Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XXX fəsil

HEKİN HEKAYƏTİ

 

Bazar günü səhər, hava işıqlaşmağa başlayan kimi, Hek alaqaranlıqda dağı dırmanıb qoca vallislinin qapısını yavaşca döydü. Evin bütün sakinləri yatmışdı, lakin keçən gecənin həyəcanı onların yuxusunu narahat etmişdi. Pəncərədən səsləndilər: 
- Kimdir o?
 Hek qorxa-qorxa yavaşca cavab verdi: 


- Siz Allah, məni içəri buraxın! Mənəm, Hek Finndir. 


- Bu adın qarşısında mənim qapım həmişə açıqdır. Buyur əzizim, öz evindir! Yurdsuz uşaq birinci dəfə idi ki, belə sözlər eşidirdi, hələ ömründə bircə kəlmə də ona xoş söz deyən olmamışdı; hətta yadına da gəlmirdi ki, birisi ona desin: "öz evindir, buyur gəl". Qapını tez açdılar, Heki içəri buraxıb, oturmaq üçün yer göstərdilər, qoca isə öz cantaraq oğlanları ilə tələsik geyinməyə başladı. 


- Hə, oğlum, güman edirəm ki, əməlli-başlı acmısan, arxayın ol, gün çıxan kimi bizə isti yemək verəcəklər, qarnını bərkidərsən! Bu gecə uşaqlarla səni gözlədik, dedik gəlib bizdə yatarsan. 


Hek dedi: 
- Mən bərk qorxmuşdum, ona görə də əkildim. Güllələr açılan kimi üç mili birnəfəsə qaçmışam. İndi gəlmişəm ki, öyrənim görüm işlərin axırı necə oldu; hava işıqlaşmamış yola düşdüm ki, o lənətə gəlmişlərin ölüsünə də olsa rast gəlməyim. 


- Ah, yazıq uşaq! Görünür bu gecə bərk yorulmusan, odur, bax, çarpayı, yemək yeyən kimi uzan yat. Elə heyfim ona gəlir ki, onları öldürə bilmədik! Sən bizə danışandan sonra onları harada axtarmaq lazım olduğunu bilirdik; ayaqlarımızın ucunda gedib onların təxminən on addımlığında dayandıq, elə qaranlıq idi ki, göz gözü görmürdü. Birdən məni asqırmaq tutdu. Bədbəxtliyə bir bax! Nə qədər özümü saxlamaq istədimsə də saxlaya bilmədim. Asqırdım! Mən əlimdə tapançanı hazır tutub qabaqda dayanmışdım, elə asqıran kimi məlunlar yerlərindən tərpənib özlərini kolluğa vurdular. Çığırdım: "Uşaqlar, atəş açın!" Özüm də kolların xışıldadığı tərəfə atəş açırdım. Uşaqlar da oranı gülləyə tutmuşdular. Bununla belə əclaflar qaçıb əkildilər, bütün meşəni onların dalınca qaçdıq, heç bir şey çıxmadı. Deyəsən, gülləmiz heç birinə dəyməmişdi. Onların da hərəsi bir güllə atdı, yaralanan olmadı. Addım səsləri kəsilən kimi biz o saatca təqibi dayandırdıq, dağla aşağı enib, polis idarəsinə xəbər verdik. Onlar bir dəstə adam götürüb sahil boyu axtarışa getdilər; hava işıqlaşan kimi şərif öz adamları ilə bütün meşəni axtaracaqdır. Mənim oğlanlarım da onlarla gedəcəklər. Quldurların xarici görkəmindən xəbərdar olsaydıq, çox yaxşı olardı, bu, bizə kömək edərdi. Yəqin ki, qaranlıqda heç sən də onları görə bilməmisən, eləmi? 


- Yox, mən onları hələ şəhərdə ikən görmüşdüm, dallarına düşüb getmişdim. 


- Bax, bu çox yaxşı oldu! Danış, oğlum, onların təhər-töhürünü bizə də görək necədirlər? 


