Nağıllar, hekayələr

Viktor Draqunski. İngilisdilli Pavlya

- Sabah sentyabrın biridir – anam dedi – Payız gəlib və sən artıq ikinci sinfə gedəcəksən. Oh, vaxt necə də tez keçir!
 
- Bu münasibətlə, - atam dedi, - qarpız kəsəcəyik!
 
Ata bıçağı götürüb qarpızı kəsdi. Bıçaq qarpızın qabığına dəyəndə elə bir ətirli, xoş xışıltı səsi eşidildi ki, qarpız dilimini hansı iştahla yeyəcəyim barəsində düşünməyə başladım. Təzəcə ağzımı açıb çəhrayı qarpız lətini yemək istəyirdim ki, qapı açıldı və Pavlya otağa daxil oldu. Onun gəlişinə şad olduq, çünki uzun müddət idi ki, onu görmürdük.
 
- Ahaaa, kim bizə təşrif buyurub! - atam dedi. - Pavlyanın özü. Pavlyanın özü!
 
- Yaxın gəl, Pavlik, qarpız ye, - anam dedi, - Deniska, bir az o yana çəkil, Pavlik də otura bilsin.
 
Mən isə Pavliki salamlayıb, yanımda ona yer verdim. Pavlik yaxınlaşdı masaya və yanımda oturdu.
 
Yeməyə başladıq. Uzun müddət səssizcə olub qarpızımızı yedik, danışmağa heç istəyimiz belə yox idi. Belə dadlı bir yemək yeyərkən danışmağa nə gərək var!
 
Pavelə üçüncü dilimi verəndə o, dedi:
 
- Ah, qarpızı çox sevirəm. Lap çox, amma nənəm heç vaxt mənə doyunca yeməyə icazə vermir.
 
- Axı niyə? - anam soruşdu.
 
- Deyir ki, qarpızdan sonra yuxu dara çəkilir.
 
- Düzdür – atam təsdiqlədi - Ona görə də biz səhər tezdən qarpız yeyirik. Axşama yaxın onun təsiri başa çatır və rahat yatmaq mümkün olur. Ye, qorxma!
 
 - Qorxmuram - Pavlya dedi.
 
Hamımız yenidən işə başladıq və uzun müddət sakitcə oturub qarpızımızı yedik. Anam qabıqları yığmağa başlayanda atam Pavlikə üz tutub soruşdu:
 
- Pavlya indiyədək haralarda idin? Niyə bizə gəlmirdin?
 
- Hə Pavlya – mən təkrar etdim - Harada idin? Nə ilə məşğul idin?
 
Pavlya bir az özünü itirdi, qızardı, ətrafa baxdı və birdən-birə istəksiz şəkildə dedi:
 
- Nə edirdim, nə edirdim? Nə edəcəm ki - İngilis dilini öyrənirdim.
 
Çox təəccübləndim. Dərhal başa düşdüm ki, mən bütün yayı boş yerə keçirmişəm: balaca kirpi ilə vaxtımı keçirdim, uşaqlarla oyunlar oynadım, xırda şeylər etdim, ancaq Pavlya, vaxt itirmədi, öz üzərində işlədi, təhsil səviyyəsini qaldırdı, İngilis dilini öyrəndi və indi düşünürəm ki, ingilis dilli şagirdlər ilə yazışa bilər və ingilis kitablarını oxuya bilər! Ona qarşı paxıllıq hiss etdim.  
 
Bir qədər sonra anam əlavə etdi:
 
- Görürsən, Deniska, sən də onun kimi dil öyrən!
 
- Bu ki əladır – atam dedi - Hörmətə layiqsən!
 
Pavlya sanki işıq saçmağa başladı.
 
- Seva adlı bir tələbə bizi ziyarətə gəlmişdi. Onunla hər gün ingilis dili üzərində çalışırdım. Artıq iki aydır ki, ingilis dili öyrənirəm.
 
- İngilis dili çətindir? – mən soruşdum.
 
- Dəli olmaq olar, - Pavlya ah çəkdi.
 
 - Gəlsin çətin olmasın! – atam əlavə etdi – Oxunuşu çətindir, bir cür yazılır, başqa cür oxunulur. Liverpul yazılır, Mançester deyə tələffüz olunur.
 
- Yaxşı görək! - mən dedim. - Eledir, Pavlya?
 
 - Bu, sadəcə bir fəlakətdir - Pavlya özündən razı şəkildə cavab verdi. - Bu dili öyrənənə kimi  tamamilə tükəndim, iki yüz qram arıqladım.
 
- Pavlya, bəs niyə öz biliyindən istifadə etmirsən? – anam dedi - İçəri girəndə niyə bizə ingiliscə “salam” demədin?
 
 - Hələ “salam” sözünü keçməmişəm - Pavlya dedi.
 
- Yaxşı, qarpızı yedin, bəs niyə "sağ ol" demədin?
 
- Dedim, - Pavlya cavab verdi.
 
- Hə, rusca dedin, amma ingiliscə yox?
 
 - Hələ “təşəkkür edirəm” sözünə gəlib çatmamışıq – Pavlya cavab olaraq dedi – Bu kəlmə çox çətin oxunulur!
 
Bu zaman mən səsləndim:
 
- Pavlya, mənə ingilis dilində "bir, iki, üç" saymağı öyrət.
 
 - Hələ onu da öyrənməmişəm – Pavlya cavab verdi.
 
- Bəs nə öyrənmisən? –yüksək səslə soruşdum - İki ay ərzində nəsə öyrənmisən, ya yox?
 
- Mən “Petya” sözünü ingilis dilində necə oxunduğunu öyrəndim, - Pavlya dedi.
 
- Yaxşı, de görək necə olacaq?
 
- Pit! - Pavlya özündən razı şəkildə yüksəkdən dedi. - İngilis dilində Petya “Pit” olacaq. - O, sevincək güldü və əlavə etdi: - Sabah dərsə gəlib Petka Qorbuşkinə deyəcəm: "Pit, Pit, mənə pozan ver!" Yəqin ki, ağzı açılacaq, heç nə başa düşməyəcək. Bu əyləncəli olacaq! Doğrudur, Denis?
 
- Hə elə olacaq - mən cavab verdim. - Yaxşı, de görüm ingilis dilində başqa nə bilirsən?
 
 - Hələlik bu qədər – Pavlya dedi.