Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XII fəsil

Nəhayət, gecə saat birə yaxın adanı keçdik; bizə hey elə gəlirdi ki, sal çox yavaş hərəkət edir. Əgər bizə bir qayıq rast gəlsəydi, öz qayığımıza minib İllinoys sahilinə üzəcəkdik; amma, yaxşı ki, bircə qayıqla belə rastlaşmadıq, çünki biz nə tüfəngi, nə tilovu, nə də yemək üçün bir şey qayığa qoymamışdıq. Elə tələsmişdik ki, bütün bunlar haqqında düşütıməyə belə vaxtımız olmamışdı. Bütün şeyləri salın üstündə aparmaq isə, əlbəttə, o qədər də ağıllı iş deyildi. 


Mən bu fikirdə idim ki, əgər Cimi axtarmaq üçün adaya getsələr, onda orada mənim yandırdığım tonqalı tapacaq və bütün gecəni onun yanında durub Cimi gözləyəcəklər. Nə isə, biz heç kimi görmədik, əgər tonqalım onları aldatmamışdısa, bu mənim təqsirim deyildi, mən bütün qüvvəmi sərf edib onları aldatmağa çalışmışdım. 


Səhər hava işıqlaşar-işıqlaşmaz biz çayın İllinoys sahilindəki böyük bir döngəyə yan aldıq, balta ilə yaşıl budaqlardan kəsib salın üstünü elə örtdük ki, sahilin çıxıntılı yerində olan çalaya bənzədi. Həmin çıxıntıtı qumlu say yeri idi, üstü elə sıx kollarla bitmişdi ki, elə bil dırmıq idi. 


Missuri sahilində dağlar uzarub gedirdi, İlünoys tərəfdə isə uca ağacları olan meşə var idi; burada gəmi keçə bilən yer Missuri sahilinə yaxın idi, buna görə də biz bir kimsəyə rast gələcəyimizdən qorxmurduq. Biz bütün günü orada qalıb salların və paroxodların axınla Missuri sahilinin yaxınlığından necə üzüb keçdiklərinə, çay ilə yuxarıya gedən paroxodların isə axınla necə mübarizə etdiklərinə baxırdıq. Mən qarı ilə söhbətimi Cimə danışdım, o da dedi ki, qarı yaman kələkbaz imiş, əgər onun özü bizim dalımızca gəlibsə, bütün gecəni oturub tonqala tamaşa etməyəyəkdir, "yox, ser, o özü ilə mütləq it gətirərdi". "Bəs onda nə üçün o, ərinə deməyib, özü ilə it aparsın?" deyə mən Cimdən soruşdum. Cim dedi ki, bu onun ağlına, yəqin ki, kişilər çayın o tayına getdikdən sonra gəlib; bax, indi, yəqin ki, onlar it üçün şəhərə getmiş və buna görə də bu qədər vaxt itirmişlər, yoxsa biz burada, şəhərin on altı, yaxud on yeddi müliyindəki bu say yerdə otura bilməzdik, - "bəli, otura bilməzdik, biz yenə həmin şəhərin caynağına keçərdik". Mən isə belə dedim: "Onların bizi nə üçün tuta bilmədiklərinin mənası yoxdur, əsas məsələ budur ki, tuta bilməyiblər". 


Hava qaralmağa başlayan kimi biz başımızı kolların arasından çıxarıb çayın yuxarısına və aşağısına göz gəzdirdik, sonra da o biri taya baxdıq, ancaq, heç bir şübhəli şey görmədik; belə olduqda, Cim salın üst taxtalarından bir neçə dənə çıxarıb isti günlərdə və yağış yağdıqda oturmaqdan ötrü və şeylərin islanmaması üçün onun üstündə rahat bir daxma qurdu. Cim daxmanın içində, salın özündən bir fut hündürlükdə döşəmə də düzəltdi, belə ki, paroxodların çalxayıb əmələ gətirdiyi dalğalar indi yorğanları və başqa şey-şüyü islatmırdı. 


