Nağıllar, hekayələr

Şarl Perro. Kəkilli Rike

Qədim zamanlarda bir kralla kraliça var idi. Onların elə bir eybəcər uşaqları oldu ki, təzə doğulan körpəni görən hər kəs şübhə edirdi: bu uşaq adamdır, ya yox?

Ana kraliça oğlunun bu eybəcərliyindən çox kədərlənir və tez-tez balasına baxıb ağlayırdı. Bir dəfə o, oğlunun beşiyi başında oturduqda otağa xeyirxah sehrbaz qadın daxil oldu. O, balaca kifircəyə baxıb dedi:

— Bu qədər də özünüzü üzməyin, kraliça. Doğrudur, uşaq çox eybəcərdir, lakin bu, onun xoşxasiyyət, ürəyiaçıq və rəğbətli olmasına heç bir maneçilik törətmir. Bundan əlavə o, krallıqda hamıdan ağıllı olacaq və ən çox sevdiyi adamı da ağıllı edə biləcəkdir.

Hamı xeyirxah sehrbazın peyğəmbərliyinə sevindi, lakin hamıdan çox kraliça şadlanırdı. O, sehrbaza təşəkkür etmək istədi, lakin qadın gəldiyi kimi də gözə görünmədən yox oldu.

Sehrbazın qabaqcadan dedikləri düz çıxdı. Uşaq ilk sözləri deməyə başladığı gündən elə ağıllı və səlis danışırdı ki, hamı təəccüb və heyrətlə deyirdi:

— Ah, balaca şahzadə nə qədər ağıllıdır!

Mən unutdum deyim ki, şahzadə anadan olanda başında kəkili də var idi. Buna görə də onu elə bu cür — Kəkilli Rike adlandırmışdılar.

Bu zaman qonşu kraliçanın da qızı oldu. O, yay günəşi kimi gözəl idi. Qızının gözəlliyini görən kraliça az qaldı ki, ağlını itirsin. Lakin balaca Rikenin doğulduğu gündə iştirak edən sehrbaz qadın ona dedi:


— Bir o qədər də sevinməyin, kraliça, balaca xanım gözəl olduğu qədər də axmaq olacaqdır.

Sehrbazın bu sözü kraliçanı həddindən artıq bədbin etdi. O, ağlamağa və sehrbazdan xahiş etməyə başladı ki, balaca qızına, heç olmasa, bir az ağıl versin.

— Mən bunu edə bilmərəm, — sehrbaz dedi, — lakin elə edə bilərəm ki, şahzadə qızın sevdiyi bir kəs dönüb onun kimi gözəl ola bilər — bunu deyib, sehrbaz qadın gözdən itdi.

Şahzadə qız böyüyür və ildən-ilə daha da gözəlləşirdi. Lakin gözəlliyi ilə bərabər səfehliyi də artırdı. Ondan bir şey soruşanda heç cavab vermir, yaxud elə yersiz söz deyirdi ki, hamı qulaqlarını tuturdu. Bundan əlavə, o elə key idi ki, fincanı sındırmasaydı, stolun üstünə qoya bilməzdi, su içəndə yarısını paltarının üstünə dağıdardı. Məhz buna görə də bütün gözəlliyinə baxmayaraq, o, heç kəsin xoşuna gəlmirdi. Saraya qonaqlar yığışdıqda, onlar ilk əvvəl şahzadə qıza yaxınlaşırdılar ki, ona tamaşa etsinlər; lakin ağılsız söhbətlərini eşidib tezliklə onun yanından uzaqlaşırdılar. Bu, yazıq şahzadə qızı çox bədbinləşdirirdi. O, heyfislənmədən özünün bütün gözəlliyini bir kiçik damcı ağıla əvəz verməyə hazır idi.

