Nağıllar, hekayələr

Rozetta daşının sirri

1799-cu ilin avqust ayı... Misir... İsgəndəriyyə yaxınlığındakı Rəşid şəhəri...


Günəşin od yağdırdığı qızmar bir gündə Napoleon Bonapart ordusunun əsgərləri qan-tər içində xəndək qazırdılar. Bonapartın əmri belə idi: fransızlar Misir uğrunda gedən müharibədə türklər və ingilislərlə döyüşə girəcəkdilər.


Generalının əmrini can-başla yerinə yetirən bir fransız əsgəri dözülməz istiyə fikir vermədən çalışırdı. Birdən o, belin bərk bir şeyə toxunduğunu hiss etdi. Bu, böyük bir daş idi. Əsgər beli kənara qoyub əli ilə daşın üstündən torpağı təmizləməyə başladı. Bir azdan daşın üzərində qəribə yazılar göründü.


Üzərində Misir heroqlifləri və qədim yunan dilində yazılar olan bu daş lövhənin hündürlüyü 114 sm, eni 72 sm, qalınlığı 27 sm, çəkisi isə 760 kiloqrama bərabər idi. Rəşid şəhəri o zamanlar Rozetta adlandığı üçün bu sirli daş lövhəyə “Rozetta daşı” adı verildi.


1801-ci ildə fransızlar Misir uğrunda gedən döyüşlərdə ingilis ordusuna məğlub oldular. Onlar Misir səfərində ələ keçirdikləri bütün qəniməti, o cümlədən Rozetta daşını ingilislərə verməyə məcbur oldular.


1802-ci ildə Rozetta daşı Britaniya muzeyinə verildi. Bir çox alimlər daşın üzərindəki yazıların sirrini açmağa çalışdılar. Lakin qədim yunan dilində yazılmış mətni oxumaq mümkün olsa da, heroqliflərin sirrini açmaq heç kəsə müyəssər olmadı.

 


İllər keçdi. Rozetta daşı onun sirrini açacaq insanın yolunu gözləməkdə idi...

 

1822-ci ilin sentyabr ayı... Paris... Kitab rəflərindən divarları görünməyən bir otaqda masanın üstünə qədim yazılarla dolu papiruslar, perqamentlər səpələnmişdi.


32 yaşlı tarixçi-şərqşünas və linqvist Jan Fransua Şampolyon neçə gün idi ki, nə doyunca yatır, nə də vaxtlı-vaxtında yemək yeyirdi. O, Rozetta daşının yazısı üzərində baş sındırırdı...


Şampolyonun uşaq yaşlarından qədim dillərin öyrənilməsi və araşdırılmasına böyük marağı var idi. 16 yaşında ikən o artıq on iki dil bilirdi. Gənc alim 19 yaşında tarix üzrə professor adını almışdı.


Jan əvvəlcə hər bir heroqlif işarəsinin bir səsi bildirdiyini əsas götürərək mətni oxumağa cəhd etdi. Amma onu bu yolla oxumağa müvəffəq olmadı. Onda qərara gəldi ki, araşdırmalarını “bir işarə – bir söz” prinsipi ilə davam etdirsin. Lakin bu da öz nəticəsini vermədi.


Şampolyonun özünə inamı sarsılmışdı. O, masanın arxasından qalxdı. Otaqda yeyin addımlarla gəzişməyə başladı. Əsəbləri gərilmişdi, beynində bütün mümkün variantları analiz edirdi. Birdən addımlarını yavaşıtdı. Masasına yaxınlaşdı. Çoxdan tərcümə olunmuş qədim yunan dilindəki mətni əlinə aldı. Bəlkə də, yüzüncü dəfə onu diqqətlə nəzərdən keçirdi. Çox güman ki, Rozetta daşı üzərində həm heroqliflərlə, həm də qədim yunan dilində yazılmış mətnlər məzmunca eyni idi. Amma işarələrin mənasını bilmirsənsə, bunun nə faydası?!


Birdən Şampolyonun ağlına bir fikir gəldi. Bəlkə, qədim misirlilərin yazısında hər bir heroqlifin iki təyinatı var? Bəlkə, heroqliflər bəzən bütöv sözü, bəzi məqamlarda isə yalnız bir hərfi ifadə edir? Necə ki biz “səkkiz” sözünü bircə işarə – 8 rəqəmi ilə ifadə edirik, onlarda da heroqliflər bu funksiyanı yerinə yetirə bilir? Şampolyon daha bir şey xatırladı: yəhudi və ərəb əlifbalarında sait səsləri bildirən hərflər yoxdur. Ola bilər ki, qədim Misir yazılarında da sait bildirən hərflərdən istifadə olunmurdu.


Gənc alim yenidən masasının arxasına keçdi. Baxışları Rozetta daşının surətinə tuşlandı: “Maraqlıdır, nəyə görə burada sözlərdən bəziləri haşiyəyə alınıb? Yəqin ki, bunlar çox hörmətli adamların adlarını ifadə edir. Aha! Qədim yunan yazısında Misir fironu Ptolemeyin adı çəkilir. Tutaq ki, bu ilk dörd işarə “p”, “t”, “o”, “l” hərfləridir. Bunlar isə... Özüdür ki var! Bax bu haşiyədəki sözdə də həmin hərflərdən bəziləri təkrar olunur. Aman Allah! Bu ki Kleopatranın adıdır!”