Biz daxmanın ortasında döşəmənin üstünə altı və ya yeddi düyüm qalınlıqda gil təbəqəsi salıb yanlarını daşla hördük ki, gil möhkəm dayansın - bu, soyuq və rütubətli günlərdə ocaq qalamaqdan ötrüydü; alov daxmadan görünməyəcəkdi. Biz bir ehtiyat avarı da düzəltdik, çünki özümüzdəkilər hər vaxt sudakı qol-budaqlı ağaclara və ya başqa bir şeyə dəyib sına bilərdi. Sonra öz köhnə fənərimizi asmaqdan ötrü, sala ucu haça olan kiçik bir ağac bərkitdik, çünki paroxod çayaşağı gedərkən səninlə toqquşmasın deyə, fənər yandırmaq lazımdır, çayyuxarı gedən paroxodlardan ötrü isə fənər yandırmaq lazım deyildi, onlarçün yalnız çay pilləsi deyilən yerə düşdükdə fənər yandırılırdı, çayın suyu hələ çox yüksəkdə idi, alçaq sahillər hələ də suyun altındaydı, çayyuxarı gedən paroxodlar isə gəmi keçə bilən yerə hec də həmişə riayət etməyib dərin yer axtarırdılar. 


Biz çayın axınının surəti saatda dörd mil olduğu ikinci gecə yeddi, bəlkə də səkkiz saat üzdük. Biz balıq tutur, söhbət edir, arabir də yuxumuzu qaçırtmaqdan ötrü suya baş vururduq. Suyu sakit axan geniş çayda üzərkən arxası üstə uzanıb ulduzları seyrə dalmaq nə qədər xoş idi! Adam hətta bərkdən danışmaq da istəmirdi, biz hətta tək-tək hallarda, həm də çox astadan gülürdük. Hava, ümumiyyətlə, çox gözəl idi, nə həmin, nə o birisi, nə də daha o birisi gecə başımıza, demək olar ki, heç bir hadisə gəlmədi. 
Biz hər gecə müxtəlif şəhərlərin yanından üzüb keçirdik; onlardan bəziləri çox uca və tutqun görünən sahillərdə yerləşirdi, yalnız sıra ilə düzülmüş işıqlar görünürdü, başqa heç bir şey, heç bir ev görünmürdü. Beşinci gecə biz Sen-Luini ötüb keçdik; şəhərin üzərində sanki şəfəq sökülürdü. Bizim Sent-Pitersburqda deyirdilər ki, guya Sen-Luidə iyirmi min, hətta otuz min adam yaşayır, ancaq mən gecə saat ikidə şəhərdə bu qədər işıq olduğunu görüncəyədək buna inanmırdım. Sakit bir gecə idi, şəhərdən heç bir səs-səmir gəlmirdi. Hamı yatmışdı. 


Mən axşamlar saat ona yaxın hər hansı bir kiçik kəndin yanında sahilə çıxıb on-on beş sentə un, hisdə qurudulmuş döş əti və yemək üçün başqa şeylər alırdım; bəzən də, tarda otura bilməyən toyuqlardan tutub gətirirdim. Atam həmişə belə deyərdi: "Əgər qabağına bir toyuq çıxsa, onu tut apar, çünki özünə lazım olmasa da, başqa birisinə lazım olar, yaxşılıq isə heç vaxt yerdə qalmaz", bu onun zərb-məsəli idi. Ancaq mən heç vaxt görmədim ki, toyuq alamın özünə lazım olmasın. 
Səhərlər, lap sübh vaxtı qarğıdalı tarlasına girib qarpız, qovun, sütül qarğıdalı, ya da başqa bir şey götürürdüm. Atam həmişə deyərdi ki, əgər bir şeyi nə vaxt olursa olsun qaytarmaq şərtilə "götürürsənsə" bu günah deyil; dul qadından isə eşitmişdim ki, bn da oğurluqdur, ancaq adı başqadır, namuslu adamların heç biri belə etməz. Cim deyirdi ki, atan bir qədər haqlıdır, bir qədər də dul qadın, belə ki, yaxşısı budur, iki-üç şeyi siyahıdan ataq və heç vaxt onları götürməyək, onda fürsət düşəndə, qalan şeyləri götürmək günah olmaz. Biz bütün gecəni salda əyləşıb bu məsələni müzakirə etdik; hey çalışdıq ki, nədən: kantalupa qovunundan, qarpızlardan və yaxud daha başqa bir şeydən imtina etməyimiz barədə bir qərara gələk. Səhərə yaxın bu məsələni çox asan həll etdik: meşə almalarından və xurma gavalılarından əl çəkməyi qərara aldıq. Əvvəlcə özümüzü o qədər da yaxşı hiss etmirdik, indi isə əhvalımız xeyli yaxşılaşdı. Mən məsələnin belə yaxşi həll edilməsinə sevinirdim, çünki, meşə almaları, ümumiyyətlə, heç bir şeyə yaramır, xurma gavalıları isə hələ bu tezliklə yetişən deyildi, ən azı iki aydan, üç aydan sonra yetişir.


