Nağıllar, hekayələr

Mark Tven. Tom Soyyerin Macəraları. XXIX fəsil

HEK QULDURLARI GÜDÜR 


Tom cümə günü səhər tezdən çox şad bir xəbər eşitdi: hakim Tetçerin ailəsi düşən şəhərə qayıtmışdı. O saatca xəzinə də, hindi Co da ikinci plana keçdi, Tomun xəyalında birinci yeri tutan Bekki oldu. Tom qızın yanına qaçdı, onlar öz sinif yoldaşları ilə birlikdə lap yorulub əldən düşənə qədər "qaçdı-qovdu" və başqa oyunlar oynadılar. Günü çox şən başa vurdular. Bekki, nəhayət, anasını dilə tutub, çoxdan gözlədikləri gəzintini təşkil etməyə onu razı saldı. Bekki sevincindən bilmirdi nə etsin. Tom da ondan az sevinmirdi. Dəvətnamələr hələ gündüzdən paylanmışdı, odur ki, şəhərin bütün uşaqları çəkəcəkləri kefdən qabaqcadan həzz alaraq böyük sevinclə, gəzintiyə hazırlaşırdılar. Gecədən xeyli keçənə qədər Tom həyəcanından yata bilmədi; o çox ümid edirdi ki, Hekin miyoltusunu eşidəcək və sabah gəzintidə xəzinəni göstərib Bekkini və onun qonaqlarını heyrətə salacaq. Lakin onun ümidi boşa çıxdı. O gecə heç bir işarə verən olmadı. 


Nəhayət, səhər açıldı, saat ona, on birə qədər şən və gurultulu kompaniya hakim Tetçerin evinə toplaşdı ki, oradan da gəzintiyə çıxsınlar. 


O zamankı qaydaya görə yaşlılar uşaqlarla birlikdə gəzintiyə çıxıb onların şən əhvalını pozmazdılar. Belə besab edilirdi ki, iki-üç nəfər on səkkiz yaşlı qızın və bir qədər onlardan böyük olan bir neçə gəncin nəzarəti altında uşaqların gəzintiyə çıxması tamamilə təhlükəsizdir. Belə gəzinti üçün köhnə bir gəmi kirayə edildi və çox keçmədən əllərində yeməli şeylərlə dolu zənbillər tutmuş şən uşaqlar şəhərın mərkəzi küçəsi ilə körpüyə tərəf yola düşdülər. Sid bir qədər xəstələnmişdi, ona görə də belə bir kefdən boyun qaçırmalı oldu; Meri isə ona qulluq etmək üçün evdə qaldı. Xudahafizləşib evdən çıxarkən Missis Tetçer Bekkiyə dedi: 


- Yəqin ki, çox gec qayıdacaqsınız. Yaxşı olardı ki, gccəni evləri körpüyə yaxın olan qızlardan briinin yanında qalaydın. 
- Süzi Qarpergildə qalsam necə olar? 
- Lap yaxşı. Bax, ağıllı qız ol, özünü yaxşı apar. 
Onlar küçə ilə gedirkən Tom Bekkiyə dedi: 
- Bura bax, Bekki, bilirsənmi nə edək? Co Qarpergilə getməkdənsə təpəni dırmaşıb xanım Duqlasgilə gedək. Onda həmişə qaymaqlı dondurma olur. Demək olar ki, hər gün hazırlayır, özü də lap çox verir. Bizim gəlişinizə o çox sevinəcəkdir, görərsən. 
- Bizim üçün çox şən keçər! 
- Bekki bir dəqiqə fikiriəşib əlavə etdi:
 -Bəs anam? 
- O hardan xəbər tutacaq? Qız yenə də fikirləşib duruxa-duruxa dedi: 
- Məncə hər halda bu yaxşı iş deyil... 
- Nə "hər halda"! Anan xəbər tutmayandan sonra daha bunun nəyi pisdir? 
Təki sənə bir şey olmasın, daha bundan başqa ona nə lazımdır? Mən bilən, ağlına gəlməyib, yoxsa o özü sənə icazə verərdi. Əlbəttə, icazə verərdi! 


