Dastanlar

"Koroğlunun Dərbənd səfəri" qolu

Dəmirqapı Dərbənddə bir Ərəb paşa var idi. Ərəb paşanın Möminə adlı bir gözəl qızı var idi. Möminə xanım Koroğlunun adını, igidlik tərifini eşitmişdisə də, ancaq üzünü görməmişdi. Deyirdi görəsən bu paşaları, bəyləri zara gətirən, karvanlar vuran, tacirlər soyan Koroğlu necə igiddi? 


Möminə xanım görməzə-bilməzə Koroğluya aşıq olmuşdu. Möminə xanım bir gün Koroğluya belə bir namə yazdı:
Başına döndüyüm ay qoç Koroğlu,
Əgər igid isən gəl apar məni.
Adım Möminədi, atam Ərəb paşa,
İstərəm, özünə elə yar məni.


Möminə xanım naməni tamam elədi. Atasının İsa adlı bir nökəri var idi. Qarabaşını göndərib nökər İsanı yanına çağırtdı. Naməni nökərə verdi, dedi:
– Bu naməni apar, Çənlibeldə qoç Koroğluya ver.


İsa naməni götürüb yola düşdü. Gecə-gündüzə salıb özünü Çənlibelə yetirdi. Möminənin naməsini Koroğluya verdi, qayıtdı. Koroğlu namənin məzmunundan halı oldu. O saat Qıratı yəhərlətdi. Dəlilər, xanımlar dedilər:
– Ay Koroğlu, haraya səfərin var?
Koroğlu dedi:
– Dəmirqapı Dərbənddə Ərəb paşanın qızı Möminə xanım boynuma deyin salıb, gərək gedəm onu gətirəm. 


Dəlilər dedilər, onda qoy biz də sənlə gedək. Koroğlu razı olmadı. Özü tək atlanıb Dəmirqapı Dərbəndə yola düşdü. Hər yerdən keçib gəldi Dərbəndə çatdı. Koroğlu Qırat da yedəyində bazarda gəzinirdi. Camaat ona, atına baxıb mat qaldılar. Ərəb paşaya xəbər apardılar ki, Dərbəndə bir adam gəlib, nə özü bizim yerin adamlarına bənzəyir, nə atı bizim atlara. Ərəb paşa Koroğlunu yanına çağırtdırdı. Ərəb paşa Koroğlunu görməmişdi, onu tanımırdı, ancaq adını eşitmişdi. Koroğluya dedi:
– Haralısan, nəçisən?


Koroğlu özünü tanıtdı və nə mətləblə gəldiyini açıqladı.


Ərəb paşa Koroğlunu tanıdı, nə mətləbə gəldiyini də bildi. Vəzirini yanına çağırdı, dedi:
– Vəzir, Koroğlu qızım Möminəni istəyir, bu barədə fikrin nədi?
Vəzir dedi:
– Paşa sağ olsun, Çənlibeldən buraya gəlib, gərək verəsən, verməsən zorla aparıb hamımızı da qırar. Bir qızdan ötəri bu qədər qana bais olmaq, mahalı talatmaq olmaz. Yaxşısı budu ki, qızını ver, özünü də qoşuna sərkərdə elə. Ərəb paşa vəzirinin məsləhətinə razı oldu. Toy eləyib, qızı Möminəni Koroğluya verdi. Koroğlu burada xeyli qalası oldu. Ərəb paşanın xahişinə görə döl üçün Qıratı ilxıya qatdılar. Qırat bir vaxt ilxının içində oldu. Ancaq ondan kəhərnişan bir madyan döl tutdu, balaya qaldı. Bu tərəfdən Koroğlu bir müddət Möminənin yanında qaldı. Günlərin bir günü Çənlibel, dəlilər yadına düşdü. Möminəyə dedi:
– Mən gedirəm, Çənlibel yeyəsizdi, dəlilər yolumu gözləyir, al bu bazubəndi saxla, qızım olsa onnan dolanar, oğlum olsa qoluna bağla, gələr məni tapar.


Koroğlu bazubəndi Möminəyə verdi, onnan halallaşdı. Qıratı, gətirtdi, yəhərlədi mindi, Çənlibelə yola düşdü. Koroğlu çoxdan idi ki, dəlilərdən, xanımlardan ayrılmışdı, könlü onları çox istəyirdi. Qıratı yeldən yeyin, sudan iti sürürdü. Qırat dağları, dərələri aşdı, yolları, yamacları keçdi, Koroğlunu Çənlibelə yetirdi. Koroğlu dəlilərlə görüşdü, öpüşdü, hallarını soruşdu. Nigar xanım gördü Koroğlu boş gəlib, dedi:
– Ay Koroğlu, Möminəni niyə gətirmədin?