Biz arabir tüfənglə ördək də vururduq, bunlar səhər tezdən ayılan və ya xeyli gec yatmağa gedən ördəklər olurdu. Ümumiyyətlo desək, çox da pis dolanmırdıq. 


Beşinci gecə Sen-Luidən aşağılarda güclü tufana düşdük; göy guruldayır, ildırım çaxır, yağış elə bil vedrədən tökülürdü. Biz daxmamıza girib salı özbaşına buraxmışdıq. İldırım çaxan zaman biz geniş və düz çayı, onun hər iki sahili boyu uzanıb gedən dik və uca qayaları görürdük. 
Birdən mən dedim: 


- Ey, Cim, bir ora bax! 


Qabaqda bir paroxod qayaya dəyib parçalanmışdı. Axın bizi düz onun üstünə aparırdı. İldırım işığında paroxod lap aşkar görünürdü. O xeyli yana əyilmişdi; yuxarı göyortəsinin bir hissəsi suyun altında idi və hər dəfə yenidən ildırım çaxdıqda hər bir balaca mıxı, böyük zəngin yanında duran söykənəcəyindən köhnə şlyapa asılmış kreslonu ovucun içi kimi aydın görmək olurdu. 
Gecə elə xəlvət, bava elə pis və hər şey elə sirlı görünürdü ki, hər hansı bir oğlan uşağı kimi mən də çayın ortasında kədərlə və tənha yirğalanan parçalanmış paroxodu görcək onun üstünə çıxmaq və orada nələr baş verdiyinə baxmaq həvəsinə düşdüm. Mən dedim: 


- Cim, gəl ona yan alaq. 
Cim əvvəlcə heç vəchlə razı olmadı. O dedi: 
- Parçalanmış paroxoddur da, məgər parçalamnış paroxod görməmişəm? Bizim üçün elə bura yaxşıdır; ona yaxın düşməyə dəyməz, nəyimizə lazımdır. Həm də orada yəqin ki, qarovulçu var. 


- Canım, orada qarovulçu nə gəzir! - deyə mən dilləndim, - orada losman budkasından, bir də ki, kapitan kayutundan başqa qorunmalı bir şey yoxdur; yoxsa belə bir gecədə, paroxodun dəqiqəbədəqiqə suya qərq olub bata biləcəyi bir vaxtda elə bilirsən ki, bir kimsə losman budkası ilə kapitan kayutundan ötrü öz həyatını təhlükədə qoyacaqdır? 


Cim mənim bu sözlərimə heç bir şey deyə bilmədi, hətta deməyə çalışmadı da. 


- Bundan başqa, - deyə mən sözümə davam etdim, - biz kapitan kayutundan dəyərli bir şey də mənimsəyə bilərik. Məsələn, siqar, bəli, hər dənəsi beş sent naqd puldur. Paroxod kapitanları həmişə varlı olurlar, ayda azı altmış dollar alırlar; onlar xoşlarına gələn bir şeyi neçəyə olursa olsun ala bilərlər... Şamı cibinə sox, Cim, bütün paroxodu əməlli-başlı axtarıb gözdən keçirməyincə sakit ola bilməyəcəyəm. Yoxsa elə bilirsən ki, Tom Soyyer belə bir qəniməti əldən buraxardı? Heç bir vəchlə, heç bir vaxt! O bunu "sərgüzəşt" adlandırardı, - bəli! Lap ölsəydi də parçalanmış paroxoda çıxardı. Həm də bunu dəbdəbə ilə, fikirləşib qəribə bir yolla edərdi... Lap elə bil ki, Xristofor Kolumbun1 özü cənnəti kəşf edib. Eh, hayıf ki, Tom Soyyer burada deyil! 
Cim bir qədər donquldandı, nəhayət, təslim oldu. O dedi ki, mümkün qədər az və astadan danışmaq lazımdır. Elə bu vaxt ildırım, parçalanmış paroxodu bir də bizə göstərdi; biz paroxodun sağ yanındakı qaldırıcı oxa yan alıb salı ona bağladıq.
Paroxodun göyərtəsi bərk əyilmişdi. Biz qaranlıqda bir təhərlə paroxodun sol tərəfinə, kapitan kayutuna tərəf keçdik, yolu ayağımızla yoxlayır, əllərimizi aralı tuturduq ki, yükqaldıran mexanizmlərlə toqquşmayaq, çünki hər tərəf zülmət idi, göz gözü görmürdü. Bir az sonra biz kapitan kayutunun şüşəbəndinə toxunduq və içəri keçdik; bir addım atdıq, gəlib kapitan kayutunun taybatay açıq qapısı qarşısma çıxdıq; nə görsək yaxşıdır, - inan düzünü deyirəm! - Kayutun lap içərilərində işıq gördük, elə həmin dəqiqəcə adam səsləri eşitdik. 


