Nağıllar, hekayələr

Kartof qoxulu daşlar

Şagird müəlliminə dedi:

-Siz müdriksiz, həmişə əhvalınız yaxşıdır, heç vaxt acıqlı olmursunuz. Mən də sizin kimi olmaq istəyirəm, kömək edin.

Müəllim razı oldu və şagirdinə tapşırdı ki, bir kartof və bir şəffaf torba gətirsin. 

-Kimdənsə küssən, yaxud kiməsə qarşı kin hiss etsən, o vaxt bu kartofu götür,- müəllim dedi.-Bir tərəfinə öz adını, o bir tərəfinə həmin o xoşlamadığın adamın adını yaz qoy bu torbaya.

-Vəssəlam?- şagird təəccblə soruşdu.

-Yox, sən bu torbanı həmişə özünlə gəzdirməlisən. Nə vaxt da kimdənsə küssən, mütləq torbanın içinə kartof at.

 

Şagird razılaşdı.

Bir müddət keçdi. Şagirdin torbası getdikcə dolur, ağırlaşırdı. Onu özüylə daşımaq lap çətin olmuşdu. Üstəlik, lap birinci kartof xarab olmağa başlamışdı, üstündə cücərtilər çıxmış, tamamilə küfə bürünmüşdü, iyindən də baş çatlayırdı.

Şagird müəllimin yanına gəlib dedi:

-Mən daha bunu daşıya bilmirəm. Çünki həm ağırdır, həm də kartoflar xarab olmağa başlayıb. Bəlkə mənə başqa üsul məsləhət görəsiniz?

Ancaq müəllim cavab verdi:

-Bu torbanın əhvalatı ilə sənin qəlbində baş verənlər eynidir. Kimdənsə inciyəndə, kiməsə acıqlananda qəlbindən sanki ağır bir daş asılır. Amma sən hələlik bunu hiss etmirsən. Sonra bu daşların sayı artır. Hərəkətlərin vərdişlərə, vərdişlərin isə xasiyyətə çevrilir. Pis xasiyyət isə pis qoxulu çürük kartof kimidir. Mən sənə bu prosesi kənardan seyr etməyə imkan yaratdım. Hər dəfə kimdənsə inciyəndə, yaxud kimisə incidəndə fikirləş: o çürük kartof qoxulu daş sənə doğrudanmı lazımdır?