Nağıllar, hekayələr

Natalya Abramtseva. Çiçəklər və güzgü

Nənənin köhnə güzgüsü köhnə komodun üstündə idi. Güzgü illər idi ki,  buradan dünyaya baxırdı və təbii olaraq şüşəsi bir qədər dumanlanmışdı. Güzgünün çərçivəsi çox gözəl idi, elə bil içində bir çox nağıl gizlənmişdi. Ətrafı heyrətamiz naxışlarla, çiçəklərlə və yarpaqlarla təsvir edilmiş metal iplərlə dolanmışdı.

 

Güzgüdən bir az irəlidə nənə dar bir şüşə vazın içinə gül dəstəsi qoymuşdu. Onlar qərənfillər idi: iki ağ, iki çəhrayı və bir də qırmızı qərənfil. Çiçəklər güzgüdə əks olunurdu.

 

Qərənfillər ləçəklərini açdılar, özlərini silkələdilər, ətrafa boylanaraq diqqətlə güzgüyə baxdılar və qəfil güzgüdə öz əkslərini gördülər. Niyə qəfil? Çünki, qərənfillər əvvəllər heç zaman güzgü görməyiblər və dünyada belə bir əşyanın olduğunu bilmirdilər.

 

İndi də gördüklərinin özləri kimi başqa çiçəklər olduğuna qərar verdilər.

 

- Nə qədər gözəldilər! - aralarında ən böyüyü, qırmızı qərənfil səsləndi, - bizi burada, bu yerlərin ecazkar sahibləri- çiçəklər gözləyirmiş.

 

- Heyrətamizdilər! - ağ qərənfillər söylədilər.

 

- Bizə elə gəlir ki, - çəhrayı qərənfillər dedilər, - onları “Cazibədar!” adlandırmaq daha yaxşıdır.

 

Yaşlı nənənin güzgüsünə baş verənlər gülməli gəldi: qərənfillər özlərini tərifləyirdilər və bundan xəbərsiz idilər.

 

Nəhayət, qərənfillər həmin digər çiçəklərlə tanış olmağa qərar verdilər. Beş qərənfilin hamısı öz əkslərinə nəzakətlə və zərif şəkildə baş əydilər və xoş sözlər söylədilər. Digər çiçəklər də əyildilər. Eyni şəkildə əyildilər, amma heç nə demədilər.

 

"Onlar nəzakətlidilər, lakin səssizdirlər" qırmızı qərənfil dedi.

 

"Bəlkə də çox təvazökardılar" deyə ağ qərənfillər dinləndilər.

 

Qərənfillər öz əkslərindən durmadan nəsə soruşurdular, yalnız məlum oldu ki, o, digər çiçəklər onlarla danışmaq istəmirlər. Maraqlıdır! İndiyə qədər bütün çiçəklər qərənfillərlə həvəslə danışırdılar. Heç bir şey aydın deyil!

 

Güzgü qərənfillərə digər çiçəklərin sirrini açmağa qərar verdi. Güzgü, ümumiyyətlə başqa güllərin olmadığını, bunun sadəcə bir əks olduğunu söylədi.

 

- Və hamısı bu?! - qərənfillər inanmaq istəmədilər. - Və hamısı bu?! Belə sadə?

 

- Bəli, gördüyünüz o gözəl, sevimli və cazibədar çiçəklər elə Sizsiniz! - güzgü onları inandırmağa çalışdı.

 

Güzgü qərənfillərin razı qaldığına şübhə etmirdi, ancaq deyəsən səhv edirdi. Qərənfillər kədərləndilər və səssiz qaldılar.

 

Qərənfillər uzun müddət susdular, sonra qırmızı qərənfil güzgüdən soruşdu:

 

- Əziz güzgü, əminsiniz ki, o digər çiçəklər ... onlar həqiqətən yoxdular?

 

"Əlbətdə" - güzgü yavaşca cavab verdi.

 

"Çox heyif!" - qırmızı qərənfil dedi.

 

"Kədərlidir!" - ağ qərənfillər söylədilər.

 

"Bu çox pis oldu!" - çəhrayı qərənfillər də dinləndilər.

 

Güzgü təəccübləndi. “Burada kədərli nə var ki? Gözəl qərənfillər başa düşmürlər ki, burada başqa çiçəklər olmadığı üçün, şübhəsiz ki, onlar ən gözəldirlər. Niyə bundan məmnun deyillər? Fəxr ediləsi deyilmi?"

 

Qərənfillər hər şeyi başa düşdülər, lakin xoşbəxt və sevincli deyildilər. Kədərlənmişdilər. Onlara elə gəlirdi ki, dostlarını itirdilər: bir qırmızı, iki ağ və iki çəhrayı qərənfili...