Bu maraqlıdır!

Havay adaları

50-ci ABŞ əyaləti sayılan Havay arxipelaqı - Sakit Okeanın mərkəz hissəsində yerləşir və 162 xırda adadan ibarətdir. Adaların yalnız 7-də yaşayış vardır. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır. Paytaxtı Honolulu şəhəridir. Honolulu həmçinin adanın ən böyük şəhəridir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.


Adalar
Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Adalar 3600 km məsafəni əhatə edir. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Adalardan ən balacası – ərazisi 125 km2 olan Kahoolavedir. Bu ada əhalisizdir. Adalar fantastik təbiəti ilə (hündür palma ağacları, rəngarəng tropik çiçəklər, geniş çimərliklər və davamlı gözəl hava) minlərlə turisti özünə cəlb edir. İl ərzində adalarda 50 milyon turist dincəlir.


Yerli əhalisi
Adanın ilkin əhalisi olan polineziyalıların bu adalara təxminən 1000 il əvvəl, Havay adalarından 4000 km şimal-qərbdə yerləşən Markiz adalarından gəldikləri hesab olunur. 


Kəşfi
500-600 il əvvəl isə polineziyalıların ikinci miqrasiyası baş verir. 18-ci əsrdə adalar avropalılar tərəfindən kəşf olunur. Havay adalarına ilk dəfə gəlmiş avropalı 1778-ci ildə Ceyms Kuk olmuşdur. O bu adalara "Sandviç Adaları" adını vermişdi. Kuk sonradan "Böyük Ada"da öldürülmüşdü.


Rəsmi dil
Adalarda rəsmi dil ingilis dilidir. Amma məişət dili olaraq yerli əhali daha çox havay dilindən istifadə edir. 


Təbiəti
Adalar dəniz səviyyəsindən 4000–5000 m aşağıda yerləşir və çoxlu sayda vulkanlarla zəngindirlər. Burada tez-tez baş verən və adaların yaranmasına səbəb olan və indiyə qədər davam edən vulkanik proseslər partlayıcı xarakterli deyillər. Vulkan püskürməsi nəticəsində vulkanın hissələri uzaq məsafələrə səpələnmir. Havay adasında yerləşən bir çox vulkanlar hələ də aktivdirlər. Mauna Loa vulkanı hər 4 ildən bir püskürür və yaxınlıqda yerləşən Hilo şəhəri üçün təhlükə yaradır. Başqa bir vulkan Kilauea da aktivdir, amma hər 7 ildən bir püskürür. 1960-cı ildə bu vulkanın püskürməsi 10 km² ərazinin lava altında qalmasına səbəb olmuşdu. Bu püskürmədən sonra adanın ərazisi 260 hektar artmışdır.


Adalar tropik siklonun təsiri altındadır və may ayından oktyabradək daha çox yağıntı müşahidə olunur. Amma günəşli saatlar bu yağışları hiss etdirmir. Ada dünyanın ən küləkli yerlərindən biri sayılsa da, havanın temperaturu yayda +24-31, qışda isə +18-21 dərəcə arası dəyişir. Adada pul vahidi ABŞ dollarıdır.


Havay adalarının saysız-hesabsız çimərliklərində dincəlmək, günəşdə qaralmaq olar. Adalarda dincələnlərin istirahətini rəngarəng etmək üçün pullu çimərliklər də fəaliyyət göstərir. Havay adalarının ən yaxşı çimərlikləri Oahu adasında yerləşən Hannauma Bay Beach, Lanikai Beach, Kailua Beach Park, Maui adasında isə Kapalua Bay Beach, Kaanapali Beach, Kauaidə Poipu Beach və Böyük adada Hapuna və Mauna Kea Beach-dir.