Nağıllar, hekayələr

İsveç nağılı. Miras

Keçmiş zamanlarda zəngin bir qoca yaşayırdı. Onun Alarik, Ryurik və Erik adında üç oğlu  vardı. Qardaşlardan ən kiçiyi – Erik, qürurlu, qətiyyətli xasiyyətə və mehriban ürəyə sahib olduğuna görə, atası onu digərlərindən daha çox sevirdi. Lakin gənc oğlan uzaq diyarlara köçüb getmişdi və ondan uzun müddət xəbər almadığına görə, qoca artıq onu ölü hesab etməyə başlamışdı.

 

Əslində böyük qardaşlar Alarik və Rurik kiçik qardaşlarını evi tərk etməyə məcbur etmişdilər, bu isə, öz növbəsində, atalarının ürəyini üzmüşdü.

 

Bir gün, qoca ölüm ayağında olarkən oğullarını yanına çağırıb, onlara sərvətini böləcəyini bildirdi. Ata, böyüyü Alarikə, üz tutub dedi:

 

- Sən həmişə mülk sahibi olmaq istəmisən, ona görə də tarlalarımı, çəmənlərimi, mal-qaranı və işləyən atlarımı sənə qoyub gedirəm.

 

Sonra ikinci oğlu Ryurikə dedi:

 

- Sən həmişə əla ovçu olmusan. Meşələrimi, ov torpaqlarımı, yarış atlarımı və itlərimi sənə qoyuram.

 

- Bəs qızıllar? – deyə hər iki qardaş bir ağızdan soruşdular.

 

- Qızılları qardaşınız Erikə bağışlayacam!

 

- Ancaq o ölüb, ata! - Alarik və Ryurik bir boğaza dedilər.

 

- Kim bilir? Bəlkə də sağdır, - qoca pıçıltı ilə cavab verdi.

 

- O, olübdür! Mən bunu uzaq ölkədən qayıdan bir səyyahdan öyrənmişəm, - Alarik atasını əmin etməyə çalışdı.

 

- Bəli, o ölüb! - Ryurik əlavə etdi, - Ölərkən isə bax bu hədiyyəni sənə xatirə olaraq verməyimi xahiş edib. Ryurik atasına bir üzük göstərdi və əlavə etdi ki, bu üzük məhz Erikin taxdığı üzüyü olub.

 

Qoca zəif səslə dedi: “Yaxşı, mənim sərvətimi götürün və öz aranızda bərabər bölüşdürün”. Sonra qoca nökərləri çağırıb vəsiyyətinə şahid olmalarını xahiş etdi.

 

Dünyəvi işlərini tənzimlədikdən sonra o, artıq gözlərini əbədi olaraq bağlamağa hazırlaşırdı ki, birdən dəhlizdən bir səs eşidildi.

 

"Onu mütləq görməliyəm!"

 

Qoca kiçik oğlunun səsini tanıdı. Bu Erik idi.

 

Alarik və Ryurik Erikin içəri girməsinə mane olmağa çalışsalar da,  qoca onlara imkan vermədi və qardaşlarını içəri buraxmalı oldular.

 

- Ay mənim mehriban atam, nəhayət səni görüb əllərindən öpmək mənə qismət oldu, - deyib Erik qocanın çarpayısının qarşısında diz çökərək ağladı.

 

- Çox zaman oldu qayıtmadın, oğlum- ata dedi, - Amma Allaha şükür ki, səni son nəfəsimdə görmək mənə nəsib oldu!

 

- Daha tez qayıdacaqdım, ata, amma düşündüm ki, məni görmək istəmirsən!?

 

- Bunu sənə kim dedi?

 

- Bəs qardaşlarım yazmışdılar ki…….

 

Qoca hər şeyi başa düşüb ağlamağa başladı.

 

- Niyə ağlayırsan, ata? - Erik soruşdu.

 

- Sənin kasıb olmana səbəb oldum. Məni əmin etdilər ki, sən ölmüsən və hər şeyi qardaşların arasında bölüşdürdüm. Sənə verəcək xeyir-duadan başqa heç nəyim yoxdur.

 

Qoca, zəifləyən əlini sevimli oğlunun başına qoyub xeyir-dua verdi və əbədi olaraq gözlərini yumdu.

 

Ataları dəfn edildikdən sonra Alarik və Ryurik onlara çatacaq paylarını götürüb evlərinə dağlışdılar. Onlar Erikə küknar meşəsinin yaxınlığındakı kiçik bir daxmada məskunlaşmağa və torpağı becərməyə icazə verdilər.

 

Gənc oğlan kiçik bir sahəni əkib becərməkdən həzz alır, qardaşları isə hər gün əyləncələrdə vaxt keçirirdilər: biri nəhəng mülkdə, digəri isə ov meydançasında.

