Nağıllar, hekayələr

Rafiq İsmayılov. Şar

Balaca bir oğlan şar satan kişinin yanında dayanıb rəngbərəng şarlara həsrətlə baxırdı. Şarlar isə quş kimi havaya dartınırdı. Oğlan üzünü satıcıya tutub yavaşca dilləndi:

 

– Əmi, mənim bir dənə də şarım yoxdur.

 

– Pulun necə, varmı? – deyə şar satan soruşdu.

 

– Yooo...

 

– Pulun olanda gələrsən, – deyə satıcı üzünü yana çevirdi.

 

Birdən necə oldusa, külək bir neçə şarı havaya qaldırdı. Şarlar yaxınlıqdakı ağacın budağına ilişdi.

 

Şar satan çaşdı. Ağacdakı şarlara baxıb oğlana dedi:

 

– O şarları düşürə bilsən, birini sənə verərəm.

 

Oğlan ayaqqabılarını və köynəyini çıxarıb bir tərəfə tulladı. Pişik cəldliyi ilə ağaca dırmaşdı. Şarların budağa ilişən saplarını açdı və onları düşürdü. Amma şarlardan ən gözəli budağın elə yerinə ilişmişdi ki, ona əli çatmadı. Satıcı dedi:

 

– Sağ ol, sən qoçaq oğlansan.

 

– Amma birini mənə verməliydiniz...

 

– Hə, – deyə kişi öskürdü. – O ağacda qalan şar var ha, bax o sənindir. Düşürə bilir sənsə, götür apar.

 

Oğlan yolun qırağında oturdu. Uzaqlaşan satıcının arxasınca baxıb öz-özünə dedi:

 

– Eybi yoxdur, qoy belə olsun. Ağaca ilişsə də, bilirəm ki, mənim də bir şarım var.