Kraliça qızını həddən artıq sevdiyinə baxmayaraq, özünü heç cür saxlaya bilməyib onun ağılsızlığına tənə vururdu. Bu, şahzadə qızı daha çox iztirab çəkməyə vadar edirdi. Bir dəfə o, öz bədbəxtliyinə acımaq üçün meşəyə getdi. Meşədə gəzə-gəzə şahzadə qız balaca, qozbel, həddən ziyadə kifir, lakin dəbdəbəli geyinmiş bir adamcığaz gördü. Adamcığaz düz ona tərəf gəlirdi. Bu gənc şahzadə Kəkilli Rike idi. O, gözəl şahzadə qızın surətini görüb ona qiyabi şəkildə vurulmuşdu. Öz krallığını tərk edib buraya gəlmişdi ki, şahzadə qızı alsın. Gözəllə rastlaşanda Rike çox sevindi. Şahzadə qızla salamlaşdı, lakin yamanca qəmgin olduğunu görəndə dedi:

— Şahzadə xanım, niyə belə qəmginsiniz? Axı siz gənc və gözəlsiniz! Mən çox gözəl şahzadə qızlar görmüşəm, lakin sizintək gözələ rast gəlməmişəm

.— Siz çox mərhəmətlisiniz, şahzadə, — gözəl ona cavab verdi və elə buradaca kiridi, çünki ağılsızlığından bundan artıq bir söz deyə bilmirdi.

— Heç belə gözəl də kədərə qapılarmı? — Kəkilli Rike sözünə davam etdi.

— Belə gözəl və axmaq olmaqdansa, sizin kimi eybəcər olmağı daha üstün tutardım.

— Əgər özünüzü axmaq hesab edirsinizsə, bir o qədər də ağılsız deyilsiniz, şahzadə xanım. Kim, doğrudan da, səfehdirsə, o heç bir vaxt bunu boynuna almaz.

— Mən bunu bilmirəm, — şahzadə qız dedi, — Yalnız onu bilirəm ki, ağılsızam və buna görə də belə iztirab çəkirəm.

— Əgər ancaq buna görə iztirab çəkirsinizsə, sizi bu bəladan qurtarmağa kömək edə bilərəm.

— Bunu necə edəcəksiniz ki? — şahzadə qız soruşdu.

— Mən, — Kəkilli Rike dedi, — hamıdan çox sevəcəyim bir qızı ağıllı edə bilərəm. Dünyada hamıdan çox sevdiyim üçün sizə nə qədər istəsəniz, o qədər çox ağıl verə bilərəm. Əlbəttə, mənə ərə getməyə razılıq versəniz.

Şahzadə qız pərt oldu və heç bir cavab vermədi.

— Görürəm ki, təklifim qanınızı qaraltdı, — Kəkilli Rike dedi, — fikirləşmək üçün sizə bir il vaxt verirəm. Bir ildən sonra cavabınızın dalınca gələcəyəm.

Şahzadə qız güman etdi ki, bir il uzun-uzadı, ardı kəsilmədən çəkəcək və Rikenin bu təklifinə razı oldu. Kəkilli Rikeyə ərə getməyə söz verən kimi də özünü tamam başqa cür hiss etdi. O, həmin dəqiqədən Kəkilli Rike ilə yaxşı və səlis danışmağa başladı və elə ağıllı kəlamlar dedi ki, Kəkilli Rikeni fikir apardı: görən o, ağlının çox hissəsini qıza verib, özünə azını saxlamayıb ki?

Şahzadə qız saraya qayıtdıqda, onda baş verən belə tez və möcüzəli dəyişikliyə heyran qalan saray adamları heç bilmədilər ki, nə fikirləşsinlər. Meşəyə tamamilə axmaq gedən şahzadə qız qayıdanda həddindən artıq ağıllı idi. O, ağıllı kəlamlar söyləyir, mülahizələr yürüdürdü. Kral şahzadə qızla məsləhətlər etməyə başladı və hərdən onun otağında vacib dövlət işlərini də həll edirdi. Bu qeyri-adi dəyişiklik haqqında səs-küy hər yana yayıldı. Bütün qonşu krallıqlardan gənc şahzadələr axışıb gəlməyə başladılar. Hamısı da şahzadə qızın xoşuna gəlməyə çalışır və qızdan ona ərə getməyi xahiş edirdi. Lakin şahzadə qız onları bir o qədər də ağıllı görmür və heç birinə ərə getməyə razılıq vermirdi. Nəhayət, bir dəfə olduqca dövlətli, çox ağıllı və qəddqamətli bir şahzadə gəlib çıxdı. O, həmin an şahzadə qızın ürəyinə yatdı. Kral bunu hiss etdi və qızına dedi ki, istəyirsə, bu şahzadəyə ərə gedə bilər. Yaxşı-yaxşı fikirləşib, götür-qoy etmək üçün şahzadə qız gəzməyə çıxdı və təsadüfən bir il bundan əvvəl Kəkilli Rike ilə görüşdüyü meşəyə gəlib çıxdı. Meşədə fikirli-fikirli gəzərkən şahzadə qız yerin altından nə isə bir səs eşitdi. Adama elə gəlirdi ki, orada insanlar ora-bura qaçışır, yaman narahatdırlar. Şahzadə qız ayaq saxladı və diqqətlə qulaq asıb səslər eşitdi:

— Qazanı mənə ver!

