Nağıllar, hekayələr

Əbdürrəhim bəy Haqverdiyev. Ovçu Qasım

Ovçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbulməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib hekayətlərin dalısını söyləməyəcək və deyəcək:
 
– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.
– Xeyr, əfəndim, nə buyurursunuz?! Biz heç vaxt sizin söhbətlərinizin doğruluğuna şəkk gətirmirik. Bizdə gördüyünüz halət, ancaq heyrət əlamətidir, başqa bir şey deyil və ola da bilməz.
 
Ovçu üzrləri qəbul etməyib hekayətinin dalısını söyləməyəcəkdir.
 
Bizim qonşumuz ovçu Qasım da bu qəbil ovçulardandır.
 
Qış gecələrində bikar adamlar onun başına cəm olub söylədərlər. O da uzun-uzadı öz ovçuluğundan, hünərindən, dörd ayını bir gündə öldürdüyündən, gecə vaxtı darı zəmisində qırğı ilə bildirçin ovladığından, tüfəng siz gedərkən yolda yüz tülkü gördüyündən və bu qəbil söhbətlərdən edib vaxtın xoş keçməsinə səbəb olur.
 
Bunu da qeyd etməlidir ki, ovçu Qasımın uydurma söhbətləri fəqət ova dairdir, Qasım, iş yalanı deməz.
 
Qış gecəsi idi. Qasım kənddə isti buxarının kənarında başı açıq əyləşib bizim üçün söhbət edirdi. Buxarının içinə yığılmış palıd kötüyü çırthaçırt yanmaqda idi, samovar da bir tərəfdə segah oxuyurdu. Buxarının bir tərəfındə bir böyük pişik dörd ayağını və quyruğunu uzatmış, xorultu ilə yatmışdı. Qasımın istəkli tulası “Gümüş” də qapının ağzında “şonqutma” əyləşib sahibinin söhbətinə qulaq asırdı.
 
Bayırda şiddətli külək qarı səhra qumu tək havaya sovururdu, damın taxtalarının arasından keçdikdə fabrik borusu tək fit verirdi.
 
Yoldaşlardan birisi küləyin vıyıltısını eşidib dedi:
 
– Belə gecəninki belə-belə söhbətlərdir. İsti otaqda, isti buxarının kənarında əyləşib rəfiqələrlə vaxt keçirəsən.
 
Qasım bu sözə şərik olmadı.
– Yox, qardaş, səhvsən, görünür, ovçu deyilsən, qışın belə günləri ayı ovu üçün çox müsaid olur. Mən belə bir gündə iki sənə bundan əqdəm dörd ayını Hacı Samlı meşəsində öldürdüm. Ayıların cəmdəklərini meşədə qoyub gəldim ki, səhər araba aparıb gətirim. Ayıların yerlərini və yolu da nişanlamışdım. Səhər araba ilə gəldim gördüm kürdlər, zalım uşaqları cəmdəklərin dördünü də oğurlayıb aparıblar.
 
– Qasım, ayının dördünü də tək özün öldürdün?
– Mən ova tək gedirəm. Həmişə yoldaşım bircə bu, Gümüş olar.
 
Bu halda Gümüş öz adını eşidib “ham” elədi.
 
Gümüşün nə demək istəməsini yəqin bir sahibi bildi, bir də özü.
 
Qasım söhbətinə davam elədi:
– Qırqovul vurmaq üçün, dovşan ovuna, tülkü ovuna, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yarayan olar. Həmçinin ördək ovu üçün qış fəsli yaxşı olar. “Ördək” dedim, bir şey yadıma düşdü, sizə nağıl edim.
– Buyur.
– Bir sübh tüfəngi götürüb kənddən çıxdım. Kəndin kənarından ötərkən gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur.
Yoldaşlardan biri Qasımın sözünü kəsdi:
– Ay Qasım, axır ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik.
 
Qasım hirsləndi.
– Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri, ola bilsin ki, çəpərə qonmasınlar. Ancaq bu yerin ördəkləri başqadır: buranın ördəkləri çəpərə də qonarlar, hələ desən, ağaclarda yuva da tikərlər.
 
Gümüş “ham” eləyib sahibinin sözlərinə şərik oldu.
 
Qasımın pərt olmağını görüb hamımız etiraz edən yoldaşı məzəmmət edib sakit etdik.
– Qasım, söhbətini elə, görünür, bu adam xamdır.
 
Qasım davam etdi:
– Bəli, gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur...
 
Yox... Yox... Nələt yalançıya, altı deyildi, beş idi.
Gümüş “ham” edib hürdü.
 
Mən baxdım ki, tüfəngi ördəklərə boşaltsam, biri qalıb qalanı uçub gedəcək. Bəs necə ediın ki, ördəklərin beşini də ələ gətirim. Bir qədər fıkirdən sonra tüfəngin sünbəsini çıxarıb saldım lüləsinə. Tuşlayıb necə atdımsa, ördəklərin beşi də kabab kimi sünbəyə keçdilər. Götürüb gəldim evə.
 
Biz buna bərk gülüşdük və “Gümüş” də “ham” edib hürdü. Pişik ayağa qalxıb çırpınıb, belini dikəltdi, gərnəşib evin küncünə tərəf getdi.
 
Hamımız Qasımın hünərini tərif etdik.
 
Qasım durub, çay töküb, öz əli ilə hər adamın qabağına bir stəkan çay qoyub dedi:
– Sizə qırqovuldan söyləyim.
– Buyur, Qasım.
 
Atalarımızın məsəli var: “Yüz gün yaraq – bir gün gərək”. Bir gün Qarabağırlıya getməli oldum. Səhər atı minib yola düşdüm. Nədənsə, tüfəngi də götürmədim və halonki, mən tüfəngsiz evdən çıxmaram. Adamın bəsarəti bağlananda bağlanır. Gümüş də yanımda idi.
 
Gümüş “ham” edib cavab verdi:
– Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının altından bir qırqovul toyuğu pırtlayıb qalxdı. Baxdım tüfəngim çiynimdə yox. Qamçını qırqovulun dalınca atdım, qamçının qol halqası keçdi qırqovulun boğazına və bu halda quş uçub getdi. Bu əhvalatdan bir ay keçmiş yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm həmin qırqovul toyuğu kolların arasında gəzir və mənim qamçım da boğazındadır. İndi bır söz deyəcəyəm, inanmayacaqsınız, sizin hamınızın meyidini görüm ki, bir zərrə yalan yoxdur. Baxdım ki, qırqovulun dalınca on və ya on iki cücə gedir və hər cücənin boynunda da bir balaca qamçı var.
 
Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş üç dəfə “ham, ham, ham” edib bayıra çıxdı.