Nağıllar, hekayələr

Valentina Oseyeva. Niyə?

Qonaq otağında tək idik - mən və köpəyim Bum. Ayaqlarımı masanın altında oynadırdım, Bum isə çılpaq dabanlarımdan yüngülcə dişləyirdi. Qıdığım gəldiyinə görə məni gülmək tutmuşdu. Masanın üstündəki divardan dünyasını dəyişmiş atamın böyük rəsmi asılmışdı - anam və mən onu bu yaxınlarda böyütmək üçün vermişdik. Bu rəsmdə atamın çox şən və mehriban bir üzü vardı. Ancaq Bum ilə oynayarkən, masanın kənarından yapışaraq stulda yellənməyə başlayanda mənə elə gəldi ki, atam başını yelləyir.


"Bax, Bum" - pıçıltı ilə dedim və stulda möhkəm yellənərək süfrənin kənarından tutdum, süfrə isə üstündəkilərlə birlikdə töküldü döşəməyə.


Nəsə düşüb yerə möhkəm səs cıxardı... sanki ürəyim dayandı. Sakitcə stuldan düşüb gözlərimi geniş açıb aşağı baxdım. Çəhrayı qırıntılar yerə səpələnmişdi, qızıl qulp isə günəşdə parıldayırdı.


Bum masanın altından çıxdı, qırıntıları ehtiyatla iylədi və oturdu, başını bir tərəfə əydi, bir qulağını isə yuxarı qaldırdı.


Mətbəxdən sürətli ayaq səsləri eşidildi.


- Nədir? Kimdir? - anam diz çökdü və əlləri ilə üzünü örtdü. "Atanın fincanı ... Atanın fincanı ..." acı səslə bir neçə dəfə təkrarladı. Sonra gözlərini qaldırıb hirslə soruşdu: - Sən etdin?


Solğun çəhrayı qırıntılar onun ovuclarında parıldayırdı. Dizlərim titrəyirdi, dilim büküldü.


"Bu ... bu ... Bum!


- Nə, Bum? - ana ayağa qalxıb yavaşca soruşdu: - Bunu Bum etdi?


Başımı yellədim. Adını eşidən Bum isə qulaqlarını dik tutub, quyruğunu yellədi. Ana əvvəl mənə, sonra ona baxdı.


- Necə qırdı?


Qulaqlarım yanırdı:


- O, bir az sıçradı ... və pəncələri ilə ...


Ananın üzü qaraldı. Bumun boğazındakı xaltadan tutub, onu qapıya tərəf apardı. Həyacanla onların arxasıyca baxdım. Bum hürərək həyətə çıxdı.


- Bundan sonra Bum damda yaşayacaq, - anam dedi və stulda oturub nəsə fikirləşdi. Onun barmaqları yavaş -yavaş çörək qırıntılarını bir yığın halına gətirdi, gözləri isə bir anda masanın üstündəki bir yerə dikildi.


Ayağa qalxdım, ona yaxınlaşmağa cəsarət edə bilmədim. Bum isə qapının arxasında dayanmışdı.


- Onu içəri buraxma! - anam dedi və məni əlimdən tutaraq özünə tərəf çəkdi. Dodaqlarını alnıma basaraq hələ də bir şey düşünürdü, sonra sakitcə soruşdu: - Çox qorxdun?


Əlbəttə ki, çox qorxdum: axı atam öldükdən sonra anamla mən onun hər şeyinə çox böyük diqqət göstəririk. Atam həmişə bu fincandan çay içirdi.


- Çox qorxdun? - anam təkrar etdi. Başımı tərpətdim və anamı boynundan möhkəm qucaqladım.


"Əgər ... sən....təsadüfən" – anam yavaş -yavaş deməyə başlamışdı ki, mən önun sözünü kəsib tez dedim: 


- Bu mən deyiləm ... Bum etdi ... Atladı ... Bir az tullandı ... Onu bağışla, xahiş edirəm!


Ananın üzü çəhrayı oldu, hətta boyun və qulaqları da çəhrayı rəngə çöndü. Ayağa qalxdı.


- Bum artıq otağa gəlməyəcək, bundan sonra it damında yaşayacaq.


Susdum. Atamın fotoşəkili masanın üstündən mənə baxırdı ...


Bum eyvanda uzanmışdı, ağzını pəncələrinə söykəmişdi, gözləri dayanmadan kilidli qapıya baxırdı, qulaqları evdən gələn hər səsi diqqətlə eşidirdi. Evdən gələn hər bir səsə azacıq sıçrayışla cavab verirdi, quyruğu ilə yavaşca qapıya vururdu. Sonra başını pəncələrinə söykəyib ah çəkdi.


Zaman keçdi və hər saatdan sonra ürəyim sanki ağırlaşırdı. Tezliklə qaranlıq düşəcəyindən, evin işıqlarının sönəcəyindən, bütün qapıların bağlanacağından və Bumun bütün gecə tək qalacağından qorxurdum. Bum üşüyəcək və qorxacaq…Bütün bədənin sanki ağırlıq altında qalmışdı. 