Dul qadın Duqlasın səxavətli qonaqpərvərliyi çox cəzbedici idi, ona görə də Tomun təkidi tezliklə öz təsirini göstərdi. Onlar bu axşam üçün nəzərdə tutduqları planlarını heç kəsə deməməyi qərara aldılar. Birdən Tomun ağlına gəldi ki, Hek bu gecə gəlib miyoldaya bilər, bəs onda necə olsun? Bu fikir az qala onun bütün kefini pozacaqdı. Bununla belə o dul qadın Duqlasın evində çəkəcəyi kefi qurban verə bilmədi. Fikirləşirdi ki, axı niyə də qurban versin: bir halda ki, dünən gecə heç bir işarə olmadı, bu gecə mütləq olacağını nə bilmək olar. Yəqin ki, qiyamət kef çəkəcəklər, ancaq xəzinə məsələsini bilmək olmaz. Həmişə oğlanlarda olduğu kimi, o daha şiddətli meyl etdiyi tərəfə üz tutdu; o gecə pul sandığı haqqında bir daha düşünməməyi qərara aldı.
Şəhərdən təxminən üç mil aşağıda gəmi sürətini azaldıb meşəli sahilə yan aldi. Dəstə sahilə səpələndi, birazdan hərtərəfi: meşəni, dağın sıldırım yamacını uşaqların şən səs-küyü bürüdü. 
Bütün oyunlardan çıxdıqdan və tamamilə gücdən düşdükdən sonra dəcəllər yenə də düşərgəyə toplaşdılar və iştahaları açıldığından özlərini acgözlüklə müxtəlif ləzzətli yeməklərin üstünə saldılar. Yeməkdən-içməkdən sonra onlar qollu-budaqlı palıd ağaclarının kölgəsində oturub istirahət etməyə başladılar. Bir azdan kim isə bağırdı: 
- Kim mağaraya getmək istəyir? 


Məlum oldu ki, heç kəs bu əyləncədən kənarda qalmaq istəmir. Özləri ilə çoxlu şam götürüb bir-birlərini qova-qova dağa dırmaşmağa başladılar. Mağaranın girəcəyi dağın yamacında çox hündür bir yerdə idi və uzaqdan baxdıqda "A" hərfinə bənzəyirdi. Ağır palıd qapısı heç bir zaman bağlanmazdı. İçəri zirzəmi kimi sərin idi, təbiət tərəfindən mağaranın divarlarına kirəcdən möhkəm suvaq çəkilmiş və üzərinə soyuq tər kimi su damcıları səpələnmişdi. Bu qaranlıq mağarada dayanıb, günəş işığına qərq olmuş yaşıl vadiyə tamaşa etmək nə qədər maraqlı idi! Lakin bir azdan ilk təəssürat sönüb keçdi, yenə də hay-küy və qaçışma başlandı. Birisi əlində şamı yandıran kimi yerdə qalanların hamısı dəstə ilə onun üstünə düşür, üfürüb şamı söndürür, yaxud da vurub yerə salırdılar. Bundan sonra yenə də çığır-bağır, gülüşmə və süpürləşmə başlanırdı. Lakin dünyada heç bir şey nəhayətsiz deyildir. Uşaqlar bir-birinin ardınca yavaşyavaş daş qalereyanın sıldırım yamacı ilə üzü aşağı enməyə başladı. Onların əllərindəki şamların titrək şüaları, altmış fut yüksəklikdə baş-başa verib tağ kimi birləşən daş divarlara zəif işıq salırdı. Baş qalereyanın eni səkkiz-on futdan artıq olmazdı. Addımbaşı hər iki tərəfdə baş qalereyadan daha dar olan yeni hündür yarıqlar açılırdı. 