Cim qulağıma pıçıldadı ki, halı özündə deyildir, yaxşısı budur, buradan gedək. Mən dedim: "Yaxşı", qayıdıb sala oturmaq istəyirdik ki, birdən kiminsə inildədiyini eşitdim; həmin adam sonra dedt: 
- Ay uşaqlar, mənə el dəyməyin! Heç kimə demərəm. 
Başqa bir səs çox bərkdən ona dedi: 


- Yalan deyirsən, Cim Terner! Bunu biz əvvəllər də səndən eşitmişik. Sənə həmişə başqasından çox lazım olur, sən həmişə istədiyin qədər götürürsən, belə olmayanda isə deyirsən ki, əgər verməsəniz gedib sizı şeytanlayacağam. Ancaq bu dəfə biz sənə inanan deyilik, nahaq yerə zəhmət çəkirsən. Bütün ölkədə sənin kimi xain və əclaf bir it tapmaq olmaz! 


Cim bu vaxt artıq özünü sala yetirmişdi. Mən hər şeyi bilib öyrənmək həvəsi ilə alışıb-yanırdım; öz-özümə fikirləşirdim ki, Tom Soyyer belə bir vaxtda heç vəchlə buradan getməzdi, indi ki, belədir, mən də qalacağam, burada nələr baş verdiyinə baxacağam. Mən yerə əyilib qaranlıqda dar koridorla iməkləyəiməkləyə getməyə başladım, mənimlə losman budkası arasında cəmisi bir kayut qalmcaya qədər iməklədim. Gördüm ki, həmin kayutda əlləri və ayaqları sarınmış bir adam döşəmədə uzanmışdır, onun başı üstündə iki adam durmuşdur; onlardan birinin əlində zəif işıq saçan fənər var idi, o birisi isə əlindəki tapançanı yerdə uzanmış adamın başına tullayıb deyirdi: 
- Əllərim yaman gicişir. Əslinə baxsan, elə sənin kimi əclafı güllələmək lazımdır! 


Yerdəki adam yumaq kimi yığılır, elə hey deyirdi: 
- Bill, lazım deyil, mən heç kimə demərəm... 


Əlində fənər tutan adam isə hər dəfə bu sözlərə gülüb belə cavab verirdi: 
- Doğrudur, daha deyə bilməyəcəksən! Bax, bunu doğru deyirsən, zamin ola bilərik.
O bir dəfə isə belə dedi: 
- Bir gör necə yalvarır! Amma, əgər bizim ona gücümüz çatmasaydı, onu yıxıb sarımasaydıq, hər ikimizi öldürərdi. Nə üçün? Beləcə, nahaq yerə. Ona görə ki, öz payımızı əlimizdən vermək istəmirdik, bax, buna görə! Ancaq indi, belə hesab edirəm ki, daha heç kimi qorxuda bilməyəcəksən, Cim Terner... Bill, tapançanı yanına sal. 
Bill ona belə cavab verdi: 
- Heç elə şey ola bilməz, Ceyk Pakkard. Mən bu fikirdəyəm ki, onu öldürmək lazımdır. Onun payı olur. Məgər onun özü qoca Xetfildi öldürmədi? 
- Mən isə onu öldürmək istəmirəm, səbəbini də özüm bilirəm. 


- Ceyk Pakkard, belə sözlərinçün sağ ol. Nə qədər ki, sağam, sənin bu sözlərini yaddan çıxartmayacağam, - deyə döşəmə üstündəki adam cavab verdi və elə bil ki, hönkürdü. 
Pakkard ona məhəl qoymadan fənəri divardan asdı və mənim qaranlıqda uzandığım tərəfə addımlayıb Billə işarə etdi ki, dalısınca gəlsin. Mən tələsik iki addıma qədər geri çəkildim, ancaq paroxodun göyərtəsi çox mail idi, belə ki, mən vaxtında kənara çəkilməyə macal tapmadım, onların üstümə çıxmamaları və məni tutmamaları üçün özümü elə buradakı kayuta soxdum. O birisi divardan tuta-tuta qaranlıqda gözəyarı hərəkət edirdi, Pakkard isə mənim olduğum kayuta gəlib çatdıqda ona dedi: 
- Buraya! Buraya gəl! 


