Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XXXI fəsil

MAĞARADA AZIRLAR 

İndi Tom ilə Bekkidən danışaq, görək onların gəzintisi necə keçdi.

 

Onlar bütün dəstəylə birlikdə qaranlıq dəhlizləri gəzərək mağaranın, "Qonaq otağı", "Kilsə", "Əlaiddin sarayı" və sairə kimi çox təmtəraqlı adlar daşıyan qəribə yerlərini gözdən keçirtdilər. Buralara uşaqlar əvvəldən də bələd idilər. Bir azdan şən-gizlənqaç oyunu başlandı. Bekki ilə Tom da bu oyuna qoşularaq ta yorulana qədər oynadılar. Bundan sonra onlar əllərindəki şamı başlarından hündürdə tutaraq, daş divarlara şam hisiylə yazılmış qarmaqarışıq adları, tarixləri, ünvanları, mənalı sözləri oxuya-oxuya əyri-üyrü yollarla aşağıya enməyə başladılar. Bu qayda ilə onlar get-gedə uzaqlaşdılar, başları söhbətə elə qarışmışdı ki, artıq mağaranın divarlarında yazı olmayan hissəsinə gəlib çıxdıqlarını hiss etmədilər. Onlar da divarın çıxığında hislə öz adlarını yazıb irəli getdilər. Bir azdan elə bir yerə gəlib çıxdılar ki, orada qayanın üstündən tökülən balaca bir çay əsrlər boyu çökdürdüyü daş kimi möhkəm və cilali kirəcdən tam bir Niaqara düzəltmişdi.

 

Tom arıq bədənini irəli verib şəlaləni işıqlandırdı ki, Bekki oraya baxıb həzz alsın. Tom şəlalədən o tərəfdə, iki divar arasındakı darısqal keçiddə daşlardan təbii olaraq düzəlmiş bir pilləkən gördü. O saat onda macəraçılıq həvəsi oyandı. O, Bekkini də həvəsləndirdi, azmamaq üçün hislə nişanə qoyduqdan sonra kəşfiyyata getdilər. Uşaqlar bu dəhlizlə sağa, sola burula-burula uzun müddət gederək yerin altında lap dərindəki xəlvət kahalara qədər endilər. Burada yenə də nişanə qoydular, sonra təzə bir şey tapmaq üçün yenə də yana buruldular ki, yuxarı çıxdıqda öz kəşfləri haqqında qürurla danışa bilsinlər. Onlar bir azdan sonra geniş bir kahaya gəlib çıxdılar, burada yuxarıdan insan qıçı yoğunluğunda stalaktitlər  sallanmışdı. Tomla Bekki heyrətdən içlərini çəkə-çəkə kahanın hər tərəfini gəzdilər, sonra isə ətrafdakı çoxlu dəhlizlərdən birinə buruldular. Həmin dəhlizlərlə bir qədər irəlilədikdən sonra gözəl bir bulağa rast gəldilər. Bulağın kənarları elə bil ki, qırov kimi parlaq kristallardan düzəldilmişdi. Bu bulaq mağaranın tən ortasında idi? ətrafında stalaktit və stalaqmitlərdən əmələ gəlmiş çoxlu fantastik sütunlar divar kimi yüksəlmişdi. Bunlar min illər ərzində daim su tökülməsi nəticəsində birləşərək bəzəkli bir hörmə şəklini almışdı. Minlərlə yarasa bir-birinə sarmaşaraq mağaranın yuxarısından yumaq kimi sallanmışdı. İşıqdan narahat olmuş yarasalar civilti ilə yerlərindən qopub hiddətlə şama tərəf şığımağa başladılar.

 

Tom yarasaların xasiyyətini bildiyindən onların necə təhlükəli olduqlarını başa düşürdü. Ona görə də Bekkinin əlindən yapışıb ilk rast gəldiyi dəhlizlərdən birinə tərəf çəkdi. Bunu lap vaxtında etmişdi, çünki uçan yarasalardan biri qanadı ilə vurub Bekkinin şamını söndürmüşdü. Yarasalar onları uzun müddət qovdular, lakin uşaqlar hər dəfə qarşılarına çıxan dəhlizlərə burula-burula, nəhayat, bu mənhus və qorxunc quşlardan canlarını qurtara bildilər. Bir azdan onlar yeraltı gölə rast gəldilər. Göl tutqun parıltı ilə uzaqlara axıb gedirdi, çevrəsi qaranlıqda gözdən itirdi. Tom gölün sahillərini tədqiq etmək xəyalına düşdü, lakin fikirləşdi ki, əvvəlcə oturub bir qədər dincəlmək lazımdır. Burada birinci dəfə olaraq mağaranın dərin sükutu uşaqları sıxdı.