— Ocağa odun at!

Elə o dəqiqə yer aralandı və şahzadə qız öz ayaqları altında böyük bir yeraltı mətbəx gördü. Mətbəx aşpaz, aşpaz şagirdləri və müxtəlif xidmətçilərlə dolu idi. Bir dəstə aşpaz, başlarında ağ papaq, qabaqlarında ağ önlük, əllərində iri bıçaqlar yeraltı mətbəxdən çıxdılar. Onlar meşədəki yamacların birinə sarı getdilər, orada uzun stol arxasında oturub şən mahnılar oxuya-oxuya ət döyməyə başladılar. Buna təəccüb edən şahzadə qız onlardan soruşdu ki, bu zəngin ziyafəti onlar kimin üçün hazırlayırlar.

— Şahzadə Kəkilli Rike üçün, — ən gonbul aşpaz cavab verdi.

— Sabah özünə toy edəcəkdir. Şahzadə qız yadına saldı ki, düz bir il bundan əvvəl elə həmin bu gün o, balaca eybəcərə ərə getməyə razılıq vermişdi və az qaldı ki, ürəyi getsin. Həyəcandan özünə gələn şahzadə qız yoluna davam etdi, lakin heç otuz addım atmamışdı ki, qarşısında şən, gümrah, şahanə paltar geyinmiş Kəkilli Rike durdu.

— Görürsünüzmü, şahzadə xanım, mən öz sözümün ağasıyam, — dedi. — Elə bilirəm ki, siz də bura öz sözünüzün üstündə durub məni dünyanın ən xoşbəxt adamı etmək üçün gəlmisiniz.

— Xeyr, — şahzadə qız cavab verdi, — mən hələ bir qərara gəlməmişəm və yəqin ki, heç bir zaman sizə ərə getməyə ürək eləmərəm.

— Axı niyə? — Kəkilli Rike soruşdu. — Yəni siz mənə eybəcərliyimə görə ərə getmək istəmirsiniz? Bəlkə, mənim ağlım, yaxud xasiyyətim sizin xoşunuza gəlmir?

— Xeyr, — şahzadə qız cavab verdi. — Sizin ağlınız da, xasiyyətiniz də xoşuma gəlir.

— Deməli, sizi qorxudan yalnız mənim eybəcərliyimdir? — Kəkilli Rike dedi. — Lakin bu düzələn işdir, çünki siz məni çox gözəl bir adam edə bilərsiniz.

— Bunu necə etmək olar? — şahzadə qız soruşdu.

— Çox asan, — Kəkilli Rike cavab verdi. — Əgər siz məni sevsəniz və gözəl olmağımı istəsəniz, mən də gözəl olaram. Sehrbaz qadın mənə ağıl və istedad vermişdir ki, sevəcəyim qızı ağıllı edə bilim. Həmin sehrbaz sizə də elə bir istedad vermişdir ki, sevdiyiniz adamı gözəl edə bilərsiniz.

— Əgər belədirsə, — şahzadə qız dedi, — mən ürəkdən arzu edirəm ki, siz dünyada hamıdan gözəl olasınız! Bu sözlər şahzadə qızın ağzından çıxmamışdı ki, Kəkilli Rike ona ömründə görməyib, rast gəlmədiyi qədər gözəl, qəddqamətli, boy-buxunlu bir oğlan kimi göründü.

Deyirlər ki, sehrbazlar və onların sehrləri burada yersiz və əhəmiyyətsizdir. Kəkilli Rikeni sevən şahzadə qız, sadəcə olaraq onun eybəcərliyini görməməyə başlayıbmış. Əvvəllər ona Kəkilli Rikedə eybəcər görünən hər şey indi gözəl və cəzbedici görünürdü. Bu belədir, ya yox, bilmirik. Lakin şahzadə qız ona ərə getməyə razılıq verdi və səhəri gün onlar toylarını çaldırdılar.