- Onlardan biri lal-kar ispaniyalıdır, onu şəhərdə bir-iki dəfə görüblər. O birisi isə cır-cındırlı, eybəcər bir səfildir... 


- Kifayətdir, əzizim, onları biz tanıyırıq! Bir dəfə xanım Duqlasın evinin dalında meşədə mən özüm də onlara rast gəlmişəm; onda məni görüb əkildilər. Tez olun, uşaqlar, gedib bunların hamısını şərifə xəbər verin, səhər yeməyinizi sonra yeyərsiniz. 
Vallislinin oğlanları o saatca yola düzəldilər. Hek yerindən siçrayıb onların dalınca qaçaraq dedi: - Siz Allah, onları mən ələ verdiyimi heç kəsə deməyin! Çox xahiş edirəm! - Yaxşı, Hek. Ancaq deyəndə nə olar, bu daha da sənin şöhrətini artırardı. - Yox, yox, istəməz! Allah xatirinə, lazım deyil! Cavanlar çıxıb gedəndən sonra qoca vallisli dedi: 


- Onlar heç kəsə bir söz deməzlər, heç mən də demərəm. Ancaq sən nə üçün istəmirsən ki, bunu başqaları bilsin? Hek ətraflı izahat vermək istəmədi, yalnız onu dedi ki, səfillərdən biri haqqında o onsuz da çox şey bilir və qəti surətdə istəmir ki, həmin səfil bundan xəbər tutsun, yoxsa onu öldürər, mütləq öldürər. Qoca heç kəsə bir söz deməyəcəyini bir daha vəd edib soruşdu: 
- Hər halda necə oldu ki, sən onların dalınca getdin? Sənə şübhəli göründülər, ha?


Hek mümkün qədər can qurtaran bir cavab verməyə çalışaraq bir qədər susdu, sonra dedi: 


- Necə deyim... Axı mən özüm də səfil kimi bir şeyəm, hər halda hamı belə düşünür və mən bundan incimirəm. Bəzən elə olur ki, bütün gecəni yatmıram, bu barədə düşünürəm, deyirəm necə edim ki, başqa cür yaşayım. Keçən gecə də belə oldu. Yata bilmədlm, gecənin yarısı küçələri veyllənməyə, fikirləşməyə başladım. İçki içməyənlər Cəmiyyəti mehmanxanasının yanındakı köhnə kərpic anbarın yanına çatanda, divara söykənib durdum ki, yaxşı-yaxşı fikirləşim. Elə bu vaxt həmin o iki nəfər lap yaxınlığımdan gəlib keçdi, qoltuqlarında da nə isə var idi, dedim yəqin oğurluq maldır. Onlardan biri papiros çəkirdi, o birisi ondan od istədi. Düz qabağımda dayandılar, papiros onların üzünü işıqlandırdı, bu zaman gördüm ki, birisi - həmin o uzunu - çal saqqal, bir gözü sarıqlı lal-kar ispaniyalıdır, o biri isə həmin cır-cındırlı səfildir. 


- Papiros işığında məgər sən onun cır-cındırını da görə bildin? 


Hek bir dəqiqəliyə tutuldu, sonra dedi: 
- Bilmirəm, ancaq necə oldusa görə bildim. - Sonra onlar çıxıb getdilər, sən də düşdün dallarıncan. Hə? 
- Bəli, mən düşdüm dallarınca. Çox oğrun-oğrun gedirdilər, dedim qoy görüm bunların nə fırıldağı var. Dallarınca qarabaqara getdim, dul arvadın barısına çatanda qaranlıqda gizləndim, səfilin dul arvada qahmar  çıxdığını, ispaniyalının isə onu öldürəcəyinə and içdiyini eşitdim. Mən ki, bunları sizə danışmışam... 