Əgər fincan atamın olmasaydı və atamın özü sağ olsaydı, heç bir şey olmazdı... 


Anam heç vaxt təsadüfən məni cəzalandırmazdı, mən isə cəzadan heç də qorxmurdum - ən pis cəzaya belə məmnuniyyətlə dözərdim. Ancaq anam atamın olan hər şeyi qoruyurdu! 


Sonra, anamı aldatdığımı anladım və indi hər saat günahım getdikcə artırdı.


Eyvana çıxıb Bumun yanında oturdum. Başımı onun yumşaq kürkünə qoyaraq təsadüfən başımı qaldırıb anamı gördüm. Açıq pəncərədə dayanıb bizə baxırdı. Sonra onun, bütün fikirlərimi üz ifadəmdən oxuyacağından qorxaraq, barmağımı Buma göstərib yüksək səslə dedim:


- Fincanı sındırmaq lazım deyildi!


Şam yeməyindən sonra səma birdən qaraldı, bir yerdən buludlar görsəndi və evimizin üstündə dayandı.


Anam dedi:


- Yağış yağacaq.


- Qoy Bum ...- mən anamdan xahiş etdim.


- Yox.


- Heç olmasa mətbəxə ... ana!


Anam başını yellədi. Göz yaşlarımı gizlətmək istədim və susdum.


"Yatağına get" – anam ah çəkərək dedi. 


Paltarımı soyundum və başımı yastığa qoyub uzandım. Anam otağımdan çıxdı. Anamın otağının yarı açıq qapısından mənim otağıma sarı işıq zolağı gəldi. Pəncərənin arxa tərəfi isə qorxulu qaranlığa bürünmüşdü. Külək ağacları silkələyirdi. Bu qaranlıqda küləyin səsi ilə Bumun səsini fərq edirdim. Bir dəfə Bum pəncərəmə tərəf qaçaraq birdən hürdü. Yerimdən sıçrayıb ona diqqətlə qulaq asdım.


Bum ... Bum… O da atamındır. Onunla birlikdə atamı sonuncu dəfə gəmiyə yola saldıq. Atamla ayrılandan sonra Bum yemək istəmədi və anam göz yaşları ilə onu razı saldı. Ona söz verdi ki, atam mütləq geri qayıdacaq, amma atam geri qayıtmadı ...


Həm yaxın, həm daha uzaqda üzgün hürmə səsləri eşidildi. Bum ya qapı, ya da pəncərə tərəfə qaçır, zingildəyir, pəncələri ilə qapını itələyir və yazıqcasına hürürdü. Dar bir işıq zolağı hələ də anamın qapısının altından süzülürdü. Dırnaqlarımı dişlədim, üzümü yastığa basdım və heç bir şeyə qərar verə bilmədim. Birdən külək güclə pəncərəmə dəydi, şüşənin üstünə böyük yağış damlaları düşdü. Tez ayağa qalxdım, ayaqyalın, bir köynəkdə, anamın qapısına tərəf qaçdım və onu geniş açaraq qışıqırdım.


- Ana!


Anam başını əyib, dirsəyinə söykəyib masada oturmuşdu. İki əlimlə onun üzünü qaldırdım. Yanağının altında əzilmiş nəm dəsmal durmuşdu.


- Ana!


Anam gözlərini açdı, isti qollarla məni qucaqladı, bayırda isə yağışın səsi ilə birlikdə yazıq it səsi eşidilirdi.


- Ana! Ana! Fincanı mən sındırdım! Bu mən etdim, mən! Qoy Bum ...


Anamın üzü titrədi, əlimdən tutdu və birlikdə qapıya tərəf qaçdıq. Bumu içəri saldıq. Qaranlıqda ayağım stula dəydi, yüksək səslə ağladım. Soyuq, kobud dili ilə Bum göz yaşlarımı qurutdu. Ondan yağış və yaş yun qoxusu gəlirdi. Anamla mən onu quru bir dəsmal ilə sildik və o, dörd pəncəsini qaldırıb sevinclə döşəmədə yuvarlandı. Sonra sakitləşdi, yerində uzandı və gözlərini qırpmadan bizə baxdı. 


Bum yəqin düşündü: "Niyə məni həyətə qovdular, sonra niyə indi içəri buraxıb oxşayırlar?"


Anam uzun müddət yatmadı. O da fikirləşdi: "Niyə oğlum mənə həqiqəti dərhal demədi, amma gecə yarısı məni oyadıb boynuna alır?"


Yatağımda uzanaraq mən də düşündüm: "Niyə anam məni əsla danlamadı və niyə Bumun yox, məhz Mənim fincanı sındırdığım üçün sevindi?"


O gecə uzun müddət yatmadıq, çünki hər birimizin öz "Niyə?"si var idi.