Koroğlu qəriblikdə darıxdığını Mömünəni orda qoyub gəldiyini bildirdi.
Bunlar burada qalsınlar, sənə Dərbənddə Möminədən xəbər verim. Doqquz ay, doqquz gün, doqquz saat tamam oldu. Möminənin Koroğludan bir oğlu dünyaya gəldi. Uşağın adını Həsən bəy qoydular. Həsən bəy böyüdü, on səkkiz yaşına çatdı. Oğlanın boyu buxunu, sürsüfəti, xoy-xasiyyəti eynən Koroğluya oxşayırdı.

 

Gözləri oyur-oyur oynayırdı, heç dinc durmaqla işi yox idi. Bunu döyürdü, onu söyürdü, hamını əlindən zara gətirmişdi. Bu dinc durmamağının üstündə əlləmayaq olduğu üçün hamı ona Kürdoğlu deyirdi. Ərəb paşa bir neçə dəfə onu yanına çağırıb öyüd, nəsihət verdi, başa gəlmədi. O yenə özü bildiyini elədi. Bir gün oynadığı yerdə sözü çəpləşdi, bir keçəli bərk döydü. Ağzının-burnunun qanını bir-birinə qatdı. Keçəl onun əlindən qurtarıb bir yana çəkildi, dedi:
– Mən sənə nə eləmişəm, məni niyə döyürsən, ay atasından xəbərsiz. Sənin atan yoxdu, kim bilir anan kimdən qazanıb.
Bu söz Kürdoğluna ox dəyən kimi dəydi, dağdan ağır gəldi. Kürdoğlu oradan birbaşa anasının yanına yüyürdü, dedi:
– Ana, mənim atam kimdi?
Möminə xanım Koroğlunun oğlu olduğunu demək istəmədi. Gözünün ağı-qarası bir oğlu idi. Yanından buraxmamaq üçün dedi:
– Oğul, sənin atan yoxdu.
Kürdoğlu dedi:
– Ana, de görüm, mənim atam kimdi? Doğrusunu deməsən səni də, özümü de öldürərəm.
Axırda Möminənin əlacı kəsilib dedi:
– Oğul, sənin atan xanlara, bəylərə qan udduran, Çənlibeldə oylağı olan sərkər qoç Koroğludu.
Kürdoğlu dedi:
– Bə indiyə kimi atam olmağını niyə məndən gizlətmişdin?
Möminə dedi:
– Qorxurdum gedib tapa bilməyəsən, düşmən əlinə düşəsən.
Kürdoğlu atasının yanına gedəsi oldu. Anasından rüsxət istədi. Anası əzəl istədi rüsxət verməsin, gördü durası deyil, gedəcək. Axırda əlacsız qalıb rüsxət verib dedi:
– Get babandan da rüsxət al.
Kürdoğlu oradan babasının yanına gəlib dedi:
– Baba, mənə rüsxət ver, Çənlibelə, atam Koroğlunun yanına gedirəm.
Ərəb paşa dedi:
– Oğul, sən hara, Çənlibel hara, gedib atanı tapa bilməzsən, paşalar, xanlar hamısı Koroğluya düşməndi, tutarlar səni öldürərlər. Getmə, qal, yaşım keçib qocalmışam, mənim yerimdə paşa ol.
Kürdoğlu razı olmadı. Ərəb paşa gördü ki, Kürdoğlu qalmayacaq. Axırda rüsxət verdi, dedi:
– Xəzinədən pul götür, ilxıdan özün bəyənən bir at tut, min elə get. Kürdoğlu getdi xəzinədən pul götürdü, ilxının içinə gəldi, hansı atı tutdu mindi, davam gətirə bilməyib beli qırıldı. Qıratdan maya tutmuş kəhərnişan madyanın bir balası olmuşdu. Böyümüşdü, ilxının içində idi. O zamandan bu zamana heç kimə tutulmurdu. Kürdoğlu kəmənd atdı, həmin atı tutdu. Gətirdi güclə yəhəri belinə basıb mindi. Sürdü Dərbənd bazarına çıxdı. Qılıncı yox idi. Fətəli adlı bir ustanın yanına gəldi.

 

Atdan düşdü, qılınc istədi. Fətəli ona bir neçə qılınc göstərdi. Kürdoğlu qılıncları əlinə aldı, bir-bir basdı qırdı, o yana atdı. Usta gördü, bu heç hır-zır qanmır, dedi:
– Ay oğul, mən bir kasıb adamam, bir böyük külfəti bununla dolandırıram, niyə qılıncları qırdın, tökdün, mənim uşaxlarımı ac qoydun, bəs sən nə istəyirsən, sənə necə qılınc lazımdı?


Kürdoğlu əzəl çıxartdı qırdığı qılıncların pulun verdi, sonra üzünü ustaya tutub, görək nə dedi:
Canım usta, mənə bir qılınc qayır,
Nə uzun, nə gödək bir qərar ola.
Dəstəsi şirmayı, özü qoşa noy,
Vuranda ürəkdən xəbərdar ola.