- Mən əvvəlcə hiss etmirdim, amma deyəsən biz lap çoxdandır ki, heç kəsin səsini eşitmirik.

- Özün bir fikirləş, Bekki, axı biz onlardan çox-çox aşağıdayıq.

Özümüz də dərində olmaqla bərabər, şimala, yaxud cənuba, yaxud da şərqə tərəf çox aralanmışıq. Buradan onların səsini eşidə bilmərik.

Bekki narahat olmağa başladı: - Tom, biz çoxdanmı buradayıq? Geri qayıtsaq yaxşı olmazmı?

- Əlbəttə, qayıtmaq yaxşıdır. Mən də elə sən fikirdəyəm.

- Tom, sən yolu tapa biləcəksənmi? Buralar elə qarış-quruşdur ki, mənim heç bir şey yadımda deyil.

- Yarasalar olmasaydı, mən yolu tapa bilərdim. Qorxuram yenə vurub şamların ikisini də söndürələr, onda işimiz lap xarab olar. Gəl başqa bir yolla gedək ki, bir də onları görməyək.

- Yaxşı. Bəlkə heç azmadıq, yoxsa bu çox pis olardı!

- Qız belə dəhşətli bir şeyin baş verə biləcəyini təsəvvürünə gətirərək titrədi.

 

Onlar bir dəhlizə girdilər və uzun müddət dinməzcə gedərək ətrafa diqqətlə nəzər saldılar ki, görsünlər tanış döngələri görə bilərlərmi; lakin burada hər şey yad idi. Hər dəfə Tom yeni bir döngəyə başını uzadıb baxdıqda Bekki gözlərini onun üzündən çəkmirdi ki, görsün Tom yolu tapmışdırmı. Tom isə sevinclə deyirdi:

 

- Fikir eləmə, hər şey öz qaydasındadır. Bu gəldiyimiz yol deyil, ancaq tezliklə həmin yola çıxacağıq, darıxma! 


Lakin çıxış yolu tapmaq cəhdləri boşa çıxdıqca, o yavaş-yavaş ruhdan düşürdü, bir azdan istədiyi dəhlizi tapmaq ümidi ilə hara gəldi bu-ruldu. Əvvəlki kimi yenə də "hər şey öz qaydasındadır" deyirdi, lakin qəlbinə elə dəhşətli bir ağırlıq çökmüşdü ki, səsi tamamilə başqa cür çıxırdı, ele bil deyirdi: "Artıq hər şey məhv oldu". Bekki bərk qorxu içərisində Toma sıxılaraq göz yaşlarını nə qədər saxlamaq istəyirdisə də bacarmırdı, gözlərinin yaşı elə hey axırdı. Nəhayət, o dedi:

 

- Yarasalar olsa da hər halda qayıdaq, o yolla gedək! Yoxsa biz lap azarıq. Tom dayandı.

- Bir qulaq ver, - dedi. Hər tərəf elə dərin sükuta dalmışdı ki, onların ürək döyüntüsündən başqa heç bir səs-səmir eşidilmirdi... Tom çığırdı, onun səsi boş dəhlizlərə düşərək əkssəda verdi və get-gedə zəifləyərək kiminsə istehzalı qəhqəhəsi tək uzaqlarda eşidilməz oldu. Bekki dedi:

- Ah, Tom, səsini kəs! Adam qorxudan ölür.

- Qorxulu olsa da çığırmaq lazımdır, Bekki. Bəlkə səsimizi eşitdilər.

- Tom yenə də çığırdı.

 

Bu "bəlkə" sözü o vahiməli qəhqəhədən daha qorxulu idi: bu o demək idi ki, artıq heç bir ümid yoxdur.

 

Uşaqlar uzun müddət dayanıb qulaq asdılar, lakin onların səsinə səs verən yox idi. Bundan sonra Tom o saatca geriyə dönərək addımlarını sürətləndirdi.