- Necə? Bunları danışan lal-kar idi? Hek yenə də dəhşətli bir səhv buraxmışdı! O çox çalışırdı ki, ispaniyalının kim olduğunu qoca başa düşməsin. Bununla belə yenə də ağzından söz qaçırırdı. O birtəhər sözünü dəyişmək istədi, lakin qoca gözlərini ondan çəkmirdi. Getgedə onun yalanları üzə çıxırdı. Nəhayət, qoca dedi: 


- Balacan, sən məndən qorxma. Mən sənə heç bir pislik etmərəm. Əksinə, bərk ayaqda sənə qahmar çıxaram, bəli, qahmar çıxaram. İspaniyalı heç də lalkar deyildir, sən özün bunu ağzından qaçırdın. Bu ispaniyalı haqqında nə isə bilirsən və bunu məndən gizlətmək istəyirsən. Nahaq yerə mənə etibar etmirsən, hər nə varsa aç de, mən sənin sözünü heç yerdə danışmaram. Hek qocanın doğruluq yağan gözlərinə diqqətlə baxdı, sonra əyilib qulağına pıçıldadı. 
- O İspaniyalı-zad deyil - o hindi Codur! 
Vallisli stuldan sıçradı, o bir dəqiqə susduqdan sonra dedi: 
- Hə, indi hər şey aydındır! Səhər yeməyi zamanı onların söhbəti davam etdi, qoca sözarası dedi ki, o, yatağa uzanmamışdan qabaq fənəri götürüb oğlanları ilə barının yan-yörəsini yoxlamağa gedib ki, görsün oralara qan tökülməyib ki, lakin heç yerdə qan görməyiblər, əvəzində isə böyük bir bağlama... 


- Nə bağlaması? Bu sözlər uşağın ağappaq ağarmış dodaqlarından ildırım sürətilə qopdu. O, gözlərini geniş açaraq nəfəs almadan cavab gözləyirdi. Vallislini heyrət bürüdü, o da gözlərini Hekə dikdi. Beş-on saniyə baxdıqdan sonra dedi: 
- Oğru alətlərilə dolu bir bağlama idi. Sənə nə oldu? Hek nəfəsini güclə dərərək stulun arxasına söykəndi, lakin sevincinin həddihüdudu yox idi. Vallisli böyük diqqət və maraqla ona baxıb dedi: 


- Bəli, oğru alətləri idi. Bu, deyəsən səni sakitləşdirdi. Niyə belə həyəcanlanmışdın? Səncə biz oradan nə tapmalı idik? 


Heki divara dayamışdılar. Qocanın sual dolu nəzərləri onu sıxırdı. O, əlverişli bir cavab axtarıb tapmaq üçün dünyada hər şeyindən keçərdi. Lakin heç nə tapabilmirdi. Sualedici nəzərlər isə get-gedə daha dərinlərə işləyirdi. Tamamilə mənasız bir şey onun dilinə gəldi. Fikirləşməyə imkan yox idi, ona görə də dedi: 
- Dedim bəlkə bazar günü məktəbi üçün dərs kitabları imiş... 


Yazıq Hek özünü elə itirmişdi ki, gülümsünə də bilmədi, lakin qoca elə şən və elə bərkdən qəhqəhə çəkdi ki, onun iri bədəni təpədən-dırnağadək silkələndi, nəhayət, sakit olub dedi ki, belə sağlam gülüş cibdəki puldan daha yaxşıdir, ona görə ki, adamı həkim və dava-dərman xərcindən azad edir. Sonra əlavə etdi: 


-Yazıq uşaq! O saatca rəngin qaçdı, sınıxdın, görünür xəstələnmisən. Təəccüblənəsi bir şey yoxdur, elə ona görə də beynin bir az küt işləyir. Zərər yoxdur, keçib gedər. Yatarsan, dincələrsən, sağ-salamat ayağa qalxarsan. 


