Nağıllar, hekayələr

Halal pul

Bir kişinin oğlu o qədər tənbəl idi ki, dünyada tayı tapılmazdı. Artıq böyüyüb yekə oğlan olmuşdu, heç bir iş görmək istəmirdi. İndiyə kimi bir qəpik də pul qazanmamışdı. Nə qədər ki atasının qollarında qüvvət, dizlərində taqət vardı, oğlunu yedizdirirdi. Ata qocalıb əl-ayaqdan düşəndə arvadını çağırdı və dedi:


- Bütün var-dövlətimi başqasına verəcəyəm. Oğluma isə heç nə qoymayacağam. O, tənbəldir, heç nəyə yaramır. Özü qazana bilməyən oğul ata malının da qədrini bilməz.


Bu sözlər anaya çox ağır gəldi. O, oğlunun tərəfini saxladı: 


- Niyə qazana bilmir ki? Lazım olsa, qazanar. 


Əri isə yenə öz fikrindən dönmədi: 


- Bacarırsa, qoy qazansın. Heç olmasa, bir qızıl gətirsə, bütün var- dövlətimi ona verərəm. 


- Yaxşı, - deyə arvadı razılaşdı. 


Ana oğlunun yanına gedib ona bir qızıl verdi və başa saldı: 


- Gündüz bir yerdə vaxtını keçir, axşam isə evə qayıdıb qızılı atana ver. Ona de ki, bunu öz zəhmətinlə qazanmısan. 


Oğlu belə də etdi. Bütün günü veyillənib axşam evə qayıtdı. Qızılı atasına verib şikayətləndi: 


- Bu qızıldan ötrü bütün günü əziyyət çəkmişəm... 


Atası pulu alıb sobaya atdı. Oğul mat-məəttəl qızılın dalınca baxdı. Amma yerindən tərpənmədi. Ata dedi: 


- Bunu sən qazanmamısan, oğul! 

 


Oğul çiynini çəkib incik halda atasından aralandı. Ertəsi gün ana yenə də oğluna bir qızıl verib dedi: 


- Get dağlarda, dərələrdə gəz. Axşamüstü isə o qədər qaç ki, bərk tərləyəsən. Sonra atanın yanına get. Ona de ki, bu qızılı alın tərinlə qazanmısan. Oğlu bu cür də hərəkət etdi. O, axşamüstü yorğun-arğın, qan-tər içində atasının yanına gəldi: 


- Görürsən, ata, mən tər içindəyəm. Bu qızılı qazanmaq üçün dəridən- qabıqdan çıxmışam, - dedi. 


Atası pulu alıb yenə sobaya atdı. 


- Məni aldada bilməzsən, oğul! Bu pulu sən qazanmamısan. 


Oğul yenə də heç nə deməyib otaqdan çıxdı. Anası başa düşdü ki, işlər pisdir, dedi: 


- Yox, oğul, biz onu aldada bilmərik. İndi başqa çarə yoxdur. Gərək qızılı özün qazanasan. Get işlə, gündə, heç olmasa, iki qəpik qazan, gətir atana ver. O sənə inanar. 


Oğlu anasının sözünə qulaq asdı. Gedib bir həftə işlədi, bir az pul qazanıb atasına gətirdi. Atası həmin pulları da götürüb sobaya atdı: 


- Yox, oğlum, bunları da sən qazanmamısan. Oğlu buna dözə bilmədi, sobaya tərəf atıldı, əllərini alovun içinə soxub pulları sobadan çıxardı və həyəcanla dedi: 


- Ata, sən nə edirsən?! Bu pulları qazanmaq üçün bir həftə zəhmət çəkmişəm. Hələ də belim ağrıyır. Sən isə onları odda yandırırsan. Bu vaxt atası dedi: 


- Bax indi inandım ki, bu pulları sən öz zəhmətinlə qazanmısan.