Lakin bir qədərdən sonra Bekki onun qətiyyətsiz yeriməsindən başa düşdü ki, onlara başqa bir müsibət üz vermişdir: Tom geriyə qayıtmaq üçün də yol tapa bilmirdi!

- Ah, Tom, axı sən niyə nişanə qoymurdun?

- Bekki, mən axmaq olmuşam! Çox axmaq olmuşam! Heç ağlıma da gəlməyib ki, biz geri qayıtmalı olacağıq. Yox, yolu tapa bilmirəm. Lap dolaşıb qalmışam.

- Tom, Tom, biz azmışıq! Azmışıq! Bu dəhşətli mağaradan bir daha çıxa bilməyəcəyik! Eh, axı biz nə üçün başqalarından ayrıldıq.

 

Bekki yerə çöküb elə acı-acı ağladı ki, Tom onun öləcəyindən və ya dəli olacağından qorxub təşvişə düşdü. O, Bekkinin yanında oturub onu bağrına basdı; Bekki Toma sıxılaraq sifətini onun sinəsinə söykədi. Qız ağlayır və boşboşuna təəssüflənirdi, uzaqdan gələn əks-səda isə onun sözlərini istehzalı bir qəhqəhəyə çevirirdi. Tom onu dilə tuturdu ki, ruhdan düşməsin, ümidini itirməsin. Lakin qız cavab verirdi ki, bunu edə bilmir. Tom qızı belə bir müsibətə saldığı üçün özünü danlamağa, məzəmmət etməyə başladı, bunun yaxşı təsiri oldu. Bekki dedi ki, bütün gücünü toplayıb, onun ardınca hara desə gedər, təki Tom özünü danlamasın. O özü Tomdan az təqsirkar deyildir.

 

Onlar yenə də qalxıb baxtabaxt yola düzəldilər. Heç bir yerdə dayanmadan irəliləməkdən başqa onların əlacı qalmamışdı. Qısa bir müddət ərzində onların qəlbində ümid qığılcımı parladı - ona görə yox ki, onlar nəyəsə ümid bağlayırdılar, yox, ona görə ki, insan gənc olduqda və çox müvəffəqiyyətsizliklərə düçar olmadıqda onun ümidi üzülmür.

 

Tom Bekkinin şamını alıb söndürdü. Belə qənaətçiliyin çox böyük mənası var idi. Daha buna izahat lazım deyildi. Bunun nə demək olduğunu Bekki onsuz da anladı və yenə də ruhdan düşdü. O bilirdi ki, Tomun cibində bir bütöv, bir neçə də yarımçıq şam vardır, bununla belə əllərindəki şamlardan birini də ehtiyat üçün saxlamaq lazımdı.

 

Bir azdan yorğunluq özünü göstərdı. Lakin uşaqlar dayanmaq istəmirdilər - hər dəqiqənin onlar üçün bu qədər qiymətli olduğu bir vaxtda oturmaq haqqında düşünmək belə dəhşətli idi, heç olmasa bir tərəfə üz tutub getmək yaxşı idi, bu, onları xilas edə bilərdi, oturmaq isə ölümü gözləmək, onun gəlişini sürətləndirmək demək idi.

 

Nəhayət, Bekkinin zəif ayaqları daha onun sözünə baxmadı. Qız dincəlmək üçün yerə oturdu. Tom da onun yanında oturdu, onlar öz qohumlarını, dostlarını, rahat yataqlarını, başlıcası isə - işığı xatırlamağa başladılar! Bekki ağladı, Tom onu sakit etmək üçün yeni bir şey fikirləşə bilmirdi, artıq dəfələrlə təkrar etdiyi sözlər isə daha qıza təsir etmir, əksinə, istehza kimi səslənirdi. Bekki o qədər əldən düşmüşdü ki, mürgüləyib tez yuxuya getdi. Tom buna şad oldu. O, qızın sınıxmış sifətinə nəzər salır, şirin yuxunun təsiri altında üzündə get-gedə əvvəlki kimi sakit, qayğısız ifadə yarandığını görürdü. Qızın dodaqlarında şən bir təbəssüm oynayırdı. Onun üzünün dinc ifadəsi Tomu da sakit etdi, ruhlandırdı. O, keçmişi düşünməyə, tutqun xatirələri xəyalında canlandırmağa başladı.