Özünü axmaq kimi apardığına və belə şübhəli həyəcan göstərdiyinə görə Hekürəyində özünü danlayırdı. Ona görə ki, hələ barının qırağında ikən quldurların danışığını eşitdikdə o başa düşmüşdü ki, bağlamadakı xəzinə deyil, lakin bunun belə olub-olmadığını yəqin bilmirdi, elə bu səbəbə görə də bağlamanın ələ keçməsi onu belə həyəcanlandırmışdı. Ümumiyyətlə, Hek buna sevinirdi; indi heç olmasa yəqin bilirdi ki, bağlama onun güman etdiyi bağlama deyildir, ona görə də vəziyyəti yüngülləşdi və ürəyi tamamilə sakit oldu. Deyəsən hər şey öz yoluna düşmüşdü: xəzinə yəqin ki, hələ də ikinci nömrədədir, səfilləri bu gecə tutub həbsxanaya salarlar, o isə elə həmin axşam Tomla birlikdə heç nədən qorxub çəkinmədən əngəlsiz və əziyyətsiz gedib qızılı götürər. 


Onlar səhər yeməyini hələ yeyib qurtarmamışdılar ki, qapı döyüldü. Hek yerindən sıçrayıb bir tərəfdə gizləndi; o istəmirdi ki, dünənki hadisələrlə əlaqəsi olduğunu başqa birisi bilsin. Vallisli qapını açdı, bir neçə xanımla bir neçə cənab içəri girdi, dul qadın Duqlas da onların arasında idi. Bundan başqa ev sahibi qapını açarkən bir dəstə şəhər adamının dağa dırmaşmaqda olduğunu da gördü, onlar hadisə yerinə baxmağa gedirdilər. Demək, təzə xəbər artıq şəhərin hər tərəfinə yayılmışdı. Vallisli gecə baş vermiş əhvalatın hamısını gələn adamlara danışmalı oldu. Həyatını xilas etdiyi üçün dul qadın vallisliyə qızğın təşəkkür edirdi. 


- Xanım, bu barədə siz mənə heç bir söz deməyin! Başqa bir adam vardır ki, siz məndən və mənim oğlanlarımdan daha artıq ona borclusunuz, lakin o özünün kim olduğunu bildirmək istəmir. Əgər o olmasaydı, biz heç oraya getməyəcəkdik də. 

 

Əlbəttə, bu sözlər elə böyük bir maraq oyatdı ki, əsas məsələ az qaldı gecə ikinci plana, lakin vallisli öz qonaqlarını və onların vasitəsilə bütün şəhər əhlini bərk maraqlandırmış olsa da sirrini heç kəsə bildirmədi! Qonaqlar bütün təfsilatı eşidib bildikdən sonra dul qadın dedi:
 - Mən yerimin içində kitab oxuya-oxuya yuxuya getmişəm. Heç bir şeydən xəbərim olmayıb. Bəs niyə siz gəlib məni oyatmadınız? 
- Belə qərara gəldik ki, sizi narahat etməyək. Səfillərin bir də qayıdıb gəlməsinə ehtimal yox idi, axı onlar bütün alətlərini qoyub qaçmışdılar, onsuz bir şey edə bilməzdilər. Daha əbəs yerə nə üçün sizi oyadıb qorxudaydıq? Mənim üç zəncim səhərə qədər sizin evin keşiyini çəkib. Onlar indicə qayıdıb gəliblər. 
Yenə də gələnlər oldu, vallisli düz iki saatın ınüddətində öz hekayətini bir neçə dəfə başdan-ayağa qədər təkrar etməli oldu. 


Tətil olduğuna görə bazargünü məktəbində dərs yox idi, bununla belə şəhər camaatının hamısı sübh tezdən kilsəyə toplaşmışdı. Şəhəri bürümüş olan xəbər hərtərəfli müzakirə edilirdi. Belə danışırdılar ki, hələ canilərin izinə düşmək mümkün olmayıb. İbadətdən sonra hakim Tetçerin arvadı camaatla birlikdə qapıya tərəf gedən missis Qarperə özünü çatdırıb onunla söhbətə girişdi: 


