Bu maraqlıdır!

Elektron poçt nədir?

İnternetin köməyi ilə sürətlə informasiya mübadiləsi aparmaq olar. Onun əsas mahiyyəti də elə bundan ibarətdir. İnternetdə yerləşdirilən informasiya əsas etibarilə hamı üçün nəzərdə tutulub.  Ümumdünya Hörümçək Torunun səhifələri bir-birindən maraqlı məlumatlarla doludur. Amma internet vasitəsilə şəxsi informasiya da ötürülür. Onu elektron poçt, yəni E-mail çatdırır. Elektron poçt 1965-ci ildə  Massaçusets Texnologiya İnstitutunun əməkdaşları Noel Morris və Tom Van Blek IBM 7090/7094 kompüterinə quraşdırılan CTSS (Compatible Time-Sharing System) əməliyyat sistemi üçün “mail” proqramı yazanda yaranıb.  
 
Prinsipcə, bu elektron sistem ən adi poçt kimi işləyir. Siz məktub yazırsınız, onu xüsusi “zərf”ə qoyursunuz, alan şəxsin ünvanını və öz ünvanınızı yazırsınız, göndərmə düyməsini basırsınız və sizin məktubunuz ünvan sahibinin elektron poçtunun qutusuna düşür. 
 
Əlbəttə, elektron poçt müəyyən mənada adi poçtdan fərqlənir. Onların arasındakı başlıca fərq  çatdırma sürətidir. Adi məktubun ünvana çatmasına azı bir gün lazımdır. Elektron poçtla isə daha sürətlə çatır. Məsələn, Avstraliyadan göndərilən elektron məlumat hətta rabitə xətləri həddindən çox yükləndikdə belə bizə cəmi bir neçə saata, adətən isə bir neçə saniyəyə gəlib çatır. 
 
Elektron məktub yazmaq çox asandır. Mətni kompüterin klaviaturasında yığmaq yetərlidir və onu dərhal şəbəkəyə göndərə bilərsiniz. Özü də elektron poçt, demək olar, havayı başa gəlir. Siz yalnız provayderinizə telefon zənginin haqqını ödəyirsiniz. İnternet provayderlərinin çoxu elektron poçtla  göndərmənin qiymətini abunə haqqına daxil edirlər.   
 
Siz internet vasitəsilə elektron poçt göndərəndə onu konkret şəxsə ünvanlayırsınız. Ancaq sizin məlumatınız gedib ünvana çatana qədər şəbəkəyə qoşulmuş çoxsaylı server və kompüterlərdən keçir. Odur ki, kənar şəxslərin məktubunuzu oxuması istisna deyildir. Amma xüsusi proqramların köməyi ilə məktubu şifrələmək də olar, ünvan sahibi isə onun şifrəsini açar. Hazırda yeni başlayan hər bir istifadəçi özü üçün pulsuz elektron poçt qutusu aça bilər. Bunun üçün internet portallarından birində qeydiyyatdan keçmək yetərlidir. 
 
Populyar elektron poçt servislərinin çoxu IT şirkətləri tərəfindən başqa veb-məhsullarla, o cümlədən axtarış sistemləri, “bulud” sahəsində yerləşən məlumat anbarları ilə birlikdə təqdim edilir. Hazırda istifadə etdiyimiz “Gmail”, “Yandeks.Poçta”, “Mail.ru”,  “Hotmail” və “Outlook” kimi ən populyar elektron poçt servisləri “Google”, “Yandeks”, “Mail.ru” və “Microsoft” şirkətləri tərəfindən işlənib hazırlanıb.