Mak-Duqal mağarası əyri-üyrü, bir-birini kəsən, çıxış yolu olmayan koridorlardan ibarət əsl labirint idi. Deyirdilər ki, adam bu girintili-çıxıntılı, dolam-dolaşıq yollarla və yanqlarla nə qədər gəzir-gəzsin özünə bir çıxış yolu tapa bilməz. Mağara getdikcə aşağı enir, bir labirint qurtaran kimi, onun altında başqa labirint başlanır. Mağara bu cür, yerin naməlum dərinliyinə qədər uzanıb gedir. Buraya əməlli-başlı bələd olan bir adam yox idi. Ümumiyyətlə, bu ağlasığmaz bir iş idi. Cavanların əksəriyyəti mağaranın yalnız bir hissəsinə bələd idi və heç kəs o hissədən kənara çıxa bilməzdi. Tom Soyyer də bu mağaraya başqalarından artıq bələd deyildi. 


Uşaqlar milin dörddə üç hissəsi qədər məsafəni baş qalereya ilə birlikdə getdilər, sonra ayrı-ayrı kiçik dəstələrə bölünərək yan yollara buruldular. Onlar dar döngələrdə qaçışır, ayrı-ayrı dalanların birləşdiyi yerdə qəfildən üz-üzə gələrək bir-birlərini qorxudurdular. Hətta mağaranın tanış hissəsində belə adam bir-birini itirə bilər və düz yarım saat axtarardı. Yavaş-yavaş dəstələr bir-birinin ardınca təngnəfəs halda qapıya tərəf axışdı. Üst-başları palçığa və əriyib axmış muma bulanmış olsa da hamı çox. şən idi; mağarada keçirdikləri gündən olduqca razı qalmışdılar. Onlar yalnız bayıra çıxdıqda vaxtın belə hiss olunmadan gəlib keçdiyini, bir azdan havanın qaralacağını görüb təəccübləndilər. Artıq yarım saat olardı ki, gəminin zəngi çalınırdı. Uşaqlar yaxşı gəzdiklərindən və müxtəlif macəralara rast gəldiklərindən çox razı qalmışdılar. Şən sərnişinlərlə dolu olan gəmi çayın ortasına tərəf yönələrkən kapitandan başqa heç kəs itirilmiş vaxta heyfsilənmirdi. 


Gəminin işıqları körpünün yanında parladığı zaman Hek artıq öz postunda dayanmışdı. O gəmidə heç bir səs-küy eşitmədi, yorulub əldən düşmüş adamlarda olduğu tək, uşaqlar da sakitləşib səslərini kəsmişdilər. Əvvəlcə Hek təəccüb qaldı ki, görəsən bu gəmi niyə korpüdə dayanmadı, keçdi, lakin sonra bu fikirdən əl çəkib öz işi ilə məşğul olmağa başladı. Hava get-gedə qaranlıqlaşır və göyə bulud gəlirdi. Saat onu vurdu! Çarxların taqqıltısı kəsildi, o yan-bu yandan gələn işıqlar bir-birinin ardınca söndü, küçələrdə gediş-gəliş kəsildi. Şəhər, qorxunc xəyallara dalmış balaca gözətçini sakitlik içərisində yalqız buraxıb yuxuya getdi. Saat on biri vurdu, mehmanxanadakı işıqları söndürdülər. Hər şey zülmət içərisində idi. Hekə elə gəlirdi ki, o çox uzun müddətdir ki, burada gözləyir. Lakin heç bir hadisə baş vermədi. O tərəddüd etməyə başladı. Gözləməyin nə faydası? Ümumiyyətlə, bütün bu zəhmətlərin bir faydası olacaqdırmı? Bəlkə bütün bunları buraxıb yatmaq yaxşıdır? 