- Mənim Bekkim elə bütün günümü yatacaq? Mən əvvəldən bilirdim ki, o yorulub əldən düşəcəkdir. 
– Sizin Bekki? 
- Bəli. Məgər o gecəni sizdə qalmayıb? 
- Yox, nə danışırsınız? Missis Tetçer ağappaq ağarıb skamyaya çökdüyü zaman Polli xala öz dostu olan bir qadınla qızğın söhbət edə-edə onun yanından keçirdi. Polli xala dedi: 
- Sabahınız xeyir, missis Tetçer! Sabahınız xeyir, missis Qarper! Bizim uşaq yenə haradasa itib-batıb. Mən elə bilirəm ki, o, gecəni sizin birinizin evində yatıb qalıb, indi isə qorxusundan kilsəyə gəlmir. Gərək yaxşıyaxşı tənbeh edəm! Missis Tetçerin sifəti daha da ağardı, o, xəfifcə başını buladı. 
- Bizdə yatmayıb, - deyə missis Qarper də narahat olmağa başladı. Polli xalanın sifətindən onun təşvişə düşdüyü hiss olundu.
- Co Qarper, sən bu gün səhər bizim Tomu görməmisən ki? 
- Yox, görməmişəm. 
- Bəs axırıncı dəfə sən onu nə vaxt görmüsən? 


Co xatırlamağa çalışdı, lakin qəti bir söz deyə bilmədı. Kilsədən çıxmaq istəyənlər qapıya çatmamış yarı yolda dayandılar. Camaatın içərisində pıçıldaşma eşidildi. Hamı narahat olmuşdu. Uşaqları və cavan müəllimləri sorğusuala tutdular. Onlardan heç birisi gəmi şəhərə qayıdan zaman Tomun və Bekkinin orada olub-olmadığını xatırlaya bilmədi. Artıq hava qaralmışdı, ona görə də hamının gəmidə olub-olmadığını soruşmaq heç kəsin ağlına gəlməmişdi. Nəhayət, cavanlardan birisi qorxa-qorxa bildirdi ki, bəlkə də onlar mağarada qalıblar. Missis Tetçerin ürəyi xarab oldu. Polli xala isə ağlaya-ağlaya əllərini ovuşdururdu. 


Qorxulu xəbər ağızdan-ağıza, dəstədən-dəstəyə, küçədən-küçəyə yayıldı və beş dəqiqə keçməmiş kilsənin zəngi şiddətlə çalındı, bütün şəhər ayağa qalxdı. Kardif dağındakı hadisə artıq o qədər də əhəmiyyətli görünmürdü, o böyüklükdə əhvalatı hamı yaddan çıxarmışdı. Atlar yəhərləndi, camaat qayıqlara mindi, gəmi tüstüləndi və yarım saat keçməmiş iki yüz addım - kimi quru yolla, kimi çayla mağaraya tərəf yollandı. Bütün gün ərzində şəhər bomboş qalmışdı, sanki hamı qırılmışdı. Arvadlar Polli xalaya və missis Tetçerə baş çəkir, onları sakit etməyə çalışırdılar. Onlarla birlikdə ağlayıb göz yaşı axıdırdılar ki, bu da bir cür sözdən yaxşı idi. 


Bütün cansıxıcı gecəni şəhər axtarışa gedənlərdən xəbər gözləyirdi, yalnız səhər açılmağa başladıqda bir-iki kəlmədən ibarət xəbər gəldi: "Yenə də şam və ərzaq göndərin". Missis Tetçerin vo Polli xalanın az qaldı ağlı başından çıxa. Hakim Tetçer mağaradan ruhlandırıcı və ümidlərlə dolu məktublar göndərirdi, lakin bunların heç biri yazıq arvadları sevindirmirdi. 


Qoca vallisli səhərə yaxın üst-başı muma və palçığa batmış halda qayıdıb gəldi. O yorğunluqdan ayaq üstə dura bilmirdi. Hek hələ də vallislinin evində axşamdan uzandığı yorğan-döşəkdə idi. Uşaq istidən çapalayır və sayıqlayırdı. Həkimlərin hamısı mağaraya getmişdi, ona görə də xəstədən dul qadın Duqlas muğayat olurdu. O deyirdi ki, uşaq yaxşı olsun və ya pis olsun - onun üçün fərqi yoxdur, Allahın tifilidir, əlindən gələn qədər ona qulluq edəcək, yetimi baxımsız qoya bilməz.


