Nağıllar, hekayələr

Salam, əziz qonşu!

Biri var idi, biri yox idi, bir Tülbəy adlı tülkü, onun Tülxanım adlı arvadı, Tülşan və Tülcan adlı oğlanları var idi. Onların evi çox köhnəlmişdi. Tülbəyin isə iş görməkdən xoşu gəlmədiyindən ev günü-gündən sökülüb-tökülürdü. O, səhərdən axşama qədər çayxanada oturub boş-boş danışar, yalanla, böhtanla qonşuları bir-biri ilə savaşdırardı.


Buna görə də qonşulardan heç birinin Tülbəydən xoşu gəlmir, onunla danışmaq istəmirdilər. Tülbəy uşaqlarına hər dəfə tapşırırdı:
- Bizim qonşular paxıl və ziyankardırlar. Onlara salam-zad verməyin.
Ana isə başqa cür deyərdi:
- Qonşularla mehriban olun, onları görəndə ədəb-ərkanla “salam”, verin!


Tülcan və Tülşan mat-məəttəl qalmışdılar. Bilmirdilər ataya, yoxsa anaya qulaq assınlar. Ona görə də qonşulardan kimi görsəydilər gizlənərdilər. 


Bir gün ana ataya dedi:
- Divarlar köhnəlib, çat-çat olub, bir gün ev uçacaq. Təmir eləmək lazımdır!
- Heç nə olmaz! Ev niyə uçur?! – deyə ata onu sakitləşdirdi.


Həmin gün ata evdən çıxanda evin qapısı yerindən qopub yerə düşdü. Tülbəy qayıdıb qapını düzəltmək əvəzinə yenə çayxanaya - söhbətə getdi.
Tülşan və Tülcan birtəhər qapını qaldırdılar, ana qapını yerinə bərkitdi. Amma pis hadisələr davam edirdi.


Günorta ana mətbəxdə çörək bişirmək istəyəndə döşəmə sındı, ana əlində xəmir ləyəni anbara düşdü. Yaxşı ki Tülcan və Tülşan evdə idilər. Ağıllı uşaqlar hər işdə anaya kömək edirdilər.
“Darıxma ana”, - deyirdilər. - “Biz böyüyüb evimizi təmir eləyərik!”.


Həmin gün ana sobanı yandırmaq istəyəndə sobanın içərisindən tüstüçəkən dəmir boru qopub yerə töküldü. Qardaşlar tez sobanın ağzını bağladılar ki, evə qara toz tökülməsin. 
Gecə Tülcan yatmışdı, birdən hiss elədi ki, hardansa başına su tökülür. 
 
Tez qardaşını oyatdı:
- Sənin də başına su tökülür?
- Qoy yatım, su-zad yoxdur, yat, yuxu görürsən!
- Nə vecinə, çarpayının aşağı qatında yatmısan, ora su axmır.
Tülşan baxdı ki, doğrudan damdan su tökülür. Uşaqlar qab gətirib su axan yerə qoydular. Ata ilə ana yatan otağa gələndə gördülər ki, onlar da oyaqdılar. Ata soruşdu:
- Niyə durmusuz?
- Damdan su axır!
- Gedin ikiniz də çarpayının aşağı qatında yatın!
- Yox, yatmasınlar, yaxşısı budur, bizə kömək eləsinlər, evi su basır, - ana həyəcanla dedi.
- Nahaq hay-küy salma, heç nə olmayacaq! – Tülbəy uşaqların otağına keçdi.


O istəyirdi uşaqların otağında çarpayının aşağı qatında yatsın ki, üstünə su tökülməsin. Elə də elədi...


Səhərə az qalırdı. Hava yavaş-yavaş işıqlanırdı. Birdən bərk ildırım çaxdı. Tülşan pəncərəyə baxıb qışqırdı:
- Evimizi su basır!
- Aman, biz suyun altında qalırıq, - deyə ana qışqırırdı. Pəncərə yarıya qədər suyun içərisindəydi. Ev yırğalanırdı.
- Ata, evimiz suyun altında qalır!
Ata tənbəl-tənbəl yuxudan oyandı. Pəncərədən baxanda isə eşitdiklərinin doğru olduğunu başa düşdü. Özünə gəlib həyəcanla qışqırdı:
- Tez dama çıxın!
- Hardan dama çıxaq? - Hər iki qardaş birdən soruşdu.
Tülbəy baxdı ki, doğrudan da dama çıxmaq mümkün deyil. Pəncərə yarıya qədər suyun içərisindəydi. Hirslə dedi:
- Nə bilim eee, hardan çıxırsınız, çıxın!


Ana qorxudan ağlaya-ağlaya qonşuları köməyə çağırdı. Qonşular köməyə gəldi. Sən demə, yağış yağanda sel gəlib, köhnə evi selinə-suyuna qatıb aparırmış.


Hətta yanğınsöndürən də çağırdılar ki, tülkülər ailəsini fəlakətdən xilas eləsin. 


    
Yanğınsöndürən maşın qatlama pilləkənini açıb düz evin üstünə uzatdı. Tülxanım, Tülşan, Tülcan əvvəl evin damına qalxdılar, ordan da pilləkənə çıxdılar. Tülbəy isə qonşular haqqında o qədər pis danışmışdı ki, utandığından az qala gizlənirdi. Amma axırda o da canını xilas eləmək üçün pilləkənə çıxdı. Hamı xilas olundu. Amma köhnə evi xilas eləmək mümkün olmadı. Evi sel apardı.


Kirpi əmi dedi:
- Darıxmayın, ev tikənə qədər bizim evdə yaşayarsınız.
Dovşan əmi tikintidə prorab işləyirdi. O da söz verdi:
- Tezliklə sizə əvvəlkindən də gözəl ev tikərik!
Səhər meşənin ən gözəl bir yerində Tülkülər ailəsinə ev tikməyə başladılar. 

  

Köməyə bütün qonşular yığışdı. Az bir vaxtda yaraşıqlı bir ev tikdilər. Ev hazır olanda hamı sevinir, danışıb gülürdü. Tülbəy isə xəcalət çəkdiyindən dinmirdi.


Çünki o, həmişə qonşularını pisləyirdi. İndi isə səhv elədiyini görür, xəcalətindən nə edəcəyini bilmirdi. Hər dəfə qonşulardan kimsə onun təzə evini təbrik edəndə, sevincindən gözü yaşarırdı. Həmin hadisədən sonra Tülşan və Tülcan qonşuları görəndə daha heç vaxt qaçıb-gizlənmirdilər!
“Salam, əziz qonşu!”, - deyib mehribanca salamlaşırdılar.