Yaxındakı quşu sən
Tut, saxla, çək bir nərə.
Mən gəlim həmən yerə"
İvan söylədi: "Gərək
Taxım əlimə əlcək,
Ki, qızışan zaman ov
Yandırmasm od-alov".
Qozbel sisdə, dumanda
Gözdən itdi bir anda.
Pusquda dursun deyə
İvan girdi təknəyə,
Ölü kimi uzandı.
Gecə dağ işıqlandı,
-Döndü aydın gündüzə.
Yayıldı şəfəq düzə.
Bütün Simurqlar gəldi,
Civ-civ səsi yüksəldi.
Gedib təknəyə sarı
Yeyəndə buğdaları.
İvan baxıb təknədən,
Düşünüb söylədi: "Mən
Simurqu tutsam belə
Keçirə billəm ələ.
Burda on beş simurq var
Ələ keçsə bu quşlar
Mənim kefim olar saz.
Heyif, buna güc çatmaz!
Simurqlar çox qəşəngdir,
Sevimlidir, xoşrəngdir,
Qırmızıdır ayağı,
Nə itidir caynağı,
Dimdiyi sanki tuncdur,
Quyruqları gülüncdür,
Toyuqlarda görəsən
Olmur bu quyruq nədən?
Olmur belə yaraşıq?
Var Simurqda bir işıq
İnan ki, evdəki peç
Bunca işıq verməz heç..."
Belə düşünüb bir an
Asta çıxdı pusqudan,
Quşlara yaxınlaşdı,
Bir Simurqa yanaşdı.
Yapışdı quyrağundan.
Bağırıb dedi İvan:
"Quşu tutdum, atım, gəl!
Yoxsa iş olar əngəl".
Birdən-birə о saat
Hazır oldu qozbel at.
Dedi: "Ey sahibim, sən
Doğrudan da zirəksən.
Simurqu torbaya bas,
Tez mənim boynumdan as.
Torbanı möhkəm bağla!
Düşürük bu an yola".
İvan söylədi: "Bu an
Dayan, mən bu quşları
Hürküyə salım bir az.
Gülüm, nəşəm olsun saz".
Torbasına əl atdı,
Başı üstə fırlatdı,
Quşlar qanad açdılar,
Ətrafa od saçdılar.
Yüksəldilər bir anda,
Uçdular asimanda.
Üz tutub göyə baxdı,
İvan gülməkdən axdı.
Qışqırdı əl eylədi,
Qollarını yellədi.
Quşlar qalxıb yuxarı,
Aşdılar buludları.
Dərhal itdilər gözdən.
Xəzinəni alıb, şən
-Qayıtdı İvan geri.
Bitdi ağır səfəri...
Burdan yola düzəldi,
Birbaş paytaxta gəldi.
Çar danosçuya baxdı...
Azğını həsəd yaxdı.
Öz əlini çeynədi.
Qəlbini dərd-qəm yedi.
Çar soruşdu İvandan:
"Hə, Simurqu tutmusan?
"Tutmuşam, ey hökmüdar!
"Ver!" "Əmr elə qapılar
Bərk bağlansın bir anlıq
Çöksün dərin qaranlıq".
Eşidən kimi bunu,
Pəncərəni, qapını
Bağladı üç dvoryan.
İvan açıb torbadan
Gözəl quşu buraxdı,
Hər уana işıq axdı...
Çarın gözü qamaşdı,
O, qorxusundan çaşdı.
Qışqırdı ki: "Yanğm var!
Tez gəlsin yanğınçılar.
Hər yana buraxsın su..."
"Yox-yox, yanğın deyil bu,
Simurqun alovundan
İşıqlanıbdır hər уan".
Deyib güldü Vanyuşa.
Söylədi: "Et tamaşa,
Gör nə gətirmişəm, çar!"
Nəşələnib hökmüdar
Dedi: "Doğrudan da sən
Mənə sevinc vermisən.
Dostum Vanyuşa, gərək
Qulluğunu böyüdək,
Bu gündən ol baş mehtər!
Sənə baxsın tövlələr".
Bic yataq ağasının
Qəlbini gəmirdi kin.
Durdu mırıldamağa,
Dedi: "Südəmər çağa
Bu dəfə güldü baxtın,
Enmədin, göyə qalxdın!
Daim zirək olmazsan,
Hələ səbr et, bir dayan!
Kələklə ancaq yenə
Qalib gələrəm sənə".