 

Alarik və Ryurik istədikləri hər şeyə sahib idilər, lakin heç biri özlərini xöşbəxt hiss etmirdi. Heç bir əyləncə onlara xoşbəxtlik gətirmirdi. Onlar qardaşları Erikin xoşbəxt və sakit yaşadığını görüb təəccübləndilər və Erikdən niyə bu qədər şən, xoşbəxt və məmnun olduğunu soruşmaq üçün onun yanına bir elçi göndərdilər. Cavabında kiçik qardaş elçiyə dedi: “Qardaşlarımın mənə verdiyi kiçik bir daxmam var, amma mən atamdan onlarınkından da böyük miras pay aldım.”

 

Bunu eşidən Alarik və Ryurik qəzəbləndilər və qardaşlarından miras payını götürmək qərarına gəldilər, onların fikrincə miras meşə əmlakında gizlənilmişdi. Onlar elə qərara gəldilər ki, məhz gecə yarısı, Erik yuxuda olarkən, onu daxmadan qovsunlar ki, o, özü ilə nəsə götürməyə vaxtı olmasın. 

 

Alarik və Rurik gecə Erikinin qapısını döydülər. Qapını açanda onun üstünə atılıb yerə yıxdılar.

 

- Get və heç vaxt geri qayıtma! - deyə Alarik qışqırdı - Burada saxladığın miras bizə məxsusdur. Atadan qalan bütün sərvətlər bizimdir!

 

- Biz sənə heç nə götürməyinə icazə verməyəcəyik - Ryurik onun paltarlarını axtararaq təkrarladı.

 

- Mənim heç bir sərvətim yoxdur və buna görə də özümlə heç nə apara bilmirəm, - deyə Erik təəccüblə cavab verdi.

 

- Bəs niyə dedin ki, atamızdan sənə daha böyük miras qalıb?

 

Erik hər şeyi başa düşdü.

 

- Mən bu mirası verə bilmərəm, o, hər yerdə mənimlədir!

 

- O haradadır?

 

- Budur, atamın əli ilə toxunduğu başımda və ürəyimdədir. Mənim mirasım - onun ölüm ayağında mənə verdiyi Xeyir-Duadır. Bu mənim yeganə sərvətimdir, amma mən onu əvəzsiz hesab edirəm və onu sizin bütün sərvətlərinizə dəyişmərəm.

 

Alarik və Ryurik bir az fikrə getdilər və onlarda utanc və mərhəmət hissi yaranmağa başladı. Onlar səssizcə meşə ərazisindən çıxıb getdilər.

 

O gecədən etibarən Alarik və Ryurik indiyə qədər yaşadıqlarından tamam fərqli yaşamağa başladılar. Artıq Alarik qulluqçuları ilə ziyafət etmək əvəzinə qalada tək yaşayır, Rurik isə şən ov yoldaşlarına qoşulmur. Onlar tənhalığa çəkilərək bir az düşünməyə başladılar.

 

Bir gün iki qardaş hara getdiklərini heç kimə demədən əl-ələ verib atalarının əbədi uyuduğu qəbiristanlığa doğru yavaş-yavaş irəlilədilər. Daha əvvəl ora heç getməmişdilər. Sakitcə qəbiristanlığı tarlalardan və çəmənliklərdən ayıran taxta hasara çatdılar. Onlar məbədin qapısına çatanda onun ətrafının təzə çiçəklərdən ibarət çələnglərlə əhatə olunduğunu görüb təəccübləndilər.

 

- O gülləri sən gətirmisən? - qardaşlar soruşurmuş kimi bir-birlərinə baxdılar və başa düşdülər ki, onların heç biri bunu etməyib. 

 

Qardaşlar yarıaçıq qapıdan içəri girdilər və tezliklə birisinin məbəddə olduğunu gördülər. Yarı qaranlıqda bir gəncin fiquru görünürdü.

 

- Nəhayət, gələ bildiz, – Erikin həlim, incə səsi eşidildi - Hər gün sizi burada gözləyirdim və əmin idim ki, mənimlə barışmaq istəyən kimi məhz bura gələcəksiniz.

 

- Erik, Erik, – Alarik təvazökarlıqla dedi, – Atamızın sənə qoyub getdiyi mirasın o qiymətli payının cüzi bir hissəsini belə mənə verə bilsən, mən məmnuniyyətlə bütün torpaqlarımı sənə verərdim!

 

- Bütün meşələrimi, ov yerlərimi, qızıllarımı götür, hər şeyi al, amma atamızdan məni bağışlamasını xahiş et! – Ryurik dedi.

 

- Atamız bu dəqiqə sizə xeyir-dua verir. Mən də sizi bağışlayıram, - Erik qardaşlarını qucaqlayaraq dedi.

 

O gündən sonra onlar xoşbəxt yaşadılar. İndi onların ortaq hər şeyi var idi - həm dünya sərvəti, həm də mirasın qiymətli hissəsi - atalarının Xeyir-Duası.