Usta mətləbi anladı. Kürdoğluna necə qılınc lazımdı bildi. O saat Xorasan poladının yaxşısından seçib bir qılınc qayırdı, dedi:
– Al, bu sən istəyən qılıncdı.


Kürdoğlu qılıncı götürdü, belinə bağladı, ustanın haqqını verdi. Atını mindi, Ərəb paşanın yanına gəldi, dedi:
– Baba, ilxıdan bu atı tutdum, xoşuna gəlirmi?
Ərəb paşa gördü Kürdoğlu tutduğu at Koroğlunun Qıratının balasıdı, dedi:
– Oğlu, çox yaxşı atdı, yaxşı yol.
Kürdoğlu babası ilə halallaşdı. Anasının yanına izn istəməyə gəldi. Möminə xanım Koroğlunun ona vermiş olduğu bazubəndi gətirib oğlunun qoluna bağladı, dedi:
– Yollarda olmaya-bilməyə deyəsən, mən Koroğlunun oğluyam. Atanın düşməni çoxdu, səni öldürərlər. Məni gözü yollarda qoyma.
Kürdoğlu anası ilə də halallaşıb Çənlibelə tərəf yol başladı. Kürdoğlu üç gün-üç gecə at sürüb gəldi Əhməd paşanın şəhərinə yetişdi. Əhməd paşanın adamları Kürdoğlunu görüb paşanın yanına apardılar. Paşa Kürdoğlunun atına, özünə baxıb dedi:
– Nəçisən, hardan gəlib haraya gedirsən?
Kürdoğlu dedi:Adım Həsəndir. Dağıstandan gəlirəm. Yolum Çənlibelədir.. Əhməd paşa adamlarına dedi:
– Bu nə dilli-dilli danışır. Tutun, qoymayın getsin.
Paşanın adamları Kürdoğlunu tutmaq istədilər. Kürdoğlu qılıncını çəkib onların hərəsini bir yana qovaladı, atını sürüb aradan çıxdı, Çənlibelə tərəf üz qoydu. Bir dağın başında iki bəzirgana rast gəldi. Gördü bəzirganların yaxşı şeyləri var. Kürdoğlu bəzirganların nə ki, malları var idi, əllərindən aldı, özlərini boş yola saldı. Bəzirganlar qaçıb yaxındakı şəhərin paşası Cəfər paşaya şikayət elədilər. Cəfər paşa başında adamları atlandı. Kürdoğlunun qabağını kəsdi, dedi:
– Bəzirganları niyə soydun, kimsən, haraya gedirsən?
Aldı Kürdoğlu:
– Gəl sənə söyləyim, ay Cəfər paşa,
Adım Həsən, Koroğlunun oğluyam,
Yön çevirib Çənlibelə gedirəm.


Paşa hökm elədi, başındakı atlılar Kürdoğlunu tutsunlar. Atlılar Kürdoğluna hücum elədilər. Kürdoğlu əl qılınca eləyib atlılara cumuldu. Atlılar davam gətirə bilməyib hərəsi bir tərəfə qaçdı. Kürdoğlu davadan əl çəkib yoluna davam elədi. İki gün, iki gecə at sürdü, yolda bir qocaya rast gəldi. Qocadan Çənlibelin yolunu soruşdu. Qoca dedi:
– Oğul, Çənlibelə yaxınlaşıbsan, bir az at sürsən, yetişərsən.
Kürdoğlu oradan keçdi, atını sürüb yol getməyə başladı. Gün əyilən zaman gəldi Çənlibelə yetişdi. Kürdoğlu yol gəlib yorulmuşdu. Düşdü atını qoruğa buraxdı, özü də dirsəkləndi. Dəlilərdən bir neçəsi, Eyvaz, Dəmiçrioğlu, İsabalı at belində məşq eləyirdilər. Qoruqda bir atlı adam gördülər. Eyvaz dedi:
– Siz burada durun, mən gedim, görüm o adam kimdi.
Eyvaz atını səyirdib Kürdoğlunun yanına gəldi, dedi:
– Ay adam, kimsən, nə hünərlə atını bu qoruğa buraxıbsan?