Birdən onun qulağına nə isə bir səs gəldi. Diqqətlə dinləməyə başladı. Dalana açılan qapını kim isə yavaşca örtdü. Hek kərpic anbarın tininə tərəf qaçdı. Bir dəqiqə sonra iki adam az qala onu tapdayaraq yanından keçdi; onlardan birisinin qoltuğunda nə isə var idi. Yəqin ki, sandıq idi! Demək, onlar xəzinəni başqa yerə aparmaq istəyirlər. Görəsən Tomu çağırmağa dəyərmi? Bu axmaqlıq olardı, çünki o, Tomu çağırana qədər quldurlar sandığı da götürüb gözdən itərdilər - onda tap görüm necə tapacaqsan! Yaxşısı budur ki, dallarınca qarabaqara gedib onları güdsün, qaranlıqda nə görəcəklər! Belə fikirləşə-fikirləşə Hek tindən çıxıb pişik kimi marıda-marıda səfillərin ardınca gəldi. O, yalın ayaqlarını yerə ehmallıca basa-basa, quldurları gözdən qaçırmamaq üçün bir qədər aralıda gedirdi. Onlar sahil küçəsi ilə üç tin gedib, sonra sola buruldular. Əvvəlcə düz gedirdilər, Kardif dağına gedən cığıra çatdıqda isə cığırla üzüyuxarı qalxmağa başladılar. 


Onlar qoca vallislinin1 evinin yanından ötüb dayanmadan dağın yamacı ilə qalxmaqda davam etdilər. Hek fikirləşdı: "Hə, yəqin ki, onlar sandığı köhnə daş karxanasında basdırmaq istəyirlər". Lakin səfillər karxananın yanında dayanmadılar. Onlar dağın başına tərəf gedirdilər. Hündür sumax kollarının arasmdakı dar cığıra bunılub qaranlıqda tamamilə gözdon itdilər. Hek addımlarını sürətləndirib özünü onlara çatdırmağa çalışdı, onsuz da çox qaranlıq idi Heki görə bilməzdilər. Əvvəlcə yüyürürdü, lakin sonra quldurlarla toqquşacağından ehtiyat edərək addımlarını yavaşıtdı. O bir qədər də gedib dayandı, qulaq asmağa başladı - səs-səmir yox idi; yalnız öz ürəyinin döyünməsi eşidilirdi. Dağın yuxarısında bayquş uladı - bu yaxşı əlamət deyildi! Addım səsi eşidilmirdi. "Aman Allah, doğrudanmı hər şey məhv oldu?!" O artıq götürülməya hazırlaşırdı ki, birdən üç-dörd addımlığında kiminsə öskürdüyünü eşitdi. Hekin qorxudan ürəyi yerindən oynadı, lakin birtəhər qorxusunu dəf edib titrəyə-titrəyə yerindəcə donub qaldı. Elə bil ki, onu titrətmə-qızdırma tutmuşdu. Bədəni elə zəifləmişdi ki, qorxurdu yerə yıxıla. O, indi harada olduğunu bilirdi: o, dul qadın Duqlasın evini əhatə edən bağının lap yaxınlığında, darvazanın beşcə addımlığında idi. Hek düşündü: "Yaxşı, qoy elə burada basdırsınlar. Tapmaq asan olar". 


Yavaş bir səs eşidildi; danışan hindi Co idi: - Görüm onu lənətə gəlsin! Gecənin bu vaxtınadək işığı yandırmasından yəqin ki, qonağı var. - Mən heç bir şey görmürəm. İndi danışan, o xaraba evdəki səfil dilənçi idi. Hekin ürəyi sıxıldı, bədəninə ölüm qorxusu çökdü - demək Co bu qarıdan intiqam almaq istəyirmiş! Hekin ağlına gələn ilk fikir qaçmaq oldu. Lakin bu zaman yadına düşdü ki, xanım Duqlas ona həmişə yeri gəldikcə yaxşılıq edib. İndi bəlkə bu adamlar elə onu öldürəcəklər. Hek qarını xəbərdar etməyə cəsarəti olmadığına heyfsiləndi; o qorxurdu, çünki onu görüb tuta bilərdilər. Bütün bunlar, nəinki təkcə bunlar, bir çox belə fikirlər Co ilə dilənçi arasındakı qısa sual-cavab müddətində, Hekin başından gəlib keçdi. 
- Kollar sənə mane olur. Gəl buradan bax, hə, indi görürsənmi? 


