Nağıllar, hekayələr

Süleyman Rəhimov. Usta-şagird

Bakı payızının soyuq günlərindən biri idi. Mən buruqların arasında gəzib-dolanır, neft çıxaran mancanaqlara, içindən neft axan borulara baxırdım. Bu vaxt neft buruqlarının arasında görünən bir günbəz diqqətimi cəlb etdi. Məni fikir götürdü. Köhnə fəhlə mənzillərinin yerində uca binalar tikilmiş, yanğınlar törədən taxta buruqların yerində polad buruqlar qurulmuşdu. Hər şey, hər şey dəyişmişdi. Bəs niyə köhnə günbəz toxunulmamış qalmışdır?!

 

Yaxına gəlib günbəzə maraqla tamaşa etdim. Elə bu zaman mənə tərəf buxara papaqlı, qalın qaşlı, eşmə bığlı bir kişinin gəldiyini gördüm.

 

Biz salamlaşıb, tanış olduq. O, yazıçı olduğumu, mən də onun qocaman neftçi olduğunu öyrəndim.

— Bu günbəzin adı nədir? — deyə mən ustadan soruşdum.

— «Usta-şagird».

— Nə üçün «Usta-şagird?»

— Onun maraqlı bir tarixi var, — deyə qoca neftçi günbəzin əfsanəsini danışmağa başladı:

— Deyirlər ki, burada məşhur usta, bir də onun ağıllı şagirdi yaşayırmış. İllər keçir. Şagird sənətin sirlərini dərindən öyrənir, öz ustasını ötüb-keçir. Onlar bəhsə girirlər: «Görək kim daha yaxşı bir günbəz tikər», — deyə mərc gəlirlər.


Hər ikisi yeddi il gecə-gündüz dincəlmədən çalışır. Hərə öz günbəzinə bir naxış vurur. İş başa çatanda el-oba tamaşaya gəlir. Göyə ucalan iki gözəl günbəzə baxırlar. Camaatın yarısı usta tikən günbəzə yaxşı deyir, o biri yarısı isə şagirdin günbəzini daha çox bəyənir...

 

Mən kişinin sözünü kəsib xəbər aldım:

— Bəs ikinci günbəz hanı?

— O, çoxdan uçmuşdur!

— Bəs bu salamat qalan günbəz kimindir?

— Şagirdin! — deyə qoca neftçi əlini yuxarı qaldırdı, naxışlı daşları bir-birinə geydirilən günbəzin yaraşıqlı qülləsini göstərdi:

— Gör necə yaxşı qalıb. Elə bil ki, dünən tikilib!

— Demək, zamanın sınaqlarından şagird qalib çıxıbdır?

— Bəli, şagird dərs aldığı ustasını ötüb keçibdir!

— İndi onların hansını ustad hesab etmək olar?

— Əlbəttə, ustasının zəhmətini itirməyən, qədir-qiymətini bilən şagirdi ustad hesab etmək olar!

 

Mən böyük sənətkarın xatirəsinə hörmətlə papağımı götürdüm, başımı ehtiramla əyib qoca neftçinin sözünü təsdiq etdim:

— Kimin qoyduğu abidə daha uzun ömür sürürsə, əsl ustad odur!