Kürdoğlu dinməz-söyləməz yerindən qalxdı. Çəkib Eyvazı atdan saldı. Qollarını bağladı, yerə yıxdı. Yoldaşları gözlədilər, gördülər Eyvaz gəlmədi, onun dalısınca Dəmirçioğlu gəldi, Eyvazı qolu bağlı görüb, Kürdoğluna hücum elədi. Kürdoğlu macal verməyib çəkdi, onu da atdan saldı, qollarını daldan bağladı, Eyvazın yanına uzandırdı. İsabalı gözlədi, gördü Eyvaz ilə Dəmirçioğlu qayıtmadılar. Bu dəfə o da atını səyirdib gəldi, yoldaşlarını qolu bağlı gördü. Kürdoğlunun üstünə yönəldi. Kürdoğlu onu da atdan saldı, qollarını bağladı. Eyvaz ilə Dəmirçioğlunun yanına yıxdı. Dəlilər uzaqdan bunu gördülər, qaçıb Koroğlunun yanına getdilər, əhvalatı ona söylədilər. Koroğlu qılınc bağladı, qalxan asdı, əmud götürdü, Kürdoğlunun yanına gəldi. Dəlilər Koroğluya göz elədilər ki, olmaya-bilməyə əl qaldırarsan, adını deyəsən, özünü nişan verəsən. Hamımızı qırdırarsan. Koroğlu Kürdoğluna yaxınlaşıb dedi:
– Oğul, hardan gəlib hara gedirsən?
Kürdoğlu dedi:
– Dağıstandan gəlib Çənlibelə gedirəm.
Koroğlu dedi:
– Onda burda nə gəzirsən?
Kürdoğlu dedi:
– Bə, bura Çənlibel deyilmi?
Koroğlu dedi:
– Yox, bura Çənlibel deyil, buradan Çənlibelə bir mənzil yoldu.


Kürdoğlu elə bildi ki, yolda rast olduğu qoca ona yalan satıb alladıb, Çənlibeli düz nişan verməyib.
Koroğlu gördü bu, xoşluqla dəliləri buraxmayacaq. Acıqlandı, Misri qılıncı çəkib Kürdoğluna hücum elədi. Kürdoğlu ilə vuruşdular. Qılıncdan murad hasil olmadı, əl əmuda atdılar. Əmuddan da bir kar aşmadı. Bir-birinin belinə əl atdılar, tutaşdılar, bir xeyli güləşdilər, yoruldular, bir-birilərinə zor eləyə bilmədilər, aralandılar, hərəsi bir yanda oturdu. Yorğunluqlarını aldılar. Qalxıb yenidən tutaşdılar. Kürdoğlu bu dəfə zor verib Koroğlunun dizlərini yerə gətirdi, bir də zor verib kürəyini yerə gətirdi, sinəsinə çöküb dedi:
– Söylə görüm, qoca, sən kimsən?
Koroğlu dedi:
– Başımı kəssən də əzəl sən kim olduğunu deməsən, mən kim olduğumu demərəm.
Kürdoğlu Koroğlunun sinəsindən qalxdı. Onu buraxıb dedi:
– Gəl, özünü boş yerə incitmə, kim olduğunu nişan ver.
Bir də tutaşdılar. Yenə Kürdoğlu Koroğlunu yıxdı, dedi:
– Bu ikincidi, bir də yıxsam öldürəcəyəm..


Bunlar burada qalsınlar, sənə Nigar xanımdan xəbər verim. Dəlilərdən biri qaçıb Nigar xanıma xəbər apardı ki, bir atlı gəlib çıxıb Dəmirçioğlunu, Eyvazı, İsabalını tutub qollarını bağlayıb, Koroğlunu da iki dəfə yıxıb, bir də yıxsa öldürəcək. Nigar xanım tələsik özünü oraya yetirdi. Gördü Koroğlu ilə Kürdoğlu üçüncü dəfədi tutaşıblar. Nigar nə qədər elədi onları bir-birindən aralasın, Koroğlu aralanmadı, dedi:
– Davanı tamam eləyək.


Koroğlu ilə Kürdoğlu xeyli güləşdilər. Axırda Koroğlu bir dəli nərə çəkdi, Kürdoğlunu götürdü yerə vurdu. Sinəsinə çökdü, Misri qılıncı çəkdi ki, başını kəssin. Nigar xanım qoymadı. İrəli yeriyib əlindən aldı. Koroğlu dedi:
– Oğul, səni öldürmədim buraxdım. Lənət şeytana de, özünü nişan ver.
Götürdü Kürdoğlu görək nə dedi:
Həsən bəyəm, Koroğlunun oğluyam,
Yerim xəbər alsan Dağıstanlıyam.
Söz tamam oldu. Koroğlu dedi:
– Yalan söyləyirsən, məni aldatmaq istəyirsən, sən Koroğlunun oğlusansa, qolunda bazubənd olmalıdı. Kürdoğlu qolundakı bazubəndi açdı, Koroğluya göstərdi.

 

Koroğlu gördü özü verdiyi bazubənddi. Ata-oğul bir-birlərini tanıdılar. Qucaqlaşdılar, görüşüb öpüşdülər. Dəlilərin qollarını açıb Çənlibelə gəldilər. Çənlibeldə gün keçirməyə, ömür sürməyə başladılar.