- Hə, elədir, qonağı var. Sən gəl bu işdən əl çək! 
- Necə əl çəkə bilərəm, axı mən buradan həmişəlik gedirəm! Əl cəkdim, bəlkə başqa vaxt fürsət düşmədi... Sənə neçə dəfə demişəm, yenə də təkrar edirəm: tüpürüm onun puluna, istəyirsən hamısını götür özünə. Onun əri mənə çox pislik edib, hakim olarkən məni bir səfil kimi həbsə alan da elə o olubdur. Hələ bu harasıdır! İş bununla qurtarsaydı, nə vardı ki! O məni qamçı ilə küçədə, həbsxananın qabağında camaat baxa-baxa döydürdü. Qamçı ilə! Başa düşürsənmi?! O məndən qoçaq tərpəndi, öldü, canını qurtardı. Mən də onun heyfini arvadından çıxaram. Sən isə dostum, mənə kömək edərsən. Elə ona görə də səni özümlə götürmüşəm, tək bacarmazdım. Əgər tənbəllik etsən - öldürərəm. Başa düşdünmü? - İndi ki bunsuz keçməz, nə deyirəm, gedək. Nə qədər tez olsa o qədər yaxşıdır. Onsuz da bədənim əsir. - İndi? Bəs qonaqlar? Heç bilirsənmi bu nə ilə nəticələnə bilər? Yox, qoy gözləyək işıq sönsün. Tələsməyin mənası yoxdur. 


Hek başa düşdü ki, indicə bu adam öldürmək haqqındakı danışıqlardan daha dəhşətli bir sükut çökəcəkdir; o, nəfəsini içəri çəkib cəld dalı-dalı geriyə addımladı; o, sağa və ya sola yıxılmaqdan qorxaraq uzun müddət bir ayağının üstündə ləngərləyir, sonra o biri ayağına yer tapıb, addımını basırdı. Belə ehtiyatla addımlayarkən birdən ayağının altında bir budaq şaqqıldadı. Hek nəfəsini kəsib qulaq asmağa başladı. Səs-səmir gəlmirdi, ətraf tamamilə sakitlik idi. O sevindiyindən bilmirdi nə etsin. Gəmi kimi ehtiyatla dönərək hər iki tərəfdən divar kimi yüksələn kolların arası ilə cəld, lakin qorxa-qorxa irəliləməyə başladı. Hek daş karxanasının yanında yola çıxdıqda artıq özünü təhlükədən kənarda hiss etdi; o, dabanlarına tüpürüb yerindən götürüldü. Enişlə başıaşağı, vallislinin fermasına qədər yüyürdü. Hek yumruqları ilə qapını elə döyəclədi ki, bircə anda qocanın və onun iki pəhləvan kimi oğlunun başı pəncərədən göründü. 


- Bu nə səs-küydür? Qapını döyən kimdir? Nə istəyirsən? - Tez olun açın! Hamısını sizə danışaram! 
–Sən kimsən axı? 
- Heklberri Finnəm! Tez olun qapını açın! 
- Belə de! Heklberri Finnsən! Bu elə bir ad deyildir ki, onun qarşısında bütün qapılar taybatay açılsın! Uşaqlar, keçib, buraxın gəlsin, görək nə deyir. 
- Siz Allah, heç kəsə deməyin ki, bu sözləri sizə mən demişəm, yoxsa məni öldürərlər! - deyə Hek içəri girən kimi pıçıltı ilə danışmağa başladı. 
- Axı o dul qadın həmişə mənə yaxşılıq etmişdir, ona görə də bunların hamısını sizə deyəcəyəm, ancaq söz verin ki, məni ələ verməyəcəksiniz. 
- Allaha and olsun ki, bunda nə isə bir söz var, - deyə qoca dilləndi. - Tez ol, danış görək, bala, heç kəs səni ələ verməz. Artıq üç dəqiqədən sonra möhkəm silahlanmış olan qoca və onun oğlanları əllərində tapança təpəni dırmanıb sumaq kollarına çatmışdılar. Onların dalınca gedən Hek burada dayandı, iri bir daşın dalında gizlənib qulaq asmağa başladı. Uzun və həyəcanlı bir sükut çökdü, sonra birdən atəş səsi və çığırtı eşidildi. Hek bunun ardını gözləmədi. Daşın dalından sıçrayıb, dağaşağı var gücüylə qaçmağa başladı.