Nağıllar, hekayələr

Armud bəy

Biri vardı, biri yoxdu, bir tülkü vardı. Bu tülkü bir gün girrənə-girrənə gedirdi. Gördü bir armud ağacı var. Bunun dibi elədi ta nətər, armudlar bütün saralıb dəyib tökülüb dibinə. İrəli gəldi gördü, armud ağacının dibində bir adam oturub elə yanına düşəni yeyir, gen düşəni götürmür. Tülkü irəli yeridi, gəldi bunun yanına.
– Salam əleyküm.
– Əleykəssalam.
Tülkü bu kişidən soruşdu:
– Sənin adın nədi?
Kişi dedi:
– Adım Armud bəydi.
Tülkü baxdı gördü, bu adam o qədər tənbəldi ki, ərindiyindən durub, biraz aralı tökülən armudları yemir. Elə yanına düşəni yeyir, gen düşənə də qalır baxa-baxa. Tülkü buna dedi:
– Bilirsən nə var, Armud bəy?
Armud bəy dedi:
– Xeyr bilmirəm.
Tülkü dedi:
– Onda qulaq as mən deyim.
– De!
– Mən səninlə siğə qardaşdlıq etmək istəyirəm.
Armud bəy dedi:
– Sən qardaşlıq olan deyilsən. Armuddan yığ ye.
Tülkü bu aralı tökülən armudları təmiz yığdı, gətirdi tökdü Armud bəyin yanına. Başladılar yedilər. Bunlar siğə qardaş oldular. Ta tülküdə qaldı bunun yanında. Bunlar elə armudun dibində olurdular. Tülkü hər gün armudun dəymişindən yığıb gətirirdi, yeyirdilər. Bəli, beş gün-on gün belə. Bu tülkü də o qədər kökəldi, ta nətər.
Bu Armud bəyin armud ağacının yaxınlığında bir evi vardı, uçuq-sökük. Göydən yağan yağış, qar, hər nə olsa, bu evin içinə tökülürdü. Tülkü ayından-oyundan tapır gətirirdi bunun işıq gələn yerlərini tuturdu. Bir babat burda dolanırdılar.
Armud ta savışdı. Tülkü gedirdi, kənddən-kəsəkdən toyuq, cücə oğurluyur gətirirdi. Burda bişirib yeyirdilər.
Bir gün bu tülkü gəzirdi. Bir abbası tapdı. Bu abbasını götürdü, getdi padşahın elçi daşının üstündə oturdu. Xəbər getdi padşaha ki, bir tülkü gəlib elçi daşının üstdə oturub. Padşah dedi:
– Gedin görün nə deyir.
Gəldilər dedilər, tülkü nə deyirsən?
Dedi:
– Padşahın abbası çanağın istəyirəm. Qardaşım Armud bəynən abbası bölürəm.
– Gəldilər padşaha xəbər gətirdilər ki, abbası çanağın istəyir.
Padşah öz-özünə dedi:
– Bu necə adamdı kı abbasını çanağnan bölür.
Dedi:
– Verin aparsın.
Gətirdilər çanağı verdilər tülküyə. Tülkü çanağı götürdü gəldi bənə-bənə biraz girrəndi. Abbasını qoydu çanağın bir yerinə gətirdi verdi. Padşah baxdı gördü: bəli, abbasının biri çanağın içindədi. Dedi:
– Bu nətər adamdı ki, heç dərbənd olmayıb biri də çanaqda qalıb.
Tülkü çanağı verib qayıtdı, gəldi Armud bəyin yanına.
Dedi:
– Hazır ol, padşahın qızını sənə alıram.
Armud bəy dedi:
– Əşi, sən Allah, armuddan-zaddan ye. Açıl mənim başımnan.
Tülkü bir gün də girrənirdı bir qızıl tapdı. Getdi yenə oturdu həmin elçi daşının üstdə. Padşah dedi:
– Gedin görün nə deyir.
Gəldilər tülküdən soruşdular:
– Ay tülkü, nə deyirsən?
Tülkü dedi:
– Padşahın qızıl çanağın verin qardaşım Armud bəynən, qızıl böləcəyik.
