Bu maraqlıdır!

Diyircəkli konkilər nə zaman yaranıb?

Diyircəkli konkilərin (roliklərin) yaradıcısı Belçika ixtiraçısı Jan Jozef Merlen (1735-1803) sayılsa da,  o,  bu işdə birinci olmayıb. Çünki təkərlər üstündə ayaqqabılar haqqında ilk məlumat 1743-cü ilə -  Jan Jozefin  uşaqlıq dövrünə təsadüf edir. Təəssüf ki, ixtiraçının adı tarixdə qalmayıb. 
 
J.J.Merlen öz konstruksiyası ilə hazırladığı rolikləri 13 il sonra - 1760-cı ildə nümayiş etdirib. Bu,  Londonda keçirilən bal-maskaradda olub. Jan Jozef xırda metal təkərcikləri olan  bahalı ayaqqabılarla qonaqlar arasında dolaşaraq skripka çalırmış. Bu təsirli çıxış qonaqları çox əyləndirir. Amma roliklər mükəmməl olmadığı üçün Merlen özünü saxlaya bilməyib  500 funt sterlinqlik (o vaxt üçün böyük məbləğdir) güzgü asılmış divara çırpılır. 
 
Diyircəkli konki üçün ilk patenti 1819-cu ildə Fransada Ptible adlı bir şəxs alıb. “Petibled”lər adlandırılan bu konkilər üç təkər üstündə dəri kəmərləri olan taxta platformadan ibarət olub. Təkərlər taxta, dəmir və ya fil sümüyündən olub. “Petibledlər” Avropada çox sürətlə dəbə düşüb. Hətta 1840-ci illərdə Berlində roliklərlə hərəkət edən ofisiantların işlədiyi pivə restoranı da olub. 1857-ci ildə isə Londonda roliklər üçün ilk meydançalar yaradılıb. Sürəti ayaqqabılara maraq tədricən ABŞ-a çatıb.  Amerikalı Ceyms Leonard Plimpton (1828-1911) 1863-ci ildə “kvadı” adlanan,  qoşa təkərli konkilər hazırlayıb. Bu model qısa müddətdə böyuk populyarlıq qazanır və  XX əsrin ortalarınadək ən yaxşı model hesab olunur. 1910-cu il üçün rolik sürmək diyirlənmək okeanın hər iki tərəfində çox geniş yayılan əyləncəyə çevrilib. Avropada və ABŞ-da müxtəlif tipli və ölçülü yüzlərlə rollerdromlar tikilir.
 
Diyircəkli konkilər tarixində dönüş nöqtəsi 1979-cu ildə başlayıb.  Xokkeyçi Skott və Brennan Olson qardaşları təkərləri bir cərgədə yerləşən yenilənmiş rolik modeli təqdim edir. Onlar hesab edirdilər ki, xokkeyçilər belə roliklərdə daha rahat məşq edirlər. Bir neçə il sonra onlar “Rollerbleyd” adlı konkilərin istehsalına başlayırlar. Təkərləri poliuretandan olan roliklərin yenilənmiş modeli sürətlə bütün  dünyaya yayılır və tədricən “kvadıları” sıxışdırır. Olson qardaşlarının təklif etdikləri konstruksiya indiyədək ən mükəmməl model hesab olunur.