 

Tom dərin fikrə dalmış halda uzun müddət oturdu. Birdən Bekki şən bir gülüşlə yuxudan oyandı, lakin bu gülüş həmin dəqiqə qızın dodaqlarında donaraq acı bir iniltiylə əvəz olundu.

- Necə oldu ki, mən yuxuya getdim! Kaş heç ömrümdə bu yuxudan ayılmayaydım! Yox, yox, mən daha belə sözlər deməyəcəyəm, Tom! Mənə elə baxma! Mən daha belə danışmayacağam!

 

- Yata bildiyinçün mən çox şadam, Bekki. İndi sən dincəlmisən, biz səninlə birlikdə çıxış yolu taparıq. 

- Görək da, Tom. Ancaq mən yuxuda elə gözəl bir ölkə görürdüm ki... Mənə elə gəlir ki, biz tezliklə orada olacağıq.

- Bəlkə olduq, bəlkə də heç olmadıq, Bekki. Axır ki, kefini kök saxla, dur gedək yolu axtaraq. Uşaqlar ayağa qalxaraq artıq heç bir şeyə ümidləri olmadan əl-ələ tutub yollarına davam etdilər. Onlar mağarada nə qədər qalmış olduqlarını hesablamaq istədilər. Onlara elə gəlirdi ki, bir həftədir buradadırlar, ancaq bu ola bilməzdi, çünki götürdükləri şam hələ yanıb qurtarmamışdı. Çox vaxt keçmişdi, lakin nə qədər keçdiyini onlar bilmirdilər. Tom dedi ki, yavaş-yavaş getmək, diqqətlə qulaq asmaq lazımdır ki, bir yerdən su damcıladığını eşidə bilsinlər: bulaq tapmaq lazımdı. Tezliklə bir bulağa rast gəldilər, Tom dedi ki, yenə də oturub dincəlmək lazımdır. Hər ikisi bərk yorulmuşdu, lakin Bekki dedi ki, hələ bir az da gedə bilər. Tomun buna razı olmaması qızı təəccübləndirdi. O, bunun səbəbini başa düşmürdü. Onlar oturdular, Tom şamı gillə divara yapışdırdı. Hər ikisi fikrə gedib, uzun müddət susdular. Sonra Bekki dilləndi:

 

- Tom, mən yaman acmışam! Tom cibindən nə isə çıxartdı.

- Yadındadırmı? – deyə soruşdu. Bekki zorla gülümsündü:

- Bu bizim toy piroqumuzdur, Tom.

- Hə, ancaq heyf ki, təkər boyda deyildir... Axı bundan başqa bizim heç bir şeyimiz yoxdur.

- Mən bunu gizlətmişdim ki, sonra barıncımın altına qoyum, axı böyüklər toy piroqlarını balıncın altına qoyurlar, ancaq bu bizim üçün... O sözünü deyib qurtarmadı. Tom piroq parçasını iki yerə boldü. Bekki öz payım iştaha ilə yeyib qurtardı, ancaq Tom özününkündən bircə tikə aldı. İstədikləri qədər sərin su var idi - onlar yeməyin üstündən su da içdilər. Bir müddətdən sonra Bekki yola düşməyi təklif etdi. Tom bir dəqiqə susub sonra dedi:

 

- Bekki, mən sənə bir neçə kəlmə söz deyecəyəm, diqqətlə qulaq asa bilərsənmi? Bekkinin rəngi qaçdı, lakin dedi ki, qulaq asa bilər.

- Bilirsənmi, Bekki, biz burada qalmalıyıq, çünki burada içməli su var. Şam da ki, qurtarır, bu axırıncıdır. Bekki gözlərinin yaşına dəm verdi. Tom bacardığı qədər onu sakit etməyə çalışırdısa da, bunun köməyi olmurdu. Nəhayət, Bekki dedi:

-Tom!

- Nə var, Bekki?

- Yəqin yox olduğumuzdan xəbər tutub bizi axtaracaqlar.

- Bəs necə, əlbəttə. Mütləq axtaracaqlar.

- Tom, bəlkə elə indi bizi axtarırlar?

- Hə, yəqin ki, axtarırlar. Bu çox yaxşı olardı!

- Tom, onlar bizim itdiyimizdən nə vaxt xəbər tutacaqlar?

- Yalnız gəmiyə qayıtdıqdan sonra.

- Tom, onda qaranlıq düşmüş olacaq. Haradan görəcəklər ki, biz yoxuq?