Üç həftə keçib tamam,
Yığışmışdı bir axşam
Mətbəxə xidmətçilər
Aşpazlar, naib-nökər
Şərab içir dolçadan.
Deyirdi nəğmə, dastan.
Bir nökər qalxıb yerdən
Söylədi: "Qonşumdan mən,
Dostlar, bir kitab aldım,
Oxuyub heyran qaldım.
Kitab böyük deyil, bax
Beş dastanı var; ancaq
Hər maraqlı nağılı
Heyran edir ağılı".
Xidmətçilər bir səslə
Qalxıb dedi həvəslə:
"O nağılları danış,
Qoy biz də olaq tanış".
"Hansını deyim, dostlar!
Kitabda beş nağıl var:
Biri bəhs edir çardan,
Biri şərqli boyardan,
Üçüncünü, deyəsən,
Tamam unutmuşam mən.
Pələngdən danışır, hə...
Dördüncüsü fıkrimə
Gəlmir əsla, bir dayan,
Deyən, Bobıl knyazdan
Eyləyirdi hekayət.
Bax, beşinci rəvayət
Düzü düşmür yadıma.
Yaddaş, çat imdadıma!"
"Beşincisini, burax!"
"Bir dayanın, ay uşaq,
Bəlkə о bir gözəldən
Danışır". "Düz bilmisən!
Gözəl Şahzadə qızdan
Bəhs eyləyir о dastan.
Sizə kimdən söyləyim,
Hansı nağılı deyim?"
Qışqırıb hamı birdən,
Dedilər yerbəyerdən:
"Çox eşitmişik çardan,
Əyanlardan, boyardan.
Danış bizə gözəldən,
Qoy olsun qəlbimiz şən
Hamı sakit dayandı,
Nağıl belə başlandı:
"Var bir uzaq okean,
Ora gedir basurman.
Ancaq etməyib səfər
О yerlərə bir nəfər
-Hələ nə xristian,
Nə də ki, bir dvoryan.
Danışır sövdəgərlər,
Orda vardır bir dilbər,
О qız deyildir sadə,
Söylədiyim Şahzadə
Parlaq Ayın qızıdır,
Gözəllik ulduzudur.
Onun qardaşı Gündür,
Hüsnü Aydan üstündür.
Deyirlər, Ayın qızı
Bir kürk geyir qırmızı.
Sürür şahlara layiq
Saf qızıldan bir qayıq.
Həmən qayıqdasa var
Xalis gümüşdən avar.
Qız gözəl qusli çalır,
Şən nəğməsi ucalır".
Bu sözü keçmiş mehtər
Eşidincə, hiyləgər
Taxtından enib yavaş,
Saraya qaçdı birbaş.
Yeri öpüb dedi: "Çar!
Bağışla, bir ərzim var!"
Çar söylədi: "Danış, bax
Sözün düz olsun ancaq:
Kimsəyə atma böhtan.
Bir kəlmə demə yalan".
Yataq ağası yenə
Baş əyib dönə-dönə,
Dedi: "Bir məclis qurduq,
Biz sağlığına vurduq.
Biri Şahzadə qızdan
Danışdı gözəl dastan.
Söhbət çox şirin keçdi,
Saqqalına and içdi".
İvan dedi: "İstəsəm,
О qızı tapa billəm".
Bunu deyib, üç kərə
Üz sürtdü yenə yerə.
Çar bağırdı ucadan:
"Hüzura gəlsin İvan!"
İvanı tutsun deyə
Dərhal çıxıb eşiyə
Dvoryanlar gəldilər.
Tövləyə yönəldilər.
Gördülər İvan yatıb.
Bərk yuxudan oyadıb,
Alıb onu araya
Gətirdilər saraya.
Çar dedi: "Vanyuşa, sən
Öyünərək demisən
İstəsən gedib bu an
Şah qızını taparsan".
"Çar, məndə hanı hünər!
Mənasızdır bu sözlər
Canım, yaxamdan əl çək!
Bu bir kələkdir, kələk.
Törətsən də min fıtnə,
Mən aldanmaram yenə".
Dəyişdi çarın halı.
Əsdi uzun saqqalı,
Bağırıb çəkdi nərə:
"Çox danışma, heyvərə!
Tayın deyiləm, axmaq.
Üç həftə vaxt verdim, bax
Mənim dediyim vaxtda
Qız olmasa paytaxtda
Bu saqqalım haqqı, sən
Dərin dənizə girsən
Tutub salaram həbs