Əvvəlcə Pakkard, onun ardınca da Bill içəri girdilər. Onlar elə içəri girəndə mən artıq yuxarı çarpayıya dırmaşıb lap dibə keçmişdim; ancaq burada olmağıma çox heyfsilənirdim. Onlar lap yanımda dayanmışdılar, əllərilə çarpayının qıraqlarından tutub danışırdılar. Mən onları görmürdüm, ancaq, barada durduqlarını bilirdim, çünki onlar vişki içmişdilər, ağızlarından bərk spirt iyi gəlirdi. Mən heç bir şey içmədiyimə çox sevindim, ancaq fərq az idi, onlar məndən onsuz da duyuq düşməyəcəkdilər, Çünki nəfəsimi belə dərmirdim. Yamanca qorxmuşdum. Həm də ki, belə söhbətlər eşidən hansı adam nəfəsini dərə bilərdi? Onlar astadan, ancaq ciddi danışırdılar. Bill, Terneri öldürmək istəyirdi. O dedi: 
- Terner dedi şeytanlayacağam, bil ki, mütləq şeytanlayacaq. Onu o cür döydükdən sonra biz ikimiz öz payımızı ona versək də, heç bir köməyi olmayacaq. O bizi ələ verəcək, budur, sənə deyirəm, lap yəqin bil ki, bu belə olacaq. Məncə, yaxşısı budur, onu aradan götürək. 


- Mən də bu fikirdəyəm, - deyə Pakkard güclə eşidiləcək bir səslə cavab verdi. 
- Ay səni öləsən, mən elə bilirdim ki, ələyhinəsən! Demeli, onda hər şey öz qaydasındadır. Gedək onun işini bitirək. 


- Bir dəqiqə dayan, mən hələ hamısını deməmişəm. Mənə yaxşı qulaq as. Güllə ilə vurmaq yaxşıdır, ancaq lazım olanda, işi səssizcə də görmək olar. Gör sənə nə deyirəm: gəl biz özümüz-özümüzə quyu qazmayaq, bu işi başqa cür də eləyə bilərik, heç sənin fikirləşdiyindən pis olmaz, həm də həyatımızı təhlükədə qoymarıq. Düzdürmü? 


- Əlbəttə, düzdür! Bəs bunu necə edəcəyik? 


- Mən elə fikirləşirəm: biz burda kayutları gəzib qalan şeyləri yığarıq; sonra sahilə daşıyıb bir yerdə gizlədərik. Bundan sonra isə gözləyərik. Mənə belə gəlir ki, heç İkicə saat keçməmiş paroxod tamam parçalanıb batar. Başa düşdünmü? Terter də batar və bunda onun özündən başqa heç kim təqsirkar olmaz. Məncə bu, öldürməkdən xeyli yaxşıdır. Bir iş ki, öldürməsək də mümkündür, onda nə üçün öldürək. Adam öldürmək həm günahdır, həm də axmaq işdir. Hə, nə deyirsən, mən haqlıyam, ya yox? 
- Bəli, sən haqlısan. Bəs bəlkə birdən paroxod parçalanıb suya batmadı. 


- Nə olar ki, iki saata qədər dayanıb gözləyərik, sonrasına baxarıq da... Oldumu? 
- Yaxşı, gedək. 
Onlar getdilər, mən də tamam soyuq tər içində ordan çıxıb sürünə-sürünə paroxodun burnuna tərəf getdim. Ora zirzəmi kimi qaranlıq idi, ancaq mən xırıltılı bir pıçıltı ilə "Cim!" deyən kimi, o mənim lap yanımdaca köksün ötürdü, mən dedim: 


- Cim, tez ol, indi avara-avara dayanmaq və köks ötürmək vaxtı deyil. Paroxodda böyük bir qatil dəstəsi vardır, əgər biz indi onların qayığını axtarıb tapmasaq və onu çayın axınına buraxmasaq, dəstədəkilərdən birinin işi pis olacaqdır. Əgər qayığı tapsaq, onda hamısının işi bitib, hamısı şərifin əlinə keçəcək. Tez ol, dön! Mən sol tərəfi axtarım, sən də sağ tərəfi. Saldan başla və... 


- Ah, aman Allah, aman Allah! Saldanmı? Daha sal yoxdur, o açılıb gedib. Biz isə burda qalmışıq!