- Bilmirəm, hər halda hamı evə qayıdan kimi sənin anan xəbər tutacaqdır. Bekkinin üzünə baxanda Tom başa düşdü ki, səhv buraxmışdır. Bu gecə Bekkini evdə gözləmirdilər! Uşaqlar səslərini kəsib fikrə getdilər. Bir dəqiqə keçməmiş Bekki yenə də bərkdən ağlamağa başladı; Tom başa düşdü ki, öz ağlına gəlmiş fikir Bekkinin də ağlına gəlmişdir: Bekkinin missis Qarpergildə gecələmədiyindən missis Tetçer xəbər tutana qədər bazar gününün səhəri gəlib keçəcəkdi. Uşaqlar şam qırığından gözlərini çəkmədən onun ağır-ağır və insafsızcasına əriyib qurtarmasına, piltəsi lap qısaldıqdan sonra zəif alovun tez-tez qalxıbenərək nazik tüstü buraxmasına diqqət yetirirdilər. Budur, alov tamamilə söndü, ətrafı zülmət aldı... Bekki, Tomun qucağına sıxılaraq ağladığım başa düşənə kimi nə qədər vaxt keçmiş olduğunu onlardan heç birisi deyə bilməzdi. Yalnız onu bilirdilər ki, sanki uzun müddət yuxuda olublar, indi isə ayılıb özlərini çox bədbəxt hiss edirlər. Tom dedi ki, bu gün yəqin ki, bazar günüdür, hələ bəlkə də bazar ertəsidir. O istəyirdi ki, Bekkinin başını söhbətlə qarışdırsın, lakin ümidini tamamilə itirmiş qızı dərd-kədər elə üzmüşdü ki, o artiq heç bir sözə cavab vermirdi. Tom dedi ki, indi onların yox olduqlarından çoxdan xəbər tutmuşlar və yəqin ki, axtarmağa başlamışlar. O, çığıracaqdır, bəlkə səsini eşidib köməyə gələn oldu. Ancaq qaranlıqda uzaqdan gələn əks-səda elə qorxunc səslənirdi ki, Tom ağzını açıb bir dəfə çığıran kimi o saatca da səsini kəsdi. Saatlar bir-bir gəlib keçirdi, tezliklə aclıq yenə də əsirlərə əzab verməyə başladı. Tomun piroq payının bir parçası qalmışdı: onlar həmin parçanı bölüb yedilər; lakin daha da acdılar, balaca bir piroq parçası onların iştahasını daha da artırmışdı. Birdən Tom dedi: - S-s-s! Eşidirsənmi? 


Hər ikisi nəfəsini içəri çəkərək qulaq asmağa başladı. Çox uzaqlardan gələn zəif bir səs eşitdilər. Tom o saatca hay verdi və Bekkinin qolundan yapışaraq əlini sürtə-sürtə dəhlizlə səs gələn tərəfə getməyə başladı. Bir az keçəndən sonra onlar yenə qulaq verdilər. Həmin səs indi elə bil bir qədər yaxından gəlirdi. Tom dedi:

 

- Bu onlardır! Gəlirlər! Tez ol, Bekki, daha heç bir qorxumuz yoxdur! Uşaqlar sevindiklərindən az qalırdılar dəli olsunlar. Ancaq tələsmək olmazdı, hər addımbaşı çalaya rast gəlirdilər, ehtiyatlı olmalı idilər. Tezliklə onlar belə çalalardan birinə rast gəlib dayandılar. Onun üç fut və bəlkə də yüz fut dərinliyi ola bilərdi, hər halda addımlayıb keçmək olmazdı. Tom qarnı üstə yerə uzanıb, mümkün qədər aşağıya əyildi. Əli çalanın dibinə çatmadı. Dallarınca adam gələnə qədər onlar burada qalıb gözləməli idilər. Uşaqlar qulaq asdılar, aralıdan gələn çığırtılar elə bil ki, get-gedə uzaqlaşırdı. Bir-iki dəqiqədən sonra bu səslər tamamilə kəsildi. Uşaqların kədərdən az qala ürəkləri partlayırdı! Tom boğazı tutulana qədər çığırdi, çığırdı, lakin heç bir xeyri olmadı. O Bekkini dilə tutur, ürək-dirək verirdi; lakin həyəcanla nə qədər gözlədilərsə də artıq heç bir səssəmir eşitmədilər.