Getdilər padşaha dedilər. Padşah məəttəl qaldı, dedi:
– Gedin verin aparsın.
Gətirdilər çanağı verdilər.
Tülkü çanağı götürdü gəldi bir saata kimi saxladı qayıtdı qızılı qoydu çanağın bir yerinə, gətirdi verdi padşaha. Padşah baxdı gördü, çanaqda da bir qızıl gəlib. Dedi:
– Bu nətər dövlətlidi ki, heç qızıla dərbənd olmayır, biri də çanaxda qalıb.
Tülkü dedi:
– Qardaş, gərək padşahın qızın sənə alam.
Armud bəy dedi:
– Sən olasan o Allah məndən əl çək.
Tülkü dedi:
– Yox, biz axı qardaşıq, gərək onu sənə alam.
Armud bəy dedi:
– Bizim nəyimizə padşah qızın verir?
Tülkü dedi:
– O mənim işimdi, sən fikir eləmə.
Durdu gəldi genə həmən elçi daşının üstündə oturdu. Padşaha xəbər apardılar ki, tülkü yenə gəlib elçi daşının üstündə oturub. Padşah dedi:
– Gedin gətirin, görək nə deyir?
Gəldilər tülküyə dedilər:
– Padşah səni istəyir.
Tülkünü apardılar padşahın yanına. Tülkü ədəbilə, kamal ilə, necə lazımdı, eləcə də durdu padşahın qabağında. Padşaha baş yendirdi dedi:
– Padşah sağ olsun, gəl sən Allahın əmriynən o qızını ver mənim qardaşım Armud bəyə.
Padşah dedi:
– Axı heç biz onu görməmişik nətər adamdı. Bir gətir, bir görək sonra.
Tülkü gəldi Armud bəyin yanına, dedi:
– Qardaş, padşahın qızın aldım sənə, dur gedək.
Armud bəy dedi:
– Ay tülkü, sən mənim başıma nə kələk açırsan?
Tülkü dedi:
– Yox, sənin canın üçün almışam.
Armud bəyi də gətirdi yola. Yavaş-yavaş gəldi bir çayın qırağında bu Armud bəyin əynində olan paltarları təmiz soyundurdu atdı çaya. Qayıtdı kəndə hay saldı ki, gəlin qardaşımı soydular. Bu Armud bəyin də əyninin paltarları tamam cırıq-cırıq, papağın qulağı yox. Buları tülkü elə soyundurub atmışdı ki, lüt qalmışdı. Yığıldılar kənd adamları gəldilər, gördülər bu lüt qalıb. Padşah o saat buna bir dəst padşahyana libas göndərdi. Tülkü bunu geyindirdi. Özünə də tapşırdı:
– Qardaş, səni aparacam padşahın yanına. Nəbadə otağa girəndə deyikib oyana-buyana baxasan. Bir də ortalığa aş qoyulanda əlini uzadıb başından sümük götürəsən? Mən ortalıqda gəzinib quyruğumla vurub çırağın şüşəsin sındıracam. Çırağı söndürəcəyik, qaranlıq olacaq, onda necə istəyirsən eləcə də yeyərsən.
- Qarnını bərkit, çıraq yananda az ye, tez çəkil.
Bu dedi:
– Yaxşı.
Getdilər. Armud bəyi atdan düşürdülər. İçəri girdilər Armud bəy oyana-buyana deyikib şeylərə baxırdı. Dedilər:
– Ay tülkü, sənin bu qardaşın nə çox oyana-buyana baxır?
Tülkü dedi:
– O deyir ki, padşahın tikdirdiyi imarətə bax?
Padşah məəttəl qalıb dedi:
– Bu nətər adamdı ki mənim evimi bəyənmir.
Çox söhbətdən sonra ortalığa xörək gəldi. Armud bəy o saat əlin uzatdı xörəyin başından bir omba sümüyü götürdü, başladı gəmirməyə.
Tülkü oyana baxdı, buyana baxdı bunun əlindən sümüyü aldı atdı çölə. Bir az oyana-buyana gəzindi quyruğuynan çırağın şüşəsin vurdı saldı yerə. Çıraq keçdi. O saat Armud bəy yedi qarnın doyurdu. Çıraq yanan kimi bir iki tikə alıb çəkildi. Padşah camaatı yığdı, burda şirni içdilər. Bir molla da gətirtdi qızın kəbinin kəsdi Armud bəyə.
