Bu maraqlıdır!

Niyə məhz “?” işarəsi

Qədimdə yazı yazarkən durğu işarələrindən istifadə olunmurdu. Cümlələr arasında boşluq qoyulur və ya müəyyən naxış elementi çəkilirdi. Bu cür yazıları oxumaq rahat deyildi, çünki bir çox cümlələrin sual, yoxsa nəqli cümlə olduğu bilinmirdi. 


Yazıda sual işarəsi ilk dəfə 600 il əvvəl İtaliyada tətbiq edildi. Manutsi adlı bir nəşriyyat işçisi oxucuların işini asanlaşdırmaq üçün sual cümlələrinin sonunda “Q” hərfi yazmağa başladı. Bu hərf bizdə “qe” adlandırılsa da, latın əlifbasında onun əsl adı “kü”dür.


Lakin bu üsul da bəzən çaşqınlığa səbəb olurdu. Oxucular cümlənin sonundakı “Q” işarəsinin “kü” hərfi, yoxsa sual işarəsi olduğunu başa düşmürdülər. Odur ki Manutsidən sonra kitab naşirləri sual bildirən “Q” işarəsi üzərində dəyişikliklər aparmağa başladılar. 


İtalyan naşirinin kəşfindən təxminən 100 il sonra “Q” işarəsi “?” işarəsinə çevrildi. 


Cümlələr ifadə etdiyi fikrə görə üç növə bölünür: nəqli, sual və əmr cümlələri. Məlumat vermək məqsədi ilə deyilən cümlələr nəqli cümlələrdir. Sual cümləsinin əsas məqsədi isə məlumat almaqdır. 


Bəs niyə Manutsi sual işarəsi qoymaq üçün məhz “Q” hərfini seçmişdi? Nəyə görə sonrakı naşirlər başqa işarə fikirləşmədilər, elə bu hərfi dəyişdirib indiki sual işarəsinə çevirdilər? 


Məsələ burasındadır ki, italyan dilində “sual” sözü “q” hərfi ilə başlanır: questione. Bu söz latın dilindən bir çox Avropa dillərinə də keçmişdir. Məsələn, ingilis və fransız dillərində “question” elə “sual” deməkdir.