 

Uşaqlar əllərini ora-bura sürtə-sürtə bulağa gedən yolu tapdılar. Vaxt çox yavaş-yavaş keçirdi. Onlar yenə də yatdılar, ayıldıqda isə ac olduqlarını daha bərk hiss edirdilər. Kədərdən özlərinə yer tapa bilmirdilər. Tom düşündü ki, indi yəqin tək günüdür.

 

Birdən onun ağlına parlaq bir fikir gəldi. Yaxınlıqda bir neçə yan dəhlizlər var idi. Bu qədər vaxtı işsiz-gücsüz oturub dərd çəkməkdənsə kəşfiyyata getmək daha yaxşı olmazmı. O, badban uçurmaq üçün cibində gəzdirdiyi ipi çıxartdı, bir ucunu qayanın çıxığına bağladıqdan sonra Bekki ilə birlikdə yola düşdülər. Tom əlini ora-bura sürtə-sürtə və ipi aça-aça qabaqda gedirdi. İyirrni addım getdikdən sonra uçuruma rast gəldi. Tom dizi üstə çöküb əvvəlcə əlini aşağı uzatdı, sonra mümkün qədər uzaqlara aparıb küncləri yoxladı, bir az da irəliyə və sağa uzanmaq istəyirdi ki, qayanın dalında, cəmisi iyirmi addımlıqda şam tutmuş adam əli göründü! Tom sevinclə bağırdı, elə bu zaman həmin əlin ardınca insan fiquru göründü... Bu hindi Co idi! Tom heyrətindən donub qaldı. Bir dəqiqə keçməmiş "ispaniyalının" qaçıb gözdən itdiyini gördükdə isə onun sevincinin və təəccübünün həddi yox idi. Tom, Conun onun səsini tanımadığına və məhkəmədəki ifadəsinə görə onu öldürmədiyinə təəccübləndi. Görünür əks-səda onun səsini dəyişmişdi. Yəqin ki,elə də olmuşdu! Tom qorxudan tamamilə zəifləyib gücdən düşmüşdü, özünə söz verdi ki, əgər birtəhər bulağın başına çata bilsə, Co ilə üz-üzə gəlməmək üçün bir daha yerindən tərpənməyəcəkdir. Tom hindini gördüyünü Bekkidən gizlətdi, dedi ki, "elə belə" qışqırırdı.

 

Lakin aclıq və ümidsizlik, nəhayət, qorxu hissindən qüvvətli çıxdı. Bulağın başındakı yorucu intizardan sonra onlar yenə uzun müddət yatdılar; oyandıqda isə əhvalları bir az dəyişmişdi. Aclıq onları əldən salırdı. Toma elə gəlirdi ki, bu gün çərşənbədir, bəlkə də cümə axşamı və yaxud da cümədir, ola da bilsin şənbədir, adamlar artıq onlardan əllərini üzmüşlər, yəqin ki, daha axtarmırlar. O, bir dəhlizi də gözdən keçirməyi qərara aldı. Hiss edirdi ki, artıq nə Co, nə də başqa bir təhlükə onu qorxudur. Lakin Bekki çox zəifləmişdi. Dərd və ümidsizlik qızı haldan şalmışdı, artıq onu heç bir şeylə hərəkətə gətirmək olmazdı. O deyirdi ki, oturduğu yerdə qalıb ölümünü gözləyəcəkdir- yəqin ki, buna çox qalmamışdır. Toma məsləhət gördü ki, əgər istəyirsə ipdən tuta-tuta gedib başqa dəhlizləri də yoxlaya bilər; ancaq xahiş etdi ki, tez-tez qayıdıb ona baş çəksin; onunla danışsın; bundan başqa Tomu vəd etməyə məcbur etdi ki, ən dəhşətlı dəqiqə gəlib çatdıqda onun yanında olsun, axıra qədər onun əlini buraxmasın.

 

Tom göz yaşından boğula-boğula Bekkini öpdü və onu inandırdı ki, mağaradakı çıxış yolu tapmaq ümidindədir. Sonra, acından tamamilə zəifləyib gücdən düşmüş Tom ipin ucunu əlinə alıb dəhlizlərin biri ilə iməkləməyə başladı. O, məhv olacağı dəqiqənin artıq yaxınlaşmaqda olduğunu kədərlə hiss edirdi.