Yorulub əldən düşən adamlar hələ gecəyarısı dəstə-dəstə şəhərə qayıtmışdılar, qüvvəsi olanlar isə yenə də axtarışı davam etdirirdilər. Təzə xəbər yalnız ondan ibarət idi ki, mağarada indiyədək heç kəsin ayağı dəyməyən bütün künc-bucaqlar axtarılmışdır; qalan yerlər də başdan-başa axtarılacaqdır. Danışırdılar ki, bir-birini kəsən qaranlıq dəhlizlərdə orada-burada hərdən işıq gözə çarpır, uzaqdan gələn çığırtı və güllə səsləri mağaranın hər yerinə yayılıb əks-səda verirmiş. 

 

Adamlar, turistlərin adətən gəzdikləri yerlərdən xeyli aralıda, qayanın üstündə hislə iki ad yazıldığını görüblər: "Bekki və Tom". Ondan azacıq aralıda isə üstünə şam piyi damcılamış bir lent yerə düşüb qalıbmış. Missis Tetçer lenti tanıyaraq hönkürüb ağlamağa başlayıb. Deyib ki, həmin lent onun yazıq balasından qalmış son nişanədir, indi bu lent onunçün dünyada hər şeydən qiymətlidir, ona görə ki, Bekkinin ömrünün son dəqiqəsinə qədər bu lent onun saçında olmuşdur, dəhşətli ölümdən sonra anaya qalan təkcə bu lentdir. Bəziləri nağıl edirdilər ki, hərdən uzaqdan bir işıq görürmüşlər, hamı sevinərək dəstə ilə oraya cumurmuş, lakin yaxına getdikdə görürmüşlər ki, öz adamlarıdır, peşman olurmuşlar. 

 

Beləliklə üç gün, üç gecə keçdi. Qorxulu və həyəcanlı saatlar bir-birini əvəz etdi, nəhayət, şəhər ümidsizliyə qapıldı, hamının qolu boşalıb yanına düşdü. İçki İçməyənlər Cəmiyyəti mehmanxanasında əl altından araq alveri edildiyi xəbəri təsadüfi olaraq şəhərə yayıldıqda, nə qədər sarsıdıcı olsa, belə bu xəbər heç kəsi həyəcanlandırmadı. Qızdırmadan ayılmış Hek zəif səslə mehmanxanalardan söhbət saldı və sözarası ehtiyatla xəbər aldı ki, o xəstələnəndən bəri İçki İçməyənlər Cəmiyyəti mehmanxanasından bir şey-zad tapılmayıb ki. 


- Hə, tapılıb, - deyə dul qadın cavab verdi. Hek yatağında dirsəklənib gözlərini geniş açdı: 
- Nə tapılıb? Nə? 
- Araq, indi mehmanxananı bağlayıblar, daha işləmir. Uzan, əzizim. Sən məni nə yaman qorxutdun! - Xahiş edirəm mənə bircə kəlmə, tək bircə kəlmə söz deyin: arağı kim tapıb, Tom Soyyer? Qarı gözlərinin yaşını axıtmağa başladı: 
- Sakit ol, əzizim, sakit ol! Axı bilirsən ki, sənə çox danışmaq yaramaz! Sən bərk xəstəsən, lap bərk xəstəsən! Hə, demək araqdan başqa heç bir şey tapmamışlar! Qızıl tapmış olsaydılar, indi bütün şəhərə xəbər yayılmışdı. Belə məlum olur ki, xəzinə əldən çıxdı, həmişəlik çıxdı! Görəsən bəs bu xanım nəyə görə ağlayır? Axı o nə üçün ağlasın? Bu fikirlər Hekin xəyalında tutqun şəkildə dolanırdı, nəhayət, o, yorulub yuxuya getdi. Dul qadın öz-özünə dedi: 
- Yazıq uşaq, axır ki, yatdı. "Tom Soyyer tapıb!" Yaxşı olardı ki, elə Tom Soyyerin özünü tapaydılar! Ah, indi onu tapmağa ümidi olan adam çox azdır, kimdə qüvvət qalıb ki, gedib yenə axtarsın!