Qızı köçürdülər. Qoşunla, kəcabəylə, cehiznən.
Tülkü yolda kimi gördü dedi:
– Soruşan olsa, deyin Armud bəyindi. Məsələn, naxırçıya, çobana.
Qoşun gəldi gördü, yolun qırağında bir sürü qoyun otarır bir çoban.
Dedi:
– Ay çoban, bu kimindi?
Çoban dedi:
– Armud bəyindi.
Qoşun məəttəl qaldı. Dedilər:
– Bir bu qədər də dövlət olarmı?
Tülkü də irəlidə, gəldi bir div vardı. Buna dedi:
– Qoşunu görürsənmi padşahın oğlu xəstələnib ona dərman div əti deyirlər. İndi o qoşun gəlir səni öldürüb ətini aparalar padşahın oğluna.
Div qaçdı. Ev qaldı tülküyə. İçində də hər bir ehtiyatı vardı. Gəlini gətirdilər, düşdülər həmən divin evinə. O saat qazanlar qoyuldu, düyü töküldü. Xörək bişirildi. Verdilər qoşuna. Bu adamlara bir həftə burda belə xörək bişirilirı qoşuna verilirdi. Qoşun bir həftədən sora xudahafiz eləyib qayıtdı geri.
Armud bəy gündə çıxırdı ov eləyirdi gətirirdi bu gəlin də xörək bişirirdi. Armud bəy, tülkü, gəlin üçü də yeyirdilər, yatırdılar.
Armud bəy bir gün ova çıxmışdı. Bunun qabağına bir ceyran çıxdı.
Kəməndnən bu ceyranı tutdu, gətirdi evə, kabab elədilər, yedilər, içdilər, axşam yatdılar. Səhər açıldı.
Bu getdi yenə ova. Tülkü öz-özünə dedi:
– Heç görən bu yaxşılıqlarımı bilir, bilmir?
Özünü vurdu ölülüyə. Padşahın qızı bu tülkünün başın, gözün tumarlayır ağlayırdı. Gözünün yaşını od təki tökürdü. Bu dəmdə Armud bəy gəldi, gördü qız tülkünün başın sığallayır ağlayır. Soruşdu:
– Niyə ağlayırsan?
Qız dedi:
– Tülkü öldü.
Armud bəy tülkünün quyruğundan tutdu, atdı çölə.
Tülkü durdu, gəldi dedi:
– Ə, sən o Armud bəy deyilsən ki, armudun dibində oturub Armudun böyrünə düşənin yeyirdin, ta ərindiyindən uzağa düşəni də yemirdin.
Acından ölürdün. Necəsən divi gedim gətirim?
Düzəldi yola getdi divi tapdı. Divə dedi:
– Evin dağılmasın odu, sənin otağında bir qıznan bir kişi oturur, kef eləyir.
Div dedi:
– Onda gedək dəmirçinin dükanına bir zəncir düzəltdirək bir ucun sən boğazına bağla, bir ucun da mən. Əgər yalan olsa, səni sürüyüb öldürəcəm.
Tülkü dedi:
– Yaxşı.
Getdilər dəmirçidən bir zəncir aldılar. Bir tərəfin tülkü bağladı boğazına, bir tərəfində div. Tülkü düşdü qabağa, div də dalıycan. Yavaş-yavaş gəlirdilər.
Qız pəncərədən baxırdı, bunları gördü Armud bəyə dedi:
– Evin dağılmasın, budu tülkü divi gətirir.
Armud bəy dedi:
– Qoy gəlsin.
Bunlar qapıya gəldilər.
Armud bəy çıxdı dedi:
– Ədə tülkü, sənin dədən mənə bir div demişdi, yoxsa yeddi div?
Bu biri, bəs altısı hanı?
O saat div tülkünü sürüdü öldürdü, qaçdı. Bunlar da bu evdə yedilər, içdilər ləzzət apardılar.
O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü biri mənim, biri özümün, biri də nağıl deyənin.